Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-476/2022 03.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “sonu 555, 777, 999 ilə bitən müxtəllif herfli seriyalı dövlət qeydiyyat nişanının dövlət rüsumu ödənilməklə avtomobilinə təhkim edilməsi” tələbinə dair iddiası üzrə işə 03 avqust 2022-ci il tarixdə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “müxtəlif hərfli seriyalı, sonu eyni rəqəmlərlə bitən dövlət rüsumu ödənilməklə, avtomobilinə təhkim edilməsinin cavabdehə həvalə olunması” tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci tarixli Q74-001-12 saylı «Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi üzrə inzibati reqlament»inin təsdiq edilməsi haqqında Qərarını rəhbər tutaraq, 5 ilə yaxın müddət ərzində sonu eyni rəqəmlərlə bitən dövlət qeydiyyat nişanlarından istənilən birinin avtomobilinə təhkim edilməsini istəmiiş, lakin bu günə kimi heç bir müsbət cavab almamışdır. Cavablarda sərfiyyatda sonu 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 olan dövlət qeydiyyat nişanlarının olmadığı bildirilmişdir. İşin faktiki hallarına nəzər saldıqda görünür ki, o (iddiaçı), 5 il davam edən müddət ərzində cavabdeh Azərbaycan Respublikası Baş X3 İdarəsinin hərəkət və ya hərəkətsizliyi səbəbindən müraciətinin sonlanmasına nail ola bilmir. Halbuki qanunamüvafiq olaraq müraciət etdiyindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci tarixli Q74-001-12 saylı Qərarının 3.4.4-cü bəndinin tələbinə müvafiq olaraq onun avtomobilinə sonu cüt olan rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanları təhkim edilməli idi. İddiaçı avtomobilinə ancaq sonu 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmlərinin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarının təhkim edilməsi ilə bağlı müraciət etmiş, qeydiyyat nişanlarının əvvəl rəqəmləri, hərflərin kombinasiyası barədə müraciətdə əlavə qeyd olmamışdır. Hətta 2021-ci ilin yay aylarında 77 ilə başlayan qeydiyyat nömrələri buraxılsa da, daha sonra etdiyi müraciətlərdə nəticəsiz qalmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci tarixli Q74-001-12 saylı Qərarının 16-cı bəndinə əsaslanaraq, müxtəlif hərfli seriyalı, sonu eyni rəqəmlərlə bitən dövlət rüsumu ödənilməklə, avtomobilinə təhkim edilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddiaçı iddiaya dəqiqləşmə ərizəsi təqdim edərək “sonu 555, 777, 999 ilə bitən müxtəllif herfli seriyalı dövlət qeydiyyat nişanının dövlət rüsumu ödənilməklə avtomobilinə təhkim edilməsi” barədə qərar qəbul edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası»nın 1.2-ci bəndinə görə avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər. Qaydanın 1.3-cü bəndinə görə dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq «Dövlət rüsumu haqqında» AR Qanununun 18.65.6-cı maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. Qaydanın 2.1-ci bəndinə görə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar və elektron müraciətlərin qəbulu üçün xidmətlər AR DİN Baş X3 İdarəsinin internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən və istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. Qaydanın 2.2-ci bəndinə görə dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: (2.2.1) dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi, (2.2.2) dövlət qeydiyyat nişanının verilməsi işinin elektron idarəetmə sistemi əsasında, növbələrin yaranmasını istisna edən şəraitdə, fasiləsiz və “bir pəncərə” prinsipi ilə təşkili, (2.2.3) dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı dövlət rüsumunun, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimələrin yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilməsi, bunun üçün texniki imkanların yaradılması, o cümlədən qeydiyyat-imtahan məntəqələrində ödənişləri qəbul edən xüsusi terminalların quraşdırılması, (2.2.3-1) AR İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması, (2.2.4) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, (2.2.5) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyalarını xüsusi elektron terminallar, o cümlədən internet vasitəsilə sərbəst seçmək və sifariş etmək imkanı. Qaydanın 3.1-ci bəndnə görə avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün müraciət edən şəxs qeydiyyat-imtahan məntəqəsində yerləşdirilmiş xüsusi elektron terminal vasitəsilə dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir və terminalın avtomatik olaraq çap edib verdiyi seçilmiş rəqəm və hərf kombinasiyasını, ödənilmiş dövlət rüsumunun məbləğini və aparılmış əməliyyatın nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini əks etdirən qəbzi nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir. Qaydanın 3.2-ci bəndinə görə şəxs avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün internet vasitəsilə müraciət etdikdə, müraciət səhifəsində dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin səhifədə ödəyir. Dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının seçilməsi, onun üçün müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi avtomatik qeydiyyata alınır və bu barədə şəxsin elektron poçt ünvanına məlumat göndərilməklə, əməliyyatın qeydiyyat nömrəsi internet səhifəsində əks olunur. Şəxs çap etdiyi həmin məlumatı nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir. Qaydanın 3.3-cü bəndinə görə avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün qeydiyyat-imtahan məntəqəsinə və ya internet vasitəsilə müraciət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X3 İdarəsinin İddiaçı ünvanlanmış 18 sentyabr 2019-cu il tarixli məktubunda aşağıdakılar qeyd olunur: - Dövlət rüsumu 500 manat müəyyən edilmiş, sonu 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 olan dövlət qeydiyyat nişanlarından birinin avtomobilinizə təhkim olunması ilə bağlı DİN-in Baş X3 İdarəsinə ünvanlanmış müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar bildirilir ki, hazırda sərfiyyatda arzu etdiyiniz sonu 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 olan dövlət qeydiyyat nişanları mövcud deyildir. Odur ki, növbəniz çatdıqda Sizə bu barədə müvafiq məlumat veriləcəkdir. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəqliyyat vasitələrinin sahiblərinə onlara verilən dövlət qeydiyyat nişanlarının bununla bağlı müəyyən edilmiş dövlət rüsumunu ödəməklə rəqəm və hərf kombinasiyasını sərbəst seçmək hüququnu nəzərdə tutur. Məhkəmə qeyd edir ki, həmin məsələ üzrə proseduru tənzimləyən qaydaların müddəaları təmin olunmalı mərhələlərin sırasına mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanmasını da daxil etmişdir. Lakin hazırkı işin hallarına görə, iddiaçının arzuladığı rəqəm kombinasiyasının (hərf kombinasiyası seçilməmişdir) mövcudluğu barədə rəsmi məlumat açıqlanmadığı halda, iddiaçı ona məxsus nəqliyyat vastəsinə müvafiq seçim etdiyi dövlət qeydiyyat nişanının verilməsini tələb edir. Belə məlumatın açıqlanmamasının təkcə hazırkı iddiaçının deyil, digər nəqliyyat vasitələri sahiblərinin də maraqları daxilində olması az ehtimallı olmadığından, dövlət qeydiyyat nişanlarının cavabdeh inzibati orqandakı mövcud inzibati praktika üzrə xronoloji ardıcıllıqla (sıra ardıcıllığı, rəqəm ardıcıllığı) təhkim edilməsi qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13, 17-ci maddələrinə zidd sayıla bilməz. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının müraciətinə verdiyi cavablar imtina kimi qəbul edilməməlidir. Belə ki, cavabdeh məktubunda müxtəlif hərflərin kombinasiyasından ibarət sonu cüt rəqəmləri ilə qurtaran dövlət nömrə nişanlarının halhazırda sərfiyyatda olmaması əsası ilə iddiaçının müraciətini təmin etməmişdir. İddiaçı isə sərfiyyatda 555, 777, 999 rəqəmli dövlət qeydiyyat nişanı olduğu halda cavabdehin onun müraciətini təmin etməkdən imtina etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddiaçının tələbi əsaslı hesab edilə bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “sonu 555, 777, 999 ilə bitən müxtəllif herfli seriyalı dövlət qeydiyyat nişanının dövlət rüsumu ödənilməklə avtomobilinə təhkim edilməsi” tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 62, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı «sonu 555, 777, 999 ilə bitən müxtəllif herfli seriyalı dövlət qeydiyyat nişanının dövlət rüsumu ödənilməklə avtomobilinə təhkim edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №e-2-1(120)-476/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-476/2022
03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver