Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-460/2023 03.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 79173,28 manat məbləğində dövlət torpaq icarəsi haqqının “Dövlət torpaq sahəsinin icarəsi üzrə vərəqə”dən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 03 aprel 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 79173,28 manat məbləğində dövlət torpaq icarəsi haqqının “Dövlət torpaq sahəsinin icarəsi üzrə vərəqə”dən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə həmin Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon İcra hakimiyyəti başçısının 09 iyun 2005-ci il tarixli 126 saylı sərəncamı ilə İmişli şəhər yaxınlığında olan 15 hektar ərazi 50 il müddətinə "AZE” MMC-yə icarəyə verilmişdir. Həmin torpaq sahəsində müəssisə 30 iyun 2016-cı ilə qədər qum istehsalı ilə məşğul olmuşdur. Keçən müddət ərzində qum-çınqıl materiallarının çıxarılması nəticəsində ərazidə qum-çınqıl tükənmiş və orada böyük göl yaranmışdır. Bununla bağlı İmişli rayon İcra hakimiyyətinə müaricət edilərək həmin göldə balıqçılıq təsərrüfatı ilə məşğul olunmasına icazə verilməsi xahiş edilmişdir. İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 116 saylı sərəncamı ilə həmin ərazidə balıq saxlanılmasına icazə verilmişdir. Bununla bağlı "AZE” MMC ilə İmişli rayon İcra hakimiyyəti arasında xx.xx.2016-cı il tarixli, 17 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəçi "AZE” MMC 1 (bir) il üçün hər hektara 32 (otuz iki) manat olmaqla 15 hektar üçün cəmi 512 (beş yüz on iki) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə haqları vaxtı-vaxtında ödənilsə də, ərazinin təyinatı dəyişdiyi gündən bugünə qədər həmin ərazi müəssisə tərəfindən istifadə edilməmiş, o cümlədən balıqçılıq təsərrüfatı yaradılmamışdır. Bundan başqa İmişli rayon İcra hakimiyyəti başçısının 05 noyabr 2014-cü il tarixli, 239 saylı sərəncamı ilə Bəcirəvan kəndi yaxınlığındakı Araz çayı yatağından 6 hektar ərazi qum-çınqıl materiallarının çıxarılması və emalı üçün "AZE” MMC-yə 30 (otuz) il müddətinə icarəyə verilmişdir. Həmin müqaviləyə əsasən icarəçi "AZE” MMC 1 (bir) il üçün hər hektara 400 (dörd yüz) manat olmaqla 6 hektar üçün cəmi 2400 (iki min dörd yüz) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi xx.xx.2016-cı il tarixli, 116 saylı sərəncamla "AZE” MMC-yə icarəyə verilmiş 15 hektar ərazi üçün 2022-ci il də daxil olmaqla bu günədək dövlət büdcəsinə ödəməli olduğu icarə haqqı məbləği hər il üçün 512 (beş yüz on iki) manat olmaqla ümümilikdə cəmi 6 il üzrə 3072 (üç min yetmiş iki) manat, 05 noyabr 2014cü il tarixli, 239 saylı sərəncamla icarəyə verilmiş 6 hektar ərazi üçün isə 2022-ci il də daxil olmaqla bu günədək dövlət büdcəsinə ödəməli olduğu icarə haqqı məbləği hər il üçün 2400 (iki min dörd yüz) manat olmaqla ümümilikdə cəmi 8 il üzrə 19200 (on doqquz min iki yüz) manat təşkil edir. Hər iki icarə müqaviləsi üzrə ödənilməli olan cəmi icarə haqqı məbləği 19200+3072=22272 (iyirmi iki min iki yüz yetmiş iki) manatdır. Bildiririk ki, torpaq sahələrinin icarəsi üzrə 2015-ci ildən 2022-ci ilədək "AZE” MMC tərəfindən dövlət büdcəsinə ümümilikdə 19317 (on doqquz min üç yüz on yeddi) manat icarə haqqı ödənilmişdir. Lakin vergi orqanı əsassız olaraq torpaq icarəsi müqavilələrində tərəflərin razılaşdırdığı icarə haqqı məbləğlərindən kənara çıxmış və torpaq sahələrinin icarəsi üzrə vərəqəyə əlavə (yetmiş doqquz min yüz yetmiş üç manat) manat icarə haqqı məbləği hesablamışdır. Belə ki, 116 saylı sərəncamla ödənilməli olan icarə haqqı məbləği hər il üçün 512 manat olduğu halda vergi orqanının belə bir səlahiyyəti olmadığı halda həmin məbləğin hər il üçün 11600 manat olmalı olduğu qənaətinə gəlmiş və hər il üçün 11088 manat əlavə icarə haqqı məbləği hesablamışdır. Bununla da 5 il üzrə cəmi 55440 manat, sonuncu 2022-ci il üzrə isə (çox gümanki 2022-ci il sona çatmadığından) 7733,28 manat olmaqla ümumilikdə cəmi manat əlavə icarə haqqı məbləği hesablamışdır. 239 saylı sərəncamla ödənilməli olan icarə haqqı məbləği hər il üçün 2400 manat olduğu halda vergi orqanı bu məbləğin 4400 manat olmalı olduğu qənaətinə gəlmiş və hər il üzrə əlavə 2000 manat olmaqla 8 il üzrə cəmi 16000 manat əlavə icarə haqqı məbləği hesablamışdır. Əlavə olaraq bildiririk ki, vergi orqanı qeyd oluna icarə haqqı məbləğlərinin hesablanması ilə bağlı heç bir inzibati akt (qərar) çıxarmamışdır. Həmin məbləğlər heç bir qərar olmadan şəxsi hesab vərəqəsinə qeyd olunmuşdur. Qeyd olunan məsələ ilə bağlı vergi orqanına müraciətlər edilmiş, cavab olaraq isə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.3cü maddəsinə əsasən, sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə hər 100 kvadratmetrinə görə 10.000 kvadratmetrədək olduqda 2.00 manat, 10.000 kvadratmetrdən çox olduqda isə hər 100 kvadratmetrə görə 4.00 manat torpaq vergisi hesablanır. (rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üzrə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli, 226 nömrəli Qərarına əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq MMC-nə, 1.00 ha üzrə 400.00 manat, 20.00 ha üzrə isə 800.00 manat hesabı ilə torpaq icarə haqqı məbləği hesablanmışdır. Göründüyü kimi, vergi orqanı Dövlət Vergi Xidmətinin əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən ona verilmiş səlahiyyət həddini aşmışdır. Belə ki, həmin bənddə torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Həmin icarə haqqı məbləğlərinin müəyyənləşdirilməsi və ya bununla bağlı əlavə hesablamaların aparılması vergi orqanının hüquqlarına aid edilməmişdir. Belə ki, əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Dövlət Vergi Xidmətinin hüquqlarına aid edilmişdir. Göründüyü kimi qeyd olunan pozisiya ilə bağlı vergi orqanına yalnız mövcud borc məbləğlərinin dövlət büdcəsinə ödənilməsinə nəzarət etmək vəzifəsi verilmiş və bu vəzifənin həyata keçirilməsi ilə bağlı yalnız bir hüquq verilmişdir ki, o hüquq da torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaqdır. Göründüyü kimi, dövlət mülkiyyətinə aid torpaqlara dair icarə müqavilələri üzrə vergi orqanına həvalə olunmuş vəzifə nəzarət funksiyasının həyata keçirilməsindən ibarətdir. Həmin icarə müqavilələri üzrə icarə haqqı məbləğlərinin müəyyənləşdirilməsi və bununla bağlı şəxsi vərəqəyə əlavə hesablama aparılması vergi orqanının səlahiyyətlərinə və ya vəzifələrinə aid edilməmişdir. Bundan başqa bildiririk ki, vergi orqanı səlahiyyəti olmadan icarə haqqı məbləğlərini hesablayan zaman 2 icarə müqaviləsi üzrə icarəyə verilmiş torpaq sahələrinin təyinatının fərqli olmasını nəzərə almamış və onların ümümi sahəsinin 20 ha deyil 21 ha olduğuna da diqqət yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.2ci maddəsinı əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 710.1 -ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Həmin məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. "AZE” MMC-yə (VÖEN:**********) hesablanmış 79173,28 (yetmiş doqquz min yüz yetmiş üç manat) manat məbləğində dövlət torpaq icarəsi haqqının "Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”dən silinməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsində iddia qaldıraraq cəmiyyətə hesablanmış 79173,28 manat məbləğində dövlət torpaq icarə haqqının Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”dən silinməsi öhdəliyinin cavabdehin üzərinə oyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir. İmişli rayon İcra Hakimiyyəti Başçısının 05.11,2014-cü il tarixli, 239 nömrəli sərəncamına əsasən cəmiyyətə İmişli rayonu Bəcrəvan kəndi yaxınlığında, Araz çayının yatağından qum-çınqıl materaillarının çıxarılması və emalı üçün 6.00 ha icarəyə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi barəsində 05.11,2014-cü il tarixli, 69 nömrəli icarə müqaviləsi bağlanılmışdır. ("xxxx" MMC ilə İmişli RİH arasında) İmişli RİH başçısının xx.xx.2022-ci il tarixli, 86 nömrəli sərəncamına əsasən isə, həmin torpaq sahəsindən istifadəyə xitam verildiyi bildirilmişdir. Bu torpaq sahəsi üzrə 8 (səkkiz) il istifadə müddəti üçün ümumilikdə 35200.00 manat icarə haqqı hesablanmışdır. İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 71 nömrəli sərəncamına əsasən cəmiyyətə İmişli rayonu Qaradonlu kəndi yaxınlığında, Araz çayının yatağından qum-çınqıl materaillarının çıxarılması və istehsalı üçün 7.00 ha icarəyə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi barəsində xx.xx.2016-cı il tarixli, 07 nömrəli icarə müqaviləsi bağlanılmışdır. (AZE MMC ilə imişli RİH arasında) İmişli RİH başçısının xx.xx.2016-cı il tarixli, 236 nömrəli sərəncamına əsasən isə, həmin torpaq sahəsindən istifadəyə xitam verildiyi bildirilmişdir. Bu torpaq sahəsi üzrə 130.60 manat icarə haqqı hesablanmışdır. İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-cı il tarixli, 126 nömrəli sərəncamına əsasən cəmiyyətə İmişli şəhəri yaxınlığında, Araz çayının sahilində qum-çınqıl materaillarının çıxarılması və istehsalı üçün 15.00 ha icarəyə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi barəsində xx.xx.2005-ci il tarixli, 34 nömrəli icarə müqaviləsi bağlanılmışdır. (AZE MMC ilə İmişli RİH arasında) Sonradan xx.xx.2016-cı il tarixli, 116 nömrəli sərəncamla həmin torpaq sahəsindən istifadə hüququ balıq saxlanılması üçün dəyişdirilmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi barəsində xx.xx.2016-cı il tarixli, 17 nömrəli icarə müqaviləsi bağlanılmışdır. (AZE MMC ilə İmişli RİH arasında 39 il müddətinə) İmişli RİH başçısının xx.xx.2022-ci il tarixli, 11 nömrəli sərəncamına əsasən həmin torpaq sahəsindən istifadəyə xitam verilmişdir. Bu torpaq sahəsi üzrə 17 (on yeddi) il istifadə müddəti üzrə ümumilikdə 71013.28 manat icarə haqqı hesablanmışdır. İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən cəmiyyətə heyvandarlığın inkişafı üçün 40.00 ha icarəyə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi barəsində xx.xx.2005-ci il tarixli, 35 nömrəli icarə müqaviləsi bağlanılmışdır. (AZE MMC ilə İmişli RİH arasında 15 il müddətinə) Bu torpaq sahəsi üzrə 15 (on beş) il istifadə müddəti üçün ümumilikdə 720.00 manat icarə haqqı hesablanmışdır. İmişli rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 145 nömrəli sərəncamına əsasən cəmiyyətə İmişli rayonu Rəsuliu kəndi yaxınlığında, Araz çayının yatağından qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 5.00 ha icarəyə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi barəsində xx.xx.2014-cü il tarixli, 50 nömrəli icarə müqaviləsi bağlanılmışdır. (AZE MMC ilə imişli RİH arasında) İmişli RİH başçısının xx.xx.2015-ci il tarixli, 14 nömrəli sərəncamına əsasən isə, həmin torpaq sahəsindən istifadəyə xitam verildiyi bildirilmişdir. Bu torpaq sahəsi üzrə 1166.62 manat icarə haqqı hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən, sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə 10.000 kvadratmetrədək olduqda hər 100 kvadratmetrə görə 2.00 manat, 10.000 kvadratmetrdən çox olduqda isə hər 100 kvadratmetrə, görə 4.00 manat torpaq vergisi hesablanır. (rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üzrə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli, 226 nömrəli Qərarına əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999- cu il tarixli, 116 saylı Fərmanının 2.5-ci maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna olmaqla dövlətə məxsus digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən (bundan sonra - Xidmət) həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yabında Dövlət Vergi Xidmətinin Əsasnaməsi’’nin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti dövründə dövlət torpaq sahələrinin icarəsi üzrə 105663.83 manat hesablanmış, bundan 19317.00 manat ödənmiş və dövlət torpaq sahələrinin icarə haqqı üzrə hal hazırda dövlət büdcəsinə ödənilməmiş 86346.83 manat məbləğində borcu qalmışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının cəmiyyətə hesablanmış 79173,28 manat məbləğində dövlət torpaq icarə haqqının “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”dən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır və buna görə də təmin edilməməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddaçı tərəf isə gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbində qeyd edilən formada izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın əsassız oldunun bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Belə ki, iş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 03 iyul 2014-cü il tarixli, 145 nömrəli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbərliyinin müraciəti nəzərə alınaraq Cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Rəsullu kənd yaxınlığında Araz çayının yatağından 5,0 ha ərazi müvəqqəti istifadə hüquqi ilə ayrılb icarəyə verilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 50 nömrəli müqavilənin surətindən görünür ki, İmişli rayon İcra Hakimiyyəti başçısının 03 iyul 2014-cü il tarixli, 145 nömrəli sərəncamı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 25 il müddətinə hər hektarı 400 manat olmaqla cəmi 2000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 05 noyabr 2014-cü il tarixli, 239 nömrəli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbərliyinin müraciəti nəzərə alınaraq Cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması və emalı üçün Bəcirəvan kənd yaxınlığında Araz çayının yatağından 6,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə icarəyə verilmiş və həmin ərazidə ona qum-çınqıl materiallarının çeşidlənməsi üçün qurğuların tikintisinə icazə verilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 69 nömrəli müqavilənin surətindən görünür ki, İmişli rayon İcra Hakimiyyəti başçısının 05 noyabr 2014-cü il tarixli, 239 nömrəli qərarı ilə Araz çayı yatağından 6 hektar ərazi qum-çınqıl materiallarının çıxarılması və emalı üçün "AZE” MMC-yə icarəyə verilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 03 fevral 2015-ci il tarixli, 14 nömrəli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin müraciəti nəzərə alınaraq Cəmiyyətin 5,0 ha ərazidən istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 07 nömrəli müqavilənin surətindən görünür ki, İmişli rayon İcra Hakimiyyəti başçısının 13 may 2016-cı il tarixli, 71 nömrəli sərəncamı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 25 il müddətinə hər hektara 32 manat olmaqla 224 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 13 may 2016-cı il tarixli, 71 nömrəli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin müraciəti nəzərə alınaraq Cəmiyyətə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Qaradonlu kəndi yaxınlığında Araz çayının yatağından 7,0 ha ərazi müvəqqəti istifadə hüququ ilə ayrılıb icarəyə verilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 07 nömrəli müqavilənin surətindən görünür ki, İmişli rayon İcra Hakimiyyəti başçısının 13 may 2016-cı il tarixli, 71 nömrəli sərəncamı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 25 il müddətinə hər hektara 32 manat olmaqla 224 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 30 iyun 2016-cı il tarixli, 116 nömrəli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə İmişli rayon İcra Hakimiyyəti başçısının 09 iyun 2005-ci il tarixli, 126 saylı sərəncamla İmişli şəhəri yaxınlığında Araz çayının yatağından 50 il müddətinə icarəyə verilmiş 15,0 ha ərazidə yaranmış göldə MMC-yə qanunvericiliyinin tələblərinə əməl etməklə balıq saxlanılması üçün icazə verilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 17 nömrəli müqavilənin surətindən görünür ki, İmişli rayon İcra Hakimiyyəti başçısının 30 iyun 2016-cı il tarixli, 116 nömrəli sərəncamı ilə balıqçılıqla məşğul olmaq üçün icarəyə verilmişdir. Həmin müqaviləyə əsasən icarəçi "AZE” MMC 1 (bir) il üçün hər hektara 32 (otuz iki) manat olmaqla 15 hektar üçün cəmi 512 (beş yüz on iki) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 23 dekabr 2016-cı il tarixli, 236 nömrəli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin müraciəti nəzərə alınaraq Cəmiyyətin 7,0 ha ərazidən istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2022-ci il tarixli, 11 nömrəli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin müraciəti nəzərə alınaraq İmişli rayon İcra Hakimiyyəti başçısının 08 iyun 2005ci il tarixli, 126 saylı sərəncamla cəmiyyətə İmişli şəhəri yaxınlığında Araz çayı sahilindən ayrılıb verilmiş 15,0 hektar torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022-ci il tarixli, 86 nömrəli sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rayonun Bəcirəvan kəndi yaxınlığından Araz çayının yatağından qum-çınqıl mateiallarının çıxarılması üçün 6,0 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının 05 noyabr 2014-cü il tarixli, 239 saylı sərəncamı və 05 noyabr 2014-cü il tarixli, 69 saylı icarə müqaviləsi ləğv edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 13.2.73-cü maddəsinə əsasənm iqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yerdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 mart 2013-cü il tarixli **********206300 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”nın 1.2.3-cü bəndinə görə vergi ödəyicisinin təsərrüfat subyekti – vergi ödəyicisinin ayrıca VÖEN verilmədən arayışla uçota alınan filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyektidir (obyektidir). Qaydaların 2.16-cı bəndinə görə ƏDV qeydiyyatı barədə bildiriş, “ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında arayış”, təsərrüfat subyektinin qeydiyyatı barədə arayış və NKA-nın qeydiyyat vərəqəsi proqram təminatı tərəfindən avtomatik olaraq vergi ödəyicilərinin elektron qutularına göndərilir. Vergi ödəyicilərinin müraciəti olduqda həmin sənədlər bu Qaydalarda göstərilən qaydada vergi orqanında hazırlanaraq “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nda imza etdirilməklə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən, o cümlədən cavabdeh tərəfin məhkəməyə təqdim olunmuş yazılı etirazından məlum olur ki, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti dövründə dövlət torpaq sahələrinin icarəsi üzrə 105663.83 manat hesablanmış, bundan 19317.00 manat ödənmiş və dövlət torpaq sahələrinin icarə haqqı üzrə hal hazırda dövlət büdcəsinə ödənilməmiş 86346.83 manat məbləğində borcu qalmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hesablanmış 79173,28 manat məbləğində dövlət torpaq icarəsi haqqının “Dövlət torpaq sahəsinin icarəsi üzrə vərəqə”dən silinməsini tələb edir. Məhkəmə mübahisə üzrə tərəflərin dəlillərinə münasibət bildirərkən ilk növbədə aşağıdakı normativ aktların tələblərini diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi»nin 3.0.12-ci bəndinə görə vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər bölmələrinin (obyektlərinin), nəzarət-kassa aparatlarının, habelə məcburi dövlət sosial sığortanın məqsədləri üçün ailə kəndli təsərrüfatlarını və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotunu aparmaq Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 mart 2013-cü il tarixli **********206300 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”nın 5.1.5-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə filialın və ya nümayəndəliyin əsasnaməsinin, rəhbər barədə qərarın (əmrin), habelə filialın, nümayəndəliyin və ya təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. Göründüyü kimi, mülki hüquq subyektləri üçün müqavilə azadlığına prinsip kimi yanaşan mövcud qanunvericilik “əvəzsiz istifadə” müqaviləsinin bağlanmasını nəzərdə tutur və belə müqavilənin tərəfi qismində çıxış edən istifadəçinin hüququnu “əmlak hüququ” sayır. Digər tərəfdən isə, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən normativ hüquqi aktlar sisteminə daxil olan “mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktı” kimi cavabdeh inzibati orqanın da məhkəməyə təqdim etdiyi yazılı etirazında istinad etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 mart 2013-cü il tarixli **********206300 nömrəli Əmri ilə təsdiq edilmiş Qaydalar (Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar) vergi ödəyicisinin təsərrüfat subyektinin vergi uçotuna alınması ilə bağlı təqdim olunan sənədlərin sırasını müəyyənləşdirmişdir. Bu sırada təqdim olunmalı sənədlərin içərisində icarə müqaviləsi ilə yanaşı “qanunvericiliklə nəzərdə tutulmuş digər sənəd” də nəzərdə tutulmuşdur ki, bu da öz növbəsində qanuni əsaslarla istifadəni təsdiqləyən əqdi yaxud başqa aktı ehtiva edir. Azərbaycan Respublikası "Torpaq icarəsi haqqında" Qanunun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, icarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Normaların məzmunundan göründüyü kimi, həmin Qanunun müddəaları torpaqların icarəyə verilməsinin əsaslarını, icarəyəverənlə icarəçi arasında yaranan münasibətləri tənzimləyir. İşdən göründüyü kimi, cavabdeh istinad etdiyi icarə müqaviləsinin iştirakçısı deyil və onun həmin müqaviləyə əsaslanan tələb hüququ yoxdur. Cavabdehin iddia tələbinə qarşı etirazında "Torpaq icarəsi haqqında" Qanunun 14-cü maddəsinə istinadına gəldikdə, həmin maddənin müddəalarına əsasən, torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. "Torpaq icarəsi haqqında" Qanunun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2005-ci il tarixli 321 saylı Fərmanına əsasən, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini dövlət müəssisələri, özəlləşdirməyə açıq elan edilmiş və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqlara münasibətdə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Göründüyü kimi, icarə haqqının ödənilməsini tələb etmək hüququ icarəyəverənə məxsusdur, cavabdeh isə yalnız həmin icarə haqlarının təyinatı üzrə daxil olmasına nəzarət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən, Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İddiaçının işdə olan şəxsi hesab vərəqəsindən göründüyü kimi, cavabdeh iddiaçıya vergilər üzrə hesablamalarla yanaşı, torpaq icarəsi üzrə də hesablama aparmışdır. İddiaçının vergi ödəyicisi (vergi-hüquq münasibətlərinin subyekti) olduğu və onunla cavabdeh vergi orqanı arasında vergi-hüquq münasibətlərinin Vergi Məcəlləsi ilə tənzimləndiyi, tərəflərin hüquq və vəzifələrinin də həmin Məcəllə ilə müəyyən edildiyi mübahisəsizdir. Lakin həmin Məcəllədə vergi orqanına vergi ödəyicisinin icarə haqqı üzrə mülki-hüquqi öhdəliyinin icrası ilə bağlı qərar qəbul etmək, həmin öhdəlik üzrə icarə haqqı hesablamaq və bunu vergi ödəyicisinin şəxsi hesab vərəqəsində onun öhdəliyi kimi təsbit etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Başqa sözlə, "Torpaq icarəsi haqqında" Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinə aid edildiyi təsbit olunsa da, sonuncu bu səlahiyyətləri vergi-hüquq münasibətləri müstəvisində həyata keçirməli deyil. Bu qənaət, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinin tələbindən irəli gəlir. Həmin normaya əsasən, «Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər». Birbaşa qüvvədə olan həmin normanın tələbindən göründüyü kimi, dövlət orqanları, həmin orqanların vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 10-cu bəndinin tələbinə görə, Nazirlik öz vəzifələrini və funksiyalarını mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquq mühafizə, maliyyə və digər dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirir. Normanın tələbi, həmçinin həmin Əsasnamənin 3-cü bəndinə əsasən, Nazirliyin dövlət büdcəsinə təkcə vergilərin deyil, həm də digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğu, habelə "Torpaq icarəsi haqqında" Qanunun 14-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqlarının Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməli olduğu nəzərə alındıqda, vergi orqanı icarə haqlarına münasibətdə ona həvalə edilən funksiyanı iddiaçı ilə bağlanmış icarə müqaviləsinin tərəfi olan yerli icra hakimiyyəti (İmişli Rayon İcra Hakimiyyəti) ilə qarşılıqlı əlaqədə həyata keçirə bilər. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-313/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 79173,28 manat məbləğində dövlət torpaq icarəsi haqqının “Dövlət torpaq sahəsinin icarəsi üzrə vərəqə”dən silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 79173,28 manat məbləğində dövlət torpaq icarəsi haqqının “Dövlət torpaq sahəsinin icarəsi üzrə vərəqə”dən silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №e-2-1(120)-460/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-460/2023
03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver