Məhkəmə qərarları › İş №e-2-1(122)-925/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(122)-925/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № e-2-1(122)-925/2025 13.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X5 Heydər oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün müəyyən edilmiş siyahıya İddiaçı adının daxil edilməsi və adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək ona Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq "Müharibə veteranı" statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2-1(112)-8244/2025 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Heydər Əliyev adına AAHM-ni xüsusi təyinatlı texnika və sistemlər ixtisasını bitirmiş, SHXÇDX-nin Naxçıvan şəhəri tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və 0N avqust 2015-ci il ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Heydər Əliyev adına AAHM-da kursant olmuş, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək N saylı hərbi hissədə dinləyici olmuş, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək N saylı hərbi hissədə baş aviasiya texniki vəzifəsində çalışmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissədə texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etmişdir. 383 saylı, 29 yanvar 2022-ci il tarixli X2 əsasən, hərbi xidmət dövrü aldığı xəsarətə görə gözdən əlil olmuşdur. Cavabdehə müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciət edilsə də, müraciətinə bu günədək cavab verilməmişdir. İddiaçının vəkili və nümayəndəsi göstərilənləri rəhbər tutaraq, məhkəmədən xx.xx.1998-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq "Müharibə veteranı" statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, prosessual zərurət yarandığından iddia tələbinə “Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün müəyyən edilmiş siyahıya adının daxil edilməsi və adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” məzmununda baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 19 dekabr 2025-ci il tarixli, e-2-1(122)-925/2025 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Lakin cavabdeh məhkəməyə 30 iyun 2025-ci il tarixli vəsatət göndərərək, iddia tələbinə mahiyyəti üzrə baxılmasının mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 13 yanvar 2026-cı il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə baxışı iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: - 19 yanvar 2022-ci il tarixli, 383 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı Hərbi Həkim Komissiyasının qərarı ilə hərbi xidmət dövründə aldığı xəstəliyə görə “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” olaraq şəhadətləndirilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının 29 iyun 2022-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarı ilə İddiaçı müddətsiz üçüncü dərəcə əlillik (hərbi xidmət dövrü ilə əlaqədar-gözdən əlil) təyin olunmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş N avqust 2022-ci il tarixli, 2305 nömrəli arayışdan məlum olur ki, istefada olan leytenant İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissədə texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 iyun 2025-ci il tarixli, 3-25-245/2- 970/2025 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 062 nömrəli əmri ilə N nömrəli hərbi hissə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə kimi müəyyənləşdirilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 sentyabr 2025-ci il tarixli, 3-25-14/2-56/2025 nömrəli məktubdan məlum olur ki, N nömrəli hərbi hissənin təqdim etdiyi arayış-məlumatın 8-ci bəndində olan qeydlərə, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2024-cü il tarixli iclasın protokoluna əsasən komissiya tərəfindən İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsinə dair sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 27 oktyabr 2025-ci il tarixli, 3-25-245/2-629/2025 nömrəli məktub ilə göndərilmiş N və N nömrəli hərbi hissələrə ezamiyyətə göndərilməsi barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 24 iyul 2020-ci il tarixli, 250 nömrəli əmrdən çıxarışdan məlum olur ki, İddiaçı 2-ci aviasiya eskadrilyasının xidmət qrupunun (radioelektron avadanlıqları üzrə) baş aviasiya texniki 418, N nömrəli hərbi hissələrə (Şəmkir rayonu) ezamiyyətə qazan təminatından çıxarılmış, ərzaq attestatı verilmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 23 noyabr 2020-ci il tarixli, 384 nömrəli əmrdən çıxarışdan məlum olur ki, 2-ci aviasiya eskadrilyasının xidmət qrupunun (radioelektron avadanlıqları üzrə) baş aviasiya texniki İddiaçı 23 noyabr 2020-ci il tarixdən N və N nömrəli hərbi hissələrdən (Şəmkir rayonu) ezamiyyətdən gəlmiş hesab edilmişdir. N nömrəli hərbi hissənin arayış-məlumatından məlum olur ki, İddiaçı Şəmkir rayonu, N nömrəli hərbi hissənin manevr aerodromunda Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 019 nömrəli qərarına (Aviasiyanın taktiki fəaliyyətləri üzrə döyüş təlimatı), hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0123 nömrəli əmri və aviasiya eskadrilyasının komandirinin şifahi əmri və digər günlər Ordu korpuslarının sifarişlərinə əsasən döyüş əməliyyatlarına cəlb olunmuş və vəzifə borcuna uyğun döyüş tapşırığı yerinə yetirmişdir. SU-25 döyüş təyyarəsinin radioelektron avadanlıqları üzrə baş aviasiya texniki kimi döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Republikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 019 nömrəli qərarına (Aviasiyanın taktiki fəaliyyətləri üzrə döyüş təlimatı) əsasən mühəndis-aviasiya təminatı işinin yerinə yetirilməsində həmçinin, eskadrilyanın Su-25 döyüş təyyarələrinin 166 (yüz altmış altı) döyüş uçuşunu qısa və tez bir zamanda hazırlayıb göndərilməsi işini yerinə yetirmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 oktyabr 2025-ci il tarixli, 3-25-252/2- 520/2025 nömrəli məktubdan məlum olur ki, N oktyabr 2020-ci il tarixdə saat 12:05 radələrində düşmən tərəfindən "Dəllər" aerodromuna, "Toçka-U" taktiki raket kompleksindən 10 ədəd raket atəşi atılmışdır. Raketlərdən biri aerodromda mərkəzi magistral yolun alt hissəsinə, uçuşların aparılmasına cəlb edilmiş aerodrom texniki təminat vasitələrin önünə, digəri təlim atış çalışmasının yerinə yetirildiyi "atış sahəsi"nin ərazisinə düşmüşdür. N raket isə hərbi hissədən kənar Qazax-Bakı magistral yolun şimal hissəsinə, dəmir yolunun yaxınlığına, Sarıtəpə kəndinin boş ərazisinə düşmüşdür. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Tibbi sənədlər Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21 noyabr 2025-ci il tarixli, 3-25-92/2- 475/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə "Sol gözdə torlu qişanın qopması" diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ambulator müayinədə olmuşdur. (Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2021xx.xx.2021-ci il tarixli "ambulator xəstələrin qeydiyyatı" kitabının 349-cu səhifəsində olan 11656-ci sayındakı qeyd). xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur. xx.xx.2021-ci il tarixdə "Sol gözün enakulyasıyasından sonrakı vəziyyət" diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ambulator müayinədə olmuşdur. (Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2021-xx.xx.2022-ci il tarixli "ambulator xəstələrin qeydiyyatı" kitabının 189-cu səhifəsində olan 2096-cı sayındakı qeyd). - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 dekabr 2025-ci il tarixli, 3-25-229/2- 9783/2025 nömrəli məktubdan məlum olur ki, Şəmkir rayon Dəllər kəndində yerləşən N nömrəli hərbi hissənin ərazisinə N oktyabr 2020-ci il tarixində saat 12:30 radələrində düşmən tərəfindən raket zərbələri endirilib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

1. Müharibə veteranları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsində göstərilən sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, şəxslərə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar məzmunlu işlər üzrə 2-1(102)-2917/2024, 2-1(102)-2972/2024 və 2-1(102)-2580/2024 nömrəli qərarları. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçının əsas hüquqi marağı Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün müəyyən edilmiş siyahıya adının daxil edilməsi və adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh orqan tərəfindən iddiaçının 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından aydın olur ki, 2-ci aviasiya eskadrilyasının xidmət qrupunun (radioelektron avadanlıqları üzrə) baş aviasiya texniki İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsi zamanı Şəmkir rayonu, N nömrəli hərbi hissənin manevr aerodromunda Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 019 nömrəli qərarına (Aviasiyanın taktiki fəaliyyətləri üzrə döyüş təlimatı), hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0123 nömrəli əmri və aviasiya eskadrilyasının komandirinin şifahi əmri və digər günlər Ordu korpuslarının sifarişlərinə əsasən döyüş əməliyyatlarına cəlb olunmuş və vəzifə borcuna uyğun döyüş tapşırığı yerinə yetirmişdir. Həmçinin məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 062 nömrəli əmri ilə N nömrəli hərbi hissə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə kimi müəyyənləşdirilmişdir. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2917/2024 nömrəli və 2-1(102)-2972/2024 nömrəli Qərarlarında formalaşdırılmış hüquqi mövqeyi ondan ibarətdir ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2580/2024 nömrəli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə: kollegiya qeyd edir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. Kollegiya hesab edir ki, iddiaçının “Xəstəlik haqqında şəhadətnamə”sində onun döyüş əməliyyatları zamanı 1994-cü ildə aldığı travma nəticəsində əlil olmasına baxmayaraq, lakin ilk dəfə əlilliyin 1995-ci ildən sonraya təsadüf etməsi halında qərarın tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.(35-40) Məhkəmə qeyd edir ki, cavabdehin ərazi meyarlarını önə sürərək iddiaçının ərizəsinin icrasından imtina edərkən formal əsaslardan çıxış etmişdir. Belə ki, Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 062 nömrəli əmri ilə N nömrəli hərbi hissə rəsmi olaraq döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə kimi tanınmış, N nömrəli hərbi hissənin verdiyi arayışlar və məhkəməyə təqdim edilmiş əmrlərdən çıxarışlardan isə iddiaçının SU-25 döyüş təyyarələrinin 166 döyüş uçuşunun qısa və tez bir zamanda hazırlanması kimi yüksək riskli və döyüşlərin nəticəsinə birbaşa təsir edən fəaliyyətlər həyata keçirməklə, döyüş əməliyyatlarının texniki-aviasiya təminatı üzrə bilavasitə tapşırıqlar yerinə yetirdiyi təsdiq edilmişdir. Həmçinin məhkəmə icraatı gedişində əldə edilimiş arayışlarda qeyd edilən hallarla iddiaçının məhkəməyə verdiyi izahatları arasında heç bir ziddiyyət müəyyən edilməmişdir. Qanunvericilik və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelər açıq şəkildə göstərir ki, yalnız silahlı toqquşmada birbaşa iştirak edən şəxslər deyil, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirən hərbi qulluqçular da müharibə veteranı hesab olunurlar. Diqqətə alınmalıdır ki, iddiaçının fəaliyyəti aviasiya texniki təminatı, radioelektron avadanlıqların işlək vəziyyətdə saxlanılması, döyüş uçuşlarının fasiləsizliyinin təmin edilməsi döyüş əməliyyatlarının ayrılmaz tərkib hissəsidir və bilavasitə döyüş fəaliyyəti ilə səbəbli əlaqədədir. Xüsusilə vurğulanmalıdır ki, iddiaçı hərbi xidmət dövründə aldığı "Sol gözdə torlu qişanın qopması" nəticəsində sol gözünün görmə qabiliyyətini tamam itirərək, gözdən əlil olmuşdur. Əlillik Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 19 yanvar 2022-ci il tarixli 383 nömrəli Şəhadətnamə ilə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qiymətləndirilmişdir. Əlilliyin təyinat tarixi döyüşlərdən sonrakı dövrə təsadüf etsə də, səbəbli əlaqə sübuta yetirilmişdir. Ali Məhkəmənin 2-1(102)-2580/2024 nömrəli qərarında açıq şəkildə qeyd edilmişdir ki, həlledici meyar tarix deyil, səbəbli əlaqədir. Əks yanaşma həddindən artıq formalizm yaradaraq ədalət və mütənasiblik prinsiplərini pozar. Göründüyü kimi, iddiaçı döyüş əməliyyatlarında iştirak etməsini göstərdiyi texniki təminat xidmətlərinin miqyası (166 döyüş uçuşunun hazırlanması) və xidmət dövründə aldığı ağır xəsarət (bir gözünün itirilməsi) faktıları ilə sübut etmiş, cavabdeh isə formal əsaslardan çıxış edərək, iddiaçının müharibə veteranı statusunu istisna edən konkret və hüquqi əsaslandırılmış faktlar təqdim edə bilməmişdir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün müəyyən edilmiş siyahıya İddiaçı adının daxil edilməsi və adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı: İddia təmin edilsin. Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün müəyyən edilmiş siyahıya İddiaçı adının daxil edilməsi və adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar