Məhkəmə qərarları › İş №e-2-1(120)-713/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-713/2022

25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-713/2022 25.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «28 iyun 2022-ci il tarixli **********668000 nömrəli və **********669700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarların ləğv edilməsi» tələbinə dair işə 25 iyul 2022-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edərək, iddiaçı barəsində qəbul edilmiş 12 noyabr 2021-ci il tarixli **********430200 nömrəli və 29 noyabr 2021-ci il tarixli **********343700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarları, şəxsi hesab vərəqəsi üzrə 2020-ci və 2021-ci illər üzrə gəlir vergisi ilə bağlı hesablanmış 34.914,72 manat vergiləri, həmin vergilərə əsasən hesablanmış faizləri və iddiaçının cavabdeh vergi orqanı tərəfindən qoyulmuş vergi uçotunun (VÖEN-ni) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı 2020-ci və 2021-ci ilin 1-ci rübündə "xxxx" MMC-yə metal qırıntısı satmış və satdığı metal qırıntısı zamanı əldə etdiyi gəlirdən "xxxx" MMC vergi qanunvericiliyinin tələblərinə əsasən 2% gəlir vergisini ödəmə mənbəyində, yəni iddiaçıya ödəniş zamanı tutaraq dövlət büdcəsinə bəyan etmiş və ödəmişdir. Başqa sözlə, ddiaçı heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və fiziki şəxs olaraq bir vətəndaş kimi metal qırıntısını başqa yerlərdən yığaraq onu yalnız "xxxx" MMC-yə satmış, sonuncu isə vergi qanunvericiliyinin tələblərinə əsasən iddiaçı barəsində alış aktları tərtib edərək elektron vergi idarəsi sistemində qeydiyyatdan keçirmiş və iddiaçının bu fəaliyyətdən əldə etdiyi gəlirindən ödəmə mənbəyində 2 % gəlir vergisi tutaraq həmin hesabat dövrləri üzrə vergi orqanına təqdim etdiyi ÖMV bəyannamələri üzrə həmin vergiləri bəyan etmiş və dövlət büdcəsinə ödəmişdir. Lakin cavabdeh vergi orqanı iddiaçıdan xəbərsiz olaraq iddiaçının metal qırıntısının satışı ilə bağlı fəaliyyətini sahibkarlıq fəaliyyəti kimi zənn edərək əsassız və qanunsuz olaraq iddiaçını məcburi vergi uçotuna qoymuş və ona ********** nömrəli VÖEN vermişdir. Daha sonra, cavabdeh vergi orqanı tərəfindən 4 iyun 2021-ci il tarixində uyğunsuzluq məktubu göndərilərək iddiaçı tərəfindən 2020-ci il ərzində alış aktı ilə 893.654,00 manat dəyərində mal, iş və xidmət təqdim edilməsinə baxmayaraq 2020-ci il üçün gəlir vergisi bəyannaməsinin təqdim edilmədiyi göstərilmiş, VM-nin 83.9-cü maddəsinə istinad edilərək vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət AR Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən müəyyən edilməli olduğu qeyd edilmişdir. Bundan sonra, 14 iyun 2021-ci il tarixində əvvəlcə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********330100 nömrəli Qərarla 26.375,21 manat, sonra isə eyni tarixdə növbəti “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********087400 nömrəli Qərarla 29.788,47 manat məbləğində gəlir vergisi hesablanmışdır. İddiaçı bu hesablama ilə razı olmadığı üçün 2020-ci il üzrə boş gəlir vergisi bəyannaməsi təqdim etmiş və hesablanmış vergi məbləğinə azalma vermiş, lakin cavabdeh vergi orqanı kameral vergi yoxlaması keçirərək 12 noyabr 2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********430200 nömrəli Qərarla 26.375,21 manat məbləğində gəlir vergisi məbləğini bərpa etmişdir. Eyni zamanda, cavabdeh vergi oqanı tərəfindən iddiaçının fəaliyyətinin dayandırılması barədə ərizə verdikdən və 2021-ci il üzrə gəlir vergisi üzrə boş bəyannamə təqdim edildikdən sonra 18 noyabr 2021-ci il tarixində uyğunzusluq məktubu göndərilərək xx.xx.2021-ci il tarixində alış aktı ilə 60.640,0 (ƏDV daxil) manat dəyərində 189.5 ton həcmində mal təqdim edilməsinə baxmayaraq bəyannamə üzrə dövriyyə məbləğinin göstərilmədiyi qeyd edilmiş və vergi məbləğinin Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən 1712,99 manat vergi öhdəliyinin yaranmalı olduğu göstərilmişdir. Daha sonra, 29 noyabr 2021-ci il tarixli **********343700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla əlavə olaraq 2021-ci il üzrə 1712.99 manat gəlir vergisi hesablanmışdır. Beləliklə, iddiaçıya cavabdeh vergi orqanı tərəfindən 2020-ci il üzrə 12 noyabr 2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********430200 nömrəli Qərarla 26.375,21 manat, 2021-ci il üzrə 29 noyabr 2021-ci il tarixli **********343700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla 1712.99 manat, ümumilikdə 28.088,2 manat məbləğində gəlir vergisi hesablanmışdır. İddiaçı hesab edir ki, əlavə hesablanmış vergi məbləğləri vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığından və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 101.6-ci maddəsinə görə vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinə vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu; 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; 3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; 3.5.5. xam dərinin tədarükü (alışı). Vergi Məcəlləsinin 150.1.14-ci maddəsinə görə vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Eyni Məcəllənin 150.3-4-cü maddəsinə görə bu Məcəllənin 150.1.14-cü maddəsində göstərilən şəxslər bu Məcəllənin 101.6-cı maddəsinə uyğun olaraq gəlir vergisini hesablamağa, hesablanmış vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi forma üzrə bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar. Qeyd olunan normalardan görünür ki, vergi uçotunda olmayan fiziki şəxslərdən metal qırıntısı alan vergi ödəyiciləri tərəfindən yalnız ödəmə mənbəyində həmin fiziki şəxslərin gəlirlərindən 2 % vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yəni, bunun üçün iddiaçının vergi orqanlarında uçota durmağa heç bir hüquqi əsaslar mövcud deyil. İddiaçı da məhz vergi uçotunda olmadığı üçün "xxxx" MMC-yə metal qırıntısı satarkən iddiaçıya "xxxx" MMC tərəfindən ödənilən məbləğlərdən sonuncu müvafiq qaydada 2% gəlir vergisi tutmuş və bununla bağlı ÖMV hesabatlarını vergi orqanlarına təqdim edərək bəyan etmiş və həmin vergiləri dövlət büdcəsinə ödəmişdir. Başqa sözlə desək, "xxxx" MMC iddiaçının əldə etdiyi gəlirindən vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq artıq gəlir vergisi tutularaq dövlət büdcəsinə ödəmişdir. Həmin hesabatların əldə edilməsi üçün iddiaçı "xxxx" MMC-yə müraciət etmiş, sonuncu isə 2020-ci ilin İ-İV rübləri üzrə və 2021-ci ilin İ rübü üzrə ÖMV hesabatlarını iddiaçıya təqdim etmişdir. Qeyd olunan hesabatlardan da görünür ki, hər hesabatda iddiaçının adı və onun satdığı malların həcmi və qiyməti, eyni zamanda iddiaçıdan tutulan gəlir vergisinin məbləğləri əks olunmuşdur. Qeyd olunanlar bir daha təsdiq edir ki, iddiaçının əldə etdiyi gəlirdən artıq gəlir vergisi tutulub dövlət büdcəsinə bəyan edilmişdir. Eyni zamanda, qeyd olunan gəlir vergisinin tutularaq bəyan edilməsi "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən də açıqaşkar görünür. "xxxx" MMC-nin vergi orqanına 2020-ci il İ-İV rübləri və 2021-ci ilin İ rübü üzrə təqdim etdiyi ÖMV hesabatlarında vergi öhdəliklərin məbləğləri sonuncunun şəxsi hesab vərəqəsində də öz əksini tapmışdır. Görünüdüyü kimi, metal qırıntılarını satarkən vergi qanunvericiliyinin tələblərinə əsasən iddiaçıya aid olan vergi öhdəlikləri ondan tutularaq dövlət büdcəsinə ödənilmişdir. Buna baxmayaraq, cavabdeh vergi orqanı qanunsuz və əsassız olaraq iddiaçını məcburi qaydada vergi uçotuna qoyaraq sonuncuya əlavə olaraq Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən əlavə gəlir vergisi hesablamışdır. Cavabdeh vergi orqanının iddiaçını sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu zənn etdiyi üçün onu vergi uçotuna məcburi qaydada qoyub əlavə vergilər hesablanmasına əsas dəlili ondan ibarət olmuşdur ki, güya iddiaçı iri həcmdə və məbləğdə metal qırıntısı satdığı üçün onun fəaliyyətini sahibkarlıq fəaliyyətinə bənzətmişdir. Lakin bununla bağlı qeyd edilməlidir ki, ümumiyyətlə nə Vergi Məcəlləsinin yuxarıda göstərilən 101.6-cı maddəsində, nə digər normalarında və ya “Nağdsız hesablaşmalar haqqında” Qanununda fiziki şəxslərin gəlirlərindən 2% gəlir vergisinin tutulmasında həcm və ya məbləğ barədə hər hansı məhdudiyyət və ya qadağalar qoyulmamışdır. Cavabdeh vergi orqanı isə öz mülahizəsinə uyğun olaraq qanunda bununla bağlı heç bir məhdudiyyət və qadağa nəzərdə tutulmadığı halda iddiaçının fəaliyyətini əsassız və qanunsuz olaraq səhibkarlıq fəaliyyəti kimi qəbul etmiş və bundan başqa ona qanunsuz olaraq ikinci dəfə gəlir vergisi hesablamışdır. Halbuki, Vergi Məcəlləsinin 3.5-ci maddəsində konkret olaraq təsbit edilmişdir ki, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Göründüyü kimi, vergi qanunvericiliyi əldə edilən gəlirdən iki dəfə eyni növ verginin tutulmasını birbaşa qadağan etmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, ümumiyyətlə Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində göstərilmişdir ki, fiziki şəxslərin qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəliri gəlir vergisindən azaddır. Qeyd olunan normadan da görünür ki, qiymətli daş və metallardan başqa digər daşınar əmlkaın təqdim edilməsi gəlir vergisinindən azaddır ki, metal qırıntısı isə qiymətli daş və metallara aid edilmir. Bu səbəbdən də, hesab edirik ki, ümumiyyətlə iddiaçının metal qırıntısından satışı ilə bağlı fəaliyyəti gəlir vergisinindən azaddır. Həmçinin, onu da qeyd etməyi zəruri hesab edirik ki, cavabdeh vergi orqanı hətta iddiaçının fəaliyyətini sahibkarlıq fəaliyyəti hesab edərək əlavə vergilərin hesablanması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcılığa əməl etmədən birbaşa 67.14-cü maddəsini tətbiq etmişdir. Sadalanan normanın tələblərindən aydın görsənir ki, qanunvericilik vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadğı halda ilkin olaraq VM-nin 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlar əsasında, bu mümkün olmadınqa analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadığı halda isə VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik normasını tətbiq etməklə vergilərin hesablanmasını təsbit etmişdir. Başqa sözlə desək, qanunvericilik sözügedən maddədə yalnız qeyd olunan ardıcılığa əməl etdikdən sonra VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik norması əsasında vergilərin hesablanmasını mümkün etmişdir. Cavabdeh vergi orqanı isə VM-nin 67-ci maddəsində göstərilən ardıcılığa əməl etmədən, yəni əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin uçot və hesabat məlumatlarından istifadə etmədən birbaşa VMnin 67.14-cü maddəsini tətbiq etməklə vergilərin hesablanmasını həyata keçirmişdir ki, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, vergi orqanı iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh verg orqanı iddiaya dair etirazı təqdim edərək öz mövqeyini belə əsaslandırmışdır ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın 15 yanvar 2021-ci il tarixdə vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “metal və qeyri-metal tullantıları qırıntıları təkrar emal olunmalı olan metalların topdan satışı”ndan ibarət olduğu, vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Uçot baza məlumatlarına əsasən fərdi sahibkarın 2020-ci il ərzində metal tullantısı və qırıntısının elektron alış aktları ilə təqdim edilməsinə baxmayaraq, təqdim edilmiş malların həcmi, məbləği nəzərə alınmaqla fəaliyyətin xarakterinin bu sahədə sahibkarlıq fəaliyyəti göstərməsi qənaətinə gəlməyə kifayət qədər əsas vermişdir. Vergi Məcəlləsinin 33.3-cü maddəsinin tələblərinə müvafiq olaraq ünvanına aidiyyəti xəbərdarlıq bildirişi göndərilməsinə baxmayaraq, vergi uçotuna alınma ilə bağlı hər hansı izahat məktubu, təsdiqedici sənəd və sair vergi orqanına təqdim edilməmişdir. Bu səbəbdən fiziki şəxs Vergi Məcəlləsinin 33.3 və 33.5-ci maddələrinə uyğun olaraq vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alınmışdır. İşin faktiki halları ilə bağlı qeyd olunur ki, elektron uçot-məlumat bazası üçün aparılmış araşdırma nəticəsində fərdi sahibkar tərəfindən 2020-ci il ərzində elektron alış aktlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 893654,0 manat dəyərində 2693 ton metal tullantıları (qırıntı) təqdim edilməsinə baxmayaraq, 2020-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim etməmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) Nazirlər Kabinetinin 55 №li Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən müəyyən edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən 2020-ci il üzrə vergi ödəyicisinin gəlirinin 791256,27 manat məbləğində (01 mart 2020-ci il tarixdən 30 aprel 2020-ci il tarixədək vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallar 222380,0 manat (ƏDV-daxil) məbləğində, 01 may 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək isə 568876,27 manat (ƏDV-siz) məbləğində) olduğunu, xərcinin isə 659380,23 manat təşkil etdiyini nəzərə alaraq, mənfəət (gəlir) vergisinə cəlb olunan dövriyyə məbləğinin 131876,04 manat olmaqla, qeyd olunan dövr üzrə 26375,21 manat vergi məbləği üzrə kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 04 iyun 2021-ci il tarixli **********433300 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2020-ci il üçün 26375,21 manat gəlir vergisi hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 noyabr 2021-ci il tarixli **********430200 nömrəli Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Eyni zamanda elektron uçot-məlumat bazası üzrə aparılmış araşdırma nəticəsində fərdi sahibkar tərəfindən 2021-ci il ərzində elektron alış aktlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 60640,0 manat dəyərində 189,5 ton metal tullantıları (qırıntı) təqdim edilməsinə baxmayaraq, 2021-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim etməmişdir. Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən 2021-ci il üzrə vergi ödəyicisinin gəlirinin 51389,83 manat məbləğində (ƏDV-siz) olduğunu, xərcinin isə 42824,86 manat təşkil etdiyini nəzərə alaraq, mənfəət (gəlir) vergisinə cəlb olunan dövriyyə məbləğinin 8564,97 manat olmaqla, qeyd olunan dövr üzrə 1712,99 manat vergi məbləği üzrə kənarlaşma yaranmışdır. Qeyd olunanlar vergiyə cəlb edilən dövriyyənin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 18 noyabr 2021-ci il tarixli **********592800 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2021-ci il üçün 1712,99 manat gəlir vergisi hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 noyabr 2021-ci il tarixli **********343700 nömrəli Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Fərdi sahibkar tərəfindən 16 iyun 2021-ci il tarixdə vergi orqanına müraciət olunaraq apardığı əməliyyatlar üzrə vergi öhdəliklərinin dəqiqləşdirilməsi məqsədilə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinə istinad edərək malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlə istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulmalı olduğunu qeyd etməklə qara metal tullantısı və qırıntılar satmasını dolayısı ilə təsdiqləmişdir. Əlvan və qara metal qırıntılarının qəbulu ilə məşğul olan tədarükçülər əhalidən (vətəndaşlardan) kiçik həcmli partiyalarla malların qəbul edərkən həmin şəxslərə aparlan ödənişlərdən ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutur. Sahibkarlar tərəfindən həmin şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin FİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsi vergi ödəyicisi kimi uçotda olmayan, təqdimetmə halı sahibkarlıq fəaliyyəti hesab edilməyən (xırda mal partiyası şəklində, mütəmadi xarakter daşımayan, az həcmdə və digər oxşar hallarla xarakterizə olunan) şəxslərə və onların təqdim etdiyi mallara münasibətdə tətbiq edilir. Eyni zamanda, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçı barəsində qəbul edilmiş 12 noyabr 2021-ci il tarixli **********430200 nömrəli və 29 noyabr 2021-ci il tarixli **********343700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarların ləğv edilməsini xahiş etmiş və həmin dəqiqləşdirilmiş ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçı barəsində qəbul edilmiş 28 iyun 2022-ci il tarixli **********668000 nömrəli və **********669700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarların ləğv edilməsini xahiş etmiş və həmin dəqiqləşdirilmiş ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********668000 nömrəli qərarına əsasən, 2020-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 26.375,21 manat təşkil etmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********669700 nömrəli qərarına əsasən, 2021-ci il vergi dövrü üzrə kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi məbləği 1712,99 manat manat təşkil etmişdir; Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə baxışının predmetini iddiaçının mübahisələndiridiyi cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********668000 nömrəli və **********669700 nömrəli qərarları təşkil edir. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin hallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində cavabdeh vergi orqanı tərəfindən vergi ödəyicisi kimi məcburi qaydada uçota alınmış və əsas fəaliyyət növü kimi “metal və qeyri-metal tullantıları qırıntıları təkrar emal olunmalı olan metalların topdan satışı” qeyd edilmişdir. İş materiallarında olan cavabdeh vergi orqanı tərəfindən iddiaçıya göndərilən 4 iyun 2021-ci il tarixli uyğunsuzluq məktubunda iddiaçı tərəfindən 2020-ci il ərzində alış aktı ilə 893.654,00 manat dəyərində mal, iş və xidmət təqdim edilməsinə baxmayaraq 2020-ci il üçün gəlir vergisi bəyannaməsinin təqdim edilmədiyi göstərilmiş, VM-nin 83.9-cü maddəsinə istinad edilərək vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət AR Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən müəyyən edilməli olduğu qeyd edilmişdir. İş materiallarında olan cavabdeh vergi orqanı tərəfindən iddiaçıya göndərilən 18 noyabr 2021-ci il tarixli uyğunzusluq məktubunda iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində alış aktı ilə 60.640,0 (ƏDV daxil) manat dəyərində 189.5 ton həcmində mal təqdim edilməsinə baxmayaraq bəyannamə üzrə dövriyyə məbləğinin göstərilmədiyi qeyd edilmiş və vergi məbləğinin Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən 1712,99 manat vergi öhdəliyinin yaranmalı olduğu göstərilmişdir. İş materiallarında olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********668000 nömrəli və **********669700 nömrəli qərarlardan görünür ki, iddiaçıya kameral vergi yoxlaması nəticəsində 2020-ci il üzrə 26.375,21 manat və 2021-ci il üzrə 1712,99 manat gəlir vergisi hesablanmışdır. İşin faktiki hallarından və cavabdeh vergi orqanın etirazından görünür ki, cavabdeh vergi orqanı iddiaçıdan metal qırıntısının satışı ilə bağlı fəaliyyətini, yəni "xxxx" MMC-yə alış aktları əsasında metal qırıntıları satışını sahibkarlıq fəaliyyəti kimi qiymətləndirmiş və iddiaçını məcburi qaydada vergi uçotuna qoyaraq ona həmin fəaliyyətdən əldə etdiyi gəlirlərdən əlavə vergilər hesablamışdır. Məhkəmə iddiaçıya əlavə hesablanmış vergi məbləğlərinin vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığı qənaətinə gəlir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Vergi Məcəlləsinin 101.6-ci maddəsinə görə vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinə vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu; 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; 3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; 3.5.5. xam dərinin tədarükü (alışı). Vergi Məcəlləsinin 150.1.14-ci maddəsinə görə vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Eyni Məcəllənin 150.3-4-cü maddəsinə görə bu Məcəllənin 150.1.14-cü maddəsində göstərilən şəxslər bu Məcəllənin 101.6-cı maddəsinə uyğun olaraq gəlir vergisini hesablamağa, hesablanmış vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi forma üzrə bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar. Sadalanan normalardan göründüyü kimi, vergi uçotunda olmayan fiziki şəxslərdən metal qırıntısı alan vergi ödəyiciləri tərəfindən yalnız ödəmə mənbəyində həmin fiziki şəxslərin gəlirlərindən 2 % vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Başqa sözlə desək, bunun üçün iddiaçının vergi orqanlarında uçota durmağa heç bir hüquqi əsaslar mövcud deyil. İş materiallarında olan "xxxx" MMC-yə məxsus 2020-ci ilin İ-İV rübləri üzrə və 2021ci ilin İ rübü üzrə ödəmə mənbəyində vergi hesabatlarından görünür ki, hər rüblük hesabatda iddiaçının adı və onun satdığı malların həcmi və qiyməti, eyni zamanda iddiaçıdan tutulan gəlir vergisinin məbləğləri əks olunmuşdur. Eyni zamanda, iş materillarında olan qeyd olunan gəlir vergisinin tutularaq bəyan edilməsi "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən də açıq-aşkar görünür. "xxxx" MMCnin vergi orqanına 2020-ci il İ-İV rübləri və 2021-ci ilin İ rübü üzrə təqdim etdiyi ÖMV hesabatlarında vergi öhdəliklərin məbləğləri sonuncunun şəxsi hesab vərəqəsində də öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçı vergi uçotunda olmadığı üçün "xxxx" MMC-yə metal qırıntısı satarkən iddiaçıya "xxxx" MMC tərəfindən ödənilən məbləğlərdən sonuncu müvafiq qaydada 2% gəlir vergisi tutmuş və bununla bağlı ödəmə mənbəyində vergi hesabatlarını cavabdeh vergi orqanlarına təqdim edərək bəyan etmiş və həmin vergiləri dövlət büdcəsinə ödəmişdir. Başqa sözlə, "xxxx" MMC iddiaçının əldə etdiyi gəlirindən vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq artıq gəlir vergisi tutularaq dövlət büdcəsinə ödəmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı etirazında iddiaçını sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu zənn etdiyi üçün onu vergi uçotuna məcburi qaydada qoyub əlavə vergilər hesablanmasına əsas dəlili ondan ibarət olmuşdur ki, güya iddiaçı iri həcmdə və məbləğdə metal qırıntısı satdığı üçün onun fəaliyyətini sahibkarlıq fəaliyyətinə bənzətmişdir. Lakin bununla bağlı qeyd edilməlidir ki, ümumiyyətlə nə Vergi Məcəlləsinin yuxarıda göstərilən 101.6-cı maddəsində, nə digər normalarında və ya “Nağdsız hesablaşmalar haqqında” Qanununda fiziki şəxslərin gəlirlərindən 2% gəlir vergisinin tutulmasında həcm və ya məbləğ barədə hər hansı məhdudiyyət və ya qadağalar qoyulmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı isə öz mülahizəsinə uyğun olaraq qanunda bununla bağlı heç bir məhdudiyyət və qadağa nəzərdə tutulmadığı halda iddiaçının fəaliyyətini əsassız və qanunsuz olaraq səhibkarlıq fəaliyyəti kimi qəbul etmiş və bundan başqa ona qanunsuz olaraq ikinci dəfə gəlir vergisi hesablamışdır. Halbuki, Vergi Məcəlləsinin 3.5-ci maddəsində konkret olaraq təsbit edilmişdir ki, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Göründüyü kimi, vergi qanunvericiliyi əldə edilən gəlirdən iki dəfə eyni növ verginin tutulmasını birbaşa qadağan etmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ümumiyyətlə Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində göstərilmişdir ki, fiziki şəxslərin qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəliri gəlir vergisindən azaddır. Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dizpozisiyasında “bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla” şərti qeyd edilmiş və “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində nəzərdə tutulmasına baxmayaraq Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz məbləğində vergiyə cəlb edilməsi məhdudlaşdırılmışdır. Başqa sözlə desək, maddəyə əsasən Məcəllə ilə vergidən azad olunan gəlirlərinin siyahısı Vergi Məcəlləsinin 102-ci maddəsində öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəlirləri vergidən azaddır. Aydın olduğu kimi Məcəllənin tələbinə əsasən yalnız qiymətli daş və metalların, habelə onların məmulatlarının təqdim edilməsindən əldə edilən gəlir vergiyə cəlb edilə bilər. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallarıdır (palladium, iridium, osmium, rodium və rutenum), 1.1.3-cü maddəsinə əsasən qiymətli metallardan və qiymətli daşlardan məmulatlar qiymətli metallardan və onların əlvan metallarla ərintilərin-dən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətlİ və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyalarıdır, 1.1.4-cü maddəsinə uyğun olaraq isə qiymətli metalların və qiymətli daşların qırıntıların və tullantıların - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyən qiymətli metalların və qiymətli daşların hissələridir. Qanunvericilik aktlarının tələbindən də aydın olduğu kimi qiymətli metal və onların məmulatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad gəlirlər siyahısına daxil deyildir və Vergi Məcəlləsinin 101.6-cı maddəsinə uyğun olaraq məhz belə gəlirlər ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların, habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad gəlirlər siyahısına daxildir və bu səbəbdən belə ödəmələr Vergi Məcəlləsinin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyindən vergiyə cəlb edilə bilməz. Qeyd olunan normadan da görünür ki, qiymətli daş və metallardan başqa digər daşınar əmlkaın təqdim edilməsi gəlir vergisinindən azaddır ki, metal qırıntısı isə qiymətli daş və metallara aid edilmir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ümumiyyətlə iddiaçının metal qırıntısından satışı ilə bağlı fəaliyyəti gəlir vergisinindən azaddır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş cavabdeh vergi orqanın 28 iyun 2022-ci il tarixli **********668000 nömrəli və **********669700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar ləğv edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş 28 iyun 2022-ci il tarixli **********668000 nömrəli və **********669700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar