Məhkəmə qərarları › İş №e-2-1(120)-2829/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-2829/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-2829/2025 28.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının, pul mükafatı və təminatlarının ödənilməsi” tələbinə dair iş üzrə Açar sözlər (ərazi aidiyyəti) Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının, pul mükafatı və təminatlarının ödənilməsi” tələbinə dair inzibati iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdeh qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildikdə) və İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) əsasən hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında N saylı hərbi hissənin komandiri vəzifəsini müvəqqəti icra edən polkovnikleytenant Rafət Əliyevin 18 yanvar 2025-ci il tarixli 19 saylı əmrinin 1-ci paraqrafının ləğv edilməsi, N saylı hərbi hissədə hərbi xidmətə və həmin hərbi hissənin qərargah bölüyünün komendant taqımında avtomobil manqasının sürücüsü vəzifəsinə bərpa edilməsi, məhrum edildiyi məzuniyyət hüququnun bərpa edilməsi, mərhum edildiyi birdəfəlik pul mükafatının və bir aylıq vəzifə maaşı həcmində əlavə pul təminatının ödənilməsi, xidmətdən və məhkəmənin qərarı icra edildiyi günədək vəzifədən azad edildiyi vaxt üçün orta əmək haqqının, pul mükafatı və təminatlarının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil işin aidiyyəti üzrə göndərilməsinə etiraz etməmişdirlər. Faktiki hallar və sübutlar: İş materiallarında olan; AA11554870 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Zərdab rayonunda doğulmuş və hazırda Zərdab rayonu, Gödəkqobu ərazi dairəsi, Gödəkqəbu kəndində qeydiyyatdadır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, tərəfi dinləyərək hesab edir ki, hazırki iş ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, işin məhkəmə araşdırılması zamanı məlum olur ki, hazırkı inzibati mübahisə İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildikdə) və İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) əsasən hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında N saylı hərbi hissənin komandiri vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Rafət Əliyevin 18 yanvar 2025-ci il tarixli 19 saylı əmrinin 1-ci paraqrafının ləğv edilməsi, N saylı hərbi hissədə hərbi xidmətə və həmin hərbi hissənin qərargah bölüyünün komendant taqımında avtomobil manqasının sürücüsü vəzifəsinə bərpa edilməsi, məhrum edildiyi məzuniyyət hüququnun bərpa edilməsi, mərhum edildiyi birdəfəlik pul mükafatının və bir aylıq vəzifə maaşı həcmində əlavə pul təminatının ödənilməsi, xidmətdən və məhkəmənin qərarı icra edildiyi günədək vəzifədən azad edildiyi vaxt üçün orta əmək haqqının, pul mükafatı və təminatlarının ödənilməsi ilə əlaqədardır. İş materiallarında olan iddiaçıya məxsus AA11554870 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Zərdab rayonunda doğulmuş və hazırda Zərdab rayonu, Gödəkqobu ərazi dairəsi, Gödəkqəbu kəndində qeydiyyatdadır. Belə olan halda məhkəmənin mövqeyinə görə hazırkı işə iddiaçının daimi yaşadığı yer üzrə müvafiq inzibati məhkəmədə, yəni Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «İnzibati icraat haqqında» Qanunun: 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2.1.-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia)inzibati icraat qaydasında baxılır. 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; ... 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 83.1-ci maddəsinə əsasən, şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1 və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. «Məhkəmələr və hakimlər haqqında» Qanunun: 15-ci maddəsinin tələbinə əsasən, işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə baxır. 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə- Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarı ilə Zərdab rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsini rəhbər tutaraq hazırki iddia tələbinə münasibətdə belə nəticəyə gəlir ki, iddiaçının qeydiyyatda olduğu ünvan və yaşayış yeri Zərdab rayonu ərazisində olduğu üçün inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 2, 8-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildikdə) və İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə (xidmət vaxtı başa çatmamış) əsasən hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında N saylı hərbi hissənin komandiri vəzifəsini müvəqqəti icra edən polkovnikleytenant Rafət Əliyevin 18 yanvar 2025-ci il tarixli 19 saylı əmrinin 1-ci paraqrafının ləğv edilməsi, N saylı hərbi hissədə hərbi xidmətə və həmin hərbi hissənin qərargah bölüyünün komendant taqımında avtomobil manqasının sürücüsü vəzifəsinə bərpa edilməsi, məhrum edildiyi məzuniyyət hüququnun bərpa edilməsi, mərhum edildiyi birdəfəlik pul mükafatının və bir aylıq vəzifə maaşı həcmində əlavə pul təminatının ödənilməsi, xidmətdən və məhkəmənin qərarı icra edildiyi günədək vəzifədən azad edildiyi vaxt üçün orta əmək haqqının, pul mükafatı və təminatlarının ödənilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar