Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-3632/2024 26.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “tələbin icraya yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “tələbin icraya yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, onun barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş Tələbin icraya yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli Qərara əsasən 154.741,62 əsas, 53.869,00 manat faiz, 240,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 208.850,62 manat vergi borcum müəyyən edilmiş və qərar Ədliyyə Nazirliyinin Sumqayıt şəhər icra şöbəsinə göndərilmişdir. Məcburi köçkündür və heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Onun adına VÖEN açılmışdır, lakin bundan heç bir məlumatım olmamışdır. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmiş və iş hazırda Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılır. Araşdırma zamanı müəyyən edilmişdir ki, hal-hazırda onun şəxsi hesab vərəqəsındə 12.139,97 manat vergi borcu var. Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərərindən təqdim edilmiş 12 mart 2024-cü il tarixli cavab məktubundan aydın olur ki, onun adına açılmış fiziki şəxs VÖEN hesabları üzrə onun tərəfindən heç bir əməliyyat həyata keçirilməmiş, yaranmış vergi borcu üzrə onun təqsiri müəyyən olunmamış, həmin fiziki şəxs VÖEN hesabları üzrə əməliyyatları həyata keçirmiş şəxslər tərəfindən vergi borcu tamamilə ödənilmişdir. Göründüyü kimi qalan borclar da silinmiş, qəbul edilən əvvəlki qərarlar ləğv edilmişdir. Qərarın qüvvədən düşdüyünü və tələbin icraya yönəldilməməsi barədə Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət etsə də, ona yanlız tələbi verən şəxs geri götürə biləcəyini bildirdilər. Lakin vergi orqanına müraciət etsə də, həmin tələb hələ də geri götürülməyib. Hətta cavabdeh 208.850,62 manat vergi borcumun olmadığını qəbul edir, lakin buna baxmayaraq icra sənədini geri götürmür. Eyni zamanda, həmin icra sənədinin icra edilməsi üçün onun pensiyasına tutulma yönəldilmişdir. Bu qərar əsassız olduğu üçün ləğv edilməlidir. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş Tələbin icraya yönəldilməsi haqqında xx.xx.2021ci il tarixli Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı ona edilən hüquqi yardıma əsasən qanunvericiliyin tələblərinin aydın olduğunu bildirərək icraatda olan işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Əvvəla qeyd olunmalıdır ki, mübahisənin təbiətinin düzgün müəyyənləşdirilməsi və aidiyyət, nəzarət meyarlarının dəqiqləşdirilməsi inzibati prosesin başlanması üçün həlledici məqam kimi çıxış edir. Nəzərə alınmalıdır ki, inzibati mübahisələrin məhkəmə aidiyyəti İPM-in 8-ci maddəsi ilə müəyyənləşdirilmişdir. Bu zaman aidiyyəti müəyyən etmək üçün iddianın növü əhəmiyyətli rol oynayır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə görə: 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-ci maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, qanunvericilik aidiyyətin müəyyən edilməsini müxtəlif əsaslar ilə fərqləndirmişdir ki, bunlardan biri də mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yer ilə bağlı olmuşdur. Yuxarıda göstərilənləri hazırki iddia tələbinə tətbiq etdikdə məlum olur ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirdiyi məsələ tələbin icraya yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı olmuşdur ki, bu zaman iddiaçi onun barəsində qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir. Nəzərə alınmalıdır ki, həmin tələb İPM-nin 2.2.1-cü maddəsinin əhatə dairəsinə düşməklə, mübahisələndirmə haqqında iddia hesab olunur. Məhkəmənin qənaətinə görə, tərəflər arasında yaranmış mübahisə İPM-in 8.1.2ci maddəsində göstərilən (inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yer üzrə) aidiyyətin təsir dairəsinə düşür. Məhkəmə tərəfindən “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi“ bazasına (www.e-taxes.az) əlavə olunmuş məlumatlardan müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsi orqanında vergi uçotunda durmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsi isə Sumqayıt İnzibati Məhkəməsinin dislokasiyasına aid olan ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanları nəzərə laraq və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şirvan İnzibati Məhkəməsinin icraatında olan hazırkı iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №e-2-1(120)-3632/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-3632/2024
26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver