Məhkəmə qərarları › İş №e-2-1(120)-640/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-640/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № e-2-1(120)-640/2024 08.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi X8, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin verilməsinin bərpa edilməsi və hazıradək almalı olduğu, lakin ala bilmədiyi 25 aya görə yığılıb qalmış müavinətin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin verilməsinin bərpa edilməsi və hazıradək almalı olduğu, lakin ala bilmədiyi 25 aya görə yığılıb qalmış müavinətin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsal cavabdehlə əvəz edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xidməti ezamiyyətdə olarkən Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiə Nazirliyinin Yardımlı rayonu şöbəsinin direktoru X11, baş mühasib X12, Yardımlı rayon poçtamtının sürücüsü X17 xx.xx.1998-cil tarixdə Yardımlı Masallı yolu istiqamətində, Vaz 2106 markalı maşınla hərəkət edərkən yol qəzası zamanı qrup halında istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində X4 həlak olması ilə əlaqədar onun həyat yoldaşı İddiaçı Səttar qızına birdəfəlik ödənc verilməklə yanaşı ona 2020-ci il ilin sentyabr ayınadək ailəni dolandıranın itkisi nəticəsində vurulmuş ziyanın ödənilməsi qaydalarına uyğun olaraq mərhum ərinin aylıq əmək haqqı miqdarında mütəmadi olaraq müavinət verilmişdir. Lakin 2020-ci il ilin sentyabr ayından etibarən qeyd olunan müavinətin ödənilməsi onlara məlum olmayan səbəblərdən dayandırılmışdır. Artıq 25 aydır ki, həmin müavinəti ala bilmirlər. Bununla bağlı aidiyyəti qurumlara müraciətlər olunsa da heç bir müsbət nəticəsi olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının əsaslı müraciətinə cavab verilməməsi və ya mücərrəd məzmunlu şifahi cavablar verilməsi hesab edir ki, "İnzibati icraat" haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə, xüsusən də həmin qanunun 12,13, 14,15 və 16-cı maddələrinin tələblərinə ziddir. Belə ki, həmin qanun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin qanun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Həmin qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin qanunun 15-ci və 16-cı maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin hüquqi əsaslarını təşkil edən normaların tələblərindən də görünür ki, cavabdeh inzibati orqan iddia tələblərini təmin etməkdə diskresion səlahiyətə malikdir və inzibati orqan qeyd olunan tələblərini təmin etməli idi. Lakin, inzibati orqan qeyri-müəyyən və mücərrəd cavabı ilə hüquqlarını pozmuşdur. Qeyd olunanların nəzərə alınmasını, xx.xx.1998-cil tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində X4 həlak olması ilə əlaqədar onun həyat yoldaşı hüquqlarını təmsil etdiyi İddiaçı ailəni dolandıranın itkisi nəticəsində vurulmuş ziyanın ödənilməsi qaydalarına uyğun olaraq mərhum ərinin aylıq əmək haqqı miqdarında müavinət verilməsinin bərpa edilməsinə, habelə hazıradək almalı olduğu, lakin ala bilmədiyi 25 aya görə yığılıb qalmış müavinətin yenidən hesablanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiə Nazirliyinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, İddiaçı ona ödənilən müavinətin bərpa edilməsi ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələr ilə inzibati orqana müraciət etmiş, lakin ona müavinət ödənişinin bərpa olunmasından müvafiq olaraq xx.xx.2022-ci il tarixli **********1 nömrəli və xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktublarla imtina edilmişdir. İmtinanın əsasları kimi İddiaçı mərhum həyat yoldaşı X4 ölümünə səbəb olmuş bədbəxt hadisənin təhqiqat materiallarının X18 Xidmətinin arxivində olmaması səbəbindən işin həqiqiliyini yoxlamaq mümkün olmamış və müvafiq ödənişin icrasının mümkün olmadığı qeyd olunmuşdur. İddiaçı cavabdehin məktubu ilə razılaşmayaraq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-4626/2023 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Hesab edirlər ki, İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İddia ərizəsinin əsasları kimi qeyd edilənlərə əsasən İddiaçı mərhum həyat yoldaşı Azərbaycan Respublikasının Yardımlı rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin baş mühasibi X14 xidməti ezamiyyətdə olarkən xx.xx.1998-ci il tarixdə Yardımlı-Masallı yolu istiqamətində VAZ 2106 “JİQULİ” markalı maşınla hərəkət edərkən yol qəzası zamanı qrup halında bədbəxt hadisə baş vermişdir. İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində R.Səfərovun həlak olması ilə əlaqədar ona birdəfəlik ödənc verilməklə yanaşı 2020-ci ilin sentyabr ayınadək ailəni dolandıranın itkisi nəticəsində vurulmuş ziyanın ödənilməsi qaydalarına uyğun olaraq mərhum ərinin aylıq əmək haqqı miqdarında mütəmadi olaraq müavinət ödənildiyini və sözügedən ödənişin 2020-ci ilin sentyabr ayından etibarən onlara məlum olmayan səbəblərdən dayandırıldığını iddia edir. İddiaçı iddia ərizəsinin məzmununda qeyd edilənlərə əsasən sözgedən müavinətin bərpa olunmasını və ona ödənilməli olan, lakin ödənilməyən müavinətin yenidən hesablanaraq ödənilməsini məhkəmədən xahiş etmişdir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli Qərarının 1.1 -ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin Qərarın 1.3-cü bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə X10nin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı), işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə olduqda, təqsirkar işəgötürən əmək xəsrətinə görə dəyən zərəri ödəməlidir. Eyni zamanda sözügedən Qərarın 3.1-ci bəndinə uyğun olaraq, zərərçəkənin (ailə başçısının) öldüyü halda X26 almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir. Sözügedən normaya əsasən, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı X29 olmuş əmək qabiliyyəti olmayan şəxslər, şəxsin ölümündən sonra doğulmuş uşağı, ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü əmək qabiliyyətindən asılı olmayaraq, ölənin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslərin zərərin əvəzinin ödənilməsi hüququ vardır. Bildirir ki, İddiaçı vəkilinin cavabdehə əvvəlki müraciətləri ilə eyni məzmunlu xx.xx.2022-ci il tarixli müraciəti Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubu ilə cavablandırılmışdır. Həmin məktuba əsasən iddiaçının vəkilinin sorğusuna cavab olaraq Yardımlı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin xx.xx.1998-ci il tarixli 24 nömrəli əmrindən çıxarışın surəti, “...bədbəxt hadisənin xüsusi təhqiqat aktı”nın surəti və xx.xx.1998-ci il tarixli 01 nömrəli “X10 haqqında akt”ın surəti ona göndərilmişdir. Lakin qeyd olunan sənədlərin əsilləri Mərkəzi Filiala təqdim edilməmişdir. Eyni zamanda, bədbəxt hadisə ilə əlaqədar başlanılmış cinayət işi üzrə Masallı rayon məhkəməsinin hökmünün surəti Mərkəzi Filialda olmadığından iddiaçının vəkilinin müraciəti üzrə ona göndərilməsi mümkün olmamışdır. Göründüyü kimi İddiaçı cavabdehə müraciəti üzrə inzibati orqan tərəfindən müvafiq olaraq araşdırma aparılmış və araşdırma zamanı mərhum R.Səfərovun ölümünə səbəb olmuş bədbəxt hadisənin təhqiqat materiallarının X18 Xidmətinin arxivində olmadığı müəyyən olunmuşdur. Həmçinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-120436/2023 nömrəli məktuba əsasən İddiaçı müraciəti üzrə təkrar araşdırma aparılmış və nəticə olaraq ödənişlərin həyata keçirilməsi təqdim edilmiş sənədlərin və İZ formalı aktın əslinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin tələblərinə riayət edilməklə tərtib edildiyi təqdirdə məqsədəmüvafiq hesab edilmişdir. Müvafiq sənədlər tam tərkibdə hazırlanaraq Mərkəzi Filiala təqdim edildikdən sonra ödənişin həyata keçirilməsi məsələsinə baxılacağı bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, işin həqiqiliyini yoxlamaq mümkün olmadığından və hadisənin təhqiqat materiallarının əsillərinin X18 Xidmətinin arxivində olmaması səbəbindən iddiaçının tələbi ilə sözügedən müavinət ödənişinin icrası mümkün deyildir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslanırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan sübutlarla əsaslandırır: İş materiallarında olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə anadan olmuş, Yardımlı rayonu, Ostair kəndində qeydiyyatdadır. İş materiallarında olan V-ЖГ 284696 nömrəli, xx.xx.1998-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1998-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X18nin xx.xx.1998-ci il tarixli,04/İ-430 nömrəli məktubundan görünür ki, İddiaçı ərizəsinə cavab olaraq bildirilmişdir ki, İddiaçı çatacaq müavinətlərin verilməsi üçün Yardımlı rayon Maliyyə şöbəsinə büdcə vəsaitinin ayrılması barədə göstəriş verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının Vəkilə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Yardımlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.1998-ci il tarixli 24 nömrəli əmrindən çıxarışın surəti, “Azərbaycan Respublikası Yardımlı rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru X11, baş mühasib X14, Yardımlı rayon poçtamptın sürücüsü X17, Yardımlı rayon özəlləşdirmə şöbəsinin işçisi X19 ilə xx.xx.1998-ci il tarixində Yardımlı Masallı yolu istiqamətində VAZ 2106 “JİQULİ” markalı maşınla hərəkət edərkən yol qəzası zamanı baş vermiş qrup halında bədbəxt hadisənin xüsusi tədqiqat aktı"nın surəti və xx.xx.1998-ci il tarixli 01 nömrəli "X10 haqqında akt"ın surəti ona göndərilir. Əlavə olaraq bildirilmişdir ki, qeyd edilən sənədlərin əsilləri Filiala təqdim edilməmişdir. Eyni zamanda, xx.xx.1998-ci il tarixdə Yardımlı Masallı yolu istiqamətində VAZ 2106 markalı avtonəqliyyat vasitəsilə hərəkət edərkən baş vermiş yol - nəqliyyat hadisəsi olan istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar başlanılmış cinayət işi üzrə Masallı rayon məhkəməsinin hökmünün surəti Filialda olmadığından göndərilməsi mümkün olmamışdır. İş materiallarında olan Yardımlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.1998-ci il tarixli, 24 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, X12- Mərkəzin baş mühasibi, avtomabil qəsası nəticəsində həlak olduğu üçün 10 iyul 1998-ci ildən işçilər sırasından cixarılsın. Axrıncı haq-hesabı təmin edilsin. 10 iyun 1998-ci il tarixdə nazirliyin rəsmi cağrışı əsasında Bakı şəhərinə müşavirəyə gedərkən avtomabil qəzası nəticəsində mərkəzin baş mühasibi X14 həlak olduğu və mərkəzi direktoru X11 ağır xəsarət aldığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1996-cı il tarixli qərarı ilə “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi qaydalarına” və bu qaydaların tətbiqinə dair təlimata uyğun olaraq birdəfəlik və aylıq ödənclər müəyyənləşdirilsin. İş materiallarında olan xx.xx.1998-ci il tarixli X10 Haqqında 1 nömrəli aktdan görünür ki, Yardımlı-Masallı əsas yolunun 29-cu km-də Yardımlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş mühasibi X14 10 iyun 1998-ci il tarixdə saat təöxminən 6 radələrində yol nəqliyyat hadisəsi zamanı hadisə yerində həlak (ölmüşdür) ölmüşdür. İş materiallarında olan Masallı rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli Hökmündən görünür ki, X22 Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 208-ci maddəsinin 2-ci hissəsi, 117-ci maddəsilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinin hissəsi ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə 660.000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin xx.xx.1999-cu il tarixli Qərarından görünür ki, protest təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə kollegiyasının xx.xx.1998-ci il tarixli qərardadı ləğv edilmiş, iş kassasiya qaydasında baxılması üçün Ali Məhkəmənin cinayət işləri üzrə məhkəmə kollegiyasına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı (Yardımlı rayonu, Pensiya № 020365) pensiya ödənişinə dair sənədlərinin təsdiq olunmuş surəti sizə təqdim olunur. Bildirir ki, vətəndaş İddiaçı pensiya ödənişinə dair sənədlərinin içərisində inzibati icraat materialları aşkarlanmamışdır. İş materiallarında olan əmək zədəsi üzrə ödənişdən imtina olunması barədə xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X7 ölümünə səbəb olmuş bədbəxt hadisənin təhqiqat materiallarının X18 Xidmətinin arxivində olmadığı müəyyən olmuşdur. Nəzərinizə çatdırırıq ki, işin həqiqiliyini yoxlamaq mümkün olmadığından və hadisənin təhqiqat materiallarının X18 Xidmətinin arxivində oİmaması səbəbindən müvafiq ödənişin icrası mümkün deyil. İş materiallarında olan Yardımlı rayon Prokurorluğunun məhkəməyə ünvanladığı N- 292/X nömrəli məktubunda qeyd edilmişdir ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yardımlı rayon şöbəsinin sabiq direktoru X11 və qeyrilərinin xx.xx.1998-ci ildə Yardımlı- Masallı yolunda "VAZ 2106" markalı avtomobil ilə hərəkətdə olarkən qəzaya uğrayaraq həlak olmaları barədə Yardımlı rayon prokurorluğunda cinayət işi istintaq edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X1 məhkəməyə xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xidməti ezamiyyətdə olmuş Yardımlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işləmiş X6, Mərkəzin baş mühasibi işləmiş X7, Yardımlı rayon Poçtamtının sürücüsü işləmiş X9 xx.xx.1998-ci il tarixdə Yardımlı-Masallı yolunda baş vermiş yol qəzası zamanı istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar sorğunuzda qeyd olunan sənədlərin əsli (xüsusi tədqiqat aktının, akta qoşma edilmiş sənədlərin, istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar əmək vəzifələrini yerinə yetirərkən həlak omuş və xəsarət almış işçilərə dəyən zərərin ödənilməsi haqqında xx.xx.1998-ci il tarixli əmrin və istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar Masallı Rayon Məhkəməsinin hökmü) Fondun 2 saylı Lənkəran-Astara regional filialında aşkar edilmədiyindən təsdiq edilmiş surətlərinin Sizə təqdim edilməsi imkanımız xaricindədir. İş materiallarında olan Yardımlı rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X11, X12 və X9 xx.xx.19998-ci il tarixdə Vaz 2106 markalı avtomobildə yol-nəqliyyat hadısəsəsı zamanı ölmələri faktı ilə bağlı Yardımlı Rayon Polis Şöbəsində cinayət işı üzrə istintaq aparılmamışdır. Odur kı, həmin fakt üzrə materialların surətlərinin məhkəməyə təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan Masallı rayon Məhkəməsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X17 barəsində cinayət işi aşkar olunmamışdır. İşdə olan ilkin təyinat materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1998-ci il tarixdə ailə başçısını itirməyə görə sosial pensiya təyin edilmişdir.Və təyinata əsas olan bütün sənədlər, arayış, təqdimat və aktlar işə əlavə edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları”nın 1.1-ci bədninə əsasən, Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. 1.3. Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: -istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə X10nin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); -işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. X16 X20 Və Miqdarı aşağıdakı formada həyata keçirilir. 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. 2.2. Əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 2.3. Zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). X26 X29 Olan Şəxslər, X3 X21 aşağıdakı formata həyata keçirilir. 3.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda X26 almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir. 3.2. Zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc X29 olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir: zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən; işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını X29 olan şəxslərə – mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq. 3.3. Zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Zərərçəkənə peşə xəstəliyinə tutulduqda, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin işlədiyi peşə (vəzifə) üzrə əmək fəaliyyətinin dayandırıldığı və ya peşə xəstəliyinin təsdiq edildiyindən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Əmək xəsarəti nəticəsində zərərçəkən vəfat etdikdə, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı işçinin ölümündən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. 3.4. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı müəyyən edilərkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarının İ nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin əmək haqqında onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun aylıq əmək haqqı müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu aylar üzrə əmək haqqı nəzərə alınır. 18 yaşına çatmamış zərərçəkənin aylıq ödəncinin miqdarı minimum əmək haqqının beş mislindən az ola bilməz. 3.5. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. 3.6. 3.3.-3.5. bəndlərdə göstərilən qaydada təqsirkar müəssisə tərəfindən zərərçəkənin əvəzçiliklə işlədiyi yerlərdə aldığı əmək haqqı hesablanıb ödənilir. 3.9. İstehsalat təlimi (təcrübəsi) keçən dövrdə istehsalatda əmək xəsarəti alan zərərçəkənlərə və yaxud bu səbəbdən həlak olmuş şəxslərin zərərə görə ödənc X29 olan ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənilməli olan zərərin miqdarı onun öyrəndiyi peşə (vəzifə) üzrə faktiki orta əmək haqqı, lakin müvafiq tarif (vəzifə) maaşından aşağı olmamaqla hesablanır. Bu halda faktiki orta əmək haqqı hesablanarkən bu Qaydaların 3.5-ci bəndində göstərilən nəzərə alınan və alınmayan ödənişlər götürülür. Həmin zərərçəkənlərə istehsalat təlimi (təcrübəsi) keçən dövrdə əmək haqqının verilmədiyi hallarda ödənilməli olan zərərin miqdarı müvafiq peşə (vəzifə) üzrə tarif (vəzifə) maaşından aşağı olmamaqla hesablanır. 3.10. Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. 3.11. Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. 3.12. Zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsində Ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi qaydası müəyyən edilir.Belə ki, 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı X29 olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun (01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya): -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “Əmək pensiyaları haqqında” Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslər öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 17.1. ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3- 1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyə əsasən iddiaçı müavinətin verilməsinin bərpa edilməsi və hazıradək almalı olduğu, lakin ala bilmədiyi 25 aya görə yığılıb qalmış müavinətin yenidən hesablanaraq ödənilməsi tələb etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehin iddiaya qarşı etirazında qeyd etdiyi imtinanın əsasını İddiaçı mərhum həyat yoldaşı X7 ölümünə səbəb olmuş bədbəxt hadisənin təhqiqat materiallarının X18 Xidmətinin arxivində olmaması səbəbindən işin həqiqiliyini yoxlamağın və müvafiq ödənişin icrasının mümkün olmaması təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərin surətindən görünür ki, X7 ölümünə səbəb olmuş bədbəxt hadisənin təhqiqat materialları və Masallı rayon Məhkəməsinin Hökmü İddiaçı ilkin təyinat zamanı cavabdeh orqana təhvil verilmişdir.Və cavabdeh tərəfindən həmin sənədlər əsasında təyinat aparılmışdır.Hazırki halda həmin hadisədən uzun zaman keçmişdir.İddiaçıda, arxivdə həmin sənədlərin əsillərinin olmaması iddiaçının təqsiri ilə bağlı yarana biləcək hal deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Beləliklə də məhkəmə hesab edir ki, cavabdehin sənədlərin əsilləri barədə tələbi yalnız formal xarakter daşımışdır. Məhkəmə qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz.Baxmayaraq ki, hazırki halda yeni qanunvericilik tənzimlənməsi olmamış, uzun müddət keçdikdən sonra cavabdeh tərəfindən iddiaçıdan sözügedən aktların əsilləri tələb edilmişdir.Cavabdehin hərəkəti isə “hüquqi müəyyənlik”, “qanuni gözlənti”, “hüquq münasibətlərinin davamlılığı və sabitliyi” və “etimad hüququnun qorunması” prinsiplərinə xələl gətirməkdədir. İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki,inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 18-ci maddəsində müəyyən edilmiş çoxun azı ehtiva etməsi prinsipinə əsasən, inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Həmin Qanunun 19-cu maddəsində müəyyən edilmiş mötəbərlik prezumpsiyasına əsasən, İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı müavinətin verilməsinin bərpa edilməsi və hazıradək almalı olduğu, lakin ala bilmədiyi 25 aya görə yığılıb qalmış müavinətin yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müavinətin ödənilməsinin bərpa edilməsi və hazıradək almalı olduğu, lakin ala bilmədiyi 25 aya görə yığılıb qalmış müavinətin yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar