Məhkəmə qərarları › İş №e-2-1(122)-1049/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(122)-1049/2025

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № e-2-1(122)-1049/2025 11.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi vasitəsilə, ilk öncə, eyni tələblə Cavabdehnə müraciət edərək, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Cavabdehin ünvan 2 ünvanında yaşayan İddiaçı nümayəndəsi Nümayəndə ünvanladığı 06 avqust 2025-ci il tarixli, 3-13-43-6/2-Q-20808/11/25 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslara uyğun olmadığından aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. Bundan sonra iddiaçı 15 avqust 2025-ci il tarixdə daxil olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilin qanuni mülkiyyətçisidir. 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi əsasında varislik hüququ ilə həmin əmlakın sahibi olmuşdur. Qanuni varis olan digər şəxslər övladları notariusda varislik hüququndan onun xeyrinə imtina etmiş, ev hərrac vasitəsilə onun adına sənədləşdirilmişdir. Həyat yoldaşının qeyri-nikahdan olan qızına düşən vərəsəlik payı keçirilmiş hərrac yolu ilə satışda tam ödənilmişdir. Hazırda isə həmin evdə faktiki olaraq yaşamayan, lakin qeydiyyatda qalan şəxslər mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsinə maneə olur. Bu şəxslər artıq evi tərk etmişdir, açar ondadır və ev tamamilə boşdur. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, mülkiyyətçinin razılığı olmadan heç bir şəxs onun mülkiyyətində olan əmlakda qeydiyyatda qala bilməz. İddiaçı Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, 2- 1(122)-1049/2025 nömrəli qərardadı ilə Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 üçüncü şəxs qismində cəlb edilmişdirlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2- 1(122)-1049/2025 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 dekabr 2025-ci il tarixli, 2-1(122)-1049/2025 nömrəli qərardadı ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmiş və həmin qərardad ilə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş Maraqlı şəxs4 eyni zamanda Maraqlı şəxs2 qanuni nümayəndəsi qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 18 fevral 2026-cı il tarixli, 2-1(122)-1049/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmiş, şifahi məhkəmə baxışı iclası 11 mart 2026-cı il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq, iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə 24 fevral 2026-cı il tarixli vəsatət göndərərək, 11 mart 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməyəcəyini, iş materiallarında toplanmış sübutların mübahisənin mahiyyəti üzrə qərar qəbul edilməsi üçün kifayət etdiyini, üçüncü şəxslərin faktiki olaraq mübahisəli ünvanda yaşamamalarını, məhkəmə çağırışlarına münasibət bildirməmələrini və iş üzrə təqdim edilmiş sənədləri nəzərə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını və qanuni, əsaslı qərar qəbul edilməsini xahiş etmiş, Cavabdeh məhkəməyə 04 mart 2026-cı il tarixli, 3-13-43-6/2-6907/2026 nömrəli məktub göndərərək, xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirakları olmadan işə baxıb müvafiq qərar verilməsini xahiş etmiş, İddiaçı və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4 (eyni zamanda Maraqlı şəxs2 qanuni nümayəndəsi) və Maraqlı şəxs3 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, mənzilin çıxarışını, ərizəni, arayışı və protokolu əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın elektron imza ilə təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 30.19 kv.m. ümumi sahədən ibarət mənzil İddiaçı adına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********89-05101-093011, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025). - Asan-Naxçıvan tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli, ******* arayışlardan görünür ki, xx xxxx 1969-cu il tarixdə Babək rayonu, Əliabad kəndində doğulmuş İddiaçı 01 avqust 2023-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər aşağıdakılardır: 1. Maraqlı şəxs1-xx.xx.1970; 2. Maraqlı şəxs2-xx.xx.2017; 3. X5xx.xx.1999; 4. Maraqlı şəxs3-xx.xx.2020. - 09 aprel 2025-ci il tarixli, 03/01 nömrəli paylı mülkiyyətdə olan əmlakın (daşınar və ya daşınmaz) satış üzrə açıq hərracın yekunları barədə protokoldan görünür ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 14154/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sifariş məktubuna əsasən qalib (alıcı) İddiaçı qızı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.19 kv.m. olan mənzili 53200 (əlli üç min iki yüz) manata almışdır. - Maraqlı şəxs4 Şücayət qızı tərəfindən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə ünvanlanmış 19 may 2025-ci il tarixli ərizədən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-609/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ünvan 1 mənzilin satış qiymətindən əldə olunan vəsaitdən ona çatacaq 1/10 hissə-5113 manat pul vəsaitini almışdır. İş materiallarına əlavə edilmiş - Naxçıvan Şəhər Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(078)-609/2024 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin olunmuş, Naxçıvan şəhəri, Həsən Əliyev küçəsi, ev 2 ünvanında yerləşən 1 nömrəli mənzilin paylı mülkiyyətçilərin razılığı olmadan açıq hərracdan satılması və satışdan əldə olunacaq məbləğin 9/10 hissəsi İddiaçı, 1/10 hissəsi X2 verilməsi, Naxçıvan şəhəri, Həsən Əliyev küçəsi, ev 2 ünvanında yerləşən 1 nömrəli mənzilin ilkin satış qiymətinin 53200 (əlli üç min iki yüz) manat müəyyən olunması qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X4” publik hüquqi şəxsi tərəfindən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə ünvanlanmış 10 aprel 2025-ci il tarixli, 04/23 nömrəli məktubdan görünür ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 14154/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli sifariş məktubuna və Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-609/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Naxçıvan şəhəri, Həsən Əliyev küçəsi, ev 2 ünvanında ümumi sahəsi 3019 kv.m. olan 1 nömrəli mənzil Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "X4" publik hüquqi şəxs tərəfindən 09 aprel 2025-ci il tarixdə açıq hərracı keçirilərək 53200 (əlli üç min iki yüz) manata satılmış və əmlakın satışı üzrə açıq hərracın yekunları barədə 03/01 nömrəli protokol imzalanmışdır. Hərracın qalibi əmlakın 10/9 hissəsinin mülkiyyətçisi İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ARİİİ № 546215 nömrəli Etibarnamə əsasında Nümayəndə əmlakın 10/1 hissəsinin mülkiyyətçisinə çatan 5113.60 (beş min yüz on üç) manat 60 qəpik vəsaiti ödəmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ARİİİ № 546215 nömrəli Etibarnamə əsasında Nümayəndə tərəfindən hərracda iştirak etmək üçün ödənilmiş 2260 (iki min iki yüz altmış) manatın 1064 (bir min altmış dörd) manatı xidmət haqqına tutulmuş, 1596 (bir min beş yüz doxsan altı) manatı Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülmüşdür. - Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 12 iyun 2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-609/2024-048 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 08 yanvar 2026-cı il tarixli, 3-13- 43-6/2-498/2026 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs2 və Maraqlı şəxs3 anası Qasımova X3 şəhəri, H.Əliyev küçəsi, ev 2, mənzil 1 ünvanında, atası X1 rayonu, Qoşadizə kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən mənzilin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusluğu, üçüncü şəxslərin hazırda həmin yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, faktiki olaraq onların orada yaşamamaları müəyyən edilmişdir. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus olan evdə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması İddiaçı mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən ev üzərində hər hansı hüquqa malik olmadıqları və yaşamadıqları halda qeyd edilən ünvanda qeydiyyatda qalmaları İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınması nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən evdən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Fiziki şəxslərin mülkiyyət hüquqlarının müdafiəsi qüvvədə olan qanunvericilikdə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılmaları tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Buna görə də Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmalarıından Cavabdeh tərəfindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 2, 4.1, 52, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar