Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1364/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1364/2026

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1364/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X16 və X8 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxs Üçüncü şəxs inzibati icraata cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 79.81 kv.m yaşayış sahəsi, 58 kv.m köməkçi sahədən ibarət *** nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə ** nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2017-ci il tarixi qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, X2 və Həsənova (Əliyeva) Zəhra Xamməd qızı arasında Bakı Nikah evi tərəfindən ##.##.2007-ci il tarixli **** nömrəli akt qeydinə əsasən bağlanmış nikah pozulması, ##.##.2009-cu il təvəllüdlü Üçüncü şəxs və ##.##.2013-cü il təvəllüdlü Həsənov İsmayıl Elşən oğlu saxlamaları və tərbiyə edilmələri üçün Həsənova (Əliyeva) Zəhra Xamməd qızının yanında qalması; X2 ##.##.2016-cı il tarixdən başlayaraq hər ay ##.##.2009-cu il təvəllüdlü Üçüncü şəxs yetkinlik yaşına çatana kimi saxlanılması üçün 137 manat və ##.##.2013-cü il təvəllüdlü Həsən İsmayıl Elşən oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin tutularaq Həsənova (Əliyeva) Zəhra Xamməd qızına ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən ##.##.2025-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışa əsasən ünvan 7 ünvanında yerləşən ünvanda X3, X2, Üçüncü şəxs, X4 yaşayış yeri üzrə qeydiyyatdadırlar.

4. İddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinə hazırki tələblə müraciət etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ##.##.2025-ci il tarixli **/*-M-*****/** nömrəli məktubunda bildirilmişdir ki, ünvan 5 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Üçüncü şəxs göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədər mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Üçüncü şəxs iddiaçıya məxsus ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi onun mülkiyyətindədir. Qeyd edilən mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2007-ci il tarixli 004013000845-***** reyestr nömrəli və ********* qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinə əsasən oğlu X2 ilə Həsənova (Əliyeva) Zəhra Xamməd qızı arasında bağlanmış ##.##.2027-ci il tarixli nikah pozulmuş və həmin qətnaməyə əsasən övladları ##.##.2009-cu il təvəllüdlü Üçüncü şəxs qızı və ##.##.2013-cü il təvəllüdlü Həsən İsmayıl Elşən oğlu saxlanmaları və tərbiyə edilmələri üçün anaları Həsənova (Əliyeva) Zəhra Xamməd qızının yanında qalması qət edilmişdir. Həmin tarixdən oğlu və onun ailə üzvləri onun mülkiyyətində olan mənzilində yaşamırlar. Nəvəsi Üçüncü şəxs anası Həsənova (Əliyeva) Zəhra Xamməd qızı ilə birlikdə uzun müddətdir ki, özlərinə məxsus başqa yaşayış sahəsində yaşasalar da Üçüncü şəxs 2009-cu ildən onun mülkiyyətində olan mənzilində qeydiyyatdadır. Dəfələrlə oğluna və keçmiş gəlininə övladları Üçüncü şəxs mənzilindən qeydiyyatdan çıxarmalarını tələb etsə də, onların övladlarını qeydiyyatdan çıxarmaq imkanları olsa da bunu etməmiş, süni surətdə qeydiyyatdan çıxarılma məsələsi uzadılmışdır. Həmin mənzil onun mülkiyyətində olmasına baxmayaraq Üçüncü şəxs mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxmır. Dəfələrlə cavabdehə tərəfindən edilmiş müraciətlər heç bir nəticə vermir. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda olması mülkiyyətçi kimi hüquqlarını pozur. Axı nəyə görə onun əvəzinə kommunal xərcləri o ödəməlidir? Üçüncü şəxs mənzilində qeydiyyatda olması onu mənzilindən maneəsiz şəkildə istifadə etməyini məhdudlaşdırır, mənzilini kirayəyə verə, girov qoya və yaxud başqa cür istifadə edə bilmir. Bundan əlavə hal-hazırda həmin mənzili satmaq istəsə gərək qanuna görə qeydiyyatda olan şəxslər kimi cavabdehin razılığı alınsın. Nəticə etibarilə əmlak üzərində sərəncam hüququ da pozulmaqdadır. Cavabdehin formal olaraq ona məxsus mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyət hüquqlarını pozur ki, bu da yolverilməzdir. Məhkəmə qətnaməsinə əsasən Üçüncü şəxs anasının yanında qalması qət edilmiş, anası başqa ünvanda yaşayır bu baxımdan həmin şəxs ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalıdır. Bununla bağlı ## ###### 2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Qeydiyyat və X14 ərizə ilə müraciət edərək Üçüncü şəxs mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Y/MAS, ev. 186 ünvanında yerləşən yaşayış sahəsindən yaşayış yeri üzrə qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Müraciətinə cavab olaraq Səbail Rayon Polis İdarəsi tərəfindən ## ######## 2025-ci il tarixli, 47/2-M-l****/** №-li məktubla bildirilmişdir ki, ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Y/MAS, ev. 186 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Üçüncü şəxs göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanunun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiq olduğu bildirilmişdir. Qeyd edilənlərdən göründüyü kimi inzibati orqan əsassız olaraq formal məzmunlu imtina verməklə onun hüquqlarını məhdudlaşdırmışdır. Ona görə də hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır.

7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək, Üçüncü şəxs ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

9. Həmin qərardan narazı qalan üçüncü şəxs Üçüncü şəxs qanuni nümayəndəsi vasitəsilə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin keçirdiyi ##.##.2026-cı il tarixli məhkəməsinin, onun iştirakı olmadan və məhkəməyə dəvətinin də ##.##.2026-cı il tarixində olması səbəbindən, bizim subutları toplamamağımızın və vaxtinda məhkəmə prosesində iştirak edə bilməməyimizin başlıca səbəbidir. Bu xahiş edir. Yetkinlik yaşına çatmayan qızı Üçüncü şəxs nənəsinə məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması düzgün deyil. Qeyd olunan Məhkəmə qərarı ilə razı deyil və hesab edir ki, qərar qanunsuz, əsassız və uşağın mənafeyinə ziddir. Qərarın qanunsuz olmasının əsasları: Qızı17 yaşındadır və yetkinlik yaşına çatmamışdır. Yetkinlik yaşına çatmayan uşağın qeydiyyatdan çıxarılması valideynin razılığı və uşağın hüquqları təmin edilmədən mümkün deyil. Onun razılığı olmadan belə bir qərar qəbul edilmişdir. Qarşı tərəf məhkəmədə uşağın guya mübahisəli ünvanda yaşamaması barədə məlumat vermişdir. Halbuki, qızı Üçüncü şəxs mütəmadi olaraq həmin ünvanda yaşayır və orada gecələyirdi, çünki o, həmin ünvanda doğulub və meylini o evə salıb. Amma onun yanına gəlir və onunla dərslərini işlədikdən sonra özünə məxsus otağının olduğu ünvanda gecələməyini istəyirdi və o onun hər hansı travma almaması üçün ona orada qalmağına etiraz etmirdi. Hətta 2023cü ildə ailə münasibətlərinin bərpası məqsədilə o və yetkinlik yaşına çatmayan övladları həmin ünvana daimi orada yaşamağı üçün həmin ünvana aparılmış, təxminən 1 ay müddətində faktiki olaraq orada yaşamışdır. Daha sonra isə o yenidən həmin evdən çıxarılmışdır. Səs yazısında qızı deyir: "Mən paltarlarımı öz otağıma niyə zülmlə yığmışdım? Niyə bizi qovursan?" və ağlayır. Bu, uşağın yaşayış yerindən çıxarılmasının ona mənfi təsirini və psixoloji zərərini açıq göstərir. Bu fakt uşağın həmin yaşayış sahəsi ilə real və faktiki əlaqəsinin olduğunu təsdiq edir. Və qızım Üçüncü şəxs qeydiyyatda olduğu ünvanda özünə məxsus otağı da var, hər gün nənəsi ilə birgə orada gecələyirdi. Uşağın qeydiyyatdan çıxarılması məsələsi gündəmə gəldiyi gündən nənə qızıma bir daha bu ünvana gəlməməyini tələb etmişdir. Qarşı tərəf tərəfindən ananın adına bir otaqlı evin olması əsas kimi göstərilmişdir. Lakin bu hal uşağın həmin ünvanda faktiki yaşadığını və rəsmi qeydiyyata alındığını sübut etmir. "Gedib qala bilər" və ya "yata bilər" kimi ehtimallar hüquqi əsas hesab edilə bilməz. Uşaq həmin ünvanda rəsmi qeydiyyata alınmamışdır və alternativ yaşayış hüququ təmin edilməmişdir. Məhkəmə iclası barədə bildiriş yetkinlik yaşına çatmayan uşağın qanuni nümayəndəsi olan ona heç bir rəsmi bildiriş təqdim edilməmişdir. Bu hal müdafiə hüququnun pozulmasına və işə birtərəfli baxılmasına səbəb olmuşdur. İşə baxılarkən Qeyyumluq və himayəçilik orqanının rəyi alınmamışdır. Halbuki, yetkinlik yaşına çatmayan uşağın hüquqlarına toxunan işlərdə bu rəyin alınması məcburidir. Yuxarıda göstərilənlər sübut edir ki, qəbul edilmiş qərar uşağın yaşayış, qeydiyyat və müdafiə hüquqlarını pozur və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə ziddir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

Tərəflərin izahatları

12. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iş üzrə tərəflər və üçüncü şəxs məhkəmə iclasında iştiraklarını etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı İddiaçı, cavabdeh Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin nümayəndəsinin və üçüncü şəxs Üçüncü şəxs iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu:

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.

2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarı: ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir...“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. ... Mülkiyyətçinin ərizəsi əsasında ona məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Hazırki işdə birinci instansiya məhkəməsinin qərarınından yalnız üçüncü şəxs apellyasiya şikayəti verdiyindən və qərarı tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə ona münasibətdə yoxlayır.

21. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan və belə iddialar üzrə inzibati orqana müraciət şərti məcburi olsa da, məhkəməyə müraciət olunması ilə bağlı müddət qanunla müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbi inzibati orqan tərəfindən təmin edilmədikdən sonra o, iddia ilə məhkəməyə müraciət etmişdir ki, buna da sübyektiv hüququ mövcud olduğundan iddia mümkündür.

22. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı tələbi “ Üçüncü şəxs iddiaçıya məxsus ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “üçüncü şəxs mübahisəli ünvanda qeydiyyatda olsa da hazırkı mülkiyyətçinin ailə üzvü deyil, həmin ünvanda faktiki olaraq yaşamır, onun mənzilə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda üçüncü şəxs iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olmaqla mübahisəli ünvan qanunla nəzərdə tutulmuş yaşayış yeri olmadığından mənzilin hazırkı mülkiyyətçisi onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin isə üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur.”

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ######## 2020ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal müəyyən edilməlidir.

1. şəxsin həmin yaşayış evində yaşamaması və

2. həmin evə dair əmlak hüquqlarının mövcud olmaması.

25. İş materiallarından müəyyən olunur ki, iddiaçının üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etdiyi fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə ** nömrəli reyestr kitabının **** nömrəli vərəqində qeydiyyata alınmışdır. Apellyator Üçüncü şəxs iddiaçının nəvəsidir. ##.##.2017-ci il tarixli Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(004)- ****/**** nömrəli qətnaməsinə X2 və Həsənova(Əliyeva) Zəhra Xamməd qızı arasında Bakı Nikah evi tərəfindən ##.##.2007-ci il tarixli **** nömrəli akt qeydinə əsasən bağlanmış nikah pozulması, ##.##.2009-cu il təvəllüdlü Üçüncü şəxs və ##.##.2013-cü il təvəllüdlü Həsənov İsmayıl Elşən oğlu saxlamaları və tərbiyə edilmələri üçün Həsənova(Əliyeva) Zəhra Xamməd qızının yanında qalması qərara alınmışdır. Valideyninin qeydiyyat ünvanı üzrə qeydiyyata alınmış yetkinlik yaşına çatmayan Üçüncü şəxs həmin ünvanda qeydiyyatda qalmışdır. Üçüncü şəxsin həmin ünvanda yaşamasına dair sübut nə birinci, nə də ki apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir.

26. Əksinə birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*- **/*-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, Üçüncü şəxs sözügedən ünvanda istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

27. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin ##.##.2025-ci il tarixli **/*-***** nömrəli məktubunda göstərilmişdir ki, ##.##.2009-cü il təvəllüdlü Üçüncü şəxs ##.##.2016-cı il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Adı göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır.

28. Birinci instansiya məhkəməsinin cavab olaraq Bakı şəhər Səbail Rayon Polis İdarəsinin ##.##.2025-ci il tarixli **/*-***** nömrəli məktubunda göstərilmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olan X6 Fərdi uçot kartoçkası Səbail RPİ-nin Qeydiyyat məsələləri bölməsində aşkar edilməmişdir.

29. Beləliklə müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi mənzilə məhkəmə tərəfindən apellyatorun istifadə hüququ müəyyən edilməmişdir. Üçüncü şəxs hazırda qeyd olunan ünvanda qeydiyyatda olsa da, orada yaşamır. Üçüncü şəxs iddiaçıya məxsus ünvanda formal qeydiyyatdadır.

30. Ona görə də birinci instansiya məhkəməsinin “qanunvericilikdə yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeri sayıldığından, valideyninin qeydiyyat ünvanı üzrə yetkinlik yaşına çatmadığı vaxtda qeydiyyata alındığından, üçüncü şəxsin anasının ünvan 8 ünvanında qeydiyyatda olmadığı işin mübahisəsiz halı olduğundan, üçüncü şəxsin Ailə Məcəlləsinin tələblərinə əsasən iddiaçıdan saxlanılmağı tələb etmə hüququ müəyyən olunmadığından və sonuncunun iddiaçıyla birgə yaşamadığından iddiaçı ##.##.2009-cu il təvəllüdlü Üçüncü şəxs oğlunun sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur” mövqeyi düzgün olmuşdur.

31. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin iddiaçının mülkiyyətində olan ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır.

32. Bu səbəbdən yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)- *****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar