Məhkəmə qərarları › İş №e-2-1(120)-2894/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-2894/2025

15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-2894/2025 15.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiаçı İddiaçı Cavabdehnə qarşı “xx.xx.2017-ci il tarixdə DİN-nin Ağcabədi rayon Polis şöbsəsi tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində ailə vəziyyəti yalnışlıqla evli yazılma səhvində düzəliş edilərək, subay yazılmaqla yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiаçı İddiaçı Cavabdehnə qarşı “xx.xx.2017-ci il tarixdə DİN-nin Ağcabədi rayon Polis şöbsəsi tərəfindən ona verilmiş, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində ailə vəziyyəti yalnışlıqla evli yazılma səhvində düzəliş edilərək, subay yazılma və yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il tarixdə DİN-nin Cavabdeh tərəfindən AZE seriyal ******** nömrəli şəxsiyyət vəsiqəsi verilmiş, sonradan həmin şəxsiyyət vəsiqəsi xx.xx.2017-ci il tarixdə DİN-nin Cavabdehndə tərəfindən dəyişdirilmişdir. Həmin şəxsiyyət vəsiqələrində heç bir əsas olmadan yalnışlıqla ailə vəziyyəti “evli” kimi qeyd edilmişdir. Heç vaxt rəsmi olaraq evli olmamışdır. Qeyd etdiyi səhvin düzəldilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinə müraciət etmiş, ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti 5 ildir və həmin müddət bitdiyi üçün əsas olmuş sənədlər məhv edildiyi, buna görə də səhvin aradan qaldırılması mümkün olmadığı bildirilmişdir. Müraciətində qeyd etdiyi xüsusatların Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid olduğu nəzərə alınaraq aidiyyəti üzrə müraciət etməyi məqsədəmüvafiq görülmüşdür. Bundan sonra subaylıq arayışı almaq üçün Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti Aktlarının Qeydiyyatı idarəsinə müraciət etmiş, oradan da cavab məktubunda xx.xx.2004-cü il tarixdə polis orqanı tərəfindən verilmiş AZE seriyaı ******** nömrəli şəxsiyyət vəsiqəsində ailə vəziyyəti evli kimi yazıldığını, bu səbəbdən də subaylıq arayışının verilməsi mümkün olmadığını, Daxili İşlər Nazirliyinin səlahiyyətli qurumlarına müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda şəxsiyyət vəsiqəsində ailə vəziyyətinin subay olduğu halda evli yazılması daşınmaz əmlakla bağlı hüquqlarını həyata keçirməyinə imkan vermir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbi ilə bağlı subay olma faktının tanınması ilə bağlı ilk öncə Ağcabədi rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədən qərardadla ərizəsi geri qaytarılmış və aidiyyəti üzrə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd edilənləri əsas gətirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Ağcabədi rayonunda qeydiyyatda olduğundan və cabandeh Ağcabədi rayonu ərazisində yerləşdiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-Q-93900 nömrəli məktubundan görünür ki, İddiaçı şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli, 3-165/4-15-D-406/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən nikahı haqqında akt qeydinə dair məlumat aşkar edilməsə də, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sistemindəki məlumatlarda ailə vəziyyətinin “evli” kimi göstərildiyi məlum olmuşdur. Araşdırma nəticəsində xx.xx.2004-cü il tarixdə polis orqanı tərəfindən verilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsində ailə vəziyyətinizin “evli” kimi qeyd edildiyi aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarına müraciət olunması tövsiyə edilmişdir. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 05/70-778/69 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1964-cü il tarixdə Ağcabədi rayonu, Avşar kəndində anadan olmuş İddiaçı ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2025-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və İddiaçı nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 05/70-825/69 nömrəli arayışdan görünür ki, İddiaçı və X1 nikah haqqında məlumatın müəyyən edilməsi məqsədilə Xocavənd rayonu Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 1993-1999-cu illər və xx.xx.2025-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və İddiaçı və X1 nikah haqqında akt qeydi aşkar olunmamışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçının şəxsiyyət vəsiqəsindəki məlumatlara dəyişiklik edilməklə yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı iki dəfə, 2004 və 2017-ci illərdə şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilmiş, iddiaçının yaşayış yeri Ağcabədi rayonu, Üzeyirkənd kəndi, ailə vəziyyəti “evli” göstərilmişdir. AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi verilmiş, iddiaçının ailə vəziyyəti “evli” göstərilmişdir. İşdə olan iddiaçıya məxsus fərdi uçot kartoçkasından görünür ki, iddiaçı xx.xx.2017ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi almaq üçün Ağcabədi rayon Polis İdarəsinə müraciət etmiş, kartoçkada iddiaçının ailə vəziyyəti evli kimi qeyd olunmuşdur. İşdə olan Ağcabədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 05/70-778/69 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1964-cü il tarixdə Ağcabədi rayonu, Avşar kəndində anadan olmuş İddiaçı ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2025-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və İddiaçı nikah haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə iddiaçının nikahda olmaması barədə dəlili ilə razılaşır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli, 3-165/4-15-D-406/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən nikahı haqqında akt qeydinə dair məlumat aşkar olunmamışdır. Həmçinin işdə olan Ağcabədi rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-14-1416/24 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1964 (xx.xx.1964)-cü il təvəllüdlü İddiaçı (Quluyev İlham) Xanoğlan oğlunun ailə vəziyyətinin (nikahda olubolmaması) müəyyən edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.1964-cü il təvəllüdlü İddiaçı (Quluyev İlham) Xanoğlan oğlunun nikah haqqında (nikhada olması barədə) akt qeydi aşkar olunmamışdır. Göründüyü kimi, iddiaçının şəxsiyyət vəsiqəsində ailə vəziyyəti “evli” kimi göstərilsə də, onun rəsmi nikaha daxil olması barədə hər hansı məlumat mövcud deyil. Bundan əlavə, işdə olan Ağcabədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 05/70-825/69 nömrəli arayışdan görünür ki, İddiaçı və X1 nikah haqqında məlumatın müəyyən edilməsi məqsədilə Xocavənd rayonu Xocavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 1993-1999-cu illər və xx.xx.2025-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və İddiaçı və X1 nikah haqqında akt qeydi aşkar olunmamışdır. Beləliklə, işin istinad edilən halları ilə müəyyən olunur ki, iddiaçı heç vaxt nikaha daxil olmamış, yəni ailə vəziyyətinin “subay”dan “evli”yə dəyişdirməmiş, hansı ki, dəyişiklik edilən həmin məlumatlar həqiqətə uyğun olmamış, səhv məlumat olmuşdur. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna əsasən: - Maddə 1. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra-şəxsiyyət vəsiqəsi). Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. - Maddə 3. Şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir: - bu maddənin birinci hissəsində göstərilən məlumatlar; - vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; - vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi; - vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları (poçt ünvanı, telefon nömrələri); - vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir); - vətəndaşın uşaqlarının soyadı və adı; - vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır); - şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi; “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də nəzərdə tutulduğu halda digər məlumatlar. - Bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir. - Maddə 4. Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana özü və ya vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs vasitəsilə müraciət etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”yə əsasən: - Bənd 1.1. Bu Əsasnamə "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi ilə, şəxsiyyət vəsiqəsinin verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi və məlumatların şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi qaydalarını müəyyən edir. - Bənd 2.4. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin fərdi olaraq doldurulması "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra — İAMAS) vasitəsilə həyata keçirilir. Verilmiş şəxsiyyət vəsiqələri, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar İAMAS-a daxil edilir və bu barədə məlumatlar real vaxt rejimində X2 Sisteminə ötürülür. - Bənd 2.9. Vəsiqə verən orqanın məsul əməkdaşı ərizə-anket üzrə üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşın fotoşəkli və əl-barmaq izləri ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. - Bənd 2.12 Şəxsiyyət vəsiqəsinin üzərində vəsiqə sahibinin soyadı, adı, atasının adı, cinsi, vətəndaşlığı, doğulduğu tarix, doğulduğu yer, ünvanı (yaşayış yeri), qan qrupu, fərdi identifikasiya nömrəsi, kart giriş nömrəsi, vəsiqənin nömrəsi, verilmə tarixi və etibarlılıq müddəti göstərilir, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəkli və 15 yaşı tamam olmuş vətəndaşın şəxsi imzası yerləşdirilir. - Bənd 2.13. Şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcı (çip) Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə və standartlarına uyğun olaraq, dəyişdirilməyən və dəyişdirilə bilən (aktuallaşdırılan) məlumatlardan ibarətdir. Həmin məlumatlar isə bu Əsasnamənin 2.19-cu–2.21-ci bəndlərinə uyğun olaraq oxunuş üçün açıq və bağlı məlumatlara bölünür. - Bənd 2.14. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) aşağıdakı məlumatlar daxil edilir: 2.14.1. bu Əsasnamənin 2.12-ci bəndində göstərilən məlumatlardan – vətəndaşın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi, kart giriş nömrəsi, vəsiqənin verilmə tarixi, fotoşəkli və 15 yaşı tamam olmuş vətəndaşın şəxsi imzası; 2.14.2. vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; 2.14.3. vəsiqəni verən orqanın adı; 2.14.4. sənədin tipi; 2.14.5. vəsiqənin fərdiləşdirilməsinin tarixi və vaxtı; 2.14.6. fərdiləşdirmə sisteminin seriya nömrəsi; 2.14.7. Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq müvafiq sertifikatlar; 2.14.8. vəsiqə sahibinin əl-barmaq izləri (hər əlindən bir barmaq izi). 2.14-1. Vətəndaşın şəxsiyyət vəsiqəsi ilə bağlı İAMAS-da olan və müvafiq dövlət informasiya sistemlərindən (ehtiyatlarından) ötürülən məlumatlardan aşağıdakılar İAMASda kriptoqrafik vasitələrlə mühafizə olunaraq saxlanılır: 2.14-1.1. vətəndaşın ailə vəziyyəti, boyu və hərbi vəzifəsi; 2.14-1.2. vətəndaşın gözlərinin rəngi; 2.14-1.3. vətəndaşın valideynlərinin soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları; 2.14-1.4. vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyadını dəyişdiribsə, nikahdan əvvəlki soyadı da göstərilir); 2.14-1.5. vətəndaşın uşaqlarının soyadı və adı; 2.14-1.6. vətəndaşın uşaqlarının doğum tarixi və cinsi. 2.14-2. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına bu Əsasnamənin 2.14.8-ci, 2.14-1.1-ci, 2.14-1.2-ci, 2.14-1.4 – 2.14-1.6cı yarımbəndlərində qeyd olunan məlumatlar daxil edilmir. - bənd 2.22. Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı, ünvanı (yaşayış yeri) dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir. Sadalanan normalardan görünür ki, şəxsə məxsus şəxsiyyət vəsiqəsində onun soyadı, adı, atasının adı, cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi kimi məlumatlar göstərilir və həmin məlumatlar səhv olduqda şəxsin şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün aidiyyəti orqana müraciət etmək hüququ mövcuddur. İşin yuxarıda sadalanan halları ilə iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindəki məlumatların həqiqətə uyğun olmadığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, yanlış məlumatlar düzəldilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia təmin olunsun. İddiaçı xx.xx.2017-ci il tarixdə DİN-nin Ağcabədi rayon Polis şöbsəsi tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində ailə vəziyyəti yalnışlıqla evli yazılma səhvində düzəliş edilərək, ailə vəziyyəti “subay” yazılmaqla yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar