Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1144/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1144/2026

30.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1144/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən və məruzəçi), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkil nümayəndə1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “xxxx” QSC ********** №-li VÖEN-lə qeydiyyatdan keçərək hüquqi ünvanı AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə Ştq, İlham Hacıyev (Rəsulzadə Qəs.), Ev 3 olan vergi ödəyicisidir.

2. Cavabdehin kameral vergi yoxlaması nəticəsində ## ### 2025-ci il tarixli, 3-21-2- 3/2- ******/**** nömrəli "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 365392.21 manat əlavə vergi məbləği hesablanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “xxxx” QSC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ## ### 2025-ci il tarixli, *-**-*-*/*-******/**** saylı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan iddiaçıya göndərmiş olduğu qərarda bəyannamənin (hesabatın) dövrünün 2025-ci ilin mart ayı olduğunu qeyd etmişdir. Lakin kənarlaşma olduğu istinad olunan əməliyyatlar 2025-ci il yox, daha əvvəlki dövlərin əməliyyatlarıdır və hazırkı qərarla həmin dövlər üzrə hesablamaların aparılması qanunvericiliyə əsasən yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Kameral yoxlama aparılan bəyannamələr ƏDV bəyannamələridir və təqdim edildiyi tarixdən 30 iş günü ərzində kameral yoxlama aparıla bilərdi. Hazırda cavabdeh orqan qanunsuz olaraq iddiaçı üçün əlverişsiz inzibati akt tərtib etmişdir. Qərarda qeyd olunur ki, "xxxx" MMC (Vöen: 1006920751), “X1” MMC (Vöen: 1301500271), "xxxx" MMC (Vöen: 1404069521), "xxxx" MMC (Vöen: 1503348711), "xxxx" MMC (Vöen: 1505586571), "xxxx" MMC (Vöen: 1601467281), "xxxx" MMC (Vöen: 1605176671), Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi (Vöen: 1802077241), "X2" MMC (Vöen: 2005820561), "xxxx" MMC (Vöen: 2007263701), "X4 Consulting" MMC (Vöen: 2907003511), "Bizim İnşaat Group" MMC (VÖEN: **********), "xxxx" MMM (VÖEN: **********), X7 (VÖEN: **********) adında vergi ödəyicilərinin hesablarına ödənişlər olsa da əvəzləşdirmələr düzgün aparılmamışdır. Qərarda qeyd edilən tarixdən, yəni 2023-cü ilin avqust ayından başlayaraq aşağıdakı qaydada ƏDV bəyannamələri təqdim edilmişdir: -2023-cü ilin avqust ayı üzrə cari ƏDV bəyannaməsi ##.##.2023-cü il tarixində - 2023-cü ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ##.##.2023-cü il tarixində -2023cü ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ##.##.2023-cü il tarixində - 2023-cü ilin noyabr ayı üzrə cari ƏDV bəyannaməsi ##.##.2023-cü il tarixində - 2023-ci ilin dekabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ##.##.2024-cü il tarixində - 2024cü ilin yanvar ayı üzrə cari ƏDV bəyannaməsi ##.##.2024-cü il tarixində - 2024-cü ilin fevral ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ##.##.2024-cü il tarixində - 2024-cü ilin mart ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ##.##.2024-cü il tarixində - 2024 –cü ilin aprel ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ##.##.2024-cü il tarixində -2024cü ilin may ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ##.##.2024-cü il tarixində - 2024cü ilin iyun ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ##.##.2024-cü il tarixində -2024cü ilin iyul ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ##.##.2024-cü il tarixində - 2024cü ilin avqust ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ##.##.2024-cü il tarixində - 2024-cü ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ##.##.2024-cü il tarixində - 2024-cü ilin oktyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ##.##.2024cü il tarixində - 2024-cü ilin noyabr ayı üzrə cari ƏDV bəyannaməsi ##.##.2024-cü il tarixində - 2024-cü ilin dekabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ##.##.2025-ci il tarixində təqdim edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən 2025-ci il mart ayı üzrə təqdim olunan qərarda uyğunsuzluq kimi göstərilən əməliyyatlar 2025-ci il mart ayı ərzində yox, daha əvvəlki tarixlərdə aparılmış əməliyyatlardır. Əgər vergi xidməti tərəfindən həmin əməliyyatlarda uyğunsuzluq müəyyən edilsə idi bu uyğunsuzluq 2025ci il may ayında yox hər bir uyğunsuzluq üzrə müvafiq müddətlər ərzində təqdim edilməli idi. Vergi orqanı hər ay üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə 30 iş günü ərzində yoxlama aparmalı idi. Kameral yoxlamanın keçirildiyi zaman bəyannamələrin təqdimindən 30 iş günündən çox müddət keçmişdir. Bu isə vergi orqanın tərtib etdiyi inzibati aktın imperativ normalara uyğun olmadığını və onun qanunsuzluğunu sübut edir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.” HəmçininVergi Məcəlləsinin 15-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək, vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ vardır. vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. Buna baxmayaraq, hazırda cavabdeh orqan bu hüququndan sui-istifadə etmiş və bununla da, Məcəllənin 24-cü maddəsinə əsasən vəzifələrindən birini - vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vəzifəsini kobud şəkildə pozmuşdur.

5. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, "xxxx" MMC tərəfindən ##.##.2023 - ##.##.2025 -ci il Ərzində "xxxx" MMC (Vöen: 1006920751), X1 MMC (Vöen: 1301500271), "xxxx" MMC (Vöen: 1404069521), "xxxx" MMC (Vöen: 1503348711), "xxxx" MMC (Vöen: 1505586571), "xxxx" MMC (Vöen: 1601467281), "xxxx" MMC (Vöen: 1605176671), Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi (Vöen: 1802077241), "X2" MMC (Vöen: 2005820561), "xxxx" MMC (Vöen: 2007263701), "X4 Consulting" MMC (Vöen: 2907003511), "Bizim İnşaat Group" MMC (VÖEN: **********), "xxxx" MMM (VÖEN: **********), X7 (VÖEN: **********) əldə olunan EQF-lərə görə ödənilən ƏDV məbləğlərinin (300498.05 manat) əvəzləşdirilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə bank hesablarının araşdırılması zamanı əsas məbləğlərin (1 669 433,59 manat) ödənilmədiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ƏDV depozit hesabına ödəniş edilmiş 300498.05 manat ƏDV məbləğinin əsas məbləğləri bank hesabından ödənilmədiyi halda təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə əməliyyatlarının aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eləcə də, aparılmış araşdırma zamanı iddiaçı tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2025- ci il tarixədək olan dövr üzrə bank hesablarınıza 13.011.639,96 manat pul vəsaitinin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində cəmi daxilolma məbləği 12 564 916.84 manat qeyd olunmuş, nəticədə əlavə dəyər vergisi üzrə 80 410.16 manat məbləğində kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 175.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2025-ci ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 365392.21 manat məbləğində əlavə vergi məbləği hesablanmış və bununla bağlı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərar qəbul edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə iddianın təmin edilməsi, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ## ### 2025-ci il tarixli, *-**-*-*/*-******/**** saylı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarı ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmənin dəqiqləşdirilmiş bəyannamə ilə yenilənmiş prosessual müddətləri və VM-in 175.1-ci maddəsinin mütləq ödəniş şərtlərinə dair maddi hüquq normalarını görməzdən gələrək, 365 764,53 manat məbləğində aşkar vergi yayınması faktını formal prosedurlara qurban verməsi, hüququn mahiyyətinin formadan üstünlüyü prinsipinin kobud şəkildə zədələnməsidir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının arqumentlərini qəbul edərkən VM-in 37.2-ci maddəsinin hüquqi konstruksiyasını natamam təhlil etmiş, nəticədə işin faktiki halları ilə qanunvericiliyin imperativ tələbləri arasında ziddiyyət yaratmışdır. VM-in 37.2-ci maddəsinin məzmunundan aydın olur ki, qanunverici kameral vergi yoxlaması üçün iki fərqli başlanğıc nöqtəsi müəyyən etmişdir: • İlkin bəyannamə təqdim edildiyi tarixdən; • Dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyi tarixdən. Məhkəmə öz qərarında yalnız ilkin bəyannamənin təqdim edilmə tarixini (və ya əməliyyatların baş verdiyi 2023-cü il dövrünü) əsas götürməklə, həmin maddənin sonuncu cümləsində təsbit olunmuş "...və ya verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilər" müddəasını hüquqi qiymətləndirmədən kənarda qoymuşdur. Bu norma vergi orqanına vergi ödəyicisinin bəyan etdiyi yeni məlumatlar işığında yoxlama müddətini restavrasiya etmək (bərpa etmək) hüququ verir. Qanunla müəyyən edilmiş 30 iş günlük müddət daxilində qəbul edilmiş inzibati aktın "müddət ötürülməsi" səbəbindən ləğv edilməsi hüquqi müəyyənlik prinsipinin pozulmasıdır. Məhkəmənin "əməliyyatlar 2023-cü ildə baş vermişdir" arqumenti kameral yoxlamanın mahiyyətinə ziddir, çünki kameral yoxlamanın obyekti əməliyyatın baş verdiyi tarix deyil, həmin əməliyyatın əks olunduğu bəyannamənin təqdim edildiyi tarixdir. Beləliklə, vergi ödəyicisi tərəfindən 2025-ci ilin mart ayı üzrə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi ilə vergi orqanı qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində "yenidən yoxlama" hüququnu qazanmış və bu hüququnu qanuni müddət (30 iş günü) daxilində reallaşdırmışdır. Məhkəmənin "əməliyyatlar 2023cü ildə olub" deyərək yoxlamanı qanunsuz hesab etməsi, ƏDV-nin əvəzləşdirilməsi mexanizminin mahiyyətinə ziddir. ƏDV-nin əvəzləşdirilməsi üçün "faktiki ödəniş" (həm ƏDV depozit, həm də bank hesabı üzrə) mütləq şərtdir. 1 669 433,59 manatlıq əsas məbləğ satıcının bank hesabına ödənilmədiyi müddətcə, həmin əməliyyat üzrə ƏDV-nin əvəzləşdirilməsi hüquqi qüvvəyə minməmişdir. Yəni, pozuntu 2023-cü ildə başlamış və 2025-ci ilin mart ayı bəyannaməsində (əvəzləşdirmə qalığı kimi) əks olunmaqla hələ də davam edir. Vergi orqanı cari dövrün bəyannaməsini yoxlayarkən, həmin dövrdə istifadə olunan əvəzləşdirmənin legitimliyini araşdırmalıdır. Maddi-hüquqi baxımdan vergi orqanının 3 illik hesablama müddəti mövcuddur. Vergi ödənilməsi hər bir şəxsin konstitusion vəzifəsidir. 300 498,05 manat məbləğində verginin, sadəcə prosessual müddətin (hansı ki, dəqiqləşdirilmiş bəyannamə ilə bərpa olunub) yanlış təfsiri ilə iddiaçının sərəncamında saxlanılması "əsassız varlanma" prinsipini yaradır.

c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarında da verginin hesablanması əsası kimi məhz 2025-ci ilin mart ayının dəqiqləşdirilmiş ƏDV bəyannaməsi göstərilmişdir. Belə olan halda, həmin bəyannamə yalnız 2025-ci ilin mart ayı üzrə təqdim edilmiş məlumatların yoxlanılması üçün hüquqi əsas yarada bilərdi. 2025-ci ilin mart ayına aid dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi 2023 və 2024-cü illərdə baş vermiş əməliyyatlar üzrə artıq başa çatmış yoxlama müddətini bərpa edə bilməz. Əks halda, istənilən vergi ödəyicisinin sonrakı dövr üzrə təqdim etdiyi hər hansı dəqiqləşdirilmiş bəyannamə vergi orqanına əvvəlki illər üzrə bütün əməliyyatları yenidən yoxlamaq imkanı verərdi ki, bu da Vergi Məcəlləsinin 37.2-ci maddəsinin mahiyyətinə zidd olardı.

ç) Prosses iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə. 38.7.3 vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). 67.2 Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi.

12. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır..

13. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

15. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)

17. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 11-13-cü bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.

18. İş materiallarından göründüyü kimi "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması" haqqında ## ### 2025-ci il tarixli qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq edilmiş və 2025-ci il mart ayı üçün 365392.21 manat əlavə dəyər vergisi hesablamışdır.

19. Hazırda, iddiaçı "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması" ## ### 2025-ci il tarixli qərarının ləğv edilməsini tələb edir.

20. Cavabdeh orqan isə mübahisələndirilən qərarın qəbulu kimi o hala istinad edir ki, iddiaçı tərəfindən ##.##.2023 - ##.##.2025 -ci il ərzində "xxxx" MMC (Vöen: 1006920751), X1 MMC (Vöen: 1301500271), "xxxx" MMC (Vöen: 1404069521), "xxxx" MMC (Vöen: 1503348711), "xxxx" MMC (Vöen: 1505586571), "xxxx" MMC (Vöen: 1601467281), "xxxx" MMC (Vöen: 1605176671), Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi (Vöen: 1802077241), "X2" MMC (Vöen: 2005820561), "xxxx" MMC (Vöen: 2007263701), "X4 Consulting" MMC (Vöen: 2907003511), "Bizim İnşaat Group" MMC (VÖEN: **********), "xxxx" MMM (VÖEN: **********), X7 (VÖEN: **********) əldə olunan EQF-lərə görə ödənilən ƏDV məbləğlərinin (300498.05 manat) əvəzləşdirilməsinə baxmayaraq, müvafiq dövrlər üzrə bank hesablarının araşdırılması zamanı əsas məbləğlərin (1 669 433,59 manat) ödənilmədiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ƏDV depozit hesabına ödəniş edilmiş 300498.05 manat ƏDV məbləğinin əsas məbləğləri bank hesabından ödənilmədiyi halda təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə əməliyyatlarının aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eləcə də, aparılmış araşdırma zamanı iddiaçı tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2025- ci il tarixədək olan dövr üzrə bank hesablarınıza 13.011.639,96 manat pul vəsaitinin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində cəmi daxilolma məbləği 12 564 916.84 manat qeyd olunmuş, nəticədə əlavə dəyər vergisi üzrə 80 410.16 manat məbləğində kənarlaşma yaranmışdır.

21. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş sorğuya cavab məktubundan görünür ki, ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarla iddiaçıya 2025-ci ilin mart ayı üzrə 365 764,53 manat əlavə dəyər vergisi hesablanmışdır. Kameral vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək müxtəlif təchizatçılardan alınmış mallar (işlər, xidmətlər) üzrə ümumilikdə 3.223.507,94 manat (ƏDV-siz) dəyərində əməliyyatlara görə 300 498,05 manat ƏDV məbləği əvəzləşdirilmişdir. Lakin bank hesabları üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin əməliyyatların yalnız 1 554 074,35 manat hissəsinin dəyəri təchizatçıların bank hesablarına ödənilmiş, 1 669 433,59 manat məbləğində hissəsi isə təchizatçıların bank hesablarına ödənilməmişdir. Əməliyyatların əsas məbləği olan 1 669 433,59 manat təchizatçıların bank hesablarına ödənilmədiyindən, həmin əməliyyatlar üzrə əvəzləşdirilmiş 300 498,05 manat ƏDV Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun hesab edilməmiş və bərpa olunmuşdur. Bundan əlavə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək iddiaçının bank hesablarına daxil olmuş vəsaitlərin məbləği 13 011 639,96 manat təşkil etdiyi halda, təqdim edilmiş ƏDV bəyannamələrində 12 564 916,84 manat məbləğində dövriyyə bəyan edilmişdir. Nəticədə 446 723,12 manat məbləğində dövriyyənin bəyan edilmədiyi müəyyən olunmuş və həmin məbləğ üzrə 80 410,16 manat ƏDV hesablanmışdır. Araşdırma dövründə yayındırılmış ƏDV-nin 15 143,68 manat hissəsi iddiaçı tərəfindən sonrakı hesabat dövrlərində könüllü qaydada bəyan edildiyindən, əlavə hesablanmalı ƏDV məbləği 65 266,48 manat təşkil etmişdir. Beləliklə, iddiaçı üzrə əlavə hesablanmış ƏDV məbləği iki hissədən formalaşmışdır: Vergi Məcəlləsinin 175.1-ci və 166.7-ci maddələrinin tələblərinin pozulması nəticəsində qanunsuz əvəzləşdirilmiş və sonradan bərpa edilmiş 300 498,05 manat ƏDV; bəyan edilməmiş dövriyyə üzrə hesablanmış 65 266,48 manat ƏDV. Nəticədə iddiaçı üzrə 2025ci ilin mart ayı üçün büdcəyə ödənilməli əlavə ƏDV məbləği 365 764,53 manat (300 498,05 manat + 65 266,48 manat) müəyyən edilmiş və bu əsasla ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərar qəbul edilmişdir.

22. Beləliklə iş materialları ilə müəyyən edilir ki, ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarla iddiaçıya 2025-ci ilin mart ayı üzrə 365 764,53 manat əlavə dəyər vergisi hesablanmışdır. Kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək müxtəlif satıcılardan alınmış mallar (işlər, xidmətlər) üzrə ümumilikdə 3 223 507,94 manat (ƏDV-siz) dəyərində əməliyyatlara görə 580 231,43 manat (3 223 507,94 *18%) ƏDV məbləği əvəzləşdirilmişdir. Lakin vergi ödəyicisinin bank hesabları üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin əməliyyatların (yəni 3 223 507,94 manat alınmış e-qaimələrin) yalnız 1 554 074,35 manat hissəsinin dəyəri satıcıların bank hesablarına ödənilmiş, ancaq 1 669 433,59 manat (3 223 507,94 - 1 554 074,35) məbləğində hissəsi isə satıcıların bank hesablarına ödənilməmişdir.

23. Belə olan halda isə həmin əməliyyatlar üzrə əvəzləşdirilmiş 300 498,05 manat verg orqanı tərəfindən ƏDV Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun hesab edilməmiş və bərpa olunmuşdur.

24. Bundan əlavə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək iddiaçının bank hesablarına daxil olmuş vəsaitlərin məbləği 13 011 639,96 manat təşkil etdiyi halda, təqdim edilmiş ƏDV bəyannamələrində 12 564 916,84 manat məbləğində dövriyyə bəyan edilmişdir. Nəticədə 446 723,12 manat (13 011 639,96 -12 564 916,84) məbləğində dövriyyənin bəyan edilmədiyi (azaldıldığı) müəyyən olunmuş və həmin məbləğ üzrə 80 410,16 manat (446 723,12 *18 %) ƏDV hesablanmışdır.

25. Araşdırma dövründə yayındırılmış ƏDV-nin 15 143,68 manat hissəsi iddiaçı tərəfindən sonrakı hesabat dövrlərində könüllü qaydada bəyan edildiyindən, əlavə hesablanmalı ƏDV məbləği 65 266,48 (80 410,16 -15 143,68) manat təşkil etmişdir. Beləliklə, əlavə hesablanmış 365 764,53 manat (300 498,05 +65 266,48) ƏDV məbləği iki hissədən formalaşmışdır.

26. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçı üzrə 2025ci ilin mart ayı üçün büdcəyə ödənilməli əlavə ƏDV məbləği 365 764,53 manat (300 498,05 manat + 65 266,48 manat) müəyyən edilməsi və bu əsasla ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərar qəbul edilməsi qanuni və əsaslı olmuşdur.

27. Ona görə də məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslıdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

28. Nəzərə alınmalıdır ki,yeni məhkəmə təcrübəsi yaradan Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** saylı və *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarlarında qeyd olunur ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanı hesabat dövrü başa çatdıqdan sonra 3 il ərzində müvafiq faktları qiymətləndirərək əvvəlki dövr üzrə vergiləri hesablamaq və yenidən hesablamaq hüququnu özündə saxlayır. Bu müddəa onu göstərir ki, vergi orqanının vergi öhdəliyini müəyyən etməsi mütləq şəkildə əməliyyatın baş verdiyi ayda və ya limitin keçildiyi anda həyata keçirilməli olan ani müdaxilə kimi nəzərdə tutulmamışdır. Qanunverici vergi orqanına sonradan yoxlama, təhlil, hesablanma və yenidən hesablanma aparmaq üçün ayrıca müddət müəyyən etmişdir. Buna görə də, vergi orqanının elektron informasiya sistemlərində dövriyyə barədə məlumatın mövcud olması, həmin məlumat əsasında dərhal müdaxilə edilməməsi və ya vergi ödəyicisinin eyni ayda xəbərdar edilməməsi vergi orqanının sonradan 3 illik müddət daxilində vergi öhdəliyini hesablamaq hüququnu aradan qaldırmır. Bu baxımdan, vergi ödəyicisinin “vergi orqanı dövriyyəni görürdü, lakin məni vaxtında xəbərdar etmədi” arqumenti onun qanuni vəzifəsini aradan qaldıran əsas kimi qəbul edilə bilməz. Vergi qanunvericiliyi özünüqiymətləndirmə və özünübəyanetmə prinsipi üzərində qurulduğundan, sahibkarlıq subyekti öz dövriyyəsini izləməli, tətbiq olunan vergi rejimini düzgün müəyyən etməli və qanunla nəzərdə tutulmuş hallarda qeydiyyat, bəyanetmə və ödəmə öhdəliklərini vaxtında icra etməlidir. Vergi orqanının nəzarət funksiyası bu vəzifələri əvəz etmir, yalnız onların düzgün icra edilib-edilmədiyini sonradan yoxlamaq imkanı yaradır (Qərarın 88-92-ci bəndləri).

29. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ləğv olunmalı, iddia tələbi təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ləğv edilsin. İddiaçının cavabdeh tərəfindən qəbul edilmiş ## ### 2025-ci il tarixli, *-**-*-*/*- ******/**** saylı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair iddiası təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar