Məhkəmə qərarları › İş №e-2-1(122)-154/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(122)-154/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № e-2-1(122)-154/2023 27.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı "X5, X10 və X6 İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X10 və X6 İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmalarıı öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi, ilk öncə, eyni tələblə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək X5, X10 və X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Cavabdeh inzibati orqanın İddiaçı vəkili və nümayəndəsi Vəkil ünvanladığı 29 dekabr 2022-ci il tarixli, 7/5315 A1283 nömrəli məktubdan görünür ki, X5, X10 va X6 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslara uyğun olmadığından aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. Bundan sonra iddiaçı 26 yanvar 2023-cü il tarixdə daxil olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X10 və X6 İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmalarıı öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 08 fevral 2023-cü il tarixli, 7/1335 nömrəli məktubla məhkəməyə ünvanladığı yazılı münasibətini onunla əsaslandırmışdır ki, X5, X10 va X6 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslara uyğun olmadığından İddiaçı ərizəsi icra edilə bilməz. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, e- 2-1(122)-154/2023 nömrəli qərardadı ilə X14, X20 və X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 30 mart 2023-cü il tarixli, e-2-1(122)-154/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 27 aprel 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq, iş üzrə İddiaçı, cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsi və üçüncü şəxslər X14, X20 və X18 məhkəmə iclasında iştirak etməmiş, lakin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi məhkəməyə 26 aprel 2023-cü il tarixli, 3-13-43-6/2- 2250/2023 nömrəli məktub göndərərək xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirakları olmadan işə baxıb müvafiq qərar verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək, vəkili və nümayəndəsi olduğu İddiaçı uzun müddətdir ki, ünvan 2 ünvanında pasport qeydiyyatında dayandığını və həmin ünvanda yaşadığını, hal-hazırda İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evini satmaq istədiyini, lakin həmin fərdi yaşayış evində bir neçə şəxs olduğundan və onlar razılıq vermədiyindən həmin fərdi yaşayış evi barəsində mülkiyyətçi kimi sərəncam verə bilmədiyini, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı atasından miras əmlakı olaraq qaldığını, atasının ölümündən bir neçə vaxt sonra digər vərəsələrin də miras əmlakdan imtinasına dair yazılı razılığı ilə atasından qalmış miras əmlakı notarial qaydada qəbul etdiyini, buna dair "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" aldığını, daha sonra həmin şəhadətnamə ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edərək öz adına yeni Çıxarış va daşınmaz əmlaka dair texniki pasport aldığını, hal-hazırda həmin ünvanda mülkiyyətçi olan İddiaçı ila bərabər X3, X10 və X6 da həmin fərdi yaşayış evində pasport qeydiyyatında dayandıqlarını, həmin şəxslərin bu ünvanda pasport qeydiyyatında dayanmalarının formal xarakter daşıdığını, onların əvvəldən özlərinə məxsus evlərində yaşadıqlarını, qeyd olunan şəxslərin ümumiyyətlə həmin ünvanda yaşamadıqlarını, vəkili və nümayəndəsi olduğu İddiaçı oğ|unun hemin şəxslərə görə əlavə kommunal xərclər ödədiyini, həmçinin yuxarıda qeyd olunduğu kimi tam mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evi barəsində müstəqil olaraq sərəncam verə bilmədiyini, həmin şəxslərin mülkiyyətçinin əsas hüquqlardan biri olan "mülkiyyət" hüququnun həyata keçirilməsinə süni şəkildə, yəni pasport qeydiyyatında olduqlarına görə süni maneələr yaratdığını, ona görə də İddiaçı həmin şəxsləri qeyd olunan fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmalarını istədiyini bildirərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, mənzilin Çıxarışının, texniki pasportunun, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətlərini, müvafiq arayışları əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın elektron imza ilə təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında 0.0927 ha torpaq sahəsində yerləşən 72.13 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır (reyestr nömrəsi **********86-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022). - 10 fevral 2022-ci il tarixdə tərtib edilmiş 1423 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanının hüquq sahibi kimi İddiaçı göstərilmişdir. - İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən Naxçıvan Şəhər Polis İdarəsinə ünvanlanmış 20 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, X7, X26|u və X6 İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmalarına koməklik göstərilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsi Qeydiyyat və Şəxsiyyət Vəsiqələri bölməsi tərəfindən verilmiş 09 yanvar 2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx xxxx 1964-cü ildə Naxçıvan şəhərində doğulmuş İddiaçı 06 aprel 2004-cü il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır və X14-xx.xx.1974, X21-xx.xx.1993, X20-xx.xx.1970, X18-xx.xx.1966, X11-xx.xx.1992 həmin ünvanda qeydiyyatdadırlar. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli, 2184 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 1 otaqlı, ümumi sahəsi 72.13 kv.m. olan mənzildə İddiaçı-1964, oğlu X21-1993 və qızı X11-1992 yaşayırlar. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1964-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 21 fevral 2023-cü il tarixli, 04/121 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində X5, X10 və X6 adlarına daşınmaz əmlak qeydiyyata alınmamışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli, 1334 nömrəli arayışdan görünür ki, mərhum X2 şəhəri, S.Vurğun küçəsi, ev 61 ünvanında yaşayıb və aşağıdakı ailə üzvləri vardır: 1. X15-həyat yoldaşı-1966; 2. X16-qızı-1966; 3. X20-oğlu-1970; 4. X19qızı-1972; 5. X17-qızı-1976. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 mart 2023-cü il tarixli, 1335, 1336 və 1337 nömrəli arayışlardan görünür ki, X18, X20 və X1 şəhəri, S.Vurğun küçəsi, ev 61 ünvanında yaşayır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanlanmış 28 mart 2023-cü il tarixli, 04/216 nömrəli məktubdan görünür ki, X12 adına ünvan 8 ünvanında, 462,2 m2 torpaq sahəsində yerləşən ümumi sahəsi 124,5 m2 olan fərdi yaşayış evinə dair Texniki İnventarlaşdırma Bürosu tərəfindən avqust 1979-cu il tarixli, 4123 inventar nömrəli texniki pasport hazırlanmışdır. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Naxçıvan şəhəri, Səməd Vurğun küçəsi 65 ünvanında 985,8 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 131 m2 olan fərdi yaşayış evinə X4 adına Texniki İnventarlaşdırma Bürosu tərəfindən iyun 1973-cü il tarixli, 3898 inventar nömrəli texniki pasport hazırlanmış, lakin həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Naxçıvan şəhəri, Səməd Vurğun küçəsi 65 ünvanında 1002,4 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 47,25 m2 olan fərdi yaşayış evinə X8 adına Texniki İnventarlaşdırma Bürosu tərəfindən iyun 23 avqust 1962-ci il tarixli, 844 inventar nömrəli texniki pasport hazırlanmış, lakin həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Xidmətin məlumat bazasında ünvan 9 ünvanında yerləşən əmlak barədə məlumat mövcud deyil. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusluğu, üçüncü şəxslərin hazırda həmin yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, faktiki olaraq onların orada yaşamamaları müəyyən edilmişdir. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması İddiaçı mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən ev üzərində hər hansı hüquqa malik olmadıqları və yaşamadıqları halda qeyd edilən ünvanda qeydiyyatda qalmaları İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxslərin yeni yaşayış yeri üzrə qeydiyyata alınmaları nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Fiziki şəxslərin mülkiyyət hüquqlarının müdafiəsi qüvvədə olan qanunvericilikdə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus mənzildən qeydiyyatdan çıxarılmaları tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Buna görə də X5, X10 və X6 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmalarından cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və X5, X10 və X6 İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 34, 68, 69, 75 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. X5, X10 və X6 İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar