Məhkəmə qərarları › İş №e-2-1(120)-3304/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-3304/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-3304/2025 30.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1980-ci il tarixdə Bakı Dəmiryol Nəqliyyatı Texnikumuna qəbul olmuş, xx.xx.1981-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.1983-cü il tarixdə hərbi xidmətdən qayıdaraq təhsilini davam etdirmişdir. 1985-ci il tarixdə həmin texnikumun “tikinti və dəmiryol nəqliyyatı yol təsərrüfatının istismarı” ixtisası üzrə əyani şöbəsini bitirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci tərəfindən verilmiş №1003 saylı, 14 iyul 2022-ci il tarixli Arayış bu faktı təsdiq edir. O, xx.xx.1985-ci il il tarixindən xx.xx.1988-ci il tarixinədək Azərbaycan Dövlət Dəmir Yolunun Ağstafa yol distansiyasının Barxudarlı stansiyasında yol montyoru, xx.xx.1988-ci il tarixindən xx.xx.1990-ci il tarixinədək Kirovabad bölməsinin Ağstafa yol distansiyasının Barxudarlı stansiyasında stansiya növbətçisi, xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Naxçıvan hissəsinin Astara stansiyasında stansiya növbətçisi, xx.xx.2004-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək X3 X2 Astara stansiyasında stansiya növbətçisi, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Cənub istiqamətinin Astara stansiyasında stansiya növbətçisi vəzifəsində çalışmışdır. xx.xx.2021ci il tarixdən Yük daşımaları departamentinin Stansiyaların idarə edilməsi xidmətinin Cənub sahəsinin İİİ sinif Astara stansiyasında stansiya növbətçisi vəzifəsində çalışır. Bu faktı iddiaçının əmək kitabçasındaki qeydlər və "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022ci il tarixli Arayış təsdiq edir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ ilə bağlı müraciət etmişdir. Cavabdeh orqan №3-17-1/2-B-**********3 nömrəli, 25 avqust 2023-cü il tarixli məktubu ilə güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. Halbuki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 21.4-cü bəndində bu hal qeyd edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayış təsdiq edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən halhazırki vaxtadək Yük daşımaları departamentinin Stansiyaların idarə edilməsi xidmətinin Cənub sahəsinin İ sinif Astara stansiyasında işləyir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılmış və əlavə olunmuş sənədlərə əsasən güzəştli iş stajına malik olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi asağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı islər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan islər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı islərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsində magistral dəmiryollarının əlaqə şəbəkəsinin yol montyorları, hərəkətin xüsusilə intensiv olduğu dəmiryollarının magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli və dərəcədənkənar stansiyalar üzrə növbətçilər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş "xxxx" QSC-nin 8 sentyabr 2022-ci il tarixli 222647 nömrəli arayışında xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində Ağstafa yol distansiyasının Barxudarlı stansiyasında yol montyoru, xx.xx.1988-xx.xx.1990-cı il və xx.xx.1997-ci il tarixindən hazıradək stansiya növbətçisi vəzifələrində işlədiyi qeyd edilmişdir. Mərkəzi Filial tərəfindən iddiaçının sənədlərində qeyd olunan məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Sorğuya daxil olmuş müvafiq cavabda iddiaçının işlədiyi stansiyaların yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan birinci dərəcəli və dərəcədənkənar stansiyalara aid olmadığı qeyd olunmuşdur. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilən arayışda işlədiyi yol montyoru vəzifəsinin magistral dəmiryollarının əlaqə şəbəkəsinin yol montyorları vəzifəsinə aid olub-olmaması haqqında hər hansı məlumat qeyd olunmamışdır. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı mövcud olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1963-cü il tarixdə anadan olmuş, Astara rayonunda qeydiyyatdadır. ИТ-İ № ******* nömrəli, xx.xx.1985-ci il tarixli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı; xx.xx.1985-ci il il tarixindən xx.xx.1988-ci il tarixinədək Azərbaycan Dövlət Dəmir Yolunun Ağstafa yol distansiyasının Barxudarlı stansiyasında yol montyoru, xx.xx.1988-ci il tarixindən xx.xx.1990-ci il tarixinədək Kirovabad bölməsinin Ağstafa yol distansiyasının Barxudarlı stansiyasında stansiya növbətçisi, xx.xx.1994-cü il tarixdə köçürmə yolu ilə yük qəbul edicisi və vericisi qəbul edilmiş, xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Astara stansiyasında stansiya növbətçisi, xx.xx.2004-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək X3 X2 Astara stansiyasında stansiya növbətçisi, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Cənub istiqamətinin Astara stansiyasında stansiya növbətçisi vəzifəsində, xx.xx.2021-ci il tarixdən hal-hazıradək Yük daşımaları Departamentinin Stansiyaların idarə edilməsi xidmətinin Cənub sahəsinin İİİ sinif Astara stansiyasında stansiya növbətçisi vəzifəsində çalışır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin sizə dair 8 sentyabr 2022-ci il tarixli 222647 nömrəli arayışında xx.xx.1985xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində Ağstafa yol distansiyasının Barxudarlı stansiyasında yol montyoru, xx.xx.1988-xx.xx.1990-cı il və xx.xx.1997-ci il tarixindən hazıradək stansiya növbətçisi vəzifələrində işlədiyiniz qeyd edilmişdir. Mərkəzi Filial tərəfindən sənədlərinizdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Sorğumuza daxil olmuş müvafiq cavabda işlədiyiniz stansiyaların yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan birinci dərəcəli və dərəcədənkənar stansiyalara aid olmadığı qeyd olunmuşdur. Eyni zamanda, təqdim etdiyiniz arayışda işlədiyiniz yol montyoru vəzifəsinin magistral dəmiryollarının əlaqə şəbəkəsinin yol montyorları vəzifəsinə aid olub-olmaması haqqında hər hansı məlumat qeyd olunmayıb. Bu səbəblərdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya məxsus xx.xx.1984-cü il tarixli, H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü tarixədək Sovet ordusunda xidmət etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 222647 nömrəli, xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1985-ci il il tarixindən xx.xx.1988-ci il tarixinədək Azərbaycan Dövlət Dəmir Yolunun Ağstafa yol distansiyasının Barxudarlı stansiyasında yol montyoru, xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək Kirovabad bölməsinin Ağstafa yol distansiyasının Barxudarlı stansiyasında stansiya növbətçisi, xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Naxçıvan hissəsinin Astara stansiyasında stansiya növbətçisi, xx.xx.2004-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək X3 X2 Astara stansiyasında stansiya növbətçisi, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" QSC-nin infrastruktur departamentinin Cənub istiqamətinin Astara stansiyasında stansiya növbətçisi vəzifələrində çalışmışdır. xx.xx.2021-ci il tarixindən hal-hazıradək Yük daşımaları departamentinin Stansiyaların idarə edilməsi xidmətinin Cənub sahəsinin İİİ sinif Astara stansiyasında stansiya növbətçisi vəzifəsində çalışır. Bu vəzifələr üzrə İddiaçı ümumi iş stajı 29 il 11 ay 5 gün təşkil edir. Qeyd olunan vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur (21.4-cü bənd). Arayış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim etmək üçün verilir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı ondan ötrü ki, o, “Əmək pertsıyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa gorə əmək pensiyası hüququ verən aşağıdakı peşələrdə (vəzifələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Vəzifəyə təyin Vəzifədən İşdən azad edilmə (başqa azad Vəzifə işə olunduğu Çalışdığı işə keçirilmə) edilməyə dair sıra №-si (peşənin) başladığı (başqa işə struktur vahidi barədə əmrin , əmrin adı tarix keçirildiyi) tarixi və tarixi və tarix nömrəsi nömrəsi Yük daşımaları departamentinin Stansiyaların idarə xx.xx.2023 Stansiya hal-hazırda edilməsi xidmətinin 13-1/3-5- - 01. 08.2023 növbətçisi işləyir Cənub sahəsinin İ 22011/2023

1. sinif Astara stansiyası

İşlədiyi müvafiq vəzifə üzrə sosial sığorta (əmək) stajı 3 ay 3 gün təşkil edir. İşlədiyi stansiya növbətçisi vəzifəsinin əsas xüsusiyyətləri qatarların qəbulu, göndərilməsi, çeşidlənməsi, vaqonların yükləmə-hoşaltma altına və təmir yoluna verilməsi, həmçinin yükləmə-boşaltma altından götürülməsi zamanı verilmiş əmr və göstərişlərin yerinə yetirilməsinin təmin edilməsindən və yollarda olan hərəkət heyətinin miqdarının, hüdud sütuncuğundan kənara çıxmamasının və tormoz başmaqları ilə etibarlı bərkidilməsinin yoxlanılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 23-cü abzasına uyğundur. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin xx.xx.2022-ci il tarixli 1003 nömrəli arayışında qeyd edilmişdir ki, X1 1980-ci ildə Bakı Dəmiryol Nəqliyyatı Texnikumuna qəbul olmuş, xx.xx.1981-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1983-ci ildə hərbi xidmətdən qayıdıb təhsilini davam etdirmişdir. 1985-ci ildə həmin texnikumun “tikinti və dəmiryol nəqliyyatı yol təsərrüfatının istismarı” ixtisası üzrə əyani şöbəsini bitirmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ümumi iş stajı 44 il 19 gün (xx.xx.2006-cı il tarixinədək 25 il 2 ay 19 gün (xx.xx.1980-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 10 ay) təşkil edir. Bundan başqa, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 14 may 2025-ci il tarixinə ona münasibətdə 46080,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 57428,27 manat təşkil edirdi. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, İddiaçı ADY-nin magistral dəmir yolları üzrə xidmət göstərmiş Ağstafa yol distansiyasında xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək yol montyoru, İV sinif Bərxudarlı stansiyasında xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək stansiya növbətçisi, İİİ sinif Astara stansiyasında xx.xx.1990-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək yük və baqaj qəbul-təhvilçisi, İİİ sinif Astara stansiyasında xx.xx.1997-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək stansiya növbətçisi, Yük daşımaları departamentinin Cənub sahəsinin İ sinif Astara stansiyasında xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək stansiya növbətçisi vəzifə və peşələrində işləmişdir. xx.xx.2025-ci il tarixindən hal-hazıradək ADY-nin Yük daşımaları departamentinin Hərəkətin idarə edilməsi xidmətinin Cənub sahəsinin İ sinif Astara stansiyasında stansiya növbətçisi vəzifəsində çalışır. Qeyd edir ki, Q.H. Bağırovun işlədiyi yol montyoru və İ sinif Astara stansiyasında stansiya növbətçisi vəzifə və peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin müvafiq olaraq 22 və 23-cü abzaslarında nəzərdə tutulmuş “magistral dəmiryollarının yol montyorları” və “hərəkətin xüsusilə intensiv olduğu dəmiryollarının magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli stansiyalar üzrə növbətçilər” vəzifə və peşələrinə uyğundur. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifə və peşələr üzrə güzəştli iş stajı 5 il 24 gün təşkil edir. Bununla yanaşı, İddiaçı ADY-də çalışdığı digər peşələr adıçəkilən normativ aktda təsbit olunmamışdır. Məlumat üçün bildirir ki, Bərxudarlı stansiyasının 4-cü və xx.xx.1997-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Astara stansiyasının 3-cü dərəcəli stansiyalar olması səbəbindən İddiaçı həmin strukturlarda qeyd edilmiş dövr ərzində çalışmış olduğu stansiya növbətçisi vəzifəsi adıçəkilən normativ aktda təsbit olunmuş “hərəkətin xüsusilə intensiv olduğu dəmir yollarının magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli və dərəcədənkənar stansiyalar üzrə növbətçilər” vəzifəsi ilə eynilik təşkil etmir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, İddiaçı ADY tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 222647 nömrəli arayışda onun ADY-də stansiya növbətçisi vəzifəsində işlədiyi dövr ərzində xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək Bərxudarlı stansiyasının 4-cü və xx.xx.1997-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Astara stansiyasının 3-cü dərəcəli stansiyalar olması nəzərə alınmamışdır. Həmçinin arayışda qeyd edilmiş vəzifə və peşələr üzrə İddiaçı ümumi iş stajının 29 il 11 ay 5 gün olduğu göstərilmişdir. Bununla yanaşı, ADY tərəfindən Şirvan İnzibati Məhkəməsinə göndərilmiş xx.xx.2025-ci il tarixli 13-1/2-5274/2025 nömrəli məktubda isə sözügedən amillər nəzərə alınmış və İddiaçı ADY-də çalışdığı müvafiq vəzifə və peşələr üzrə güzəştli iş stajının 5 il 24 gün təşkil etdiyi müəyyən edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, qeyd edilən İddiaçı ADY-nin magistral dəmir yolları üzrə xidmət göstərmiş Ağstafa yol distansiyasında xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək işlədiyi yol montyoru və Yük daşımaları departamentinin İ sinif Astara stansiyasında xx.xx.2023cü il tarixindən hal-hazıradək çalışdığı stansiya növbətçisi vəzifə və peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin müvafiq olaraq 22 və 23-cü abzaslarında nəzərdə tutulmuş "magistral dəmiryollarının yol montyorları” və “hərəkətin xüsusilə intensiv olduğu dəmiryollarının magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli stansiyalar üzrə növbətçilər” vəzifə və peşələrinə uyğundur. Həmçinin Q.H. Bağırovun yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifə və peşələr üzrə güzəştli iş stajı 5 il 5 ay 29 gün təşkil edir. Bununla yanaşı, İddiaçı ADY-də çalışdığı digər vəzifə və peşələr adıçəkilən normativ aktda təsbit olunmamışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: ... 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəfləri dinləyərək, iddia, etiraz ərizəsini, iş materiallarını obyektiv və qərəzsiz şəkildə araşdıraraq, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Yuxarıda şərh olunan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1) İddiaçının 60 yaşının tamam olması, 2) 60 yaşı tamam olanadək, yəni xx.xx.2023-cü il tarixədək 25 il ümumi iş stajının mövcud olması; 3) həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması. Məhkəmə iş materiallarından müəyyən edir ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş və xx.xx.2023-cü il tarixdə onun 60 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya münasibətdə yaş şərti ödənilmişdir. Cavabdeh tərəfindən də iddiaçının tələb olunan yaş həddinə, yəni 60 yaşına çatması və həmin vaxt azı 25 il ümumi sığorta stajına malik olması mübahisələndirmir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərə əsasən də sübuta yetirilir və işin mübahisə edilməyən hallarına aiddir. Belə ki, cavabdeh tərəfindən iddiaçya münasibətdə ümumi iş stajı 44 il 19 gün kimi qəbul edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal İddiaçı güzəştli iş stajının yeterli olmaması səbəbindən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilməməsi ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az kimi qəbul edilmişdir. İşin müəyyən edilən hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan qanunvericiliyin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcud deyildir. Belə ki, ilkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı islərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin mövcudluğu ilə bağlı məhkəmə kifayət qədər geniş həcmdə araşdırma apararaq müəyyən edir ki, iddiaçının çalışdığı müəssisənin ilkin arayışında iddiaçının güzəştli iş stajının 29 il 11 ay 5 gün təşkil etdiyi və həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulduğu qeyd edilsə də, sonradan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı məktublarında qeyd edilmişdir ki, İddiaçı ADY tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 222647 nömrəli arayışda onun ADY-də stansiya növbətçisi vəzifəsində işlədiyi dövr ərzində xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək Bərxudarlı stansiyasının 4-cü və xx.xx.1997-ci il tarixindən xx.xx.2023cü il tarixinədək Astara stansiyasının 3-cü dərəcəli stansiyalar olması nəzərə alınmamışdır. Həmçinin arayışda qeyd edilmiş vəzifə və peşələr üzrə İddiaçı ümumi iş stajının 29 il 11 ay 5 gün olduğu göstərilmişdir. Bununla yanaşı, ADY tərəfindən Şirvan İnzibati Məhkəməsinə göndərilmiş xx.xx.2025-ci il tarixli 13-1/2-5274/2025 nömrəli məktubda isə sözügedən amillər nəzərə alınmış və İddiaçı ADY-də çalışdığı müvafiq vəzifə və peşələr üzrə güzəştli iş stajının 5 il 24 gün təşkil etdiyi müəyyən edilmiş və İddiaçı ADY-də çalışdığı digər peşələr adıçəkilən normativ aktda təsbit olunmamışdır. Həmçinin Bərxudarlı stansiyasının 4-cü və xx.xx.1997-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Astara stansiyasının 3-cü dərəcəli stansiyalar olması səbəbindən İddiaçı həmin strukturlarda qeyd edilmiş dövr ərzində çalışmış olduğu stansiya növbətçisi vəzifəsi adıçəkilən normativ aktda təsbit olunmuş “hərəkətin xüsusilə intensiv olduğu dəmir yollarının magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli və dərəcədənkənar stansiyalar üzrə növbətçilər” vəzifəsi ilə eynilik təşkil etmir. Qeyd olunaları nəzərə alaraq məhkəmə diqqətə çatdırır ki, iddiaçı ona güzəştli şərtlərə əmk pensiyası təyin edilməsi üçün 3-cü şərti, yəni ümumi stajın 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması şərtini ödəməmişdir. Belə olan halda məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68, 69, 75, 81, 85 və 69-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar