Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-1(122)-1167/2025 26.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, iddiaçı “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin tam icra olunması, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda olan X4, X5, X6, X1 və X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün Naxçıvan MR DİN-in pasport qeydiyyat və miqrasiya şöbəsinə müraciət etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin tam icra olunması, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda olan X4, X5, X6, X1 və X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün Naxçıvan MR DİN-in pasport qeydiyyat və miqrasiya şöbəsinə müraciət etmək öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 26 noyabr 2025ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 27 oktyabr 2025-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia tələbinin məzmununa əsasən Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin tam icra olunması tələb edilsə də, həmin qətnamənin məzmununda müvafiq öhdəliyin həyata keçirilməsi ilə bağlı cavabdeh orqana hər hansı göstəriş müəyyən olunmamışdır. Həmçinin kommersiya məhkəmələrinin qərarlarının icrası ilə bağlı mübahisələr inzibati məhkəmə icraatının predmeti hesab oluna və iddia mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Bu səbəbdən də 26 noyabr 2025-ci il tarixdə, saat 15:15-ə təyin edilmiş məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələnin müzakirə ediləcəyi bildirilmişdir. Göstərilən tarixdə məhkəmə iclasında iştirak edilməsi və məktubu aldıqdan sonra 10 (on) gün müddətində aidiyyət ilə bağlı məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmənin yardım məktubunu almasına baxmayaraq, məktubda qeyd olunanlarla bağlı hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbini müdafiə etdiyini, iddia tələbinə qeyd olunan formada baxılmasını və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin tam icra olunmasını, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda olan X4, X5, X6, X1 və X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün Naxçıvan MR DİN-in pasport qeydiyyat və miqrasiya şöbəsinə müraciət etmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddia tələbinin birinci hissəsi olan Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin tam icra olunmasına münasibətdə qeyd edilməlidir ki, həmin tələbin icrası inzibati məhkəmə icraatının predmeti hesab edilə bilməz. Belə ki, məhkəmə qərarlarının icrası həmin məhkəmənin səlahiyyətinə aid olmaqla bir icraat çərçivəsində baxılmalıdır. Bu səbəbdən həmin növ iddialara ayrıca icraat çərçivəsində baxıla bilməz. İddia tələbinin ikinci hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda olan X4, X5, X6, X1 və X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları tələbinin icrası cavabdeh orqanın səlahiyyətinə aid edilə bilməz. Belə ki, iddiaçının hüquqi məqsədinin təmin edilməsi üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rayon, şəhər polis idarəsi müraciət edilməli, bundan sonra mülkiyyətçi tərəfindən inzibati məhkəmə icraatı qaydasında iddia qaldırıla bilər. Məhkəmə qanunvericiliyin tələbinə əsasən yardım etmək vəzifəsindən çıxış etmiş, iddiaçı tərəfə müvafiq yardım məktubu ünvanlayaraq iddianın mümkünlük məsələsinə baxılacağını diqqətə çatdırılmışdır. Həmçinin 26 noyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şifahi qaydada iddiaçıya yardımlar edilmişdir. Hazırki vəziyyətdə iddianın mümkünsüzlüyünə əsas olmuş hallar aradan qaldırılması mümkün olmadığından məhkəmə tərəflərin bununla bağlı münasibət bildirilməsindən asılı olmayaraq mümkünlük məsələsinə baxmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin tam icra olunması, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda olan X4, X5, X6, X1 və X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün Naxçıvan MR DİN-in pasport qeydiyyat və miqrasiya şöbəsinə müraciət etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. İddiaçıya izah edilir ki, hazırki iddia tələbinin həlli istiqamətində aidiyyəti üzrə müraciət etdikdən sonra müvafiq məhkəmədə iddia qaldırmaq hüququ vardır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin tam icra olunması, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda olan X4, X5, X6, X1 və X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün Naxçıvan MR DİN-in pasport qeydiyyat və miqrasiya şöbəsinə müraciət etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №e-2-1(122)-1167/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(122)-1167/2025
26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver