Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1170/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə qarşı (*hazırda cavabdeh1) Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, F.Məlikov məhəlləsi, APU-nun yataqxanasının qarşı tərəfində yerləşən Binəqədi Bələdiyyəsinin idarə edilməsi şöbəsinin mühəndis-memarı tərəfindən təsdiq olunmuş torpaq sahəsinin situasiya planında göstərilmiş 70.0 kv.m. torpaq sahəsinin plan və ölçüsünün hazırlanması, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ödəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edimişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya şikayətinin mümkünlüyü apellyasiya icraatının ilkin və məcburi yoxlanılmalı prosessual şərtidir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinin əsaslılığını yalnız həmin şikayətin qanunla müəyyən edilmiş qaydada və müddətdə verildiyini müəyyən etdikdən sonra araşdıra bilər. Prosessual müddətə riayət edilməsi şikayətin mahiyyəti üzrə baxılması üçün formal xarakterli texniki tələb deyil, məhkəmə qərarlarının sabitliyini, hüquqi müəyyənliyi, tərəflərin bərabərliyini və məhkəmə icraatının səmərəliliyini təmin edən imperativ prosessual şərtdir. Iş materiallarından görünür ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *-*(***)-*****/**** saylı qərarı cavabdeh inzibati orqanın elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Inzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə görə, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, hazırkı iş üzrə apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ##.##.2026-cı il tarixdən hesablanmalı və həmin müddət ##.##.2026-cı il tarixdə başa çatmış hesab edilməlidir. Lakin iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Inzibati Məhkəməsinə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Başqa sözlə, şikayət qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət keçdikdən sonra məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqan şikayətin prosessual müddət çərçivəsində verildiyini bildirsə də, bunu məhkəməyə təqdim edilmə faktını təsdiq edən mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Cavabdehin təqdim etdiyi idarədaxili sənəd dövriyyəsinə dair çıxarış apellyasiya şikayətinin ##.##.2026-cı il tarixdə inzibati orqanın daxili sənəd dövriyyəsində qeydiyyata alındığını, sənəd üzərində viza, imzalama, nömrələmə və poçt əməliyyatlarının aparıldığını göstərir. Lakin həmin çıxarışın hüquqi məzmunu yalnız sənədin inzibati orqanın daxilində hazırlanması, qeydiyyata alınması və müəyyən daxili dövriyyə mərhələlərindən keçməsi barədə məlumat verməklə məhdudlaşır. Bu sənəd şikayətin məhz ##.##.2026-cı il tarixdə Bakı Inzibati Məhkəməsinə, “Elektron məhkəmə” informasiya və ya X2 sisteminə daxil olduğunu, məhkəmə tərəfindən qəbul edildiyini və ya rabitə orqanına qanunla müəyyən edilmiş qaydada təhvil verildiyini təsdiq etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddətlərlə bağlı qaydaları Inzibati Prosessual Məcəllənin 22.2-ci maddəsinin mənasına uyğun olaraq inzibati məhkəmə icraatında subsidiar qaydada tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 129-cu maddəsinə əsasən, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Normanın mahiyyəti ondan ibarətdir ki, müddətə riayət olunması sənədin onu verən şəxsin daxili sistemində hazırlanması və ya qeydiyyata alınması ilə deyil, həmin sənədin prosessual qaydada səlahiyyətli ünvana - hazırkı halda birinci instansiya məhkəməsinə təqdim edilməsi ilə müəyyən edilir. Bu baxımdan cavabdehin “şikayət ##.##.2026-cı il tarixdə hazırlanmış və elektron imza ilə imzalanmışdır” məzmunlu dəlili prosessual müddətə riayət edildiyini təsdiq edən hüquqi fakt kimi qəbul edilə bilməz. Elektron imza sənədin müəllifini, bütövlüyünü və imzalanma tarixini təsdiq edə bilər, lakin elektron imzalanma tarixi özlüyündə həmin sənədin məhkəməyə təqdim edilməsi tarixi ilə eyniləşdirilə bilməz. Prosessual müddətin gözlənilməsi üçün həlledici olan sənədin hazırlanması, razılaşdırılması, vizalanması, imzalanması və ya inzibati orqanın daxili sistemində xaricolma nömrəsi alması deyil, şikayətin qanunla müəyyən edilmiş qaydada məhkəməyə verilməsi faktıdır. Cavabdehin istinad etdiyi çıxarışda “poçt etmə” əməliyyatlarının göstərilməsi də şikayətin məhkəməyə vaxtında təqdim olunmasını təsdiqləmir. Birincisi, yuxarıda qeyd olunduğu kimi, həmin çıxarış inzibati orqanın öz informasiya sistemindən formalaşdırılmış idarədaxili sənəddir və məhkəmə informasiya sisteminin qəbul qeydi, məhkəmə kargüzarlığının daxilolma qeydi, rabitə orqanının qəbz və ya izləmə məlumatı, yaxud səlahiyyətli texniki qurumun rəsmi arayışı ilə eyni sübut gücünə malik deyil. Ikincisi, çıxarışda ##.##.2026-cı il saat 18:05-də “poçtdan geri qayıtma” əməliyyatının qeyd edilməsi sənədin ilk göndərilmə cəhdinin uğursuz olması ehtimalını istisna etmir, əksinə, həmin sənədin məhkəməyə çatdırılması faktını daha da şübhəli edir. Üçüncüsü, 18:08də yenidən “poçt etmə” əməliyyatının aparılması barədə qeyd də sənədin həmin tarixdə məhkəməyə daxil olduğunu deyil, yalnız cavabdeh inzibati orqanın daxili sistemində növbəti əməliyyat aparıldığını göstərir. Halbuki prosessual müddətə riayət edildiyini sübut etmək yükü şikayəti verən şəxsin üzərindədir və bu yük daxili dövriyyə məlumatları ilə deyil, sənədin səlahiyyətli ünvana çatdırıldığını təsdiq edən obyektiv sübutlarla yerinə yetirilməlidir. Cavabdeh həmçinin “Elektron məhkəmə” informasiya sistemində bərpa-yenilənmə işləri ilə bağlı texniki xəta baş verdiyini, bu səbəbdən şikayətin sistemə əlavə edilməsinin mümkün olmadığını bildirmişdir. Lakin bu dəlil də mötəbər sübutlarla təsdiq olunmamışdır. Iş materiallarında “Elektron məhkəmə” informasiya sistemində ##.##.2026-cı il tarixdə cavabdehin şikayəti təqdim etməsinə mane olan texniki nasazlıq barədə səlahiyyətli qurumun rəsmi arayışı, sistem bildirişinin texniki təsdiqi, müraciət qeydi, ekran görüntüsü, texniki dəstək sorğusu, rabitə və ya informasiya sisteminin server qeydi mövcud deyildir. Həmçinin xüsusi olaraq qeyd edilməlidir ki, şikayət “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə deyil, X2 Sistemi vasitəsilə verilmişdir. Bundan əlavə, cavabdehin prosessual müddətin ötürüldüyü ehtimalını aradan qaldırmaq üçün ona məhkəmə tərəfindən hüquqi yardım göstərilmiş, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutların və ya müddətin bərpası barədə müvafiq ərizənin təqdim edilməsi təklif olunmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ayrıca vəsatət verilməmiş, müddətin buraxılmasının üzrlü səbəblərlə bağlı olduğunu təsdiq edən yetərli, obyektiv və yoxlanıla bilən sübutlar təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır. Inzibati Prosessual Məcəllənin 87.2–87.4-cü maddələrinin tələbləri baxımından da apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyünü yoxlamalı, mümkünlük əsasları olmadıqda şikayəti qəbul etməkdən imtina etməli və bu barədə qərardad çıxarmalıdır. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, inzibati orqan peşəkar publik hakimiyyət subyekti kimi məhkəmə icraatında iştirak edərkən prosessual hüquqlarından istifadə etməklə yanaşı, prosessual vəzifələrini də lazımi qaydada yerinə yetirməlidir. Inzibati orqan üçün prosessual müddətlər adi tövsiyə və ya daxili iş bölgüsündən asılı olan texniki göstərici deyil, qanunun imperativ tələbidir. Dövlət orqanının daxili sənəd dövriyyəsinin təşkili, sənədin son gün hazırlanması, imzalanması və göndərilməsi ilə bağlı risklər məhkəmənin və digər proses iştirakçılarının üzərinə keçirilə bilməz. Inzibati orqan şikayət vermək niyyətindədirsə, bunu müddətin son gününə saxlamaqla texniki, təşkilati və kommunikasiya risklərini özü yaratmış olur və belə risklərin sonradan prosessual müddətin qorunması və ya bərpası üçün avtomatik əsas kimi qəbul edilməsi hüquqi müəyyənlik prinsipinə zidd olardı. Hazırkı işdə cavabdehin prosessual davranışı ayrıca qiymətləndirildikdə də eyni nəticəyə gəlinir. Prosessual müddətin ötürüldüyü qeyd edilən məhkəmə bildirişi cavabdehə ##.##.2026-cı il tarixdə göndərilmiş, apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə baxılması ##.##.2026-cı il tarixə, saat 09:20-yə təyin edilmişdir. Cavabdeh isə bu bildirişə münasibətini, yəni şikayətin prosessual müddət çərçivəsində verilməsi barədə izahını yalnız ##.##.2026-cı il tarixdə, saat 18:20-də, məhkəmə iclasına faktiki olaraq bir iş günü belə qalmadığı vaxtda “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etmişdir. Bu hal cavabdehin təkcə apellyasiya şikayətinin verilməsi mərhələsində deyil, həm də apellyasiyanın mümkünlüyünün yoxlanılması mərhələsində prosessual davranışını vaxtında və məsuliyyətli şəkildə təşkil etmədiyini göstərir. Məhkəmə, eyni zamanda, inzibati orqanların məhkəmə icraatında iştirakının formal xarakter daşımamalı olduğunu qeyd etməyi zəruri sayır. Cavabdeh inzibati orqanın digər işlər üzrə də səlahiyyətli nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməməsi, məhkəmə sorğularına vaxtında və lazımi qaydada cavab verməməsi, eləcə də prosessual şikayətlərin verilməsini son günlərə saxlaması məhkəmə icraatının səmərəliliyinə mənfi təsir göstərən arzuolunmaz inzibati praktika kimi qiymətləndirilməlidir. Bununla belə, hazırkı qərardad üzrə hüquqi nəticə yalnız bu işin materialları ilə təsdiq olunmuş hallara əsaslanır. Digər işlər üzrə müşahidə edilən davranışlar bu iş üzrə apellyasiya şikayətinin mümkünlüyünü müstəqil qaydada müəyyən edən əsas kimi deyil, inzibati orqanın prosessual intizamla bağlı ümumi yanaşmasının qəbuledilməzliyini göstərən əlavə kontekst kimi nəzərə alınır. Inzibati icraat haqqında qanunvericiliyin qanunçuluq, etimad, inzibati praktikanın ardıcıllığı və dövlət orqanlarının fəaliyyətində məsuliyyət prinsipləri inzibati orqanlardan yalnız şəxslərə münasibətdə inzibati akt qəbul edərkən deyil, həm də məhkəmə icraatında iştirak edərkən qanuna ciddi riayət etməyi tələb edir. Inzibati orqan məhkəmə icraatının peşəkar iştirakçısı kimi öz daxili təşkilati çatışmazlıqlarını, son anda sənəd təqdim etməsini, sistemə daxil olmaqda yaranmış iddia edilən çətinlikləri və ya idarədaxili sənəd dövriyyəsinin xüsusiyyətlərini prosessual müddətin pozulmasına bəraət qazandıran hal kimi irəli sürə bilməz. Əks yanaşma proses iştirakçıları arasında bərabərlik prinsipini pozar, dövlət orqanına digər tərəflərlə müqayisədə əsassız üstünlük verər və qanunla müəyyən edilmiş prosessual müddət institutunu faktiki olaraq mənasızlaşdırardı. Beləliklə, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddətin son günü ##.##.2026-cı il olmuş, şikayət isə məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Cavabdehin təqdim etdiyi idarədaxili sənəd dövriyyəsi çıxarışı apellyasiya şikayətinin ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim edildiyini təsdiq etmir. Texniki xəta barədə dəlil obyektiv və mötəbər sübutlarla əsaslandırılmamış, eyni zamanda apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə deyl, həmin dövrdə hər hansı xəta ilə işləməsi müəyyən edilməyən X2 Sistemi vasitəsilə təqdim edilmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdeh “xxxx” publik hüquqi şəxsinə apellyasiya qaydasında mübahisələndirdiyi Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə prosessual müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, cavabdehin həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanının düzgün dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Yuxarıdak qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1170/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1170/2026
03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver