Məhkəmə qərarları › İş №e-2-1(120)-985/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(120)-985/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № e-2-1(120)-985/2023 27.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X9 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Ağcabədi rayonu, Avşar bələdiyyəsinə (X13, X18, X19, X10, X14, X2 və X15 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi cavabdeh Ağcabədi rayonu, Avşar bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağcabədi rayonu, Avşar Bələdiyyəsinin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 10044.91 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 16654 manat məbləğində siyahıya alınmış (ünvan 2i ünvanında yerləşən 7,57 ha torpaq sahəsi) əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-985/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X4, X11 X16, X3, X5, X1 və X6 üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vergi ödəyicisi Azərbaycan Respublikası Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir.Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə,, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir.Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır.Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 12652.96 manat borcuna görə 16654 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********8 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın bir vərəqədən ibarət siyahısı əlavə edilmişdir.Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixinə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 10044.91 manat ödənilməmiş borcu qalmışdır. Hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmədə iddianın qaldırılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi də formalaşmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 10.4-cü bəndində Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qaldıra biləcəyi, həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu qeyd edilməklə, mübahisənin maddi hüquqi əsasının ümumi hüquq normaları təşkil etdiyi halına da işin inzibati məhkəməyə aidliyinin göstəricisi kimi hüquqi qiymət verilmiş, bununla da hətta vergi ödəyicisi olmayan hüquqi və fiziki şəxslərin də cavabdeh qismində inzibati mübahisəyə cəlb edilməsinin mümkünlüyü müzakirələri yekunlaşmış olmuşdur. Ali Məhkəmənin respublikanın məhkəmələrinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 2-388 nömrəli metodiki məktubunda isə məhkəmələrə tövsiyə olunmuşdu ki, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna tabe olan struktur qurumlar tərəfindən məcburi sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair qaldırılmış iddialara məhkəmə təcrübəsində hələ də məhkəmə aidiyyəti qaydalarına zidd olaraq mülki mühakimə icraatı qaydasında iqtisadi mübahisə kimi baxılmaqda davam edilir. Halbuki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinin tələbinə əsasən həmin mübahisələrə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, "Sosial sığorta haqqında" Qanunla tənzimlənən mübahisə tərəfləri arasındakı münasibətlər ümumi (publik) hüququn nizamasalma predmetinə aiddir və həmin münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur.Bu səbəbdən, tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquqla tənzimləndiyinə görə Vergi Məcəlləsinin 90.1-ci maddəsində müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən qaldırılmış iddialara da İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia kimi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilirİPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr baxır.Qeyd olunanları nəzərə alaraq, iPM-in 2.1-ci və 2.2.7-ci maddələrinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 10044.91 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 16654 manat məbləğində (Ağcabədi rayonu AVŞAR kəndi yerləşən 7,57 hektar torpaq sahəsi) siyahıya alınmış əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun Dövlət Sosial Müdafiə Fonduna 10044.91 manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, vergi orqanı olan iddiaçı xx.xx.2022-ci il tarixli bildirişlə yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarları əsasında xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus ünvan 2i ünvanında yerləşən 7,57 ha torpaq sahəsi siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak Ağcabədi rayonu, Avşar Bələdiyyəsinin nümayəndəsi X7 məsul saxlanmaya verilmişdir. Ağcabədi rayonu, Avşar Bələdiyyəsinin nümayəndəsi X12 aktı imzalayaraq surətini almışdır. İş materiallarından görünür ki, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsinə 16654 manat məbləğində siyahıya alınmış əmlaka qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarına əlavə olunan Ağcabədi rayonun Avşar bələdiyyəsinin məhkəməyə ünvanladığı 27 aprel 2023-cü il tarixli, məktubunda göstərilmişdir ki, Cavabdeh Şırvan İnzibati Məhkəməsinin icraatında olan işlə bağlı (İş № 2-1(120)-985/2023) 20 fevral 2023cü il tarixli məktubunuza cavab olaraq bildirir ki, Ağcabədi rayonu Avşar kəndində yerləşən Cavabdehnə məxsus xx.xx.2020 tarixli çıxarış üzrə qeyd edilən 7,57 hektar torpaq sahəsinin sertifikat göstəriciləri aşağıdakı kimidir: Torpaq sahəsinin hüquqi statusu - X8 torpaqları; Torpaq sahəsinin hüquqi rejimi (kateqoriyası) - Kənd təsərrüfat təyinatlı; Torpaq sahəsinin uqodiyası - Örüş- otlaq; Torpaq sahəsinin növü - 12,7 bonitet balı; Torpaq sahəsinin təyinatı - Örüş- otlaq; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 7.2 maddəsinin tələblərinə əsasən həmin torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilməz. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-45/2-1987/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması” barədə iddia tələbinə dair inzibati ş üzrə zəruri olan məlumatların təqdim edilməsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Ərazi İdarəsində baxılmışdır. Ağcabədi rayonu Avşar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından, örüş otlaq, ümumi birgə 7.57 ha torpaq sahəsinə Cavabdeh 15 11.2003cü il tarixli 11 saylı protokoldan çıxarışa və Ağcabədi rayon DNK-nun 2V-13 nömrəli xx.xx.2020-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında X4, X11 X16, X3, X5, X1 və X6 adına 10.02 2020-cı ıl tarixli **********45 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir, (yüklülüyün növü - icarə) Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 3-cü maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Məhkəmə iclasında müəyyən edildi ki, ödənilməmiş 10044.91 manat borc məbləği ilə satılması tələb olunan siyahıya alınmış əmlakın (torpaq sahəsinin) 16654 manat məbləğində qiymətləndirilən dəyəri arasında ciddi uyğunsuzluq vardır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 11-ci və 17-ci maddələrində təsbit olunmuş “qanunçuluq” və “mütənasiblik” prinsipləri, eləcə də Vergi Məcəlləsinin 89.5-ci maddəsinin tələbi ilə ziddiyyət təşkil edir . Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11.2-ci maddəsinə əsasən “İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər”. Həmin Qanunun 17-ci maddəsinin tələbinə görə “Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.5-ci maddəsinə əsasən, yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Həmin Məcəllənin 89.6-cı maddəsinə əsasən, əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. Qeyd edilən Məcəllənin 89.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Həmin Qanunun 7.2-ci maddəsinin tələblərinə əsasən, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin Qanunun 12-ci maddəsinə əsasən, kənd təsərrüfatı ehtiyacları üçün verilmiş və ya bu məqsədlər üçün nəzərdə tutulan torpaqlar bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqları sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və aqrar qanunvericiliyi ilə tənzimlənir. İstifadəsində və ya icarəsində kənd təsərrüfatı təyinatlı bələdiyyə torpaqları olan hüquqi və fiziki şəxslər torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması və yüksəldilməsi üçün müvafiq mədəni-texniki, meliorativ və aqrotexniki tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi Ağcabədi rayonu, Avşar Bələdiyyəsinin dövlət büdcəsinə yaranmış borcunun ödənilməsini təmin etmək üçün cavabdehə məxsus əmlakın siyahıya alınmasını həyata keçirərkən qanunvericiliyin tələb etdiyi ardıcıllığa tam riayət olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, qanunverici bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlakın (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və s.) müəyyən edilmiş ardıcıllıqla siyahıya alına biləcəyini tələb etdiyi halda, vergi orqanının əməkdaşı tərəfindən birbaşa bələdiyyənin əsas gəlir mənbəyini təşkil edən örüş torpaq sahəsi siyahıya alınmışdır. Əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi mülkiyyətə verilə bilməz. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin malqarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən siyahıya alınmış 7.57 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir, təyinat məqsədi-örüş otlaq sahəsidir və xx.xx.2020-ci il tarixli **********45 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Ağcabədi rayon Avşar Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 11 saylı protokoldan çıxarış üzrə X4, X11 X16, X3, X5, X1 və X6 xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir. Beləliklə, Cavabdeh xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 10044.91 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 16654 manat məbləğində siyahıya alınmış ünvan 2i ünvanında yerləşən 7,57 ha torpaq sahəsinin satılması üçün heç bir hüquqi əsas yoxdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Ağcabədi rayonu, Avşar bələdiyyəsinə qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi cavabdeh Ağcabədi rayonu, Avşar bələdiyyəsinə (X4, X11 X16, X3, X5, X1 və X15 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağcabədi rayonu, Avşar Bələdiyyəsinin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 10044.91 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 16654 manat məbləğində siyahıya alınmış (ünvan 2i ünvanında yerləşən 7,57 ha torpaq sahəsi) əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar