Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-4191/2024 02.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “1-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “1ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ons xx.xx.2017-ci il tarixdə təyin olunmuş 1-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona, xx.xx.2017-ci ildə ümumi xəstəlik səbəbindən 1-ci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti müddətsiz olaraq müəyyən edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Şizofreniya paranoid forma fasiləsiz gedişli dərin psixi qüsur halı, ağır dərəcədə ifadə olunmuş emosiya, davranış və şəxsiyyət dəyişməsi ilə” qeyd olunmuşdur. O, daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Qeyd olunan səbəblərdən ona 1-ci dərəcəli əlillik təyin edilmişdir. Ona təyin olunmuş əlillik əlillik “Əlillik Altsistemin”də etibarsız hesab edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29 - Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20-Şizofreniya => F20.0-Paranoid şizofreniya....Diaqnozun mətni: Şizofreniya,paranoid forma,fasiləsiz gedişli,dərin psixi güsur halı,ağır dərəcədə ifadə olunmuş emosiya,davranış və şəxsiyyət dəyişməsi ilə. Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.15. şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı (F20-F20.9);” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.Lakin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsi xx.xx.2019-cu il tarixli 029-3854- 1219/5 nömrəli məktublarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, 843 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir.İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında 223-cü sırada qeyd edildiyindən, “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə xx.xx.2019-cu ildən etibarsız hesab olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı xx.xx.2017-ci il tarixdə təyin olunmuş birinci dərəcə əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia mümkündür. Faktiki hallar və sübutlar: Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli 4110003AACJQ Forma 88 əsasında Əsas diaqnoz: F20.0 Paranoid şizofreniya, Şizofreniya, paranoid forma, faizləsiz gedişli, dərin psixi qüsur halı, ağır dərəcədə ifadə olunmuş emosiya, davranış və şəxsiyyət dəyişməsi ilə... Ağırlaşma F20.0 Paranoid şizofreniya, Şizofreniya, paranoid forma, fasiləsiz gedişli, dərin psixi qüsur halı,ağır dərəcədə ifadə olunmuş emosiya, davranış və şəxsiyyət dəyişməsi ilə qeyd olunmuşdur. İddiaçı aid xx.xx.2017-ci il tarixli xxxxxxx0001 №-li qiymətləndirmə nəticəsindən müəyyən olunur ki, X1: V sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29- Şizofreniya, Şizotipik və sayıqlama pozğunluqları=>F20-Şizofreniya=>F20.0-Paranoid şizofreniya....Diaqnozun mətni: Şizofreniya, paranoid forma, fasiləsiz gedişli, dərin psixi qüsur halı, ağır dərəcədə ifadə olunmuş emosiya, davranış və şəxsiyyət dəyişməsi ilə...Meyar 2.1 Birinci dərəcə əlillik =>2.1.15 şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı (F 20-F20.9). Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi- 21 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0001 №-li, xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən ümumi xəstəliklə müddətsiz birinci dərəcə əlillik təyin olunmuşdur. TSEK-in diaqnozu: Şizofreniya, paranoid forma, fasiləsiz gedişli, dərin psixi qüsur halı, ağır dərəcədə ifadə olunmuş emosiya, davranış və şəxsiyyət dəyişməsi ilə. Əlilliyin müəyyən olunması meyarı: 2.1 Birinci dərəcə əlillik => 2.1.15.şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı (F20-F20.9); Əmək zəmanəti barədə; Əmək qabiliyyətsizdir.Kənar şəxsin daimi köməyinə və qulluğuna ehtiyacı var. Tibbi-sosial yardım və reabilitasiya vasitələri: Başqasının qulluğuna ehtiyac, İxtisaslaşmış müalicə. Əlilliyin qiymətləndirilməsinin nəticəsi ləğv edilmişdir..Ləğv edilmənin səbəbi: **********7 nömrəli məktuba əsasən. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 029-3854- 1219/5 saylı, xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması ilə əlaqədar müraciətinizə baxılmışdır. Müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasını nəzərə alması xahiş edilmişdir. Əlillik siyasəti şöbəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatına ünvanlanmış xidməti məruzədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Daxili İşlər ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış birgə araşdırmaların nəticələrinə əsasən 840 nəfərin əlillik müayinəsi “Əlillik” altsistemində etibarsız edilmişdir. “Əlillik” altsistemində etibarsız olunmuş 839 nəfərin adlı siyahısında İddiaçı adı 233-cü sırada qeyd olunmuşdur. Tətbiq edilən hüquq. “İnzibati icraat haqqında” Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 3.1 Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarınqüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından müəyyən olunur ki, əlillik təyinatı zamanı iddiaçının müayinəsi onun iştirakı ilə aparıldığı və inzibati araşdırmanın nəticələri üzrə 18 dekabr 2017-ci il tarixdən müvafiq qiymətləndirmə aparılmaqla TSEK-in qərarı ilə ona əlillik dərəcəsi təyin etdiyi halda,sonradan, əvvəlki praktikasına zidd olaraq cavabdeh inzibati orqan tərəfindən Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən təqdim olunmuş məktuba əlavə olunmuş siyahıda adları qeyd olunan şəxslərin, eləcə də iddiaçının Daxili İşlər Nazirliyinə aidiyyəti olmadığından onlara Nazirliyin tibb müəssisələri tərəfindən verilən göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi əsas gətirilərək 28 noyabr 2019-cu il tarixdən etibarsız hesab edilmişdir. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi ilə müəyyən olunmuş qaydada iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın ləğv olunması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçıya əlilliyin cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh əlilliyin təyin olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin təyin olunması barədə qərarın ləğvi ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və digər normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, təyin olunmuş əlilliyin ləğvini şərtləndirən normada nəzərdə tutulmuş bu və ya digər əsas aşkar edildikdə, cavabdeh inzibati orqan əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin olunmasına dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə əlilliyin qiymətləndirilməsinin etibarsız sayılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Bununla yanaşı, həm də nəzərə almaq lazımdır ki, yuxarıda istinad olunan normalarda da əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının ləğvi nəzərdə tutulmuşdur. Həmin normaya əsasən, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi hallarda, yalnız yuxarıda qeyd olunmuş qaydada həmin qərarın ləğvi barədə qərar qəbul etməyə haqlı olardı. Digər tərəfdən, həmin normaların məzmununa əsasən, əlilliyin ləğvi barədə qərar şəxsin müayinəsinin nəticələrinə istinadən qəbul edilə bilər. Belə ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə görə, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin hallarından müəyyən olunur ki, əyani müayinəyə cəlb edilmədən iddiaçıya aid qiymətləndirmənin nəticələri cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən etibarsız hesab olunmuşdur. Bu mənada hazırkı mübahisəyə münasibətdə cavabdehin əlilliyin etibarsız hesab edilməsi ilə bağlı davranışı qanunvericiliyin istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, iddiaçıya əlillik təyin olunmasına əsas Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 17 dekabr 2017-ci il tarixli göndərişi olmuşdur. Lakin daha sonra Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən cavabdeh inzibati orqana təqdim olunmuş məktubda göndərişin qanunsuz verildiyini təsdiq etmişdir. Belə olan halda, qeyd edilən hal, yəni DİN-in sonradan verdiyi göndərişinin qanunsuz olduğunu bildirməsi, əvvəlki əlillik təyin etmə ilə bağlı icraatın təzələnməsinə əsas yaradır. Lakin cavabdeh inzibati orqan icraatı təzələmədən, icraatla bağlı tələblərə riayət etmədən, şəxsi müayinəyə cəlb etmədən əlilliyi etibarsız hesab etmişdir. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2007-ci il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz olaraq təyin edilmiş birinci dərəcə əlilliyi etibarsız hesab edildiyi xx.xx.2019-cu il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №e-2-1(120)-4191/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-4191/2024
02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver