Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № e-2-1(122)-880/2025 14.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X10 Heydər oğlunun sədrliyi, X11 oğlunun katibliyi, iddiaçı X2, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "onun xx.xx.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə daxil olmuşdur. Təhsil müddətinin (6 ilin) 4 ilini mülki tələbə kimi oxumuşdur. 2013-cü il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.2015-ci ildən leytenant rütbəsini alıb, zabit kimi Silahlı Qüvvələrdə xidmət edir. 05 iyun 2025-ci il tarixdə zabit kimi xidmətinin 10 ili başa çatır. Bununla bağlı 2 ay qabaqcadan qanunvericiliyə əsasən raportla yuxarı komandanlığa müraciət etmişdir. Həmin raporta əsasən onunla əlaqədar (ehtiyata buraxılmasına hazırlıqla bağlı) müəyyən işlər görülməli, sənədlər göndərilməli, cavablar alınmalı idi. Raportunun icrası ilə əlaqədar aparılan işlər barədə özü də məlumatlandırılmalı idi. Belə ki, 10 ilinin tamamında ehtiyata buraxılmağı təxirə salınmadan qanunvericiliyə uyğun olaraq həyata keçirilməlidir. Lakin raportunun verilməsinə və üzərindən 35 gün keçməyinə baxmayaraq ehtiyata buraxılması ilə əlaqədar heç bir iş (tədbir) aparılmamışdır. Hazırda o, Naxçıvan şəhərində N nömrəli hərbi hissədə (Mərkəzi Hospital) otorinolarinqologiya bölməsinin rəisi vəzifəsində xidmət edir. Bu vəzifəyə 2021-ci ildən təyinat almışdır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-ci maddəsinin tələblərinə uyğun olaraq hərbi hissə komandirinin adına raport yazaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) əsasən ordu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Həmin raport N nömrə altında hərbi hissədə qeydiyyata alınmışdır. Raportun yazılmasının üzərindən xeyli müddət keçməsinə baxmayaraq hərbi hissə komandiri tərəfindən cavab yazılmamışdır. İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağının gecikdirilmisini qanunsuz və əsassız hesab edir. Belə ki, bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bütün hərbi hissələrindən, o cümlədən X5 hərbi hissələrindən zabitlərin ehtiyata buraxılması müntəzəm olaraq həyata keçirilir. O, hesab edir ki, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hüququ kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbinə dair 10 iyun 2025-ci il tarixli, 3-25-17/2-1355/25 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, X3 01 iyun 2013-cü il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində kursant kimi davam etdirmiş, 26 iyun 2015-ci il tarixdən Azərbaycan Ordusu sıralarında 088 nömrəli Xüsusi Təyinatlı Əlahiddə taborun tibb məntəqə rəisi vəzifəsində leytenant hərbi rütbəsində xidmətə başlamışdır. Bundan sonra iddiaçı 21 sentyabr 2017-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş, 30 oktyabr 2020-ci il tarixdə “Vətən müharibəsi” zamanı təhsilini yarımçıq saxlayaraq xidmətə başlamış, 21 dekabr 2020-ci il tarixdə yenidən rezidentura təhsilinə davam etmiş və 06 dekabr 2021-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissənin Otolarinqologiya bölməsinə təyin edilərək xidmətini davam etdirmiş və hal-hazırki tarixədək N nömrəli hərbi hissədə xidmətini davam etdirir. İddiaçı iddia ərizəsində 2015-ci il tarixdən leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və 2025-ci il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərərək 07 aprel 2025-ci il tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini bildirmiş, lakin sonradan müraciətindən xeyli müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etmişdir. “Hərbi qulluqçuların statusu haqqında”, Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında 22 dekabr 2023-cü il tarixdə dəyişiklik edilmiş və 01 yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş, belə ki, həmin Qanununun 2.4.2-ci yarımbəndinə "Qeyd” hissəsi əlavə edilmiş və orada “Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin "j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir." göstərilmişdir. Yəni İddiaçı 4 il 1 ay 9 gün müddətində rezidentura təhsildə olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamışdır. Belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 6 il 2 ay təşkil edir və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır, çünki o, 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası N noyabr 2025-ci il tarixə təyin edilmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 07 aprel 2025-ci il tarixli raportun surətindən məlum olur ki, Otolarinqologiya bölməsinin rəisi tibb xidməti kapitanı İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 iyul 2025-ci il tarixli, 93/1679 nömrəli məktubdan məlum olur ki, tibb xidməti kapitanı İddiaçı hərbi xidmət üzrə ümumi stajı xx.xx.2025-ci il tarixədək 11 il 11 ay 26 gündür. (zabit kimi 10 il 29 gün təşkil edir). Qeyd: Ümumi hərbi xidmət stajının 4 il 2 ay 15 gününü Rezidentura təhsili təşkil edir (xx.xx.2017-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək). - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb Fakültəsi tərəfindən göndərilmiş 08 oktyabr 2025-ci il tarixli, 3-25-126/2-495/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli, müvafiq nömrəli əmri ilə tibb xidməti leytenantı hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilmiş və X8 Komandanının sərəncamına keçirilmişdir. Bundan sonra o, xx.xx.2017-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 6 (altı) il 1 (bir) ay təşkil edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş N noyabr 2025-ci il tarixli, 122 nömrəli arayışdan məlum olur ki, X3 xx.xx.2013-ci il tarixdən Azərbaycan Ordusunda zabit kimi həqiqi hərbi xidmətdədir və hal-hazırda N nömrəli hərbi hissədə xidmət edir. Tətbiq edilən hüquq: Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə 4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası
1. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır.
2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. Maddə 18. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ
1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu: 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları: 1.2. Bu Qaydalar Azərbaycan Respublikasının bütün ali tibb təhsili, elmi və tibb müəssisələrinə şamil edilir və rezidenturada təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir. 1.3. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.3.1. rezidentura - tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkimmütəxəssis hazırlığının forması; 1.3.2. rezident - rezidenturada təhsil alan şəxs; 1.3.3. kurator - rezidentin müvafiq ixtisas üzrə zəruri olan nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsini təmin edən, elmi dərəcəsi, elmi adı olan və ya elmi dərəcəsi, elmi adı olmayan, praktiki təcrübəsi 10 ildən çox olan mütəxəssis; 1.3.4. klinik baza - müasir maddi-texniki bazası olan, təşkilati-metodiki, tədris, müalicə-diaqnostika və elmi tədqiqat işlərinin müasir metodları əsasında rezidentlərin hazırlığını həyata keçirən səhiyyə müəssisəsi; 1.3.5. stajorluq - rezidentin ixtisası üzrə tibb müəssisəsində ilkin iş təcrübəsi keçməsi; 1.3.6. klinik hal - tibbi praktikada bir və ya bir neçə müştərək patologiya ilə əlaqədar müşahidə olunan konkret kliniki vəziyyət. 1.4. Rezidenturada təhsil dövlət təhsil standartı və proqramlarına uyğun olaraq hazırlanmış tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nda qeyd olunan həkimmütəxəssis ixtisasları üzrə aparılır. 1.5. Azərbaycan Respublikasının vətəndaşları üçün rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. .. 1.4. Rezidentura təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkimmütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur. 2.1. Azərbaycan Respublikası vətəndaşlarının rezidenturaya müvafiq ixtisaslar üzrə qəbulu hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 2.2. Rezidenturaya qəbul Azərbaycan Respublikasının X9 tərəfindən aparılır. 3.2. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla müvafiq təhsil proqramları ilə müəyyən edilir. 3.3. Rezidenturada təhsilin məzmunu və ona qoyulan minimum tələblər həkimmütəxəssis hazırlığı prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris növlərini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Rezidenturada təhsil proqramında auditoriya tədris yükü həftədə 6 saatdan çox olmamalıdır. 3.4. Rezidenturada təhsil alanlar nəzəri təlim, həkim hazırlığı, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, eləcə də kuratorun rəhbərliyi və nəzarəti altında müalicə-profilaktika işlərinin aparılması, sərbəst stajorluq formasında öyrənilməsi ilə təmin olunurlar. 3.5. Rezidenturada təhsilalanların nəzəri biliklərinin və müalicə-profilaktik işlərinin həcmi ixtisaslar üzrə təhsil proqramlarına uyğun və dövlət təhsil standartlarına əsasən müəyyənləşdirilir. 3.6. Rezidentura təhsil proqramları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir və bu təhsil proqramları əsasında tədris planları hazırlanır. 4.1. Rezidenturada təhsil əyani formada həyata keçirilir. 4.2. Rezidenturada təhsil dövründə rezident: 4.2.1. fərdi iş planını yerinə yetirir; 4.2.2. fərdi iş planının, kuratorun tövsiyə və tapşırıqlarının yerinə yetirilməsini əks etdirən gündəlik aparır; 4.6. Rezidenturada hazırlığın son ilində rezidentlər ixtisas üzrə təhsil proqramında müəyyən edilmiş müddətə uyğun olaraq stajorluq keçirlər. Bunun üçün rezident Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müvafiq tibb ixtisası üzrə ölkənin tibb müəssisələrinin birinə stajorluğa göndərilir. 5.1. Rezidenturada hazırlığın təşkilinə nəzarət və metodik rəhbərlik Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. 5.2. Rezidentlərə hazırlıq keçdikləri müəssisənin daxili intizam qaydaları şamil edilir. 5.8. Rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir və ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir. 5.7. Rezidenturada hazırlıq keçən şəxslərlə klinik baza tərəfindən hər təhsil ili müddətinə əmək müqaviləsi bağlanılır. 3.1. Rezidentura təhsili klinik bazaya malik olan ali tibb təhsili və elmi müəssisələrdə və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisələrində (bundan sonra - klinik baza) təşkil edilir. "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na Əlavə Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti İxtisasların şifri İxtisasların adı Təhsil müddəti 1 2 3 060907 Otorinolarinqologiya 4 il
Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu: 1.0.38. rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkimmütəxəssis hazırlığı forması; 1.0.51. həkim-mütəxəssis - müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 17.1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən olunur: 17.1.5.2. magistratura (rezidentura); 22.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlığı üç səviyyəlidir: 22.2.1. bakalavriat (əsas (baza ali) tibb təhsili); 22.2.2. magistratura (rezidentura); 22.2.3. doktorantura (adyunktura). 22.6. Ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [103] 22.6-1. Ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. 26.6. Magistraturaya (rezidenturaya) bakalavrların və digər ali təhsilli şəxslərin qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 31.0. Təhsil prosesinin iştirakçıları aşağıdakılardır: 31.0.1. təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, rezidentlər, doktorantlar, adyunktlar və başqaları; Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı onun “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına nail olmaqdan ibarətdir. İlk öncə qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunlarla müəyyən edilmiş həqiqi hərbi xidməti dövründə tətbiq edilən münasibətlər özünün spesifikliyi ilə tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığının formasından (rezidenturadan) fərqlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin Qeyd hissəsi nəzərdə tutur ki, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. Qanunda dəyişiklik xx.xx.2023-cü il tarixdə edilməklə xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir. Bu isə onu deməyə əsas verir ki, sözügedən dəyişiklik yalnız qüvvəyə mindikdən- xx.xx.2024-cü il tarixdən sonra yaranmış münasibətləri nizamlayıcı təsirə malikdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, tibb xidməti mayoru X3 “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Buna görə də, tərəflər arasında yaranmış mübahisəyə həmin tarixdə qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 iyun 2015-ci il tarixli, 0287 nömrəli əmrindən çıxarışdan görünür ki, 2015-ci ilin iyun ayında Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bitirmiş kursant X3 “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 0, 36.1.4-cü maddələrinə və Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 58-ci maddəsinin “a” bəndinə və 72-ci maddəsinin “v” bəndinə müvafiq olaraq, ilkin “Tibb Xidməti Leytenantı” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilərək, Müdafiə Nazirinin X1 Komandanının Sərəncamına keçirilmişdir. İddiaçının xx.xx.2015-ci il tarixdən Azərbaycan Ordusu sıralarında zabit kimi xidmət etməsi işin mübahisəsiz halıdır. xx.xx.2015-ci il tarixli, AT №001371 (Qeydiyyat №1224) nömrəli diplomdan görünür ki, X3 23 may 2015-ci ildə Azərbaycan Tibb Universitetinin “Hərbi həkim işi” ixtisası üzrə “X13-İxtisas” dərəcəsi verilmişdir. xx.xx.2023-cü il tarixli, AR № 002302 nömrəli diplomdan görünür ki, X3 2017-ci ildən, 2021-ci ilədək Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “Otorinolarinqologiya” ixtisası üzrə rezidenturada təhsil almış, Yekun Attestasiya Komissiyasının xx.xx.2021-ci il tarixli, 02 nömrəli qərarı ilə ona “Otorinolarinqologiya” ixtisası üzrə həkim-mütəxəssis ali peşə ixtisas dərəcəsi verilmişdir. Məhkəmə hesab edir ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin Qeyd hissəsində nəzərdə tutulan norma hazırki hüquq münasibətinə tətbiq edilməlidir. Çünki iddiaçının Azərbaycan Ordusu sıralarında zabit kimi xidmətə qəbul edildiyi xx.xx.2015-ci il tarixdən qeyd edilən qanunun qüvvəyə mindiyi xx.xx.2024-cü il tarixinədək Azərbaycan Ordusu sıralarında zabit kimi ümumilikdə (rezidentura təhsil müddəti daxil edilməklə) 8 il 6 ay 17 gün xidməti stajı mövcud olmuşdur. Rezidentura təhsili aldığı müddət hesablanmadan iddiaçının zabit kimi xidməti stajı məhkəmə qərarının qəbul edildiyi tarixə 10 il 5 ay (leytenant rütbəsini aldığı xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək), rezidentura təhsili aldığı müddət çıxıldıqda isə 6 il 5ay (leytenant rütbəsini aldığı xx.xx.2015-ci il tarixdən hazırkı tarixədək) təşkil edir. Qanunvericiliyin istinad olunan normalarından aydın görünür ki, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin rezidentura səviyyəsi üzrə əyani təhsilalma müddəti hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılması və Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması üçün müəyyən edilmiş müddətlərə daxil edilmir. Göründüyü kimi, konkret halda iddiaçının öz arzusu ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmasını zəruri edən faktiki şərtlər hazırkı iş üzrə mövcud deyil. Belə olan halda da, iddiaçının zabit olaraq öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinə cavabdeh orqan tərəfindən imtina edilməsi və ya hərəkətsizlik göstərilməsi qanuna zidd davranış kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X2 “xx.xx.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə” iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2025ci il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə” iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov