Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1451/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ##.##.2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 44A ünvanında yerləşən 0,38639 ha torpaq sahəsi “xxxx” Xüsusi Kiçik Universal Müəssisəsinin xüsusi mülkiyyətində olmuşdur.
2. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2017ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 44A ünvanında yerləşən 5138,6 kv.metr qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.
3. İddiaçı Bakı şəhəri Vergilər Departamentinin (hal-hazırda Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti) cavabdeh “xxxx” Xüsusi kiçik universal müəssisəsinə qarşı “3813.68 manat borcun tutulması” tələbinə dair iş üzrə * saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı ##.##.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” Xüsusi kiçik universal müəssisəsindən dövlət torpaq sahəsindən istifadəyə görə icarə haqqı üzrə yaranmış 367 manat məbləğində borc və 2,88 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
4. Bakı Şəhər İcra Hakimiyyətinin ## ##### 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətləri daxilindədir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ###### 2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “Interservis" tərəfindən Bakı şəhəri, Babək prospekti, 44A ünvanında yerləşən torpaq sahəsi üzrə dövlət torpaq sahələrinin icarəsi ilə bağlı müqaviləyə xitam verilməsi və ya hesablanmış məbləğə dəyişiklik edilməsi barədə hər hansı məlumatın daxil olmadığı müəyyən edilmişdir. Bildirilir ki, “İnterservis” tərəfindən qeyd olunan torpaq sahəsi üzrə müvafiq məlumat təqdim edildikdən sonra dövlət torpaq sahələrinin icarəsi üzrə şəxsi hesab vərəqəsində hesablanmış icarə haqqı məbləğinə düzəlişlərin edilməsi təmin ediləcəkdir.
6. İddiaçı ##.##.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış və ********** nömrəli VÖEN əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır.
7. Cavabdehin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində dövlət torpaq sahələrinin icarəsi üzrə müvafiq hesablamalar və hesablanmış məbləğlər üzrə müvafiq düzəlişlərin aparılması Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən təqdim edilmiş məlumatlar əsasında aparılır. Belə ki, vergi ödəyicisi İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində torpaq sahələrinin icarəsi üzrə olan hesablamalar "İnterservis" tərəfindən təqdim edilmiş məlumat əsasında, Nizami rayonu Babək prospekti ilə O.Vəliyev küçəsinin kəsişdiyi ərazidə yerləşən 200,0 m² torpaq sahəsinin illik icarə haqqı məbləği 206,08 manat olmaqla ##.##.2006-cı il tarixli **** nömrəli və Nizami rayonu, O.Vəliyev və Babək prospektinin kəsişməsində yerləşən 3550,0 m² torpaq sahəsinin illik icarə haqqı məbləği 3292,13 manat olmaqla ##.##.2008-ci il tarixli **** nömrəli icarə müqaviləsi əsasında aparılmışdır. İllik icarə haqqı məbləği rüblər üzrə bərabər hissələrə bölünməklə, müvafiq hesablama aparılmışdır. Eyni zamanda bildirilir ki, cari tarixə şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən, vergi ödəyicisinin dövlət torpaq sahələrinin icarəsi üzrə borcu 51598,62 manat təşkil edir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən hüquqi şəxs ##.##.1994-cü il tarixdə "xxxx" Xüsusi Kiçik Universal Müəssisəsi adı ilə dövlət qeydiyyatına alınmış, ##.##.2017-ci il tarixdə yenidən təşkil olunaraq İddiaçı MMC-yə çevrilmişdir və İddiaçı MMC "xxxx" Xüsusi Kiçik Universal Müəssisəsinin hüquqi varisidir. a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi, iddiaçının şəxsi hesab vərəqəsində hesablanmış dövlət torpaq icarəsinə görə hesablanmış icarə haqlarının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iş üzrə əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
11. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə O.Vəliyev küçəsinin kəsişdiyi ərazidə yerləşən 200 kv.metr və 3550 kv.metr torpaq sahələrinə görə ##.##.2006-cı il tarixli və ##.##.2008-ci il tarixli icarə müqavilələrinə əsasən iddiaçıya hesablanmış 51598,62 manat icarə haqqının onun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti ilə “xxxx” xüsusi kiçik universal müəssisəsi arasında bağlanmış ##.##.2006-cı il tarixli *** nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nizami rayonu Babək prospekti ilə O.Vəliyev küçəsinin kəsişdiyi ərazidə yerləşən torpaq sahəsi sonuncu tərəfindən 49 il müddətinə icarəyə götürülmüşdür. Sonradan əlavə olaraq ##.##.2008-ci il tarixdə *** nömrəli müqavilə ilə torpaq icarə müqaviləsi bağlanmışdır. İcarəyə götürülmüş torpaq sahəsi “xxxx” xüsusi kiçik universal müəssisəsi tərəfindən ##.##.2011-ci il tarixdə satın alınmış və MA seriyalı, ******* saylı, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2011-ci il tarixli çıxarış verilərək (Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 44 A ünvanı verilməklə) və qeydiyyata alınmışdır. Bakı şəhəri Vergilər Departamenti cavabdeh “xxxx” xüsusi kiçik universal müəssisəsinə qarşı * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 3813,68 manat məbləğində borcun tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. * saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin ## ### 2017- ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” xüsusi kiçik universal müəssisəsindən dövlət torpaq sahəsindən istifadəyə görə icarə haqqı üzrə yaranmış 367 manat məbləğində borc və 2,88 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması qət edilmişdir. Həmin qətnamənin əsaslandırma hissəsində qeyd olunuşdur ki, iddiaçı cavabdehdən yalnız ##.##.2011-ci il tarixinə qədər icarə haqqını tələb edə bilər. Çünki həmin tarixdən torpaq sahəsi artıq “xxxx" xüsusi kiçik universal müəssisəsinin xüsusi mülkiyyətinə keçmişdir. Həmin qətnamə hal-hazırda qüvvədədir. "xxxx" xüsusi kiçik universal müəssisəsinin adı ##.##.2017-ci il tarixdə dəyişdirilərək “xxxx" MMC olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair “xxxx” MMC-nin adına yeni çıxarış alınmışdır. Bütün bunlara baxmayaraq əməliyyatlar tarixçəsindən aydın olur ki, dövlət torpaq icarəsi üzrə şəxsi hesab vərəqəsində 51598,62 manat borc yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ###### 2025-ci il tarixli, *-**-*- İ/*-Q-****-**/**** saylı imtina məktubu ilə cavab verilmişdir ki, “İnterservis" tərəfindən Bakı şəhəri, Babək prospekti, 44A ünvanında yerləşən torpaq sahəsi üzrə dövlət torpaq sahələrinin icarəsi ilə bağlı müqaviləyə xitam verilməsi və ya hesablanmış məbləğə dəyişiklik edilməsi barədə hər hansı məlumatın daxil olmadığı müəyyən edilmişdir. “İnterservis” tərəfindən qeyd olunan torpaq sahəsi üzrə müvafiq məlumat təqdim edildikdən sonra dövlət torpaq sahələrinin icarəsi üzrə şəxsi hesab vərəqəsində hesablanmış icarə haqqı məbləğinə düzəlişlərin edilməsi təmin ediləcəkdir.” Cavabdeh əsassız olaraq hesab elmişdir ki, şəxsi hesab vərəqəsində dövlət torpaq icarəsinə görə hesablanmış icarə haqlarının ləğv edilməsi mümkün deyildir.
13. Cavabdeh orqan tərəfindən iddiaya dair hər hansı bir münasibət bildirilməmişdir.
14. Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə O.Vəliyev küçəsinin küçəsinin kəsişdiyi ərazidə yerləşən 200 kv.metr və 3550 kv.metr torpaq sahələrinə görə ##.##.2006-cı il tarixli və ##.##.2008-ci il tarixli icarə müqavilələrinə əsasən iddiaçı İddiaçı MMC-yə hesablanmış 51598,62 manat icarə haqqının onun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.
15. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əsas fəaliyyəti digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyətdən ibarət olmuşdur. Vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində dövlət torpaq sahələrinin icarəsi üzrə müvafiq hesablamalar və hesablanmış məbləğlər üzrə müvafiq düzəlişlərin aparılması Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən təqdim edilmiş məlumatlar əsasında-qüvvədə olan icarə müqaviləsi əsasında aparılır. "İnterservis" tərəfindən təqdim edilmiş məlumat əsasında, iddiaçı ilə "İnterservis" arasında bağlanılmış ##.##.2008-ci il tarixli **** nömrəli icarə müqavilələri ləğv edilməmiş, hal-hazırda qüvvədədir. Bu hal məhkəmə tərəfindən araşdırılmamış və hesablamanın əsası olan icarə müqaviləsinin digər tərəfi-"İnterservis" üçüncü şəxs qismində cəlb edilməmişdir. Sözügedən müqavilələrin ləğv edilmədiyi təqdirdə torpaq icarəsi üzrə hesablamaların dayandırılmasına hər hansı bir əsas mövcud deyildir
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatları
18. İddiaçının vəkili və nümayəndəsi iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq
19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 706.1. torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər.
709. İcarə müqaviləsində ayrı şərtlər nəzərdə tutulmamışdırsa, icarəyə verilən torpağın yüklülüklərini və ondan tutulan vergiləri torpaq və vergi qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada torpaq mülkiyyətçisi ödəməlidir. 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 710.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.
21. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-21-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
26. Belə ki, iddiaçı şəxsi hesab vərəqəsində göstərilmiş 51598,62 manat icarə haqqının silinməsini tələb edir.
27. Həmin tələbi onunla əsaslandırır ki, göstərilən torpaq sahəsi ##.##.2011-ci il tarixdən xüsusi mülkiyyətinə keçmişdir və həmin tarixdən sonra dövlət torpaq icarə haqqının hesablanması qanunsuzdur. Bu hal daşınmaz əmlakın çıxarışları və ##.##.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə təsdiq olunur.
28. Cavabdeh orqan isə şəxsi hesab vərəqəsində aparılan hesablamaların “İnterservis” tərəfindən təqdim edilən məlumatlar əsasında həyata keçirildiyini və müqaviləyə xitam verilməsi barədə məlumat daxil olmadığını bildirərək, borcun silinməsindən imtina etmişdir.
27. İş materiallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə O.Vəliyev küçəsinin küçəsinin kəsişdiyi ərazidə yerləşən torpaq sahələri 2006-cı il və 2008-ci il tarixli müqavilələrlə “xxxx” Xüsusi Kiçik Universal Müəssisəsinin icarəsinə verilmiş, sonuncu isə ##.##.2011-ci il tarixdə həmin torpaq sahəsini özəlləşdirərək xüsusi mülkiyyətinə keçirmiş və buna dair müvafiq çıxarış əldə etmişdir. "xxxx" xüsusi kiçik universal müəssisəsinin adı ##.##.2017-ci il tarixdə dəyişdirilərək “xxxx" MMC olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır. Daha sonra Vergi orqanı və həmin müəssisə arasında icarə münasibətlərinə dair məhkəmə mübahisəsi olmuş və * saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi ilə iddia “367 manat icarə haqqı və 2,88 manat dövlət rüsumu”na dair hissədə təmin edilmiş, qalan hissədə isə rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, lakin yuxarı instansiya məhkəməsi tərəfindən qətnamədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Sözügedən qətnamədə həmin iş üzrə iddiaçının cavabdehdən yalnız ##.##.2011-ci il tarixinə qədər icarə haqqını tələb edə biləcəyi qeyd edilmişdir.
28. İşin apellyasiya baxışı zamanı göndərilən sorğuya cavab olaraq “İnterservis” Müdriyyətinin ## #### 2026-cı il tarixli məktubundan görünür ki, Bakı ş.Nizami rayonu, Babək prospekti ilə O.Vəliyev küçəsinin kəsişdiyi ərazidə ##.##.1999-cu ildə 0.375 ha və ##.##.2006-cı ildə 0.355 ha torpaq sahəsi ayrılaraq icarə müqaviiləsi bağlanmışdır.
29. Göründüyü kimi Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ##.##.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 44A ünvanında yerləşən 5138.6 kv.metr qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.
30. Eyni zamanda mübahisəli torpaq sahəsinin ##.##.2011-ci il tarixdən "xxxx" (hazırki, adı xxxx MMC) Xüsusi Kiçik Universal Müəssisəsinin mülkiyyətində olması iş materiallarına əlavə edilmiş sənədlər əsasında sübut olunur.
31. Belə olan halda kollegiya hesab edir ki, torpaq sahəsinin ##.##.2011-ci il tarixdən xüsusi mülkiyyətə keçməsilə yaranmış icarə münasibətlərinə xitam verildiyindən həmin tarixdən sonra dövlət torpaq icarə haqqının hesablanması üçün hüquqi əsasın mövcud olmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.