Məhkəmə qərarları › İş №e-2-1(122)-674/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(122)-674/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № e-2-1(122)-674/2024 26.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx/xx/2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 135,12 manat, Dövlət Sosial Müdafiə Fonduna 1695,99 manat, İşsizlikdən Sığorta Fonduna 139,42 manat və İcbari Tibbi Sığorta Fonduna 613,08 manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Almaniya istehsalı olan 1 vahidinin qiyməti 5000 manat olan 1 ədəd “Bosh” markalı kondisioner olmaqla ümumilikdə 5000 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx/xx/2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 135,12 manat, Dövlət Sosial Müdafiə Fonduna 1695,99 manat, İşsizlikdən Sığorta Fonduna 139,42 manat və İcbari Tibbi Sığorta Fonduna 613,08 manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Almaniya istehsalı olan 1 vahidinin qiyməti 5000 manat olan 1 ədəd “Bosh” markalı kondisioner olmaqla ümumilikdə 5000 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023-cü il tarixli qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə dövlət büdcəsinə 1552,65 manat, Dövlət Sosial Müdafiə Fonduna 3296,29 manat, İşsizlikdən Sığorta Fonduna 139,42 manat və İcbari Tibbi Sığorta Fonduna 613,08 manat yaranan borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Almaniya istehsalı olan 1 vahidinin qiyməti 5000 manat olan 1 ədəd “Bosh” markalı kondisioner olmaqla ümumilikdə 5000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2023-cü il tarixli **********5, **********4, **********9 və **********2 saylı protokollar tərtib edilmişdir. Protokollar siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Protokollar tərtib edilərkən 30 gün müddətində borclar ödənilmədiyi halda, siyahıya alınmış əmlakın Vergi Məcəlləsinin 90.1ci maddəsinə əsasən qanunamüvafiq qaydada satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir Cavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 135,12 manat, Dövlət Sosial Müdafiə Fonduna 1695,99 manat, İşsizlikdən Sığorta Fonduna 139,42 manat və İcbari Tibbi Sığorta Fonduna 613,08 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Tərəflərin izahatı və etirazın dəlilləri: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdehə göndərilmiş, iddia ərizəsində qeyd olunanlarla bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, lakin vergi ödəyicisi olan cavabdeh iddia tələbinə münasibət bildirməmiş və iddiaya dair yazılı etirazını məhkəməyə təqdim etməmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 26 aprel 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iş yükünün çoxluğu ilə əlaqədar nümayəndəsinin iştirakı olmadan ərizəyə baxıb, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Yazılı sübutlar: AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən Cavabdeh göndərilmiş vergi borcunun ödənilməsinə dair 25 aprel 2023-cü il tarixli, **********3 nömrəli bildirişdən görünür ki, Cavabdeh 25 aprel 2023-cü il tarixinə ümumilikdə 2120.75 manat borcunun olduğu göstərilmiş və göstərilən borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən Cavabdeh göndərilmiş icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair 25 aprel 2023-cü il tarixli, **********9 nömrəli bildirişdən görünür ki, Cavabdeh 25 aprel 2023-cü il tarixinə ümumilikdə 613.09 manat borcunun olduğu göstərilmiş və göstərilən borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən Cavabdeh göndərilmiş işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair 25 aprel 2023-cü il tarixli, **********8 nömrəli bildirişdən görünür ki, Cavabdeh 25 aprel 2023-cü il tarixinə ümumilikdə 139.42 manat borcunun olduğu göstərilmiş və göstərilən borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh göndərilmiş muzdlu və qeyri-muzdlu işdən əldə edilmiş gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair 25 aprel 2023-cü il tarixli, **********7 nömrəli bildirişdən görünür ki, Cavabdeh 25 aprel 2023-cü il tarixinə ümumilikdə 3835.38 manat borcunun olduğu göstərilmiş və göstərilən borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus əmlakın siyahıya alınması haqqında **********4, **********9, **********2, **********5 nömrəli qərarlar tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, **********3 nömrəli alınmalı sərəncamdan görünür ki, Cavabdeh İri sığortaedənlərlə iş departamentinə olan qalıq və faiz borcu 139.42 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, **********4 nömrəli alınmalı sərəncamdan görünür ki, Cavabdeh İcbari Tibbi Sığorta üzrə DA-ya olan qalıq və faiz borcu 613.09 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, **********1 nömrəli alınmalı sərəncamdan görünür ki, Cavabdeh Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinə olan qalıq və faiz borcu 135.12 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, **********0 nömrəli alınmalı sərəncamdan görünür ki, Cavabdeh DSMF İri sığortaedənlərlə İş üzrə İdarəyə olan qalıq və faiz borcu 3296.29 manat təşkil edir. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh elektron qaydada göndərilmişdir. Cavabdeh məxsus əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixdə **********2, **********5, **********4 və **********9 nömrəli protokollar tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında akt tərtib edilmişdir. Fiziki şəxs haqqında məlumat vərəqindən görünür ki, Cavabdeh restoranlar tərəfindən xidmətlərin göstərilməsi istehsalı fəaliyyət növü ilə qeydiyyata alınmışdır. (VÖEN:**********) Cavabdeh şəxsi hesab vərəqəsindən görünür ki, onun ödənilməli borcu vardır. Siyahıya alınmış əmlakın fotoşəkilləri ərizəyə əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində nəzərdə tutulur: İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. - 10.0 - 10.0.3-cü maddələrinə əsasən bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər, Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər, Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. - 23.1.6-cı maddəsinə görə müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarına aiddir. - 23.1.8-ci maddəsinə görə qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək vergi orqanlarının hüquqlarına aiddir. - 23.1.15-1-ci maddəsinə görə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aiddir. - 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. - 77.1-ci maddəsinə görə vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. - 77.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. - 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. - 89.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - 89.2-ci maddəsinə görə əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. - 89.3-cü maddəsinə vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. - 89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. - 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. - 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. - 90.3-1-ci maddəsinə əsasən dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. - 90.4-cü maddəsinə əsasən əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada satılmadıqda, borcların dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən vergi ödəyicisinin həmin borclarının qalan məbləği həcmində digər əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada siyahıya alına bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli, 393 №li Fərmanının 1.40-1-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. - 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə görə Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən, qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli qərarı) Vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir. Buna görə də vergi tutulması, vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi deyil, onun konstitusiya vəzifələrindən irəli gələn əmlakının müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2016cı il tarixli Qərarı). Məhkəmənin əsaslandırması: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunduğundan mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Belə ki, hazırkı iddianın növü İPM-in 2.2.7-ci maddəsinə nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddiadır. Belə iddialarda isə inzibati orqanın iddiaçı kimi çıxış etməsi mümkündür. Göründüyü kimi iddiaçı inzibati fəaliyyəti həyata keçirən dövlət orqanıdır, iddianın predmeti vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılmasından ibarətdir və mübahisənin mahiyyəti iddiaçının sahibkarlıq fəaliyyətindən deyil, inzibati orqanın fəaliyyətindən irəli gəlir. Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin - vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olması, digər tərəfin - vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Hazırkı mübahisə ümumi (publik) hüquq sahəsinə aid olan məsələ - hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması ilə bağlı olmuşdur. Konstitusiyanın müddəalarına əsaslanan Vergi Məcəlləsi vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə məsələlərini tənzimləyir. İddiaçı da iddia ərizəsində özünün inzibati orqan səlahiyyətlərinə və Vergi Məcəlləsinin müvafiq müddəalarına istinad etmiş, habelə mübahisə iddiaçının inzibati orqan olaraq bilavasitə inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətlə bağlı olmuşdur. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları və iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən cavabdeh vergi ödəyicisi olan Cavabdeh yaranmış borcunun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi barədə bildirişlər göndərilmiş, borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Almaniya istehsalı olan 1 vahidinin qiyməti 5000 manat olan 1 ədəd “Bosh” markalı kondisioner olmaqla ümumilikdə 5000 manat məbləğində siyahıya alınmış əmlakları siyahıya alınmışdır. Siyahıya alınmış əmlak barədə protokol və qaydalara əlavələr səlahiyyətli şəxslər tərəfindən imzalanaraq iş materiallarına əlavə edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli vergi ödəyicisi ilə yazışmalar barədə hesabatdan aydın olur ki, yaranmış borca görə tərtib edilmiş sənədlər elektron qaydada vergi ödəyicisi olan cavabdehə göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində yaranmış borcun dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ticarət şəbəkəsində üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə əsasən xəbərdarlıq məktubu göndərilmişdir. Vergi ödəyicisi olan Cavabdeh yaranmış borcunu Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini həmin qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir. Məhkəmə xüsusilə diqqətə çatdırmağı zəruri hesab edir ki, vergi ödəyicisinin əmlaklarıın siyahıya alındığı tarixə onun dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması təkzibolunmaz haldır. İş materiallarından məlum olur ki, cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcuddur. Göründüyü kimi, cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması istisna olunmur, əksinə hesablanmış həmin borc məbləğlərinin cavabdeh tərəfindən mübahisələndirilməməsi, nəticə etibarı ilə həmin borcların hal-hazırda qüvvədə olmasını və hazırkı mərhələdə həmin borcların cavabdehin siyahıya alınmış əmlakına (daşınar) yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir. Cavabdeh tərəfindən dövlət büdcəsinə olan borc məbləği ödənilmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bu hüquqların həyata keçirilməsi qaydaları yuxarıda göstərilən qanun normalarında təsbit olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş sənədlər əsaslı olmuş, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının tələblərinin pozulması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh xx/xx/2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 135,12 manat, Dövlət Sosial Müdafiə Fonduna 1695,99 manat, İşsizlikdən Sığorta Fonduna 139,42 manat və İcbari Tibbi Sığorta Fonduna 613,08 manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Almaniya istehsalı olan 1 vahidinin qiyməti 5000 manat olan 1 ədəd “Bosh” markalı kondisioner olmaqla ümumilikdə 5000 manat məbləğində siyahıya alınmış əmlakı ticarət şəbəkəsində satılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75, 81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Cavabdeh xx/xx/2023-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 135,12 manat, Dövlət Sosial Müdafiə Fonduna 1695,99 manat, İşsizlikdən Sığorta Fonduna 139,42 manat və İcbari Tibbi Sığorta Fonduna 613,08 manat məbləğində borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində fərqləndirici əlaməti Almaniya istehsalı olan 1 vahidinin qiyməti 5000 manat olan 1 ədəd “Bosh” markalı kondisioner olmaqla ümumilikdə 5000 manat məbləğində siyahıya alınmış əmlakı ticarət şəbəkəsində satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən Cavabdeh dövlət büdcəsinə olan borcu tutulsun. Satışdan artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar