Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-321/2022 02.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı X2, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2021-ci il tarixli 05 nömrəli qərarı pay torpaq sahəsinə görə 219 AZN, həyətyanı torpaq sahəsi və əmlak vergisinə görə 83.40 AZN istisna olmaqla qalan hissədə ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı X6 Cavabdehnə qarşı 3.902,40 manat vergi borcunun tutulması barədə Cavabdeh xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı icra sənədinin məcburi icraya yönəldilməsi barədə qərarının “İnzibati icraat haqqında” Qanunun tələblərini pozduğu üçün ləğv edilməsi və həmin icra sənədinə əsasən ondan tutulmuş 281,35 manatın geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(120)-321/2022 nömrəli qərardadı ilə iddia tələbinə “Cavabdeh xx.xx.2021-ci il tarixli 05 nömrəli qərarı pay torpaq sahəsinə görə 219 AZN, həyətyanı torpaq sahəsi və əmlak vergisinə görə 83.40 AZN istisna olmaqla qalan hissədə ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı X2 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Neftçala rayonu, X7nin xx.xx.2021-ci il tarixli 05(4)-2021 saylı icra sənədlərinin məcburi icraya yönəldilməsi barədə qərarına əsasən müəyyən etmişdir ki, X6 2000-2021-ci illər üzrə mülkiyyətində olan özünə və ailə üzvlərinə məxsus pay torpaq sahəsinə görə 219.0 AZN, 2000-2021-ci illər üzrə istifadə həyətyanı torpaq sahəsinə və əmlakına görə 83.40 AZN, 2003-2021-ci illər üzrə istifadə etdiyi bələdiyyə mülkiyyətinə məxsus 12.0 ha torpaq sahəsinə görə 3600.0 AZN ümumilikdə 3902.40 AZN vergi borcu tutulmalıdır. Müvafiq qərar məktubla poçt vasitəsilə vergi ödəyicisi X4 göndərilərək 10 gün müddətinə bələdiyyənin bank hesabına ödənilməsi təklif olunmuşdur. xx.xx.2020-ci il 25 nömrəli, xx.xx.2020-ci il tarixli 52 nömrəli məktublarla Azəri Poçt vasitəsilə çatdırılsada Z.Bəndəliyev tələbin icrasını təmin etməmişdir. Həmin qərar Neftçala rayon İcra və probasiya şöbəsinə göndərilmiş və iş üzrə mənim maaşımdan hazırda 281.35 manat tutulmuşdur ki həmin qərar əsassız olduğu üçün ləğv edilməlidir. Həmin qərarın ləğvi ilə əlaqədar Neftçala rayonu, X7nə və Şirvan Regional Ədliyyə İdarəsinə müraciət edilmiş və hər iki müraciətə əsasən tələbin icrasından imtina edilmişdir. Hətta Neftçala rayonu, X7 cavab məktubunda aidiyyatı olmayan məsələni gündəmə gətirmiş və həmin sənədləri cavab məktubuna əlavə etmişdir. İş üzrə qərarın əsaslılığını təsdiq edən heç bir əsaslandırma cavab məktubunda göstərilməmişdir. Şirvan Regional Ədliyyə İdarəsi isə məhkəməyə müraciət edilməli olduğunu bildirmişdir. Bu barədə tələb etməsinə baxmayaraq bələdiyyə qanunsuz olaraq bu qərarı qəbul etmişdir. Bələdiyyə 2000-2021-ci illər üzrə vergi borcu hesablamışdır ki bu da tamamilə əsasızdır. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında izahatında iddiaçı X6 iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında iddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın əsaslılığı : İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərar xx.xx.2021-ci il tarixdə tarixdə qəbul olunmuşdur. İddiaçı 02 noyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2021ci il tarixli, 05(4)-2021 saylı qərarı rəsmi olaraq ona heç vaxt göndərilməmişdir və cavabdeh də buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. xx.xx.2021-ci il tarixdə əmək haqqından tutulma olduğu vaxt araşdırma apardıqdan sonra həmin qərardan məlumatı olmuş və dərhal Şirvan İnzibati Məhkəməsində hazırki iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (“İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (sərəncamını) xx.xx.2021-ci il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut (poçt qəbzi və s.) təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (“İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsi-maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür). Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Məhkəmənin qənaətinə görə mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 05(4)-2021 saylı qərar qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ona aid olan hissədə ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 7 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2003-cü il tarixli, 7 nömrəli sərəncamı ilə 12 hektar torpaq sahəsi 10 il müddətinə X5 icarəyə verilmişdir. İş materiallarında olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 52 nömrəli məktubunda qeyd edilmişdir ki, 2015-2020-ci illər ərzində 9.17 ha özünüzə və ailə üzvlərinizə məxsus pay torpağına görə 110.0 AZN, həyətyanı torpağına görə 15.0 AZN, əmlaka görə 68,40 AZN vergi borcunuz yaranmışdır. Hal-hazırda əkdiyiniz 12 ha torpaq sahəsi üçün, son hərracın qiymətinə əsasən 1 hektara icarə haqqı 30 manat olmaqla, 7 il müddətinə 2520 manat icarə haqqı borcunuz yaranmışdır. Ümumilikdə vergi borcunuz 2014-2020-ci illər ərzində 2713 manat 40 qəpik hesablanmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli, 05(4)-2021 nömrəli qərarından görünür ki, vergi ödəyicisi X1 ümumilikdə 3902.40 AZN vergi borcunun tutulması barədə X7nin xx.xx.2021-ci il tarixli, 05 saylı qərarı məcburi icraya yönəldilmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 7 nömrəli məktubunda qeyd edilmişdir ki, Neftçala rayonu Xol Təzəkənd kənd sakini X3 2003-cü ildən X7nin mülkiyyətinə məxsus icarəsində 12.0 ha torpaq sahəsi olub. Həmin torpaq sahəsinə görə bələdiyyə ilə 11 oktyabr 2003-cü ildən 10 il müddətinə 7 saylı icarə müqaviləsi bağlanmışdır. Lakin nə icarə müqaviləsi müddətində nə də ki, icarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq həmin torpaq sahəsini istifadə etməsinə görə bələdiyyə büdcəsinə heç bir ödəniş etməmişdir. Dəfələrlə vergi borcunu ödməyi barədə bələdiyyə tərəfindən rəsmi qaydada Azəri Poçt vasitəsi ilə məktub göndərilsə də Zabil Bəndalıyev heç birinə əməl etməyib. Zabil Bəndalıyev bələdiyyəyyə şifahi olaraq icarə müddətində vergi borcunun olmadığını bildirsə də lakin vergi ödənişi barədə heç bir qəbzi bələdiyyəyə təqdim edə bilmir. Üstəlik həmin torpaq sahəsi qanunsuz olaraq ötən 7 ildə də istifadə edib. X6 ictimai tikili altında olan torpaqlarına məxsus 12.0 ha torpaq sahəsindən 2014-cu ildən bu günki günə qədər, icarə haqqı ödəmədən torpaq sahəsini əhatəyə alaraq, torpaq sahəsi üzərində tikili tikərək, darvaza qoyaraq şəxsi mülkünə çevirib və 7 il idi ki, qanunsuz istifadə edərək heç bir hüquqi sənədi olmadan zəbt etmişdir. Bu barədə bələdiyyə tərəfindən vətəndaşa rəsmi məlumat verilib. Dəfələrlə ünvanına bələdiyyə tərəfindən rəsmi qaydada bildiriş göndərilsədə heç bir nəticə olmamışdır. X7nin 10 fevral 2021-ci il tarixli, 05 nömrəli iclas protokolunun qərarına əsasən X2 2000-2021-ci illər üzrə mülkiyyətində olan özünə və ailə üzvlərinə məxsus pay torpaq sahəsinə görə 219.0 AZN, 2000-2021-ci illər üzrə həyətyanı torpaq sahəsinə və əmlakına görə 83.40 AZN, 2003-2021-ci illər üzrə istifadə etdiyi bələdiyyə ehtiyyat fondunun torpaqlarına məxsus 12.0 ha torpaq sahəsinə görə 3600.0 AZN vergi borcu yaranmışdır. Göstərilənlərə əsasən, «İnzibati İcrat haqqında» Azərbaycan Respublikasının Qanunun 82-ci və «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddələrini rəhbər tutaraq Neftçala rayon X7 vergi ödəyicisi X1 pay torpaq vergisi, əmlak vergisi və icarə haqqına görə ümumilikdə 3902.40 AZN vergi borcunun tutulması barədə X7 tərəfindən icra sənədi icra olunması üçün Neftçala rayon İcra və Propasiya bölməsinə yönləndirilib. X7 məlumat üçün bildirir ki, 27 avqust 2021-ci il tarixdə Zabil Bəndəliyev tərəfindən məcburi vergi tutulma ilə bələdiyyə büdcəsinə 281.35 AZN torpaq vergisi mədaxil olunub. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 7 nömrəli torpaq icarəsi müqaviləsi əsasında 12 hektar torpaq sahəsi 10 il müddətinə X5 icarəyə verilmişdir. Cavabdeh icarə müqaviləsi müddətində və müqavilənin qüvvədə olma müddəti başa çatmasından sonra torpaq sahəsindən istifadə etməsinə baxmayaraq icarə haqlarını ödəməməsini əsas gətirərək xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarı ilə iddiaçıdan icarə haqlarını tələb etmişdir. Hazırda iddiaçı icarə haqlarının ondan tələb etməsi ilə bağlı Cavabdeh xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi cavabdeh inzibati orqan icarə müqaviləsi üzrə və icarə müqaviləsinin qüvvədə olma müddəti başa çatmasından sonra faktiki isifadə etməsinə görə yaranmış icarə haqları borcunun ödəməməsi səbəbindən X1 xx.xx.2021-ci il tarixli, 05 nömrəli qərarı ilə icarə haqqı tələb etmişdir. Başqa sözlə iş materiallarından olan sənədlərdən müəyyən olunur ki, mübahisələndirlən qərarın qəbul edilməsinə səbəb iddiaçının icarə müqaviləsinin qüvvədə olduğu müddətdə və ondan sonra onun şərtlərinə əməl etməməsi olmuşdur. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəssinin 4-cü bəndinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 07 nömrəli icarə müqaviləsinin 2.14-cü bəndinə görə tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf “...müvafiq orqanlar və ya məhkəmə qaydasında iddia qaldırır”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 6.1-ci, 6.1.1-ci və 6.1.5-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi və müqavilələr azadlığı Mülki qanunvericiliyin prinsiplərinə daxildir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 710.2-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin Məcəllənin 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Həmin Məcəllənin 722.4-cü maddəsinə əsasən əgər müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə pretenziyalar verilməsi istisna edilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 nömrəli Qərarında 5.2-ci bəndin qeyd olunur ki, Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmənin qənaətinə görə iddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edib-etməsi (icarə haqlarının ödəyib-ödəməməsi), o cümlədən icarə müqaviləsinin qüvvədə olma müddəti başa çatmasından sonra həmin torpaq sahəsindən faktiki istifadəyə görə icarə haqqının (kompensasiyanın) tələb etməsi (MM-nin 722.4-cü maddəsi) ayrıca məhkəmə mübahisəsinin (mülki məhkəmə icraatı qaydasında baxılmalı olan) predmeti olduğundan cavabdehin mübahisələndirilən inzibati aktla iddiaçıdan icarə haqlarını tələb etmək hüququ (səlahiyyəti) olmamışdır. Beləliklə, sadalanan normalara əsasən, cavabdeh mübahisələndirilən inzibati aktda göstərilən əsaslar üzrə iddiaçıdan icarə haqlarının tələb edilməsi üçün işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmadan (hüquqi nəticə əldə edilmədən) səlahiyyətlə bağlı qanunvericiliyin təsbit etdiyi qaydaları pozmuş və məhkəmə araşdırmasi zamanı bunun əksini sübut edə bilməmişdir. Belə olan halda isə mübahisələndirilən inzibati akt müvafiq səlahiyyətə malik olmayan inzibati orqan tərəfindən qəbul edilmiş sayılır ki, bu hal da özü-özülüyündə həmin inzibati aktın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir. Digər tərəfdən, qeyd olunmalıdır ki, mübahisələndirilən qərar cavabdeh tərəfindən əsaslandırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasında inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləlilkə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 05 nömrəli qərarı pay torpaq sahəsinə görə 219 AZN, həyətyanı torpaq sahəsi və əmlak vergisinə görə 83.40 AZN istisna olmaqla qalan hissədə ləğv edilməlidir. İş üzrə prosessual xərc yoxdur. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 05 nömrəli qərarı pay torpaq sahəsinə görə 219 AZN, həyətyanı torpaq sahəsi və əmlak vergisinə görə 83.40 AZN istisna olmaqla qalan hissədə ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(120)-321/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-321/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver