Məhkəmə qərarları › İş №e-2-1(122)-1244/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(122)-1244/2025

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-1(122)-1244/2025 25.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və “ZİRVƏ QRUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və ZİRVƏ QRUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin İddiaçı1 MMC barəsində xx.xx.2025 tarixli, **********195499 və İddiaçı2 MMC barəsində xx.xx.2025 tarixli, **********195500 saylı qərarlarının ləğv edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və “ZİRVƏ QRUP" Məhdud Məsuliyyətli Cəmiyyəti elektron qaydada vəkil və nümayəndələri vasitəsilə cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin İddiaçı1 MMC barəsində xx.xx.2025 tarixli, **********195499 və İddiaçı2 MMC barəsində xx.xx.2025 tarixli, **********195500 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması məsələsinə baxılmış və şifahi icraat qaydasında mümkünlük iclası 25 fevral 2026-cı il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Həmçinin iddiaçı tərəfə 16 dekabr 2025-ci il, 08 yanvar və 04 fevral 2026-cı il tarixli eyni məzmunlu yardım məktubları ünvanlanaraq bildirilmişdir ki, iddia tələbinin məzmunundan aydın olur ki, tələb Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia hesab edilir. Həmin iddia tələbi üzrə xüsusi mümkünlük şərti iddia müddəti tələbinə riayət edilməsi ilə bağlıdır. İPM-nin 38-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növü üzrə iddia müddəti 30 gün nəzərdə tutulmuşdur. Lakin iddiaçılar tərəfindən mübahisələndirilən aktlar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Bununla da qanunvericilikdə inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Bununla belə, iddiaçılar tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə iş materiallarına əlavə edilməmişdir. Həmçinin hazırki iddia birgə iddiaçılar tərəfindən qaldırıldığından bunun hüquqi əsasını müəyyənləşdirmək mümkün olmamışdır. Yuxarıda göstərilənlərə əsasən mümkünlük iclaslarında iddianın xüsusi mümkünlük şərti olan iddia müddəti ilə bağlı məsələnin müzakirə ediləcəyi diqqətə çatdırılmış, məhkəmə iclasında iştirak edilməsi xahiş edilmiş, həmçinin prosessual müddətin hansı üzrlü səbəblərdən ötürülməsini özündə ehtiva edən buraxılmış prosessual müddətin bərpası barədə ərizənin və bu halı təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş, əks halda iddia tələbinin İPM-nin 35.1-ci maddəsinə əsasən mümkünsüz sayıla biləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçılar İddiaçı1 və “ZİRVƏ QRUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil məhkəməyə 29 yanvar 2026-cı il tarixli ərizə göndərərək, Azərbaycan Respublikasının İnzibati İcraat haqqında Qanunun 73.1-ci maddəsində Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilməsi nəzərdə tutulmuşdur. Hüquqlarını müdafiə etdiyi İddiaçı2 MMC və İddiaçı1 MMC barəsində Naxçıvan Muxtar Respublikasının prokrorluğunda ********* nömrəli cinayət işi olmuşdur. Onlara bildirilmişdir ki, qərar qəbul olunaraq cinayət işi tezliklə yekunlaşacaq. Vergi orqanının qeyd edilən İddiaçı1 MMC barəsində xx.xx.2025 tarixli, **********195499 və İddiaçı2 MMC barəsində xx.xx.2025 tarixli, **********195500 saylı qərarları ləğv olunacaqdır. Ona görə də, onlar istintaqın yekunlaşmasını gözləmiş və şikayət müddətini bu səbəbdən buraxmışılar. X3” MMC və İddiaçı1 MMC tərəfindən Hüquqşünas ştatı üzrə vakansiya elan edilmiş, şirkətlər Azərbaycan Respublikasının qanunvericiliyindən kifayət qədər məlumatlı olmamışdırlar. İddiaçı2 MMC və İddiaçı1 MMC-in direktoru və təsisçisi Alpagu Servet əcnəbi vətəndaşdır. Azərbaycan Respublikasının qanunvericiliyindən kifayət qədər məlumatlı deyil. Ona görə də, qeyd edilən hüquqi şəxslərin məhkəməyə şikayət əlçatanlılığının təmin edilməsi məqsədilə buraxılmış şikayət müddəti üzrlü hesab edilməlidir. İddiaçıların vəkili və nümayəndəsi buraxılmış şikayət müddətini üzrlü hesab etməklə, iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və “ZİRVƏ QRUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil məhkəməyə ünvanlanmış prosessual müddətin bərpası barədə ərizəyə uyğun izahat verərək, mübahisələndirilən qərarların onlara rəsmi qaydada təqdim edilmədiklərini, elektron qaydada çatdırılmanı rəsmi çatdırılma hesab etmədiyini, buna görə də tərəflərindən iddia müddətinin ötürülmədiyini bildirərək, məhkəmədən prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 məhkəməyə ünvanlanmış etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıların vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, prosessual müddətin bərpası barədə ərizəni və iş materiallarına əlavə edilmiş digər sənədləri (etiraz, şikayət, qərar, vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat) tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizə təmin olunmamalı və iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçılar İddiaçı1 və “ZİRVƏ QRUP" Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin İddiaçı1 MMC barəsində xx.xx.2025 tarixli, **********195499 və İddiaçı2 MMC barəsində xx.xx.2025 tarixli, **********195500 saylı qərarlarının ləğv olunmasını tələb edirlər. İlk öncə, hazırki iddianın növünü müəyyənləşdirərkən aydın olur ki, iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. İddiaçıların mübahisələndirdiyi inzibati akt 25 iyun 2025-ci il tarixdə qəbul edilmişdir. İddiaçılar mübahisələndirdiyi inzibati akt qəbul edildikdən təqribən 6 ay sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdirlər. İddiaçıların vəkili və nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsində prokurorluq orqanlarında cinayət işinin olduğunu, iddiaçıların təsisçisinin xarici vətəndaş olduğundan və müəssisələrdə hüquqşünas kadr olmadığından öz hüquqlarını lazımi qaydada həyata keçirə bilmədiklərini əsas gətirməklə iddiaçılar tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçılar tərəfindən irəli sürülmüş prosessual müddətin bərpası barədə ərizədə qeyd edilən xüsusatlara hüquqi qiymət verərək hesab edir ki, qeyd edilmiş hallar müddətin buraxılması üçün üzrlü səbəb hesab edilə bilməz. Belə ki, iddiaçılar mübahisələndirilən qərarlar qəbul edildikdən 5 gün sonra, yəni 30 iyun 2025-ci il tarixdə iddiaçılara elektron qaydada göndərilmişdir. İş materiallarında olan və cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sənədlərlə bu hal öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş: - 30 iyun 2025-ci il tarixli, 3-21-2-24/2-18877/2025 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 25 iyun 2025-ci il tarixli **********195500 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar və **********603700 nömrəli “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə İddiaçı2nə göndərilmişdir. Müvafiq sənədlər məktuba qoşma ilə əlavə edilmişdir. - Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, 30 iyun 2025-ci il tarixli məktub 30 iyun 2025-ci il tarixdə, saat 19:21:31-də İddiaçı2nə göndərilmiş və İddiaçı2 tərəfindən 01 iyul 2025-ci il tarixdə oxunmuşdur. - 30 iyun 2025-ci il tarixli, 3-21-2-24/2-18885/2025 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 25 iyun 2025-ci il tarixli **********195499 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar və **********598800 nömrəli “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə İddiaçı1nə göndərilmişdir. Müvafiq sənədlər məktuba qoşma ilə əlavə edilmişdir. - Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, 30 iyun 2025-ci il tarixli məktub 30 iyun 2025-ci il tarixdə, saat 15:47:27-də İddiaçı1nə göndərilmiş və İddiaçı1 tərəfindən oxunması ilə bağlı məlumat qeyd edilməmişdir. - xx.xx.2025-ci il tarixli, **********195499 nömrəli və xx.xx.2025-ci il tarixli, **********195500 saylı qərarların nəticə hissəsindən görünür ki, qərardan təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya Qərarı çıxarmış vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilə bilər. Yuxarıda qeyd edilən sübutlardan da aydın olduğu kimi, iddiaçılara mübasələndirilən qərarla şikayət hüququ aydın şəkildə izah edilmişdir. İddiaçılar tərəfindən istər inzibati qaydada yuxarı vergi orqanına, istərsə də məhkəməyə müraciət edilməsi ilə bağlı qanunvericiliyin tələbinə əməl edilməmiş və iddia müddəti ötürülmüşdür. Məhkəmə iddiaçıların vəkili və nümayəndəsi tərəfindən prosessual müddətin bərpası barədə ərizədə qeyd edilmiş əsasları müddətin bərpasına əsas verən mötəbər hal kimi qiymətləndirmir. Belə ki, iddiaçılardan biri-İddiaçı2 onun barəsində qəbul edilmiş qərar ilə 01 iyul 2025-ci il tarixdə tanış olmuş və həmin qərarın doğuracağı hüquqi nəticələrdən xəbərdar olmuşdur. Digər İddiaçı1 qərarı oxuması ilə bağlı müvafiq qeyd olmasa da, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qərar qanunvericiliklə müəyyən edilmiş qaydada tərəfə təqdim edilmişdir. İddiaçının həmin qərar ilə vaxtında tanış olmaması inzibati orqanın məsuliyyət sferasına aid edilə bilməz. Digər tərəfdən iddiaçıların vəkili və nümayəndəsi tərəfindən istər məhkəməyə ünvanlanmış ərizədə, istərsə də məhkəmə iclaslarında iddia müddətinin buraxıldığı bildirilərək, həmin müddətin bərpa edilməsi xahiş edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfin qəbul edilmiş qərarlardan xəbərdar olduqları dolayısı ilə etiraf edilir. İddiaçıların vəkili və nümayəndəsi tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizədə istinad olunan hallara münasibətdə isə qeyd edilməlidir ki, prokurorluq orqanlarında cinayət işinin olması iddiaçıları onların barəsində qəbul edilmiş müvafiq aktı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququndan məhrum etməmişdir. Digər tərəfdən həmin aktların cinayət işi çərçivəsində ləğv edilməsi qanunvericiliyin tələbinə ziddir. Belə ki, inzibati akt yalnız onu qəbul etmiş şəxs və ya məhkəmə tərəfindən ləğv edilə bilər. İddiaçıların vəkili və nümayəndəsinin ərizədə istinad etdiyi digər əsas olan hüquqşünas kadrların olmaması və iddiaçıların təsisçisinin əcnəbi vətəndaş olmasına münasibətdə isə qeyd edilməlidir ki, bu hal iddiaçıların hüquqlarının məhkəmə müdafiəsinə maneə deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə yuxarıda qeyd edilənlərə məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddiaçılar onlar barəsində qəbul edilmiş qərarları qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ərzində mübahisələndirmədiklərindən, iddiaçıların vəkili və nümayəndəsi tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizədə sadalanan hallar həmin müddətin bərpa edilməsi üçün üzrlü hesab edilmədiyindən, iddiaçılar mübahisələndirmə haqqında iddia növü üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Buna görə də hazırki iddia mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından bir il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. - 62.3-cü maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçı tərəfə istər məhkəmə iclaslarında, istərsə də müvafiq yazışmalar yolu ilə dəfələrlə hüquqi yardım edilmişdir. Lakin hazırki vəziyyətdə iddianın mümkünlük şərtlərini aradan qaldırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddiaçılar İddiaçı1 və ZİRVƏ QRUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin İddiaçı1 MMC barəsində xx.xx.2025 tarixli, **********195499 və İddiaçı2 MMC barəsində xx.xx.2025 tarixli, **********195500 saylı qərarlarının ləğv edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və “ZİRVƏ QRUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil 29 yanvar 2026-cı il tarixli ərizəsi təmin edilmir. İddiaçılar İddiaçı1 və ZİRVƏ QRUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin İddiaçı1 MMC barəsində xx.xx.2025 tarixli, **********195499 və İddiaçı2 MMC barəsində xx.xx.2025 tarixli, **********195500 saylı qərarlarının ləğv edilməsi tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar