Məhkəmə qərarları › İş №e-2-1(120)-3401/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-3401/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-3401/2025 12.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı adın və soyadın dəyişdirilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı adın və soyadın dəyişdirilməsi tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş adın və soyadın dəyişdirilməsi barədə şəhadətnamənin ləğv edilməsi və ad soyadın əvvəlki yəni “Mirzəyev Xəyyam”a dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1986-cı ildə Ağcabədi rayon Qiyamadınlı kəndində doğulmuşdur.Ona verilmiş doğum haqqında şəhadətnamədə adı Xəyyam soyadı Mirzəyev yazılmışdır. X1, anası isə X7r. xx.xx.2017-ci ildə Cavabdeh tərəfindən, onun müraciətinə əsasən ad və soyadı Mirzəyev Xəyyamdan,İddiaçı dəyişdirilmişdir və Ağcabədi rayon polis şöbəsi tərəfindən AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmiş, sonradan həmin şəxsiyyət vəsiqəsi xx.xx.2017-ci il tarixdə Ağcabədi rayon polis şöbəsi tərəfindən dəyişdirilmişdir.O, yeni ad və soyadına öyrəşə bilmir və istifadə etməkdə çətinlik çəkir.Tez-tez idarə və təşkilatlarda yanlışlıqlara səbəb olur. Ona görə də əvvəlki ad və soyadına qayıtmaq üçün xx.xx.2025-ci il tarixdə Cavabdehnə müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırk; məhkəmə mübahisəsi yaranmışdır. İşin halları. İş materiallarında olan; iddiaçıya məxsus AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1986-cı ildə doğulmuşdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli “Adın, Ata adının və soyadın dəyişdirilməsi haqqında” AZ-İ seriyalı, 018560 №-li şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1986-cı ildə Ağcabədi rayonu Qiyamadınlı kəndində doğulmuş X19 adını İddiaçı dəyişdirmişdir. Bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin 03 ayının 01 günündə 19 № ilə qeyd edilmişdir. Ağcabədi rayon Arasbar kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİ 906964 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı yeni doğum haqqında şəhadətnamə verilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1986-cı ilin 11-ci ayının 06 günündə 94 № ilə qeyd edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Qiyaməddinli kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 12 №-li, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndində qeydiyyatda olan İddiaçı ailə tərkibi- arvadı 1996-cı il təvəllüdlü X4, oğlu 2017-ci il təvəllüdlü X20, qızı 2020ci il təvəllüdlü X15r. İddiaçı ailə üzvləri ilə birlikdə hal-hazırda Abşeron rayonu Xırdalan qəsəbəsində yaşayır. Ədliyyə Nazirliyi Vətəndaşlıq X3 3-16-5/2-37231/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideyinləri 1946-cı il təvəllüdlü X8 ilə X16 olan xx.xx.1986-cı il təvəllüdlü X9 (xx.xx.2017-ci ildə soyadı və adı Cavabdeh tərəfindən “İddiaçı” oğluna dəyişdirilmişdir), xx.xx.1988-ci il təvəllüdlü X17 doğumu haqqında məlumat aşkar edilmişdir. Həmçinin informasiya sistemində valideyinləri X10 ilə 1950-ci il təvəllüdlü X18 olan xx.xx.1974-cü il təvəllüdlü X11, xx.xx.1976-cı il təvəllüdlü X12, xx.xx.1978-ci il təvəllüdlü X13, xx.xx.1980-ci il təvəllüdlü X14 və xx.xx.1982-ci il təvəllüdlü X5 doğumu haqqında məlumat müəyyən edilmişdir. İddiaçı ilə xx.xx.1996-cı il təvəllüdlü X2 nikahı xx.xx.2015-ci ildə Cavabdehndə qeydə alınmışdır və bu nikahdan onların xx.xx.2017-ci il təvəllüdlü X22 və xx.xx.2020-ci il təvəllüdlü X23 adlı övladları doğulmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın 3-16- 5/8-15/V-421/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, soyadının və adının xx.xx.2017-ci il tarixdə “Mirzəyev Xəyyam”dan “İddiaçı”ə dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 №-li xx.xx.2011-ci il tarixli qərarına əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsi nəzərdə tutulmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 26. Ad hüququ 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” Bənd 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Bənd 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı əyişdirilir. Bənd 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İPM İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi Mülki Məcəllə ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçiriləcəyi müəyyən edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarını nəzərdə tutur. Sözügedən Qaydalar isə ad və soyadın birinci dəfə dəyişdirilməsi ilə növbəti (ikinci, üçüncü və s.) dəfə dəyişdirilməsinə münasibətdə müxtəlif tələblər nəzərdə tutur. Başqa sözlə, ad və soyadın növbəti dəfə dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallarda mümkündür. Cavabdeh də hazırkı işdə məhz sözügedən Qaydaların 6.24-6.28-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı birinin müəyyən edilmədiyinə istinadla iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Beləliklə, iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən imtina qanundan irəli gəlmiş, başqa sözlə, müdaxilə “qanunla nəzərdə tutulmuşdur”. Hazırkı işin halları baxımından qiymətləndirilməli olan növbəti məsələlər müdaxilənin “legitim məqsədə” yönəlib-yönəlmədiyinin, eləcə də onun “demokratik cəmiyyətdə zəruri” olubolmadığının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarında adın və soyadın ikinci dəfə dəyişdirilməsinə gətirilən məhdudiyyət milli təhlükəsizliyi təmin etmək, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədləri naminə dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təşkil etməyə yönəlmiş legitim marağını təmin etməyə xidmət edir. Məhkəmə hesab edir ki, sözügedən məhdudiyyət həmçinin “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından da yolveriləndir. Bu zaman şəxsin əsas hüquqları ilə ictimai maraqlar arasında ədalətli balans təmin olunur. Çünki şəxs birinci dəfə müəyyən tələblərin ödənilməsi halında ad və soyadını rahatlıqla dəyişmək imkanına malikdir. İddiaçı da özününün bu hüququnu manesiz reallaşdırmışdır. Lakin nəzərə almaq lazımdır ki, istədiyi ad və soyad daşımaqla bağlı məsələ şəxsi hüquq olmaqla yanaşı, həm də dövlətin təşkilati sisteminin normal və düzgün işləməsi baxımından da əhəmiyyət kəsb edir. Odur ki, ad və soyadın dəfələrlə dəyişdirilməsi sözügedən təşkilati sistemin düzgün qurulması və işləməsi baxımından real problemlər yarada bilər. Məhz bu legitim məqsədlər nəzərə alındığında Qaydalarda ad və soyadın ikinci dəfə dəyişdirilməsinə qoyulan məhdudiyyət “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından yolveriləndir. Demokratik cəmiyyətdə zərurilik meyarı üzrə qiymətləndirilmə aparılan zaman iddiaçının ad və soyadını ikinci dəfə dəyişməyə sövq edən səbəblər də nəzərə alınmalıdır. İddiaçı isə bununla bağlı ağlabatan, tutarlı və inandırıcı səbəblər də göstərmir. O, sadəcə olaraq ad və soyadını dəyişməyinin səbəbi kimi valideyinlərinə hörmət əlamətini göstərir, hazırkı ad və soyadının onun üçün hansısa problem və ya məhdudiyytələr yaratdığını, hüquqlarını həyata keçirməyə maneə törətdiyini bildirmir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının bildirdikləri əsaslı səbəb kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçıya məxsus olan hansısa rəsmi sənədlərdə əvvəlki ad və soyadının göstərilməsi də onun üçün problemlər yarada bilməz. Çünki iddiaçı ad və soyadının dəyişdiyini təsdiq edən sənədi təqdim etməklə hüquq və vəzifələri ilə bağlı məsələləri asanlıqla həyata keçirə bilər. Bundan başqa, iddiaçı məhkəməyə bu qəbildən olan konkret hansı çətinliklərlə qarşılaşdığını, eləcə də onları dəf edə bilmədiyini təsdiq edən hər hansı sübutlar da təqdim etməmişdir. Ona görə də, iddiaçının real problemlərlə qarşılaşdığı qənaətinə gəlmək üçün də yetərli əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının ad və soyadının ikinci dəfə dəyişdirilməsindən imtina ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Sözügedən imtina həm qanunla nəzərdə tutulmuş, həm legitim məqsədə yönəlmiş və həm də demokratik cəmiyyətdə zəruri olmuşdur. Ona görə də iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı adın və soyadın dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar