Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-2776/2025 07.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Astara rayon Notariat Ofisinə qarşı X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla torpağa mülkiyyətə dair aktın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" QSC) cavabdeh Astara rayon Notariat Ofisinə qarşı X4 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Astara rayon Notariat Ofisinin (əvvəlki Astara rayonu Dövlət Notariat Kontorunun) xx.xx.2006-cı il tarixli JN-0016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesabe edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onlar tərəfindən dəmir yollarının mühafizə zonasına düşən sahələrin monitorinqi zamanı Astara şəhəri, Məmməd Araz küçəsində yerləşən yük həyətində ümumi ərazinin 1,6 hektar hissəsinin vətəndaş X6 tərəfindən istifadə olunduğu aşkar edilmişdir. Araşdırma nəticəsində həmin torpaq sahəsinə X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli ********** qeydiuyyat nömrəli dövlət reyestrindən çıxarış verildiyi müəyyən olunmuşdur. Bununla bağlı tərəflərindən xx.xx.2024-cü il tarixli 13-1/2-9395/2024 nömrəli məktubla Əmlak Məsələləri Dövlət Xidmətinə sözügedən reyestrdən çıxarışın hansı hüquqmüəyyənedici sənədlər əsasında verilməsi barədə məlumatın və sənədlərin təqdim edilməsi üçün müraciət edilmişdir. Həmin sənədlərdən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2006-cı il tarixli JN-0016 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Astara şəhəri, məmməd Araz küçəsində yerləşən yük həyətinə ümumi ərazinin 1,6 ha hissəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirmələri təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin və üçüncü şəxsin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbi barədə məlumat verməmişdirlər.Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək, iddianın mümkün sayılaraq təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Məhkəmənin müvafiq sorğusuna əsasən Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 3-16-5/6-11-207/25 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş 19 dekabr 2005-ci il tarixli 4Ə-219 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinə əlavə olunmuş: “Torpağa mülkiyyət hüququna dair” JN-006, KOD 80101004 №-li dövlət aktının surətindən müəyyən olunur ki, X7 Astara rayonu Astara Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 45 saylı qərarı ilə kommersiya məqsədi ilə 1,60 ha torpaq sahəsi satılmışdır. xx.xx.2005-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2003-cü il tarixli JN 0006 №-li Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ona məxsus olan 1,60 ha torpaq sahəsini X1. Alqı satqı Astara rayon dövlət notariat kontorunun notariusu Qurbanov F.A tərəfindən təsdiq olunmuşdur. İş materiallarından, müəyyən olunur ki, iddiaçının hüquqi marağı “Torpağa mülkiyyət hüququna dair” JN-006, KOD 80101004 №-li dövlət aktının ləğv olunmasından ibarətdir.Göründüyü kimi hazırkı tələbin icrası yəni torpağın mülkiyyətə verilməsinə dair dövlət aktını etibarız hesab etmək cavabdehin səlahiyyətində deyil və iddia düzgün olmayan cavabdehə qarşı yönəlmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Notariusun hüquqları Notarius bu Qanunda nəzərdə tutulan hərəkətləri apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə notariusa digər hüquqlar da verilə bilər. Maddə 9. Notariusun vəzifələri Notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır; Maddə 45. Notariat qaydasında təsdiq edilən əqdlər Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanundan göründüyü kimi X12 aktı lğv etmək kimi nə hüququ nədə vəzifəsi nəzərdə tutulmamışdır. İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərərək, Notariat Ofisinin torpağa mülkiyyət hüququna dair dövlət aktı verən orqan olmadığı üçün Şəhadətnamənin etibarsızlığı üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etməyi, Notariat Ofisi alqı-satqı müqaviləsini təsdiq edən orqan olduğu üçün ona qarşı alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı iddia tələbi ilə müraciət etmək hüquqları olduğu izah olunmuşdur. Lakin iddiaçı tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən, hazırkı iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 35, 45, 38, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №e-2-1(120)-2776/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-2776/2025
07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver