Məhkəmə qərarları › İş №e-2-1(120)-2639/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-2639/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-2639/2023 27.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Cavabdeh qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 334.32 manat, Dövlət Sosial Müdafiə Fonduna 1642.77 manat və İşsizlikdən Sığorta Fonduna 54.17 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10000 manat məbləğində siyahıya alınmış (2012-ci il buraxılışı olan BMW 5281 markalı, ağ rəngli, 99ZT924 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi) əmlakının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurum vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun İcbari Tibbi Sığorta Fonduna 334.32 manat, Dövlət Sosial Müdafiə Fonduna 1642.77 manat və İşsizlikdən Sığorta Fonduna 54.17 manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, vergi orqanı olan iddiaçı xx.xx.2022-ci il tarixli bildirişlə yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2023-cü il tarixli, **********4 nömrəli və xx.xx.2023-cü il tarixli, **********9 nömrəli qərarı əsasında xx.xx.2023-cü il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus “BMW 5281” markalı, **-ZT-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarına əlavə olunan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-110092/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, ödənilməmiş İcbari Tibbi Sığorta Fonduna 334.32 manat, Dövlət Sosial Müdafiə Fonduna 1642.77 manat və İşsizlikdən Sığorta Fonduna 54.17 manat borc məbləği ilə satılması tələb olunan siyahıya alınmış əmlakın (avtonəqliyyat vasitəsinin) 10.000 manat məbləğində qiymətləndirilən dəyəri arasında ciddi uyğunsuzluq vardır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 11-ci və 17-ci maddələrində təsbit olunmuş “qanunçuluq” və “mütənasiblik” prinsipləri, eləcə də Vergi Məcəlləsinin 89.5-ci maddəsinin tələbi ilə ziddiyyət təşkil edir . Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11.2-ci maddəsinə əsasən “İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər”. Həmin Qanunun 17-ci maddəsinin tələbinə görə “Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.5-ci maddəsinə əsasən, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Həmin Məcəllənin 89.6-cı maddəsinə əsasən, əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 334.32 manat, Dövlət Sosial Müdafiə Fonduna 1642.77 manat və İşsizlikdən Sığorta Fonduna 54.17 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün cavabdehə məxsus əmlakın siyahıya alınmasını həyata keçirərkən qanunvericiliyin tələb etdiyi ardıcıllığa tam riayət olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, qanunverici bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlakın (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və s.) müəyyən edilmiş ardıcıllıqla siyahıya alına biləcəyini tələb etdiyi halda, vergi orqanının əməkdaşı tərəfindən cavabdehə məxsus olmayan avtonəqliyyat vasitəsini siyahıya alınmışdır. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Cavabdeh xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 334.32 manat, Dövlət Sosial Müdafiə Fonduna 1642.77 manat və İşsizlikdən Sığorta Fonduna 54.17 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10.000 manat məbləğində siyahıya alınmış cavabdehə məxsus olmayan 2012-ci il buraxılışı olan BMW 5281 markalı, ağ rəngli, 99ZT924 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin satılması üçün heç bir hüquqi əsas yoxdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 334.32 manat, Dövlət Sosial Müdafiə Fonduna 1642.77 manat və İşsizlikdən Sığorta Fonduna 54.17 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10.000 manat məbləğində siyahıya alınmış (2012-ci il buraxılışı olan BMW 5281 markalı, ağ rəngli, 99ZT924 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi) əmlakının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurum vasitəsilə satılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar