Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2-1(120)-4085/2025 15.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olmaqla hal-hazırda ünvan 2ərbi vəziyyətlə əlaqədar Səhiyyə Nazirliyinin göstərişi əsasında Sanaviasiya xətti ilə xx.xx.1991-ci il tarixdə Xocavənd, Hadrut rayonu, Tuğ və Mardaket rayonlarının kəndlərində olan əhaliyə planlı tibbi yardım göstərmək üçün Sanitar vertalyotla 3 (üç) gün müddətinə, xx.xx.1992-ci tarixdə Ağdam RMX-da güllə yarası almış, ağır, çoxsaylı xəstələrə təcili tibbi yardım göstərmək məqsədilə 3 (üç) gön müddətinə ezam olunmuşdur. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxs “Respublika təcili və təxirə salinmaz tibbi yardım mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş arayışı ərizəsinə əlavə etmişdir. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, lakin həmin qurum tərəfindən ona imtina cavabı verilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarə Birliyi publik hüquqi şəxs “Respublika Təcili və X2 Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 18-1-88/2-M-xx-xx/2024 nömrəli arayışının surətindən görünür ki, həkim-cərrah İddiaçı həqiqədən hərbi vəziyyətlə əlaqədar Səhiyyə Nazirliyinin göstərişi əsasında Sanaviasıya xətti ilə xx.xx.1991-ci il tarixində Martuni, Xocavənd, Hadrut rayonu, Tuğ və Mardaket rayonunun kəndlənndo olan əhaliyə planlı tibbi yardım göstermək üçün Sanitar vertalyotla 3 (üç) gün müddətinə xx.xx.1992-ci il tarixində Ağdam RMX-da güllə yarası almış ağır çox saylı xəstələrə təalı tibbi yardım göstərmək məqsədilə 3 (üç) gün müddətinə ezam olunmuşdur. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 1371 nömrəli arayışının surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı həqiqətən ünvan 3 ünvanda daimi qeydiyyatda olmaqla hal-hazırda ünvan 4 ünvanda daimi yaşayır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Ali Məhkəmənin Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). Hazırkı işin materiallarından müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı və məqsədi ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə yönəlmişdir. Lakin iddiaçı hazırkı tələbi irəli sürərkən qanunvericilikdə təsbit edilmiş və onun qoruma sferası ilə bağlı hədləri nəzərə almamış, hüquqi marağına nail olmaq üçün əlverişli iddia növündən istifadə etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. Məhkəmə xüsusi olaraq vurğulayır ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, aparılmış araşdırma ilə iddiaçı hüquqi marağına uyğun olmayan əlverişsiz iddia növündən istifadə etdiyindən və iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin işin faktiki hallarından görünür ki, o cümlədən hazırkı iş üzrə məhkəməyə təqdim etdiyi sənədlər toplusundan aydın olur ki, qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən müraciət düzgün, yəni səlahiyyəti olmayan inzibati orqana ünvanlanmışdır. Belə olan halda həmin müraciətin mövcudluğu hazırki iddia tələbinin mümkünlük şərtlərini istisna edən haldır. Məhkəmə hazırki iddia tələbinə münasibətdə iddiaçının nəzərinə çatdırır ki, iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd etmiş, iddia ərizəsinin xahiş etdim hissəsində isə müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati məhkəmə icraatı üzrə məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı əhəmiyyət daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 703/2020 saylı İcmal məktubu da məhkəmə araşdırması və inzibati orqan tərəfindən həyata keçirilən araşdırmanın əhatəsi baxımından fərqləndirilməsinin zəruriliyini qeyd etmişdir. İcmal məktubunun məzmunundan aydın olur ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın “İnzibati icraat haqqında” Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılması təcrübəsinin yerləşməsinə və məhkəmə yanaşmaları ilə həmin icraatın keyfiyyətinin artırılmasına töhfə verməyə yönəlməlidir. Bu mənada “İnzibati məhkəmə icraatı haqqında” Qanunun 10-19-cu maddələrində inzibati orqanlar tərəfindən müraciətlərə baxılmasının ümumi prinsipləri təsbit olunmuş, 24-cü maddəsində isə işin bütün hallarının obyektiv araşdırılması, təqdim olunmuş sübutları toplamaq vəzifəsi nəzərdə tutulmuşdur. Burada digər mühüm prinsiplərə riayət etməklə bərabər, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmaq, habelə təqdim edilmiş sübutlarla bağlı olmadan öz təşəbbüsü ilə əlavə sübutlar toplamaq borcu da daxildir. Qeyd edilən normalara uyğun olaraq inzibati orqanın şəxslərin müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Bu həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın faktiki və hüquqi əsaslarını, habelə onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavabda aydın görmək, bununla da cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olmalıdır. Odur ki, işə məhkəmədə baxılarkən inzibati orqanlarda mübahisənin düzgün həlli üçün lazımı araşdırmanın aparılıb-aparılmadığını və aidiyyəti sübutların toplanılıb-toplanılmadığını, eləcə də inzibati orqanın mübahisə üzrə bütün zəruri faktiki və hüquqi hallara münasibətini aydın şəkildə bildirib-bildirmədiyini müəyyən etmək üçün İPM-in 49,51-ci və 60-cı maddələrində təsbit olunmuş imkanlardan fəal istifadə edilməlidir. Buraya cavabdehdən faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi, eləcə də dəqiqləşdirmə tələb olunan müəyyən halların izah olunmasını tələb etmək və bu məqsədlərlə müvfiq müddətlər üçün təyin etmək də daxildir. Bununla da, öz vəzifələrini tam həcmdə yerinə yetirmək üçün məhkəmələrə maraqlı şəxsin müraciəti ilə bağlı həmin inzibati orqanda aparılmış araşdırmanın bütün materiallarının (məhkəməyədək inzibati icraat materiallarının) cavabdehdən tələb edilməsi tövsiyə edilir. İnzibati orqanın imtinasının qanuniliyinə qiymət verilməsi üçün məhkəməyədək aparılmış inzibati araşdırma materialları təqdim edilmədikdə, yaxud təqdim edilmiş materiallardan şəxsin müraciəti üzrə “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmaqla zəruri araşdırmanın aparılmadığı, formal əsaslarla imtina olunduğu müəyyən edildikdə, bu hallar inzibati orqanın hərəkətsizliyi kimi qiymətləndirilə və hər bir konkret işin hallarından asılı olaraq həm İPM-nin 33.3, 33.4-cü maddələrində, həm də Məcəllənin 73.2 və 73.3-cü maddələrində müəyyən edilmiş hüquqi vasitələrdən istifadə edilə bilər. Göründüyü kimi inzibati məhkəmə icraatının aparılmasından əvvəl hazırkı növ iddialar üzrə inzibati icraatın aparılmasının zəruriliyi qanunvericiliyin konkret tələbidir ki, müraciətin səhv inzibati orqana ünvanlanması inzibati icraatın əsl cavabdeh tərəfindən aparılmasını mümkün etməmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən şəxsin qeydiyyatda olduğu yer olan ünvan 5 ünvanı Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Belə olan halda, İddiaçı hazırkı tələb ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərə nəzər yetirilən zaman iddiaçının nəzərinə çatdırılmalıdır ki: - İddia ərizəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdeh kimi göstərilsə də, iddiaçının hüquqi marağı müharibə veteranı adının alınmasıdır ki, qeyd edilən inzibati orqan tələb üzrə hər hansı bir funksiyanı (vəzifəni) yerinə yetirmir. Cavabdeh hüquqi marağı üzrə Müdafiə Nazirliyi və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumu ola bilər. Lakin iş materiallarına qeyd edilən istiqamətdə sübutlar əlavə edilmədiyindən həmin hissə üzrə tam dəqiq hüquqi yardım göstərilməsi mümkün olmamışdır. - İddiaçının qeydiyyatının Bakı şəhəri, 28 may küçəsi, 11, 21 olduğu müəyyən edilir. Belə olan halda iddiaçı yuridiksiya üzrə aiddiyyatı düzgün müəyyən etməlidir. Belə ki, cavabdeh Müdafiə Nazirliyi olduğu təqdirdə iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. - İnzibati orqanlarndan imtinaların alınmadığı və sübutların əlavə edilmədiyi müəyyən edilir. İş üzrə tələb üzrə sübutların əlavə edilməsi və mümkünlük halı kimi düzgün inzibati orqana müraciət edilərək imtina alınması zəruri şərtdir. İddiaçı qeyd edilən mümkünlük şərtini nəzərə almalıdır. İştirakı ilə bağlı sübutları olmadığı təqdirdə müharibədə iştirakı ilə bağlı şahidlərin iştirakı ilə fakt təsdiqi üzrə qeydiyyatı üzrə ümumi (rayon/şəhər) məhkəməsinə müraciət etmək hüququnun olduğuda tərəfin nəzərinə çatdırılır. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü və 48-ci maddələrini rəhbər tutaraq İddiaçı 03 iyul 2025-ci il tarixli hüquqi yardım məktubu ilə yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmiş, lakin iddiaçı müəyyən edilmiş vaxt ərzində (məhkəmə iclası gününə kimi) məhkəmənin hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №e-2-1(120)-4085/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(120)-4085/2025
15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver