Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-2955/2025 02.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 02 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixi məcburi iş buraxma dövrünün başlanğıcı olaraq hesab edilməsi, məcburi iş buraxma dövrünün kompensasiyasının hesablanaraq ona ödənilməsi və təzədən vəzifəsinə (işinə) bərpa olunmağı öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanı Biləsuvar rayonu olduğundan, Biləsuvar rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2025-ci il tarixli, e-2-1(112)-6956/2025 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və iddia tələbinin “Azərbaycan Respublikası Müdafiə Nazirinin 01 mart 2017-ci il tarixli, 0159 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bundan əlavə, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəmə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci il tarixdə Azərbaycan Respublikası Ali Hərbi Təyyarəçilik Məktəbini bitirərək, Silahli Qüvvələrin Təlim və X3 ixtisas kursuna daxil olmuş və kursu bitirdikdən sonra N nömrəli hərbi hissədə Radiolokasiya bölüyünün Radiolokasiya stansiyasının rəisi vəzifəsinə təyin olunmuşdur. Hərbi xidmətdə olduğu dövürdə də xidmətinin axırıncı gününə qədər, həmişə şərəfli və vətəninə layiq bir zabit, o cümlədən zabit həmkarlarına və əmrindəki əsgərlərə nümunə bir zabit olmuşdur. Lakin N saylı hərbi hissənin xx.xx.2017-ci il tarixdəki rütbəsi hərbi hissənin komandiri polkovnik Həsənov İbrahim xx.xx.2017-ci il tarixdəki rütbəsi Radiolokasiya texniki qoşunların rəisi polkovnik Hüseynov Aqil və xx.xx.2017-ci il tarixdəki Rütbəsi N sayli hərbi hissənin qərargah rəisi mayor Musayəv Zamin birlikdə ona qurma sənədlər və qurma məhkəmə düzəldərək vəzifəsinin sonlandırılmasına səbəb olublar. Belə ki, hissənin komandiri polkovnik Həsənov İbrahim tarixini dəqiq xatırlamadığı bir vaxt onun vəzifədə olduğu yerə gələrək açıq aydın şəkildə üzümə baxaraq ondan heç xoşunun gəlmədiyini, zatən yerinə başqa tanışlarını gətirmək istədiyini və nə olarsa olsun mütləq onun vəzifəsini sonlandıracağını demişdir. O, da özünə, şərəfilə, layiqincə vəzifəsini icra etdiyini, nə səhvinin olduğunu soruşanda isə ona cavab olaraq, heç nə səndən xoşum gəlmir və getməlisən vəssalam demişdir. Xidmət etdiyi müddət ərzində, dəfələrnən guya onun məsuliyyətindəki texnikaları saz saxlamadığını, vəzifəyə gec gəldiyini, üzünü qırxmadığını, mənfi hallara yol verdiyi, laqeyd hərəkətlər etdiyini, intizamsızliq hallarına yol verdiyi iftiraları ilə haqqında 13 dəfə yalan və saxta aktlar tərtib edib. Hər dəfəsində ona etdiklərinin yalan, qurma, şər olduğunu və həqiqəti əks etdirmədiyini desə də, o cümlədən tərtib ətdiyi aktları imzalamasa da, o yenə də onun üçün onun imza atıb atmadığının bir əhəmiyyətinin olmadığını və öz bildiyini edəcəyini dedi. Bu minvalla xx.xx.2017-ci il tarixdəki rütbələri ilə polkovnik Həsənov İbrahim, Radiolokasiya Texniki qoşunlarının rəisi polkovnik Hüseynov Aqil və N saylı hərbi hissənin qərargah rəisi mayor Musayev Zaminilə əlbir olaraq saxta və qurma aktlarıda öz aralarında imzalayaraq, guya onunla profilaqtik söhbətlər aparıldığını, onun mənfi cəhəddən hərəkətlər etdiyi, nizam intizam qaydalarını pozduğu səbəbləri ilə öz aralarında anlaşaraq, yuxarı komandanlıq qarşısında vəsatət qaldırıblar və yalan, saxta, qurma, şər dolu bir məhkəmə düzəldərək, onu “Hərbi Xidmət Keçmə Haqqında” Əsasnaməyə görə məhkəməyə çağırıblar. Həmin saxta və qurma məhkəməyədə N saylı Hərbi Hissənin Qərargah rəisi xx.xx.2017-ci il tarixdəki rütbəsi mayor Musayev Zamini təyin ediblər. Həmin o qurma məhkəmədə, yenədə o, hüquqlarını müdafiə etməyə çalşsa da, adına tərtib olunan aktların yalan, saxta qurma olduğunu, şəxsinin o aktların heç birinə qol çəkmədiyini, vəzifəsini həmişə şərəfilə və layiqincə icra etdiyini desə də, polkovnik Həsənov İbrahimin tapşırığı ilə polkovnik Hüseynov Aqilin yardımları ilə və mayor Musayev Zaminin məhkəmə sədrliyi ilə onu N saylı Hərbi Hissənin kiçik zabitlərinin şərəf məhkəməsi adı ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıblar. Həmin məhkəmədə hüquqlarını sonuna qədər müdafiə edəcəyini və bütün yuxarı dövlət orqanlarına müraciət edəcəyini desə də və xx.xx.2017-ci ildən bu günə qədər o, atası və anası müraciət etdikləri dövlət orqanları olan, Azərbaycan Respublikası Prezidentinin X2 ilə İş və Hərbi Məsələlər üzrə Köməkçisinə, Müdafiə Nazirliyi Şəxsi Həyət Baş İdarəsinə, Azərbaycan Rəspublikasının Birinci Vitse- Prezidentinə, Müdafiə Nazirliyinə və bir sıra digər dövlət orqanlarına yardım üçün yazılı müraciətləri olsa da xx.xx.2017-ci ildən bu günə qədər heç bir nəticə almadığından ötrü, artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, işə baxılması mümkünsüz hesab edilməlidir: Belə ki, İddiaçı iddianı qaldırmaq üçün qanunla müəyyən edilən müddəti ötürmüşdür. Belə ki, hazırkı iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci bəndinə əsasən, mübahisələndirmə haqqında iddia hesab olunur. Adıçəkilən Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırda iddiaçının mübahisələndirdiyi əmr xx.xx.2017-ci il tarixli olmaqla, onun əlavə etdiyi sənədlərdən də aydın olur ki, həmin əmr iddiacıya 7 ildən artıqdır ki, məlum olmuşdur (is materiallarında olan sənədlərdə xx.xx.2017-ci il tarixdən başlayan yazışmalar mövcuddur - xx.xx.2017-ci il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçının atası X1 cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı həqiqi hərbi xidmətə bərpa olunması barədə yuxarı komandanlığa məruzə edilmiş və müsbət qərar qəbul edilməmişdir). Göründüyü kimi, iddiaçının ehtiyata buraxılması barədə əmrin qəbulundan və ona məlum olmasından 7 ildən çox vaxt keçdikdən sonra iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmiş, bununla da İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilən iddia müddəti ötürülmüşdür. İddia müddətinin ötürülməsi ilə bağlı oxşar işə dair Ali Məhkəmənin mövqeyinə nəzər salaq: Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(102)- 38/2021 nömrəli qərarında göstərilmişdir ki, iddiaçı mübahisələndirdiyi əmrin qəbul edilməsindən 9 ildən artıq vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir, bununla da qanunla müəyyənləşdirilmiş 30 günlük iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Odur ki, iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir. Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd olunmuşdur ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparıları hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, eləcə də iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunur. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə “buraxılmış prosessual müddətin bərpası haqqında” ərizə təqdim etmişdir. Ərizədə bildirilmişdir ki, Azərbaycan Respublikasının Qanunvericiliyinin bütün Məcəllələrində istər dövlət idarələrində, istər özel təşəbbüslərdə, istər hərbi hissələrdə qanunvericilik onu tələb edir ki, işçi işdən azad olunan zaman, mütləq işdən azad olunma haqqında əmrlə tanış olmalıdır. Həmin əmrdə mütləq işdən azad olunmanın səbəbi açıq aydın yazılmalıdır, əmrlə birlikdə işdən azad olunduğuna dair sərəncam olmalıdır, işdən azad olunan şəxsə rəsmi bildiriş göndərilməlidir və ya işdən azad olunduğu əmrin və sərəncamın surətini təhvil aldığına dair imza atmalıdır. O, isə qanunvericiliyin tələblərinə uyğun olaraq həmin əmrin surətini və ya sərəncamı tələb etdiyində ona heç bir sənəd təqdim olunmadı. Yəqin ki, rəsmi ünvanına, yadaki faktiki yaşayış ünvanına bildiriş gələr deyə fikirləşmişdir. Lakin onun nə rəsmi ünvanına, nədəki faktiki yaşayış ünvanına heç bir bildiriş gəlmədi. Odur ki, rəsmi olaraq, işdən azad olunmağı haqqında əmr, sərəncam, imzaladığı hansısa bir bildiriş və ya inzibati akt ona yollanmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göstərilənlərə əsasən məhkəmədən prosessual müddətin buraxılmasının üzürlü sayılmaqla buraxılmış prosessual müddətin bərpa edilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının “buraxılmış prosessual müddətin bərpası haqqında” ərizəsinə qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı iddia qaldırmaq müddətini ötürdüyündən, hazırkı işə baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mümkünsüz hesab edilməlidir. Məhkəmənin diqqətinə aşağıdakıları çatdırmaq istərdik: İddiaçı “buraxılmış müddətin bərpası” barədə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək faktiki olaraq mübahisələndirmə haqqında iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürdüyünü etiraf etmişdir. Həmin ərizədə iddiaçı göstərmişdir ki, onun rəsmi ünvanına işdən azad olunması ilə bağlı hər hansı bildiriş göndərilməmişdir. Bununla bağlı bildiririk ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduqu vaxtdan, sikavət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Normanın tələbindən göründüyü kimi, əmək qanunvericiliyindən fərqli olaraq, inzibati qanunvericiliyin tələbinə əsasən, inzibati akt hesab edilən əmrin şəxsin ünvanma göndərilməsi deyil, şəxsin məlumatlandırılması nəzərdə tutulmuşdur (bu məlumatlandırma əmrin elan edilməsi vasitəsilə, hərbi biletə qeydlər apararaq hərbi bileti şəxsə təqdim etmək yolu ilə realizə olunur). Bu da iddiaçının mübahisələndirdiyi əmrin onun ünvanına göndərilməli olması ilə bağlı mülahizəsinin əsassız olmasını təsdiq edir. Digər tərəfdən, mübahisələndirilən xx.xx.2017-ci il tarixli ehtiyata buraxılma barədə əmrin iddiaçıya elan olunması və iddiaçının həmin əmrdən məlumatlı olması sübut olunmağa ehtiyac olmayan məqamdır. Belə ki, iddiaçı dəfələrlə hərbi xidmətə bərpa olunması barədə Müdafiə Nazirliyinə müraciətlər ünvanlamış, bununla baqlı Müdafiə Nazirliyinin Səxsi Heyət Bas İdarəsinin xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli. xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli cavab məktublarında iddiaçının ehtiyata buraxılmasının əsaslarının araşdırılması ilə bağlı nüanslar qeyd edilmiş və iddiaçının hərbi xidmətə bərpa edilməsi barədə yuxarıda komandanlıq qarşısında vəsatət qaldırılmasına dair müsbət qərar qəbul edilməməsi bildirilmişdir. Qeyd edilən cavab məktubları iş materiallarında mövcuddur. Eyni zamanda iş materiallarında mövcud olan hərbi biletin V qrafasında (“Xüsusi qeydlər”) göstərilmişdir ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa) görə ehtiyata buraxılmışdır. Beləliklə, qeyd edilən faktlar göstərir ki, iddiaçı ehtiyata buraxılması barədə əmr barədə də, ehtiyata buraxılması barədə əmrin əsasını təşkil edən səbəb barədə də vaxtında (8 il öncə) məlumatlı olmuşdur. Hazırda onun mübahisələndirdiyi əmr barədə sanki yeni xəbərdar olmasına dair yaratdığı təsəvvür sadəcə məhkəmə icraatını ləngitmək məqsədi daşıyır. Hərbi biletdə müvafiq qeydin olması belə iddia qaldırmaq üçün yetərli amildir (iddiaçı isə artıq qeyd edildiyi kimi, bu imkanı ötürmüşdür). Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(102)-1809/2020 nömrəli qərarına nəzər salaq: “İddiaçının inzibati aktın qüvvəyə minməsindən 5 il sonra mübahisələndirməsi iddia müddətinin araşdırılmasında formal tələblərdən çıxış etməni məhdudlaşdırır; iddia müddətinin təyinatı baxımından işin haliarına nəzər saldıqda görünür ki, iddiaçıya ehtiyata buraxılması ilə əlaqədar yaşayış yeri üzrə SHXÇDX-nin Bərdə rayon şöbəsində qeydiyyata durmaq üçün verilmiş xx.xx.2014-cü il tarixli təyinat vərəqəsində onun rütbəsinin kapitan olması aydın göstərilmişdir; həmçinin iddiaçının hərbi biletində onun xx.xx.2014-cü il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı açıq və qəti şəkildə qeyd olunmuşdur; Yəni iddiaçıya inzibati akt olaraq əmrlərin özü təqdim olunmasa da, hərbi rütbənin aşağı salınması və xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə rəsmi məlumat daşıyıcısı verilmişdi və həmin məlumat daşıyıcıları məzmununda etimad göstəriləcək dərəcədə mötəbər idi - başqa sözlə, iddiaçı sözügedən əmrləri mübahisələndirmək üçün kifayətedici imkanlara malik idi; İşin bu halında, yalnız inzibati aktın təqdim olunmaması və elan edilməməsinə istinadən iddia müddətinin ötürülmədiyi barədə nəticəyə gəlmək, həmin normalarm tətbiqində ifrat formallığa yol verilməsi olardı; Odur ki, iddianın mümkün sayılmaması barədə nəticə əsaslıdır”. Göründüyü kimi, oxşar nüansları əks etdirən iş üzrə Ali Məhkəmənin qərarına əsasən, iddia müddəti ötürülmüş sayılmaqla iddia mümkünsüz sayılmışdır. Məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə Ali Məhkəmənin mövqeyinin hazırkı işə da şamil olunmasını və iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsinin zəruri olduğunu hesab edirlər. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 01 mart 2017-ci il tarixli, 0159 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 13cü radiolokasiya bölüyünün Radiolokasiya stansiyasının rəisi baş leytenant İddiaçı “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinə göndərilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Göründüyü kimi, hazırda qüvvədə olan mövcud qanunvericilik inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi ilə verilməsinin mümkünlüyü birmənalı təsbit edilmişdir. Həmçinin mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 01 mart 2017-ci il tarixli, 0159 nömrəli əmrilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmin əmr iddiaçıya elan edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi “xx.xx.2017-ci ildən bu günə qədər onun, atasının və anasının dövlət orqanları olan Azərbaycan Respublikası Prezidentinin X2 ilə İş və Hərbi Məsələlər üzrə Köməkçisinə, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə, Azərbaycan Rəspublikasının Birinci Vitse-Prezidentinə, Müdafiə Nazirliyinə və bir sıra digər dövlət orqanlarına yardım üçün yazılı müraciətləri olsa da xx.xx.2017-ci ildən bu günə qədər heç bir nəticə almadığından, artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir” ifadəsi də Müdafiə Nazirinin onun “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə 01 mart 2017-ci il tarixli, 0159 nömrəli əmrindən vaxtında məlumatlı olmasını təsdiq edir. İş materiallarından görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra (7 il 10 aydan artıq müddət) qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, işdən azad olunmağı barədə ardıcıl olaraq aidiyyəti qurumlara müraciətlər etdiklərini, sonda heç bir nəticə olmadığından, hazırda iddia tələbi ilə məhkəməyə müraciət etdiyini qeyd etsə də, məhkəmə iddia tərəfinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, İnzibati-Prosessual Məcəllədə iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar konkret olaraq göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Göründüyü kimi, mövcud qanunvericilikdə iddiaçının irəli sürdüyü dəlillər iddia müddətlərinin axımının dayandırılmasına əsas kimi göstərilməmişdir. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Göründüyü kimi, iddiaçı bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №e-2-1(120)-2955/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-2955/2025
02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver