Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № e-2-1(122)-883/2025 12.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun xx.xx.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsinə daxil olmuşdur. Təhsil müddətinin (6 ilin) 4 ilini mülki tələbə kimi oxumuşdur. 2N3-cü il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. xx.xx.2N5-ci ildən leytenant rütbəsini alıb, zabit kimi Silahlı Qüvvələrdə xidmət etmişdir. 05 iyun 2025-ci il tarixdə onun zabit kimi xidmətinin 10 ili başa çatır. Bununla bağlı 2 ay qabaqcadan qanunvericiliyə əsasən raportla yuxarı komandanlığa müraciət etmişdir. Həmin raportuna əsasən onunla əlaqədar (ehtiyyata buraxılmağına hazırlıqla bağlı) müəyyən işlər görülməli, sənədlər göndərilməli, cavablar alınmalı idi. Raportunun icrası ilə əlaqədar aparılan işlər barədə onun özü də məlumatlandırılmalı idi. Belə ki, 10 ilinin tamamında onun ehtiyyata buraxılmağı təxirəsalınmadan qanunvericiliyə uyğun olaraq həyata keçirilməlidir. Lakin əfsuslar olsun ki, raportunun verilməsinə və üzərindən 35 gün keçməyinə baxmayaraq, onun ehtiyata buraxılmağı ilə əlaqədar heç bir iş (tədbir) aparılmamışdır. Hazırda Naxçıvan şəhərində N nömrəli hərbi hissədə (Mərkəzi Hospital), ümumi cərrahiyyə bölməsinin rəisi vəzifəsində xidmət edir. Bu vəzifəyə 2022-ci ildən təyinat almışdır. O, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-ci maddəsinin tələblərinə uyğun olaraq hərbi hissə komandirinin adına raport yazaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) əsasən ordu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Həmin raport N nömrə altında hərbi hissədə qeydiyyata alınmışdır. Rapoprtunun yazılmasının üzərindən xeyli müddət keçməsinə baxmayaraq, hərbi hissə komandiri tərəfindən cavab yazılmamışdır. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılmamağının gecikdirilmisini qanunsuz və əsassız hesab edir. Belə ki, bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bütün hərbi hissələrindən, o cümlədən X4 hərbi hissələrindən zabitlərin ehtiyata buraxılması müntəzəm olaraq həyata keçirilir. Hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hüququ kobud şəkildə pozulmuşdur. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən onun xx.xx.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəməyə 10 iyun 2025ci il tarixli, 3-25-17/2-1354/25 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı N iyun 2N3-cü il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsində kursant kimi davam etdirmiş, 26 iyun 2N5-ci il tarixdən leytenant hərbi rütbəsi alaraq N nömrəli hərbi hissənin taborunda tibb məntəqə rəisi vəzifəsində xidmətə başlamış və rezidentura təhsilinə qədər ordu sıralarında zabit kimi xidmətdə olmuşdur. Bundan sonra İddiaçı 21 sentyabr 2N7-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş 11 yanvar 2021-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissəyə Ordinator cərrah vəzifəsinə təyin edilmiş və hal-hazırki tarixədək N nömrəli hərbi hissədə xidmətini davam etdirir. İddiaçı iddia ərizəsində 2N5-ci il tarixdən leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və 2025-ci il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərək 07 aprel 2025-ci il tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini qeyd etmiş, lakin sonradan müraciətindən xeyli müddət keçməsinə baxmayaraq, heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etməsini göstərmişdir. Bildirilir ki, "Hərbi qulluqçuların statusu haqqında", Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında 22 dekabr 2023-cü il tarixdə dəyişiklik edilmiş və N yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş, belə ki həmin Qanununun 2.4.2-ci yarımbəndinə “Qeyd” hissəsi əlavə edilmiş və orada “Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin "j" bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir." göstərilmişdir. Yəni İddiaçı 21 sentyabr 2N7-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və 11 yanvar 2021-ci il tarixdə təhsilini bitirmiş, bu da onu göstərir ki, iddiaçı 3 il 3 ay 20 gün müddətində rezidentura təhsildə olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamış, belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 6 il 6 ay təşkil edir və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır. Belə ki, o, 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 12 mart 2026-cı il tarixə təyin olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Ümumi cərrahiyyə bölməsinin rəisi vəzifəsini icra edən tibb xidmati kapitanı İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 07 aprel 2025-ci il tarixli raportdan aydın olur ki, o, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1992-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi tərəfindən verilmiş 08 iyun 2N5-ci il tarixdə verilmiş, MN seriyalı, ******* nömrəli şəxsi vəsiqənin surətindən məlum olur ki, xx xxxxxx 1992-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası "Ruslan Vəliyev və partnyorları” vəkil bürosuna göndərilmiş 19 may 2025-ci il tarixli, 93/1075 nömrəli məktubdan görünür ki, hüquqi yardım almaq üçün müraciət etmiş tabeçiliklərində xidmət edən tibb xidməti kapitanı İddiaçı, tibb xidməti kapitanı X2, tibb xidməti kapitanı X5, tibb xidməti kapitanı X1, tibb xidməti kapitanı X3, xx.xx.2025-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında" əsasnamənin 156-cı maddəsinin "j" bəndinə ( öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş) əsasən komandanlığa müraciət etmişdirlər. Onlarla bu barədə söhbət aparılmış və qanunvericilikdə göstərilən qaydada "Hərbi xidmətkeçmə haqqında" əsasnamənin 156-cı maddəsinin "j" bəndində son dəyişiklik olduğundan xx.xx.2025-ci il tarixli, 93/930 nömrəli raportla şəxslərin müraciətlərinin hüquqi qiymətləndirilməsi barədə komandanlıq qarşısında (Müdafiə Nazirliyinin Tibb İdarəsinə) vəsatət qaldırılmış və hüquqi qiymətləndirilməsi üçün cavab gözləməkdədir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası "Ruslan Vəliyev və partnyorları” vəkil bürosuna göndərilmiş 02 iyun 2025-ci il tarixli, 93/1231 nömrəli məktubdan görünür ki, hüquqi yardım almaq üçün müraciət etmiş tabeçiliklərində xidmət edən adları aşağıda göstərilən hərbi qulluqçular: 1. tibb xidməti kapitanı X2; 2. tibb xidməti kapitanı X1; 3. tibb xidməti kapitanı X3; 4. tibb xidməti kapitanı X5; 5. tibb xidməti kapitanı İddiaçı. xx.xx.2N5ci il tarixdən Azərbaycan Ordusunda zabit kimi həqiqi hərbi xidmətdədirlər. - İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2024-cü il tarixli, N08t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. - AT seriyalı, 0N358 nömrəli baza ali tibb təhsili diplomunun surətindən görünür ki, İddiaçı Azərbaycan Tibb Universiteti tərəfindən Dövlət Attestasiya Komissiyasının 23 may 2N5-ci il tarixli qərarı ilə hərbi həkim işi ixtisası üzrə həkim ali peşə-ixtisas dərəcəsi verilmişdir. - AR seriyalı, 002663 nömrəli rezidentura təhsili diplomunun surətindən görünür ki, İddiaçı 2N7-ci ildən 2022-ci il tarixədək Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsində ümumi cərrahiyə ixtisası üzrə rezidenturada təhsil almış, ona Azərbaycan Tibb Universiteti tərəfindən Yekun Attestasiya Komissiyasının 17 noyabr 2022-ci il tarixli, 02 nömrəli qərarı ilə ümumi cərrahiyə ixtisası üzrə həkim-mütəxəssis ali peşə-ixtisas dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş N avqust 2025-ci il tarixli, 93/1868 nömrəli məktubdan görünür ki, tibb xidməti kapitanı İddiaçı hərbi xidmət üzrə ümumi stajı xx.xx.2025-ci il tarixədək 12 il 17 gündür. (zabit kimi 10 il 1 ay 20 gün təşkil edir). Ümumi hərbi xidmət stajının 5 il 2 ay 10 gününü Rezidentura təhsili təşkil edir (xx.xx.2N7-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək). - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq N sentyabr 2025-ci il tarixli, 93/2128 nömrəli məktubla tibb xidməti kapitanı İddiaçı xidmət illərinə dair arayış və əmrdən çıxarışlar məhkəməyə təqdim edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N sentyabr 2025-ci il tarixli, 106 nömrəli arayışdan aydın olur ki, tibb xidməti kapitanı İddiaçı 05 iyun 2N5-ci il tarixdən hal-hazırki dövrədək onun xidmət dəftərçəsində Silahlı Qüvvələrdə həqiqi hərbi xidməti haqqında aşağıdakı məlumatlar verilmişdir: xx.xx.2N5-xx.xx.2N5-ci il tarixlərdə (Azərbaycan Respublikası MN-nin № 0287, xx.xx.2N5 əmrilə) N nömrəli hərbi hissənin komandirinin sərəncamında olmuş, xx.xx.2N5-xx.xx.2N6cı il tarixlərdə (Azərbaycan Respublikası MN-nin müavini ƏÜOK-nın № 055, xx.xx.2N5 əmrilə) N nömrəli hərbi hissədə tibb məntəqə rəisi-həkim, xx.xx.2N6-xx.xx.2N7-ci il tarixlərdə (Azərbaycan Respublikası MN-nin müavini ƏÜOK-nın № 078, xx.xx.2N6 əmrilə) N nömrəli hərbi hissədə 5-ci motoatıcı taborun tibb məntəqə rəisi-həkim vəzifələrində xidmət etmiş, xx.xx.2N7-xx.xx.2022-ci il tarixlərdə (Azərbaycan Respublikası MN-nin № 0691, xx.xx.2N7 əmrilə) Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsində Hərbi Tibb fakültəsinin rezidenti kimi təhsil almış, xx.xx.2022-xx.xx.2025-ci il tarixlərdə (Azərbaycan Respublikası MN-nin № 023, xx.xx.N əmrilə) N nömrəli hərbi hissədə Ümumi cərrahiyyə bölməsinin ordinator-cərrahı, xx.xx.2025-ci il tarixdən hal-hazırkı vaxtadək (MNBM- AOBQR № 026 xx.xx.N əmrilə) N nömrəli hərbi hissədə Ümumi cərrahiyyə bölməsinin baş ordinator-cərrah vəzifəsində xidmət edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18 dekabr 2025-ci il tarixli, 3-25-121/2-5514/25 nömrəli məktubla göndərilmiş Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin 11 dekabr 2025-ci il tarixli, 126/2-908/2025 nömrəli məktubundan görünür ki, İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 05 iyun 2N5-ci il tarixli, müvafiq nömrəli əmri ilə tibb xidməti leytenantı hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilmiş və X7 Komandanının sərəncamına keçirilmişdir. Bundan sonra İddiaçı, 21 sentyabr 2N7-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və N dekabr 2022-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında 22 dekabr 2023-cü il tarixdə dəyişiklik edilmiş və N yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş, belə ki, həmin Qanunun 2.4.2-ci yarımbəndinə "Qeyd" hissəsi əlavə edilmiş və orda "Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorontura (adyunktura) səviyyələri üzrə əyani təhsilalmamüddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j" bəndinə nəzərdə tutulmuş müddətlərə daxil edilmir" göstərilmişdir. Yəni, İddiaçı 21 sentyabr 2N7-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və N dekabr 2022-ci il tarixdə təhsilini bitirmişdir, bu da onu göstərir ki, iddiaçı 5 (beş) il müddətində rezidentura təhsilində olmuş və onun 10 il zabit kimi azərbaycan Ordusunda xidməti olmamışdır. Belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 5 (beş) il təşkil edir və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin "j" bəndi ilə ehtiyata buraxılması üçün müraciəti əsassızdır. Belə ki, İddiaçı 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 25 noyabr 2025-ci il tarixli, 93/2437 nömrəli məktubla tibb xidməti kapitanı İddiaçı şəxsi iş məlumatları və xidmət illərinə dair əmrdən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2N4-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 37.1.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılır. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 41.0.9-cu maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarından biri də öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmələridir. Maddənin qeyd hissəsinə əsasən zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli, 1074-VİQD nömrəli Azərbaycan Respublikası Qanununun 2.4-cü bəndinə əsasən 156-cı maddə üzrə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin: - 6-cı bəndinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı onun xx.xx.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunmasına nail olmaqdan ibarətdir. İşin sadalanan faktiki hallarından müəyyən olunur ki, iddiaçı N iyun 2N3-cü il tarixdən təhsilini Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsində kursant kimi davam etdirmiş, 26 iyun 2N5-ci il tarixdən leytenant hərbi rütbəsi alaraq N nömrəli hərbi hissənin taborunda tibb məntəqə rəisi vəzifəsində xidmətə başlamış və rezidentura təhsilinə qədər ordu sıralarında zabit kimi xidmətdə olmuşdur. Bundan sonra İddiaçı 21 sentyabr 2N7-ci il tarixdə rezidentura təhsilinə qəbul edilmiş 11 yanvar 2021-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissəyə Ordinator cərrah vəzifəsinə təyin edilmiş və hal-hazırki tarixədək N nömrəli hərbi hissədə xidmətini davam etdirir. İddiaçı 2N5-ci il tarixdən leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığını və 2025-ci il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərək 07 aprel 2025-ci il tarixdən zabit kimi 10 il xidməti tamamlandığından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən-öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasını tələb edir. Cavabdeh inzibati orqan isə qanunvericilikdə edilmiş dəyişikliyə əsasən onun 21 sentyabr 2N8-ci il tarixdən 16 yanvar 2023-cü il tarixədək Azərbaycan Tibb Universitetində rezidentura təhsili aldığı müddətin zabit kimi xidmət müddətinə daxil edilmədiyinə və buna görə də onun həmin maddə ilə ehtiyata buraxılmaq hüququnun yaranmadığına istinad edərək, iddiaçının tələbinin icrasından imtina etmişdir. Məhkəmə qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin xx.xx.2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyası kadr zabitinin öz arzusu ilə ehtiyata buraxılması üçün yalnız bir şərt – xidmət müddətinin azı 10 il olmasını nəzərdə tuturdu və həmin dövrdə maddədə rezidentura müddətinin xidmət stajına daxil edilməməsinə dair hər hansı məhdudlaşdırıcı qeyd mövcud deyildi. xx.xx.2024-cü ildən etibarən qüvvəyə minmiş yeni redaksiyada isə 156-cı maddəyə “Qeyd” bölməsi əlavə olunmuş, rezidentura müddətinin xidmət illərinə daxil edilməməsini nəzərdə tutan yeni hüquqi tənzimləmə gətirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, yalnız hüquqi vəziyyəti yaxşılaşdıran və ya hüquqi məsuliyyəti yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Hüquqi vəziyyəti ağırlaşdıran yeni tənzimləmələrin geriyə şamil olunması yolverilməzdir. Məhkəmə qeyd edir ki, yeni redaksiyanın iddiaçının formalaşmış hüquqi vəziyyətinə təsir etməməsi yalnız onun xx.xx.2024-cü il tarixinədək faktiki olaraq 10 il zabit kimi xidmət keçməsi müəyyənləşdirildiyi halda mümkün olardı. Əgər iddiaçının rezidentura müddəti də daxil edilməklə zabit kimi 10 il xidməti xx.xx.2024-cü ilədək tamamlanmış olsaydı, bu halda yeni “Qeyd” bölməsindəki tənzimləmə ona münasibətdə tətbiq edilməli deyildi və o, əvvəlki redaksiyaya əsasən ehtiyata buraxıla bilərdi. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçının rezidentura müddəti də daxil olmaqla keçirdiyi hərbi xidmət müddəti xx.xx.2024-cü ilə qədər 10 ildən az olmuş, 10 illik müddət yalnız yeni tənzimləmə qüvvəyə mindikdən 1( bir) il 5 (beş) ay sonra tamamlanmışdır. Deməli, həmin tarixdən sonra tətbiq olunan tənzimləməyə əsasən rezidentura dövrü xidmət illərinə daxil edilə bilməz və bu səbəbdən iddiaçının 10 il xidmət müddətinin tamamlanması əsası ilə ehtiyata buraxılması mümkün deyil. Məhkəmə, iddiaçının bərabərlik hüququnun pozulduğu barədə arqumentinə münasibətdə bildirir ki, iddiaçı eyni vəziyyətdə olan şəxslərin ehtiyata buraxılması barədə məhkəmə qərarlarına istinad etmişdir. Nəzərə alınmalıdır ki, Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş hüquq bərabərliyi prinsipi yalnız eyni hüquqi və faktiki vəziyyətdə olan şəxslərin fərqli rəftara məruz qaldığı hallarda pozulmuş hesab edilə bilər. Təqdim olunmuş məhkəmə qərarlarından ehtiyata buraxılan şəxslərin xx.xx.2024-cü il tarixinədək 10 il zabit kimi xidmət keçdiyi və rezidentura müddətinin yeni “Qeyd”ə baxmayaraq xidmət stajına daxil edildiyi barədə hər hansı əsaslandırma mövcud deyil. Bu səbəbdən iddiaçı ilə həmin şəxslərin hüquqi vəziyyətləri eyniləşdirilə bilməz və bərabərlik hüququnun pozulması müəyyən olunmur. Qeyd olunur ki, müvafiq münasibətlər üzrə tənzimləmə müəyyən edən və mübahisə tərəflərindən hər hansı birinin vəziyyətini dəyişən normaların qəbulu dəyişən münasibətlərə fərqli tətbiq zərurətindən irəli gəlir. Aydın məsələdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi nəzərə alınmaqla həmin normanın tətbiqinin mümkünlüyündən söhbət gedə bilər. Hazırkı halda isə hüquqi vəziyyətin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi tətbiqi baxımından ağırlaşmasından söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Hazırkı halda isə öz arzusu ilə ehtiyata buraxılmaya münasibətdə qazanılmış hüququn mövcudluğundan söhbət gedə bilməz, göstərilən səbəbdəndir ki, xx.xx.2024-cü il tarixinədək faktiki olaraq 10 il zabit kimi xidmət keçmə ilə həmin tarixdən sonra xidmət keçməyə münasibətdə fərqli mövqe nümayiş etdirilməlidir. Belə ki, ilkin halda qazanılmış hüquq mövcuddur və qanunvericilikdə edilmiş yeni tənzimləmələr qazanılmış hüququn itirilməsinə səbəb ola bilməz. İddiaçının vəziyyətində isə qazanılmış hər hansı hüquq yoxdur, bu səbəbdən də yeni tənzimləmə Konstitusiyanın yuxarıda göstərilən maddəsinin tətbiqini istisna edir. Əks halda, N yanvar 2024-cü il tarixdə qüvvəyə minmiş yeni normativ tənzimləmənin yalnız illər sonra tətbiqinin mümkünlüyü anlamına gəlməlidir. Məhkəmə qeyd edir ki, zabitlərin öz arzusu ilə ehtiyata buraxılmaq hüququ yalnız həmin normada nəzərdə tutulmuş hüquqi şərtlərin mövcudluğu ilə müəyyən edilir. Göründüyü kimi qanunvericilik normalarının birgə təhlili onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin icrasına münasibətdə hərəkətsizlik nümayiş etdirməkdə haqlı olmuşdur. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun xx.xx.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun xx.xx.2025-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №e-2-1(122)-883/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(122)-883/2025
12.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver