Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-1(122)-645/2025 22.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "cavabdehin xx.xx.2012-ci il tarixli, 33 nömrəli sərəncamının etibarsız hesab edilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2012-ci il tarixli, 33 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sədərək rayonu, həmin MTT və MİBinin yanacaq doldurma məntəqəsini alqı-satqı yolu ilə almışdır. Yanacaqdoldurma məntəqəsinin əldə olunması tam olaraq onun maddi vəsaiti nəticəsində həyata keçirilmişdir. Belə ki, 28 fevral 1997-ci il tarixdə AR Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi ilə (onun adından nümayəndəsi X16) aralarında müəssisənin (obyektin) alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi Sədərək rayonu, MTT və MİB-inin yanacaqdoldurma məntəqəsini ona satmış, o da bunu qarşılığında ümumilikdə 15887080 (on beş milyon səkkiz yük səksən yeddi min səksən) manat ödəmişdir. Daha sonra Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən ona "Dövlət əmlakının hüququ və fiziki şəxslərə satılması haqqında" Şəhadətnamə verilmişdir. Qeyd edir ki, Sədərək rayonu, MTT və MİB-nin yanacaq doldurma məntəqəsinin tərkibində yanacaqdoldurmaq məntəqəsinin binası, 1 ədəd transformator, 5 ədəd metal çən, 2 ədəd Benzin kalonka ADE mövcuddur. Lakin həmin yanacaqdoldurma məntəqəsi hazırda “NP Petrol" ММС tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bununla bağlı NP Petrol MMC-yə müraciət etdikdə bildirmişlər ki, həmin yanacaq doldurma məntəqəsini X3 Qrupunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı yolu ilə əldə etdikləri barədə yazılı məlumat vermişlər. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq Şəxsinə müraciət etdikdə məlum olmuşdur ki, onlara məxsus yanacaq doldurma məntəqəsinin altında yerləşən torpaq sahəsinin X3 Qrupunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə daimi istifadəyə verilmişdir. Belə ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 33 nömrəli sərəncamı ilə Sədərək rayonunda Sədərək-Naxçıvan Magistralının sol tərəfində Sədərək kənd ərazisində 0,66 hektar torpaq sahəsi X3 Qrupunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə daimi istifadəyə verilmiş və onlara yanacaqdoldurma məntəqəsinin tikintisi üçün icazə verilmişdir. Sərəncamın özü birbaşa olaraq yalan məlumatlar əsasında və qanunsuzluğa qanuni don vermək üçün qəbul edilmişdir. Belə ki, ərizəyə əlavə etdiyi sənədlərdən görünür ki, həmin ərazidə, yəni Sədərək rayonunda Sədərək-Naxçıvan Magistralının sol tərəfində Sədərək kənd ərazisində 1997-ci ildən yanacaqdoldurma məntəqəsi mövcud olmuşdur və bu günə kimi həmin yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. İşin əsli ondan ibarətdir ki, həmin ərazidə 1997-ci il tarixdən bir yanacaqdoldurma məntəqəsi mövcud olmuşdur və həmin yanacaqdoldurma məntəqəsi müəyyən dəyişikliklərə məruz qalsa da, bu günə kimi həmin yerində mövcuddur. Onu da qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən ona verilmiş "Dövlət əmlakının hüququ və fiziki şəxslərə satılması haqqında" Şəhadətnamədən görünür ki, həmin ərazidə yanacaqdoldurma məntəqəsi ona satılmışdır. Lakin Cavabdeh və X3 Qrupunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin yanacaqdoldurma məntəqəsinin fəaliyyətinə qanuni don geyindirmək üçün guya həmin yanacaqdoldurma məntəqəsinin altında yerləşən torpaq sahəsi boşda olan dövlət torpaq sahəsi kimi nəzərə alınmış və guya ki, həmin tarixdən yanacaqdoldurma məntəqəsinin tikintisinə icazə verilmişdir. Halbuki həmin sərəncam qəbul edilərkən ona məxsus yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərirdi və həmin torpaq sahəsi üzərində ona məxsus yanacaqdoldurma məntəqəsi mövcud olmuşdur. Qeyd edilənlərdən açıq-aşkar görünür ki, ona məxsus yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinin başqa şəxsin daimi istifadəsinə verilməsi barədə sərəncam qanunsuzdur və ləğv edilməlidir. İddiaçı məhkəməyə 08 aprel 2025-ci il tarixdə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, iddia tələbini dəqiqləşdirərək məhkəmədən Cavabdeh xx.xx.2012-ci il tarixli, 33 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 10 aprel 2025-ci il tarixli, e-2-1(122)-645/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 22 may 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubları ünvanlanaraq mübahisələndirilən sərəncamın İddiaçı hüquqlarını və qanunla qorunan maraqlarını hansı formada pozduğunu müəyyən etməyə imkan verən sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmənin yardım məktubu imza edilərək alınmış, lakin mağazanın iddiaçının mülkiyyətində olmasını təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə İddiaçı yanacaqdoldurma məntəqəsi satılmasına dair ərizəsinin olmadığını qeyd edərək iddianı müdafiə etdiyini bildirib hazırki tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X12 məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qanunun 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ insan hüquqları sahəsində AR Konstitusiyasında eləcə də, AR-in tərəfdar çıxdığı beynəlxalq sənədlərdə təsbit edilmiş toxunulmaz, pozulmaz və ayrılmaz insan hüquqlarından biri olsa da, məhdudlaşdırmasına heç bir şərt daxilində yol verilməyən mütləq hüquqlar siyahısına da daxil deyil. Yəni həmin hüququn qanunla nəzərdə tutulmuş hallarda və qaydada qanuni məqsədlərə nail olmaq üçün məhdudlaşdırılmasına yol verilir. Odur ki, konkret halda mülkiyyət hüququna müdaxilələrin mülkiyyət hüququnun pozuntusu hesab edilib-edilməsini müəyyən etmək üçün ehtimal olunan müdaxilə İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı protokolun 1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməklə müdaxilənin mövcud olub-olmaması, müdaxilənin növü və konvensiyada göstərilən məqsəd və qaydalara uyğunluğu müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. İş materiallarında olan: - xx.xx.1997-ci il tarixli, 472 qeydiyyat nömrəli "Dövlət əmlakının hüququ və fiziki şəxslərə satılması haqqında" Şəhadətnamənin surətindən görünür ki, X1 rayonu, MTT və MİB-inin yanacaqdoldurma məntəqəsini satın almışdır. - Cavabdeh xx.xx.2012-ci il tarixli, 31 nömrəli sərəncamının surətindən aydın olur ki, Sədərək Rayon ərazisində yanacaqdoldurma məntəqəsinin tikintisinə torpaq sahəsinin ayrılması məqsədilə komissiya yaradılmışdır. - 21 noyabr 2012-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 31 nömrəli sərəncamının əsasında yaradılmış komissiya üzvləri tərəfindən Sədərək rayonun dövlət mülkiyyətinə aid olan Naxçıvan-Sədərək magistral yolunun sol tərəfində yerləşən Sədərək kəndi ərazisində olan 0.66 hektar əraziyə baxış keçirilmiş və həmin ərazinin Naxçıvan MR Nəqşicahan Holdinq LTD Şirkətlər Qrupunun Ş.P MMC-nin daimi istifadəsinə verilməsinə və ərazidə yanacaqdoldurma məntəqəsi tikilməsinə komissiya üzvləri etiraz etməmişlər. - Cavabdeh xx.xx.2012-ci il tarixli, 33 nömrəli sərəncamının surətindən aydın olur ki, Sədərək rayonunun dövlət mülkiyyətinə aid olan Sədərək-Naxçıvan Magistralının sol tərəfində Sədərək kənd ərazisində 0.66 hektar torpaq sahəsi Nəqşicahan Holding LTD Şirkətlər Qrupunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəyə verilmişdir. Nəqşicahan Holding LTD Şirkətlər Qrupunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilmiş ərazidə yanacaqdoldurma məntəqəsinin tikintisinə icazə verilmişdir. - Naxçıvan MR Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli, 104 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh 2012-ci il 07 dekabr tarixli, 82 nömrəli məktubu və Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2012-ci il 10 dekabr tarixli, 08 nömrəli rəyi nəzərə alınaraq, Cavabdeh başçısının “Sədərək rayon ərazisində yanacaqdoldurma məntəqəsinin tikintisinə torpaq sahəsinin ayrılması haqqında” 2012-ci il 06 dekabr tarixli, 33 nömrəli sərəncamı təsdiq edilmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 aprel 2025-ci il tarixli, 04/367 nömrəli məktubdan məlum olur ki, Sədərək Rayon Dövlət Notariat Kontorunda xx.xx.1997-ci il tarixdə qeydiyyata alınan 4E/178 nömrəli razılaşma sənədi, Türkiyə Respublikasının vətəndaşı X10 və Naxçıvan şəhər sakini X4 31 mart 1998-ci il tarixli ərizələri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 01 aprel 1998-ci il tarixli, 147 nömrəli sərəncamına əsasən Sədərək rayon MTT MİB-nin yanacaq doldurma məntəqəsinin özəlləşdirilməsinə dair vətəndaş X2 adına verilmiş 28 fevral 1997-ci il tarixli, 472 qeydiyyat nömrəli “Dövlət əmlakının hüququ və fiziki şəxslərə satılması haqqında" Şəhadətnamə ləğv edilmişdir. Sərəncamın ikinci bəndində bəhs olunan yanacaqdoldurma məntəqəsinə dair X4 adına mülkiyyət haqqında şəhadətnamənin verilməsi qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 01 aprel 1998-ci il tarixli, 147 nömrəli sərəncamı və Sədərək Rayon Dövlət Notariat Kontorunun xx.xx.1997-ci il tarixdə qeydiyyata alınan 4E/178 nömrəli razılaşma sənədinin surəti məhkəməyə göndərilmişdir. Məhkəmə iddiaçının 28 fevral 1997-ci il tarixli, 472 qeydiyyat nömrəli “Dövlət əmlakının hüququ və fiziki şəxslərə satılması haqqında" Şəhadətnaməsinə əsasən yanacaqdoldurma məntəqəsini alması və yanacaqdoldurma məntəqəsinin onun mülkiyyətində olmasına dair arqumentinə münasibətdə qeyd edir ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 24 mart 1997-ci il tarixli razılaşmaya əlavədən görünür ki, iddiaçı X7 yanacaqdoldurma məntəqəsindən ona düşən paydan Naxçıvan şəhər sakini Atabəylər küçəsi, bina 5, mənzil 8-də yaşayan X8 və X17 tərəfindən ödənildiyindən könüllü olaraq ayrılmışdır (imtina etmişdir). Bundan başqa razılaşmaya əlavədə qeyd olunur ki, Naxçıvan MR Dövlət Əmlak Komitəsinin 28 fevral 1997-ci tarixli, 472 nömrəli Şəhadətnaməsində mülkiyyətçi İddiaçı göstərilən yanacaqdoldurma məntəqəsi, Nizami Məmməd oğlu və X11 birgə əmlakı hesab olunur. Bu razılaşma İddiaçıli oğlu tərəfindən imzalanaraq 24 mart 1997-ci il tarixdə Sədərək rayon Dövlət Notariusunda təsdiq edilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 01 aprel 1998-ci il tarixli, 147 nömrəli sərəncamı ilə Sədərək Rayon Dövlət Notariat Kontorunda xx.xx.1997-ci il tarixdə qeydiyyata alınan 4E/178 nömrəli razılaşma sənədi, Türkiyə Respublikasının vətəndaşı X10 və Naxçıvan şəhər sakini X4 31 mart 1998-ci il tarixli ərizələri nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 01 aprel 1998-ci il tarixli, 147 nömrəli sərəncamına əsasən Sədərək rayon MTT MİB-nin yanacaq doldurma məntəqəsinin özəlləşdirilməsinə dair vətəndaş X2 adına verilmiş 28 fevral 1997-ci il tarixli, 472 qeydiyyat nömrəli “Dövlət əmlakının hüququ və fiziki şəxslərə satılması haqqında" Şəhadətnamə ləğv edilmişdir. Belə olan halda iddiaçının ləğv edilmiş Şəhadətnaməyə əsaslanaraq yanacaqdoldurma məntəqəsinin ona məxsus olduğunu iddia etməsi hazırkı iddianın mümkün sayılması üçün yetərli əsas deyil. Məhkəmə qeyd edir ki, eyni zamanda iddiaçının mübahisələndirdiyi Cavabdeh xx.xx.2012-ci il tarixli, 33 nömrəli sərəncamının surətindən görünür ki, həmin sərəncam Cavabdehnə məxsus olan torpaq sahəsinin 0.66 hektarında digər şəxsin yanacaqdoldurma məntəqəsinin tikintisi icazə verilməsindən ibarət olmuşdur. Yəni sərəncamda hər hansı yanacaqdoldurma məntəqəsinin satılmasından söhbət getmir. Həmçinin iddiaçı ona məxsus olmuş yanacaqdoldurma məntəqəsinin Cavabdeh xx.xx.2012-ci il tarixli, 33 nömrəli sərəncamı ilə yanacaqdoldurma məntəqəsinin tikintisi üçün ayrılan 0.66 hektar torpaq sahəsində yerləşməsini (üst-üstə düşməsi) barədə sənədləri təqdim edə bilməmişdir. Göründüyü kimi istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X13 hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia irəli sürmək üçün subyektiv hüququnun mövcud olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Beləliklə, sadalanan normaların tələblərinə və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərtləri ödənilmir. Odur ki, məhkəmə İddiaçı Cavabdehnə qarşı "cavabdehin xx.xx.2012-ci il tarixli, 33 nömrəli sərəncamının etibarsız hesab edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı "cavabdehin xx.xx.2012-ci il tarixli, 33 nömrəli sərəncamının etibarsız hesab edilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №e-2-1(122)-645/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(122)-645/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver