Məhkəmə qərarları › İş №e-2-1(120)-2586/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-2586/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-2586/2024 22.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********462800 nömrəli qərarının ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********462800 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisi-fiziki şəxs İddiaçı (VÖEN: **********) barəsində cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 13 dekabr 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********462800 nömrəli qərar qəbul olunmuşdur. Qərarla İddiaçı onlayn kargüzarlıqda 17 dekabr 2023-cü il tarixdə tanış olmuşdur. Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunur ki, 2023-ci il oktyabr ayı üzrə vergiyə cəlb olunan və kənarlaşması ehtimal olunan dövriyyə məbləği 762510.80 manat (549147,73 + 680966,61 + 7176,8 - 287307,73) + 20%) - 408835,55) +37786,1) məbləğində olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2023-cü il oktyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 18 faiz dərəcə ilə vergiyə cəlb olunan dövriyyə 49250,0 manat məbləğində göstərildiyini nəzərə alaraq, qeyd olunan dövr üzrə 128386,94 manat ((762510.80 - 49250,0)*18%)) kənarlaşma olduğu müəyyən edilmişdir. Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi 762510.80 manat dövriyyə məbləğinin kənarlaşmasını ehtimal edərək, həmin ehtimal əsasında 128386,94 manat vəsaitin kənarlaşma olduğunu müəyyən etmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 13 dekabr 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qəarı qanunsuz olduğundan ləğv olunmalıdır. Belə ki, xx.xx.2023cü il tarixdə vergi ödəyicisi-İddiaçı 2023-cü ilin 10 oktyabr tarixinədək Sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur. Pərakəndə mal satışı ilə məşğul olmuşdur. İddiaçı tərəfindən vergi orqanına illik 2022-ci ilin hesabatı (bəyannaməsi) verilmişdir, 2022-ci ilə aid olan 716613 manat dəyərində olan mal qalığı 2022-ci ilin vergisi üzrə 14.332 manat Sadələşdirilmiş vergi ödənilmişdir. Vergi orqanı həmin bəyannaməni təsdiq etmişdir. İddiaçı 2023-cü ilin oktyabr ayının 1-də ƏDV ödəyicisi kimi qeydiyyata durmuşdur. 2022-ci il hesabat dövründən 1 il keçdikdən sonra cavabdeh vergi orqanı 2022-ci il üçün Sadələşirilmiş vergisi ödənilmiş 716613 manat mal qalığına yenidən ƏDV hesablamaqda iddiaçıdan ƏDV ödənilməsin tələb etməkdə haqlı olmamışdır. Belə görünür ki, ƏDV qeydiyyatı tarixindən qabaq təqdim olunan mal qalığına görə Sadələşdirilmiş vergi ödənilir və vergi orqanı bunu qəbul edərək təsdiq edir və 1 il sonra həmin mal qalığına ƏDV ödənilməsini vergi ödəyicisindən tələb edir. Bu qanunla yol verilmir. Sadələşdirilmiş vergi ödəyicisi ƏDV qeydiyyatına alındığı tarixdən etibarən təqdim etdiyi mallar, iş və xidmətlər ƏDV-nin vergitutma obyekti hesab olunur. Azərbaycan Respubikasının Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən, bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Regionda sahibkarlıq fəaliyyətini həyata keçirən, iş yeri açan, bir neçə işçiyə əmək haqqı verən sahibkar fiziki şəxs İddiaçı cavabdeh vergi orqanının qanunsuz şəkildə ehtimal əsasında 128386,94 manat kənarlaşma yükləməsi sahibkarın vəziyyətini tam ağırlaşdırır, onu sahibkarlıqla məşğul olmaq üçün zəruri olan maliyyə resurslarının itkisinə və müflisləşmə dərəcəsinə kimi gətirib çıxarır. Fiziki şəxs-sahibkar İddiaçı əsassız olaraq 128386,94 manat vergi ilə yükləndiyindən məcburiyyət şəklində sahibkarlıq fəaliyyətini dayandıracağına səbəb olur. Bundan sonra DVX-nin X1 Baş İdarəsi tərəfindən iddiaçı vergi ödəyicisi İddiaçı 14 dekabr 2023-cü il tarixli “Vergi borcunun ödənilməsinə dair” **********1 №-li Bildiriş göndərərək, vergi ödəyicisi İddiaçı 14 dekabr 2023-cü il tarixinə dövlət büdcəsinə ümumilikdə 103.697.03 manat vergi borcu olduğunu bildirmiş və həmin borcun ödənilməsini tələb etmişdir. Hesab edir ki, bu iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli, İddiaçı hesabat dövrləri üzrə kənarlaşma olub-olmaması, 103697.03 manat vergi borcunun olub-olmaması məsələləri ekspertiza ilə aydınlaşdırılmalıdır. Cavabdeh vergi orqanı qanunsuz və əsassız olaraq İddiaçı əlavə 128386,94 manat ƏDV ödənilməsini tələb edir, cavabdeh vergi orqanının 13 dekabr 2023cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********462800 №-li Qərarı məhkəmə qaydasında ləğv edilməlidir.Cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 13 dekabr 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********462800 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək etirazda qeyd etmişdir ki, üçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2019-cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2022-ci il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “Qadın geyimlərinin topdan satışı”ndan ibarət olduğu, Şirvan şəhəri, M.Rəsulzadə 10 ünvanında ümumi sahəsi 300 m2 olan (obyektin kodu **********-21001) “MAĞAZA” adlı təsərrüfat subyektinin (obyektinin) xx.xx.2020-ci il tarixdə vergi orqanında uçota alındığı müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, kameral vergi yoxlaması aparılan zaman vergi ödəyicisi İddiaçı (VÖEN **********) tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2023-cü ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsində uyğunsuzluqlar yaranmışdır. Belə ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-ci il tarixli **********8646 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) məxsus obyektdə malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura və ya idxal gömrük bəyannaməsi əsasında alınmasına nəzarət edilməsi məqsədi ilə operativ vergi nəzarəti həyata keçirilmişdir. Nəzarət tədbiri zamanı obyektdə 444774.13 manat (287307.73 manatı elektron qaimə-fakturalı, 157466.40 manatı isə elektron qaimə-fakturasız) məbləğində mal qalığı aşkar edilmişdir. Vergi ödəyicisinin yoxlamaya təqdim etdiyi yazılı izahata əsasən malların üzərinə 15-20 faiz ticarət əlavəsi qoyulmaqla satışı həyata keçirilir. Aparılan araşdırmalar zamanı vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) xx.xx.2022-ci il tarxdə keçirilmiş OVN tədbiri zamanı 268267,89 manat dəyərində sənədli və 130873,14 manat dəyərində sənədsiz olmaqla cəmi 399141.03 manat mal qalığı aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yük gömrük bəyannamələrinə əsasən 281581,8 manat dəyərində mallar idxal edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş OVN tədbiri zamanı vergi ödəyicisi tərəfindən verilmiş izahata əsasən ticarət əlavəsi 10-12 faiz olduğu müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdən xx.xx.2023- cü il tarixədək vergi ödəyicisinin qeydiyyatda olan NKA dövriyyə məlumatlarına əsasən 21164,16 (ƏDV-siz) manat (malın dəyəri 18624,46 (21164,16 - 21164,16 *12%)) olduğu və 2022-ci ilin oktyabr, noyabr və dekabr ƏDV bəyannamələrinə əsasən ümumi dövriyyə 128353,0 manat (malın dəyəri 112950,64 (128353-128353*12%)) olduğu müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq vergi ödəyicisinin 2022-ci ilin sonuna mal qalığı 549147,73 manat (399141,03 + 281581,8 - 112950,64 - 18624,46) olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə e-qaimə ilə 7176,8 (ƏDV-siz) manat mallar alınmışdır və yük gömrük bəyannamələrinə əsasən 675616,7 (ƏDV-siz) manat məbləğində mallar idxal edilmişdir. Vergi bəyannamələrinə əsasən xx.xx.2023-ci il tarixə mal qalığı (2022-ci il gəlir vergisi bəyannaməsinə əsasən) 549147,73 manat olduğu müəyyən edilmişdir. Aparılan araşdırmalar zamanı xx.xx.2023- cü il tarixdə keçirilmiş OVN tədbiri zamanı vergi ödəyicisinin verdiyi izahata əsasən vergi ödəyicisi zamanda bildiririk ki, vergi ödəyicisində keçirilmiş operativ vergi nəzarəti zamanı xx.xx.2023-cü il tarixə 287307,73 manat məbləğində sənədli mal qalığı olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsinə əsasən dövriyyə məbləğinin 408835,55 manat məbləğində olduğu müəyyən edilmişdir. Eyni zamanda bildirir ki, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) qeydiyyatda olan NKA məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə vergi ödəyicisinin dövriyyəsi 37786,1 (ƏDV-siz) manat məbləğində olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, 2023-ci il oktyabr ayı üzrə vergiyə cəlb olunan və kənarlaşması ehtimal olunan dövriyyə məbləği 761928,30 manat ((((549147,73 + 680966,61 + 7176,8 - 287307,73) + 20%) - 408835,55) + 37786,1) məbləğində olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2023-ci il oktyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 18 faiz dərəcə ilə vergiyə cəlb olunan dövriyyə 56429,50 manat məbləğində göstərildiyini nəzərə alaraq, qeyd olunan dövr üzrə 126989,78 manat ((761928,30 - 56429,50)*18%)) kənarlaşma olduğu müəyyən edilmişdir. Qeyd olunanlar vergiyə cəlb edilən dövriyyənin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən, fərdi sahibkara vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********079100 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023- cü ilin oktyabr ƏDV bəyannaməsi üzrə 126989,78 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********462800 nömrəli qərar qəbul olunmuşdur. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaçının iş üzrə iddia müddətinə riayət etmədiyini və mübahisə ilə bağlı yeni qərarın olunduğunu, yeni qərarın köhnə qərarı qüvvədən saldığını bildirərək iddianın mümkünsüz hesab edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********462800 nömrəli qərarı mübahisələndirir. İş materiallarından 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçı barədə oktyabr 2023 hesabat dövrü üzrə 25 yanvar 2024-cü il tarixli yeni qərarın qəbul edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü tarixli məktubları ilə İddiaçı yardım edilərək qanunvericiliyin tələbləri izah edilmiş,barəsində yeni qərarın qəbul edildiyi və həmin 25 yanvar 2024-cü il tarixli yeni qərarı mübahisələndirmək hüququ izah olunaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir.Lakin iddiaçı tərəfindən hüquqi yardım məktublarına heç bir münasibət bildirilməmişdir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, işin mahiyyəti üzrə yeni qərar qəbul edildiyindən və həmin qərarla iddiaçının mübahisələndirdiyi köhnə xx.xx.2023-cü il tarixli qərar qüvvəsini itirdiyindən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********462800 nömrəli qərarının ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Məhkəmə iddiaçıya bir daha izah edir ki, iş üzrə mümkünlük şərtlərinə riayət etməklə 25 yanvar 2024-cü il tarixli yeni qərarı mübahisələndirmək hüququ vardır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********462800 nömrəli qərarının ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar