Məhkəmə qərarları › İş №e-2-1(120)-3995/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-3995/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-3995/2025 26.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Salyan rayon Arbatan kənd İƏN-i tərəfindən xx.xx.1989cu ildə tərtib edilmiş 37 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin ata adının “Əvəz” dən “Pirəli” yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Salyan rayon Arbatan kənd İƏN-i tərəfindən xx.xx.1989cu ildə tərtib edilmiş 37 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin ata adının “Əvəz” dən “Pirəli” yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X3 xx.xx.1989-cu ildə Salyan rayonunun Xurşud kəndində vəfat etmişdir .Onun ölümü Salyan rayonu Arbatan kənd İƏN-i tərəfindən xx.xx.1989-cu ildə 37 nömrəli aktla dövlət qeydiyyatına alınmışdır. Lakin həmin ölüm haqqında akt qeydində və həmin qeyd əsasında verilmiş xx.xx.1990-cı il tarixli 37 nömrəli arayışda mərhum atasının ata adı Pirəli əvəzinə Əvəz olaraq qeyd edilmişdir. Digər tərəfdən də mərhum atasının ölüm sənədində ata adının düzəldilməsi ilə bağlı tələbin Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən təmin edilməmişdir. Belə ki, babasının ölümündən sonra nənəsi Əvəz adlı şəxslə ailə həyatı qurmuş və xx.xx.1989-cu ildə atası Rəşid vəfat edərək onun atası Rəşidin ölüm sənədində Rəşidin atasının adı Əvəz olaraq yazdırmışdır. Halbuki, atası Rəşidin doğma atasının adı Pirəli olmuş, Əvəz isə onun əyani deyil, yəni anasının ikinci ərinin adı olmuşdur. Atasının ölüm sənədində ata adının nənəsinin ikinci ərinin adının yazdırılması məqsədi olmuş və Əvəzlə olan nikahından doğulan uşaqlarla atasının ata adlarının eyni yazılması olmuşdur. Atası Rəşidin atasının adının Pirəli olduğu doğum haqqında şəhadətnamə ilə təsdiq olunur. Eyni zamanda valideynlərinin nikah haqqında şəhadətnaməsində də 1937-ci ildə Xurşud kəndində anadan olmuş Camalov Rəşidin atasının adının Pirəli olduğu qeyd edilmişdir. Onların nümayəndəliklərinin ərazisində isə 1937-ci il təvəllüdlü Rəşid Camalov adından yalnız həmin şəxs yaşamış və onun atasının adı Pirəli olmuşdur. Göstərilənlər əsasında Azərbaycan Respublikasının MPM-216-220, 305-311-ci maddələrini və İPM-nin 68,69 və 73-cü maddələrini rəhbər tutaraq. Salyan rayon Arbatan kənd İƏN-i tərəfindən xx.xx.1989cu il ildə tərtib edilmiş 37 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin “Əvəz”dən “Pirəli” yə dəyişdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qebul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında işirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə etdiyi və təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Salyan Regional “Asan Xidmət” Mərkəzinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarında olan Salyan rayonu qeydiyyat şöbəsi tərəfindən İddiaçı verilmiş məktubda qeyd edilmişdir ki, Salyan rayon Arbatan kənd İİN-nin xx.xx.1989-cu il tarixli 37 saylı ölüm haqqında akt qeydində ölən şəxsin tam adı X5 qeyd edilmişdir. Bundan başqa tərəfimizdən baxışa təqdim olunmuş və sürəti iş materiallarına əlavə edilmiş xx.xx.1990-ci il tarixli 37 nömrəli arayışdanda görünür ki, həmin arayış Salyan rayon Arbatan kənd İƏNnin xx.xx.1989-il tarixli 37 saylı ölüm haqqında akt qeydinə əsasən yazılmış və həmin arayışda ölən şəxsin tam adı X5 oğlaraq qeyd edilmişdir. Bildiririk ki, “Əvəz oğlu” və “Pirəli oğlu” tamamilə fərqli ata adları olduğundan bu şəxslərin inzibati icraat qaydasında eyniləşdirilməsi mümkünsüzdür və belə olduğu halda şöbədə başlanılmış inzibati icraat üzrə ölüm haqqında akt qeydinə müvafiq dəyişiklik edilməsi tələbiniz təmin oluna bilməz. Göstərilənlərə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəaların 8-ci bəndini rəhbər tutaraq Salyan rayon Arbatan kənd İƏN-i tərəfindən X4 münasibətdə tərtib edilmiş xx.xx.1989-cu il tarixli 37 saylı ölüm haqqında akt qeydinə müvafiq dəyişiklik edilməsi barədə tələbiniz icrasına imtina olunur. Əlavə olaraq bildiririk ki, eyni zamanda sizin müracətinizə baxılmasının nəticəsindən subordinasiya və məcbur etmə haqqında iddia ərizəsi ilə məhkəmə qaydasında şikayət etmək hüququnuz vardır. Doğum haqqında şəhadətnamədə qeyd edilmişdir ki, İddiaçı xx.xx.1968-ci ildə Salyan rayonu, Xurşud kəndində anadan olmuşdur. Ata adı qrafasında X3 qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X7 Xidmət tərəfindən verilmiş Ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X1 xx.xx.2023-cü il dəqiqləşdirilmiş ürək çatışmamazlığından vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Salyan Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin məhkəmə ünvanladığı məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı şöbəmizə Salyan rayonu Arbatan İN tərəfindən qeydə alınmış xx.xx.1989-cı il tarixli 37 saylı ölüm haqqında akt qeydinə düzəliş olunaraq ölən şəxsin ata adının Əvəz-dən Pirəli-yə dəyişiklik edilməsi ilə bağlı müraciət etmişdir. Qeyd etmək istəyirik ki, akt qeydinin arxivdə saxlanılan nüsxəsində ölən şəxsin ata adının “Əvəz” qeyd olunduğu görünür. Ölən şəxsin ata adının hansı əsasla “Əvəz” kimi yazılmasını araşdırmaq tərəfimizdən mümkün olmamamış və bu səbəbdən müraciətin təmin olunması mümkün olmamışdır. Vətəndaşa təqdim edilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunun toplanmış materialların surəti Sizə göndərilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının atası barəsində “Salyan rayon Arbatan kənd İƏN-i tərəfindən xx.xx.1989-cu ildə tərtib edilmiş 37 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin ata adının “Əvəz” dən “Pirəli” yə dəyişdirilməsi barədə müraciət etmişdir. Təqdim olunan sənədlər və əldə edilmiş akt qeydləri tərəfindən araşdırılmış, “Əvəz oğlu” və “Pirəli oğlu” tamamilə fərqli ata adları olduğundan bu şəxslərin inzibati icraat qaydasında eyniləşdirilməsi mümkünsüz olmuş və ölən şəxsin ata adına dəyişiklik edilməsi mümkün olmamışdır. İddiaçının atasının bütün sənədlərində ata adının adının “Əvəz” olaraq qeyd edilməsi onu deməyə əsas verir ki, təqdim edilən sənədlərdə iddiaçının babasının adı “Pirəli” olmuş, iddiaçının babası isə uzun illər ərzində müvafiq sənədlərdə adının “Pirəli ” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, barəsində ölüm haqqında akt qeydi tərtib olunmuş X2 doğum akt qeydi müəyyən edilməmiş, İddiaçı xx.xx.1968-ci il tarixli doğum akt qeydində ata adı qrafasında X3 qeyd edilmişdir. İnizbati orqan ölüm akt qeydində ölən şəxsin ata qrafasında “Əvəz” adının hansı sənəd əsasında qeyd edilməni subut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İddiaçının hüquqi marağı vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçının xx.xx.1968ci il tarixli doğum akt qeydində atasının ata adı “Pirəli ” qeyd edildiyi halda cavabdeh inzibati orqan tərəfindən xx.xx.1989-cu ildə tərtib edilmiş 37 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin ata adının “Əvəz” olaraq qeyd edilməsi qeyri müəyyənlik yaratmış olur. Buna görə də məhkəmə hesab edir ki, ölüm haqqında akt qeydində adının “Pirəli” olaraq düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “Salyan rayon Arbatan kənd İƏN-i tərəfindən xx.xx.1989cu ildə tərtib edilmiş 37 nömrəli ölüm haqqında akt qeydində ölən şəxsin ata adının “Əvəz” dən “Pirəli” yə dəyişdirilməsi öhdəliyi cavabdeh Salyan rayon Regional “Asan Xidmət” Mərkəzində olan Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar