Məhkəmə qərarları › İş №e-2-1(120)-3612/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-3612/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-3612/2025 09.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2003-cü il tarixdə vəfat etmiş X5 ölüm haqqında akt qeydində “Həlimə” adının “Xatın” adına düzəliş edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2003cü il tarixdə vəfat etmiş X5 ölüm haqqında şəhadətnaməsində adının “Həlimə” adına düzəliş edilərək “Xatın” kimi dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X8 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Ondan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınmalı olduğundan sənədləşmə işlərinə başlanılmışdır. Bu zaman ata anasının adında fərqli ad çxmışdır. Ölüm haqqında şəhadətnamədə ata X3 2008-ci ildə öldüyü təsdiq edilir. Cavabdeh tərəfindən verilən arayışda isə X4 anası X18 kimi qeyd olunsa da X5 2003-cü il tarixdə ölməsi barədə ölüm haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-187/2025 nömrəli arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"rın 9.8,-ci bəndinə əsasən Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Həmin Qaydanın 1.14.-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Beləliklə göründüyü kimi müvafiq sənədlərin verilməsi qaydasına dair qanunvericilikdə müəyyən edilmiş tələb, sənədlərin bilavasitə şəxsin özünə və ya təmsilçiyə təqdim etməni ehtiva etmişdir. Ona görə tələbinin müraciətdə göstərilən qaydada icrası yol verilməzdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Eləcə də “informasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun 38.3.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlardır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə, arayış və akt qeydlərinin surətini almaq səlahiyyətinə malik şəxslərə gəldikdə həmin subyektlərin əhatə dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 1.14, 9.7, 9.8, 9.15-ci bəndlərində göstərilmişdir. Həmin Qaydanın 9.16-cı bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərinin və ya onların surətlərinin vətəndaşlara və bu Qaydanın 9.15-ci bəndində göstərilən orqanlar istisna olmaqla, digər təşkilatlara verilməsi qadağandır. Qaydanın 9.14.-cü bəndinə görə vətəndaşlıq vəziyyəti akt qeydləri haqqında arayışların verilməsi təkrar şəhadətnamələrin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Arayışda göstərilən məlumatlar isə özlüyündə sizin əldə etmək,istədiyinjz bu kimi məlumatların məcmusudur. Müraciətinə baxılmasının nəticəsindən subordinasiya və məhkəmə qaydasında şikayət etmək hüququ vardır. İşdə olan xx.xx.2003-cü il tarixli AZ-İ№004690 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2003-cü ildə Neftçala rayonunda ölmüşdür. İşdə olan xx.xx.2003-cü il tarixli 02 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X10 xx.xx.2003-cü ildə Neftçala rayonunda ölmüşdür. İşdə olan Neftçala rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 313200/2-6715/2025 nömrəli məktubunda göstərilmişdir ki, X6 Neftçala rayon polis şöbəsinin QŞVQ-pu tərəfindən şəxsiyyət vəsiqəsi verilməmiş, heç bir təqsirləndirici material, sadələşdirlmiş icraat materialı, cinayət işi olmamışdır. İşdə olan Neftçala rayon Prokurorluğu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü X5 barəsində Neftçala rayon prokurorluğunda hər hansı bir material üzrə araşdırma aparılmamış, cinayət işi istintaq edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Neftçala rayon İcra Hakimiyyəti Başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-67-1/2- 59/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X1 rayonu Novo-Vasilyevka kəndi (hal-hazırda Neftçala rayonu Kürkənd kəndi) ərazisində doğulmuşdur. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, X5 ölüm və övladları barədə doğum haqqında akt qeydlərinin surətini göndərilmişdir. Təqdim doğum akt qeydlərindən görünür ki, uşaqların ana qrafasında “X11” göstərilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, X5 ölüm haqqında akt qeydində ad qrafasında «Xatın» əvəzinə “Həlimə” qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi ölüm haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, ölüm haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə ölüm haqqında akt qeydlərində düzəlişlərin edilməsi və yeni ölüm haqqında şəhadətnamə verilməsi barədə qadağanedici norma mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 8.14. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. 11.1. İcra hakimiyyətinin nümayəndəliyi hər ayın 2-dən gec olmayaraq hesabatla birlikdə doğum, nikah və ölüm haqında akt qeydlərinin birinci və ikinci nüsxələrini, tibb müəssisəsinin sənədini, həkim və feldşer arayışlarını əlavə etməklə, müvafiq rayonun Qeydiyyat şöbəsinə təqdim edir. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 195.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki şəxsin ölümü müvafiq olaraq qeydə alınır və ölüm haqqında akt qeydi ilə rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, əgər ölüm haqqında akt qeydində səhvə yol verilərsə bu səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Yuxarıda göstərilənləri hazırki iddiaya tətbiq etdikdə görünür ki, iddiaçının mərhum nənəsinin ölüm haqqında akt qeydində həqiqətən də səhvlərə yol verildiyi müəyyən olunur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının nənəsinin ölümü barədə tərtib olunmuş akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin akt qeydinin təhlili zamanı müəyyən olunmuşdur ki, iddiaçının mərhum nənəsinin ad qrafasında “Həlimə” kimi qeyd aparılmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mərhum nənəsinin ölüm haqqında akt qeydində iddiaçının mərhum nənəsinin adının səhv yazıldığı müəyyən olunduğundan və bu halı təsdiq edən kifayət qədər dəlillər olduğundan iddiaçının mərhum nənəsinin ölüm haqqında akt qeydində düzəlişlərin edilməsindən imtina edilməsi ilə bağlı cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2 barəsində xx.xx.2003-cü il tarixdə Cavabdehndə tərtib edilmiş 02 nömrəli ölüm haqqında akt qeydində düzəliş edilsin, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh üzərinə mərhumun ad qrafasında adı “Həlimə” kimi göstərilmiş X7 ad qrafasına düzəliş edilərək “Xatın” kimi qeyd edilməklə, yeni ölüm haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Amilya Hüseynova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar