Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-2631/2023 24.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********169142 saylı qərarının ləğv edilməsi» tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə müəssisə tərəfindən istehsal edilmiş və satılmış pivənin aylar üzrə istehsal həcminin müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli “mütəxəssis rəyi”nin, eləcədə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə müəssisə tərəfindən istehsal olunaraq satılan pivənin satış qiymətinin real bazar qiymətinə uyğun müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli ekspert rəyinin, **********159460 nömrəli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi, yoxlama dövrü ərzində, istehsal həcminin bəyan edilmiş 200.130 litr həddində olması, 67.371 AZN ƏDV, cəmi 91.399 AZN ödənişin istehsala uyğun olduğunun təsdiq edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********169142 saylı qərarın ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2631/2023 nömrəli qərardadı ilə iddia tələbinə “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********169142 saylı Qərarının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2631/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə xx.xx.2023-cü il tarixli, 9/5848 nömrəli ekspert rəyi verilərək, inzibati iş xx.xx.2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi baş vergi xidməti müşaviri cənab Səməd Vəliyev tərəfindən “Vergi ödəyicisinn və ya sığorta edənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********169142 saylı Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə, vergilərin azaldılmasına görə 238.095,44 manat, maliyyə sanksiyası olaraq 120.959,85 manat, ümumilikdə vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə pulun tutulması nəzərdə tutulmuşdur. Qanunvericiliyinin pozulmasına görə 359.055,29 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Reallıqda isə müəssisə tərəfindən yoxlama dövrü ərzində, bəyannamələrə uyğun olaraq, istehsal həcmi 200.130 litr olmaqla 67.371 AZN aksiz, 24.024 AZN ƏDV, cəmi 91.399 AZN ödəniş edilmişdir. **********159460 nömrəli səyyar vergi yoxlamasının aktı, AR Ticarət və sənaye Palatası “AZƏREKSPERTİZA” Birliyinin eksperi X5 "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən pivə istehsalı zavodunda xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə müəssisə tərəfindən istehsal edilmiş və satılmış pivənin aylar üzrə istehsal həcminin müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli “mütəxəssis rəyi”nə, eləcə də "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən pivə istehsalı zavodunda xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə müəssisə tərəfindən istehsal olunaraq satılan pivənin satış qiymətinin real bazar qiymətinə uyğun müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli EKSPERT RƏYİ”NƏ istinad edilməklə tərtib olunmuşdur. Yoxlamanın əhatə etdiyi dövr ərzində pivənin istehsal həcminin 654087,71 litr, eyni dövrdə pivənin satış qiymətinin xx.xx.2019- xx.xx.2020-ci il ərzində 0,70 AZN, xx.xx.2020-ci il ərzində satış qiyməti 0,94 AZN, xx.xx.2020-xx.xx.2022-ci il ərzində 1,42 AZN məbləğində müəyyən edilməsi əsaslandırılmamışdır. Qeyd olunmalıdır ki, 1 litr pivənin 1,42 AZN-ə satılması qətiyyən real deyildir. Yoxlama dövrü üçün pivə istehsalının həcmi müəssisədə istehlak olunmuş elektrik enerjisinin sərfiyyatına əsasən müəyyən edilmişdir. İlk növbədə yoxlama dövrünün bütün dünyada tüğyan edən COVİD-19 pandemiyasının sərt qadağalar tədbirlərinin görüldüyü dövrə təsadüf edildiyi nəzərə alınmamışdır. Halbuki, koronovirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejiminin tətbiqi barədə, Qanunla Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə XVİİİ fəsil əlavə olunmuşdur. Əlavələrin 222.2, 222.4, 224 (azadolmalar və güzəştlər, məsələn əldə olunan gəlirin mənfəətin 75%-i həcmində güzəşt olunur), 225 (sadələşdirilmiş verginin tətbiqi) və s. maddələrinin tələblərinə əsasən müəssisə üçün xeyli azadolmalar və güzəştlər nəzərdə tutulmuşdur. Müəssisənin işıqlandırılmasına, qızdırılmasına, istehsal olunmuş pivə məhsulunun saxlanması üçün soyutma kameralarında, “köynəksiz boçkalarda” 1-3 dərəcə selsidə hərarətin yaradılması və uzun müddət ərzində (aylarla) saxlanması, müəssisənin istehsalat prosesində köhnə (sovetdən qalma) avadanlığın istifadəsi, izolyasiyanın pozulması, ətraf mühitin temperatur fərqi nəticəsində yol verilmiş elektrik enerjisi itkiləri nəzərə alınmamışdır; - Keçirilən yoxlama zamanı heç bir xronometrik ölçülər, manitorinqlər keçirilməmişdir; - Ölkədə fəaliyyət göstərən analoji müəssisələrdə (məsələn, Karlsberq MMC (Baltika), Azəri MMC və s.) pivə istehsalının həcmi, pivə istehsalı üçün alınmış xammalın həcminə görə müəyyən edilmə təcrübəsi tətbiq edildiyi halda, pivə istehsalının həcminin müəyyən edilməsi metodikasından istifadə olunmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh nümayəndəsi X4 izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirib, rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə lazımi qaydada xəbərdar edilmişdir. Lakin, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********169142 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin azaldılmasına görə 41182.13 manat, mənfəət vergisinin azaldılmasına görə 5077.5 manat, aksiz vergisinin azaldılmasına görə 73842.6 manat, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 857.35 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC xx.xx.2002-ci il tarixdə ********** nömrə VÖENilə qeydiyyata alınmış, təşkilatın hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət, təsisçisi X3r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli, 9/5848 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Bir-yeddinci suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyindən mütəxəssis cəlb olunmuş və mütəxəssis tərəfindən "xxxx" MMC üzrə faktiki istehsal edilmiş pivə məhsulunun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, avadanlığın istehsal gücü və faktik enerji sərfiyyatı əsasında pivə məhsulunun istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) nəzərdə tutulmamışdır. Yəni xx.xx.2023-cü il tarixli, **********159460 nömrəli aktda və “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, **********169142 nömrəli qərarda göstərilən vergi məbləğlərinin (az hesablanmış vergilərlə bağlı) Vergi Məcəlləsinin və vergilərin hesablanması ilə bağlı digər qanunvericilik aktlarının tələblərinə uyğun hesablanmaması müəyyən olunur. Təqdim edilmiş mühasibat sənədlərinə əsasən işə "xxxx" MMC müəssisəsi tərəfindən vergi orqanına təqdim edilən bəyannamələrin göstəriciləri üzrə kənarlaşmanın olması müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilən sübutları, işin faktiki hallarını, iddiaçının dəlillərini və cavabdehin etirazının əsaslarını aşağıdakı hüquq normaları baxımından qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan etirazda göstərilən dəlillərə uyğun “vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********169142 nömrəli qərarın qəbul edilməsində və vergi borcunun hesablanmasında haqlı olmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli, 9/5848 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyindən mütəxəssis cəlb olunmuş və mütəxəssis tərəfindən "xxxx" MMC üzrə faktiki istehsal edilmiş pivə məhsulunun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrıayrı xərc maddələri müəyyən edilmədən, avadanlığın istehsal gücü və faktik enerji sərfiyyatı əsasında pivə məhsulunun istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) nəzərdə tutulmamışdır. Yəni xx.xx.2023-cü il tarixli, **********159460 nömrəli aktda və “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, **********169142 nömrəli qərarda göstərilən vergi məbləğlərinin (az hesablanmış vergilər bağlı) Vergi Məcəlləsinin və vergilərin hesablanması ilə bağlı digər qanunvericilik aktlarının tələblərinə uyğun hesablanmaması müəyyən olunur. Təqdim edilmiş mühasibat sənədlərinə əsasən işə "xxxx" MMC müəssisəsi tərəfindən vergi orqanına təqdim edilən bəyannamələrin göstəriciləri üzrə kənarlaşmanın olması müəyyən edilmədi. Məhkəmə hazırkı işlə bağlı təqdim edilmiş ekspert rəyini yuxarıda qeyd edilən hüquq normalarının tətbiqi və işin faktiki halları baxımından mötəbər sübut kimi qiymətləndirir. Ən azından bunun əksini təsdiq edəcək hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Cavabdeh iddiaçının vergi məsuliyyətinə cəlb edilməsini istehsal prosesində sərf edilmiş enerji sərfiyyatına görə mütəxəssis rəyinə əsasən hesablamış, yalnız mütəxəssis rəyinə əsasən iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etmişdir. İstehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, sadəcə olaraq yalnız mövcud qurğuların və avadanlığın texniki göstəriciləri və faktiki enerji sərfiyyatı əsasında deyil, konkret avadanlığın iş görmə gücünə görə məhsulun istehsal həcmi hesablanmaqla əlavə vergi məbləğinin müəyyən edilməsi düzgün olardı. Bundan əlavə iş materiallarında müəssisə tərəfindən istehsal edilmiş məhsulun maya dəyəri və xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məlumatları və eləcə də, istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı mütəxəssis rəyinin mötəbərliliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan bu rəyi birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, **********169142 qərarı yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə zidd olmaqla yanaşı, iddiaçı üçün qanunsuz əlverişsiz inzibati aktdır. Bu baxımdan məhkəmə hesab edir ki, həmin qərar (inizbati akt) ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, **********169142 nömrəli qərarı ləğv edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən prosessual xərclər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********169142 nömrəli qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №e-2-1(120)-2631/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-2631/2023
24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver