Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1423/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1423/2026

01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1423/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı müayinə aktının və mütəxəssis rəyinin ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinə (*struktur dəyişikliyi ilə əlaqədar hazırda “xxxx” publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının, ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** saylı mütəxəssis rəyinin qanunsuz hesab edilməsi və ləğv edilməsi, eləcə də mübahisələndirilən inzibati aktların qanunsuzluğu ilə bağlı materialların cavabdehin aidiyyəti daxili nəzarət və intizam orqanlarına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” və ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** saylı mütəxəssis rəyi ayrı-ayrılıqda qəbul edilmiş və müxtəlif məhkəmə instansiyalarına təqdim edilmişdir. Qeyd olunan sənədlər cavabdeh tərəfindən bir-biri ilə hüquqi və faktiki baxımdan əlaqələndirilməmiş, hər biri müstəqil inzibati akt kimi tərtib edilmişdir. Həm müayinə (baxış) aktı, həm də mütəxəssis rəyi mülkiyyətçi olan iddiaçının iştirakı və xəbəri olmadan tərtib edilmişdir. Iddiaçı baxışın keçirilməsi barədə əvvəlcədən məlumatlandırılmamış, ona baxış zamanı öz mövqeyini bildirmək və faktiki vəziyyətlə bağlı izahat vermək imkanı yaradılmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, ##.##.2025-ci il tarixli müayinə (baxış) aktı iddiaçı tərəfindən deyil, kənar şəxs tərəfindən sifariş edilmişdir. Bu hal baxış aktının öz mətnində birbaşa göstərilmişdir. Lakin cavabdeh tərəfindən həmin kənar şəxsin iddiaçıya məxsus torpaq sahəsi üzrə baxışın keçirilməsini tələb etmək üçün hər hansı hüquqi səlahiyyətinin və ya qanuni marağının olub-olmaması araşdırılmamışdır. Bununla yanaşı, mübahisələndirilən sənədlərdə iddiaçıya məxsus ** saylı bağ sahəsinin sərhədləri, ölçüləri və konfiqurasiyası dövlət torpaq kadastrı və reyestri məlumatları ilə müqayisə edilməmiş, torpaq sahəsinə dair rəsmi dövlət qeydiyyatından çıxarış və kadastr məlumatları nəzərə alınmamışdır. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərardadı ilə (hakim A.V.Babayev) iddia mümkün sayılmamışdır. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçıya məxsus ** saylı bağ sahəsi üzrə "müayinə (baxış) aktı" və ##.##.2025-ci il tarixdə mütəxəssis rəyi tərtib edilmişdir. Bu sənədlərdə guya onun mülkiyyətində 135,0 kv.m. sahə olduğu iddia edilir. Lakin bu proses zamanı mülkiyyətçi kimi o, icraata cəlb olunmamış və baxışdan xəbəri olmayıb; baxış aktı mülkiyyətçinin deyil, kənar bir şəxsin sifarişi ilə tərtib edilib; sənədlərdə iddia olunan "artıq sahə"nin nə coğrafi koordinatları, nə də rəsmi ortofotoplan üzərində sərhədləri göstərilməyib. Birinci instansiya məhkəməsi bu sənədlərin "inzibati akt" olmadığını və hüquqi nəticə yaratmadığını əsas gətirərək iddianı mümkün saymamışdır. Məhkəmə mübahisəli sənədlərin faktiki mülkiyyət hüququnu məhdudlaşdıran təsirini aydınlaşdırmamışdır. Cavabdeh orqan tərəfindən müəyyən edilmiş "135 kv.m. artıq sahə" faktı mülkiyyətçinin sərəncam hüququna birbaşa maneə yaradır ki, bu da Inzibati Prosessual Məcəllənin 35.1-ci maddənin mənasına görə iddianı mümkün edir. Məhkəmə sənədlərin "hüquqi nəticə yaratmadığını" müəyyən etsə də, bu sənədlərin digər icraatlarda (məsələn, *****/**** saylı işdə) mülkiyyət əleyhinə istifadə edildiyi faktına hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nın və ##.##.2025-ci il tarixli mütəxəssis rəyinin qanunsuz hesab edilməsini və ləğvini tələb etmişdir. Birinci instansiya məhkəməsi həmin sənədlərin müstəqil inzibati akt xarakteri daşımadığı, özlüyündə iddiaçının hüquqi vəziyyətini dəyişdirmədiyi və hüquqi nəticə yaratmadığı qənaətinə gələrək iddianı mümkün saymamışdır. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisələndirilən sənədlərdə iddiaçıya məxsus torpaq sahəsi üzrə “135 kv.m. artıq sahə”nin mövcudluğu göstərilmiş, həmin sənədlər iddiaçının iştirakı olmadan və kənar şəxsin müraciəti əsasında tərtib edilmiş, sonradan isə digər məhkəmə icraatında iddiaçının əleyhinə sübut kimi istifadə olunmuşdur. Iddiaçının mövqeyinə görə bu hallar həmin sənədlərin hüquqi nəticə doğurduğunu göstərir və iddianın mümkün sayılmasını tələb edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyü iddianın mahiyyəti üzrə əsaslılığından əvvəl yoxlanılan ilkin prosessual şərtdir. Bu mərhələdə məhkəmə ilk növbədə iddia predmetinin inzibati məhkəmə icraatında ayrıca mübahisələndirilə bilən predmet olub-olmadığını, iddiaçının həmin predmetlə bağlı subyektiv hüququnun və ya qanunla qorunan marağının pozulduğunu əsaslandırıb-əsaslandırmadığını qiymətləndirir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinin məzmununa görə, inzibati akt inzibati orqan tərəfindən ümumi hüquq sahəsində konkret məsələni nizama salmaq məqsədilə qəbul edilən və ünvanlandığı şəxs üçün hüquqi nəticə yaradan hakimiyyət tədbiridir. Başqa sözlə, hər bir rəsmi sənəd, arayış, akt, rəy və ya texniki müayinə nəticəsi avtomatik olaraq inzibati akt hesab edilə bilməz. Inzibati aktın mövcudluğu üçün sənədin şəxsin hüquqi vəziyyətinə birbaşa təsir etməsi, onun hüququnu tanıması, məhdudlaşdırması, dəyişdirməsi, ləğv etməsi, üzərinə vəzifə qoyması və ya hüquqi münasibətin yaranması, dəyişməsi, yaxud xitamı üçün əsas təşkil etməsi tələb olunur. Hazırkı işdə mübahisələndirilən müayinə aktı və mütəxəssis rəyi özlüyündə iddiaçının mülkiyyət hüququnu ləğv etmir, torpaq sahəsinə dair dövlət reyestri məlumatlarını dəyişdirmir, kadastr sərhədlərini yenidən müəyyən etmir, iddiaçının adına olan daşınmaz əmlak hüququna xitam vermir, onun üzərinə inzibati öhdəlik qoymur, cərimə və ya digər məcburiyyət tədbiri tətbiq etmir, habelə torpaq sahəsindən istifadəyə dair müstəqil qadağa yaratmır. Həmin sənədlər öz mahiyyətinə görə müəyyən faktiki vəziyyət barədə inzibati orqanın və ya mütəxəssisin texniki xarakterli mövqeyini əks etdirən sübut materiallarıdır. Bu baxımdan, iddiaçının həmin sənədlərdə göstərilən məlumatlarla razılaşmaması, onların natamam, yanlış və ya kadastr göstəricilərinə uyğun olmadığını irəli sürməsi həmin sənədləri müstəqil inzibati akt xarakterli sənədə çevirmir. Sənədin məzmununda faktiki səhvin, koordinat çatışmazlığının, ölçü uyğunsuzluğunun və ya müayinə prosesində iştirak hüququ ilə bağlı iddia edilən pozuntunun mövcudluğu yalnız həmin sənədin sübut kimi mötəbərliyinin və sübutedici qüvvəsinin qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edə bilər. Bu hallar ayrıca ləğv tələbinin deyil, həmin sənədin təqdim edildiyi məhkəmə icraatında sübutun qiymətləndirilməsi, ona etiraz edilməsi, əlavə sübutların təqdim olunması, yerində baxış keçirilməsi, ekspertiza təyin edilməsi və ya mütəxəssisin dindirilməsi barədə vəsatətlərin predmeti ola bilər(di). Məhkəmə icraatında təqdim edilmiş sübutlar onları təqdim edən tərəfin mövqeyini avtomatik olaraq təsdiqləmir və məhkəmə üçün qabaqcadan məcburi nəticə yaratmır. Sübutun hüquqi əhəmiyyəti yalnız məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra müəyyən edilir. Buna görə də hər hansı sənədin digər məhkəmə icraatında tərəflərdən biri tərəfindən sübut kimi təqdim edilməsi həmin sənədin özlüyündə hüquqi nəticə doğurması kimi qiymətləndirilə bilməz. Hüquqi nəticə sübutun təqdim edilməsindən deyil, məhkəmənin həmin sübutu digər materiallarla birlikdə qiymətləndirərək yekun məhkəmə aktında hansı nəticəyə gəlməsindən yarana bilər. Əks yanaşma inzibati məhkəmə icraatının mahiyyətinə uyğun olmazdı. Əgər məhkəmə işində təqdim edilən hər bir arayış, akt, rəy, məktub və ya texniki sənəd ayrıca inzibati mübahisənin predmeti kimi qəbul edilsəydi, bu, sübutların qiymətləndirilməsi mexanizmini faktiki olaraq ayrıca paralel məhkəmə icraatları ilə əvəz edər, eyni faktiki halların müxtəlif işlərdə təkrar-təkrar araşdırılmasına, prosesin süni şəkildə parçalanmasına və məhkəmə müdafiəsi hüququndan məqsədindən kənar istifadə edilməsinə səbəb olardı. Halbuki qanunvericiliyin məntiqi ondan ibarətdir ki, sübutun düzgünlüyü, aidiyyəti, mötəbərliyi və kifayətliliyi həmin sübutun istifadə olunduğu iş üzrə məhkəmə tərəfindən qiymətləndirilməlidir. Apellyasiya şikayətində Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə istinad edilməklə birinci instansiya məhkəməsinin “artıq sahə”nin koordinatlarını və faktiki halları araşdırmadığı bildirilmişdir. Lakin bu dəlil də qərardadın ləğvi üçün əsas yaratmır. Çünki birinci instansiya məhkəməsi iddianın mümkünlüyü mərhələsində işin mahiyyəti üzrə “artıq sahə”nin həqiqətən mövcud olub-olmadığını, torpaq sahələrinin sərhədlərinin necə müəyyən edildiyini və kadastr göstəricilərinin düzgünlüyünü araşdırmalı deyildi. Bu hallar yalnız iddia mümkün sayıldığı halda mahiyyəti üzrə baxış zamanı əhəmiyyət kəsb edə bilərdi. Məhkəmənin həmin faktları araşdırmaması iddianın mümkünlük mərhələsində prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Iddiaçının Inzibati Prosessual Məcəllənin 13-cü maddəsinə istinad etməsi də apellyasiya şikayətinin təmin olunmasına əsas vermir. Məhkəmənin proses iştirakçılarına hüquqi yardım göstərmək və iddia tələbinin dəqiqləşdirilməsinə kömək etmək vəzifəsi məhkəmənin iddiaçının yerinə yeni iddia predmeti formalaşdırması və ya qanunla müstəqil mübahisələndirilməsi mümkün olmayan sənədləri məhkəmə nəzarətinin predmeti kimi qəbul etməsi anlamına gəlmir. Iddiaçının tələbi aydın olmuşdur: o, konkret olaraq müayinə aktının və mütəxəssis rəyinin qanunsuz hesab edilərək ləğvini istəmişdir. Həmin sənədlər isə hüquqi nəticə doğuran inzibati akt olmadığından, məhkəmənin yardım vəzifəsi bu hüquqi maneəni aradan qaldıra bilməzdi. Bundan əlavə, iddiaçının mübahisələndirilən sənədlərin cavabdehin daxili nəzarət və intizam orqanlarına göndərilməsi barədə tələbi də inzibati məhkəmə icraatında ayrıca müdafiə predmeti kimi çıxış edə bilməz. Inzibati məhkəmə icraatının məqsədi şəxsin pozulmuş subyektiv hüququnun müdafiəsidir. Inzibati orqanın əməkdaşları barəsində daxili yoxlama və ya intizam tədbirlərinin görülməsi məsələsi isə müvafiq inzibati orqanın daxili səlahiyyətinə aid olmaqla, iddiaçının həmin formada məhkəmə qaydasında tələb edə biləcəyi müstəqil subyektiv hüquq yaratmır. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Mübahisələndirilən müayinə aktı və mütəxəssis rəyi iddiaçının hüquqi vəziyyətini dəyişdirən, onun hüquq və vəzifələrini müəyyən edən, ona məcburi davranış qaydası ünvanlayan və ya mülkiyyət hüququna birbaşa müdaxilə edən inzibati aktlar deyildir. Onların məzmunu ilə bağlı etirazlar həmin sənədlərin sübut kimi təqdim edildiyi icraat çərçivəsində verilməli və qiymətləndirilməli idi. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını pozmamışdır. Apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması üçün əsas yaratmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar