Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1495/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1495/2026

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1495/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- *****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə (*hazırda “xxxx” publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2025-ci il tarixli göndəriş əsasında ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır səbəb əlaqəsi göstərilməklə 2 il müddətinə əlillik təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Antiteror” əməliyyatında iştirak edərkən qapalı kəllə beyin travması almış və bunun da nətiəsində şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, funksional tutmalar və kəkələmə xəstəliyinə tutulmuşdur. “N” saylı hərbi hissənin ##.##.2024-cü il tarixli “travma haqqında arayışından” görünür ki, iddiaçı ##.##.2023-cü il tarixdə Ağdam rayonu ərazisində partlayış nəticəsində “qapalı kəllə beyin travması, sol pəncənin III, IV, V – barmaqlarının amputasiyası, sağ baldırın çoxsaylı qəlpə yaraları” diaqnozu ilə xəsarətlər almışdır. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əllik dərəcəsinin müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir. Həmin cavabla iddiaçı razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Iddiaçı hesab edir ki, həmin imtina əsassızdır və “Antiterror” əməliyyatı zamanı aldığı travmalar kifayət qədər ağırdır və ona əlillik dərəcəsi verilməlidir. Həmin vaxtdanda iddiaçı mütəmadi olaraq ruhi əsəb dispanserində müalicə alsada sağlamlığında heç bir müsbət irəliləyiş olmamışdır. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı * nömrəli X3 ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Üzvi (Antiterror əməliyyatları zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, funksional tutmalarla, kəkələmə ilə. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini ##.##.1996-cı il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli, **** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (##.##.2023) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Ağır dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, intihar fikirləri ilə. Partlayış travması (##.##.2023) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, ayrıayrı davamlı nevroloji nişanələr, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi, mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə. Partlayış travması (##.##.2023) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 5 (beş) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (##.##.2023) sol ayaq və sağ baldırın kor qəlpə yaralanması, sol ayağın III, IV, V barmaqların distal falanqalararası oynaq səviyyəsindən travmatik qopmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, güdülün formalaşdırılması, cərrahi əməliyyatdan sonrakı bərkimiş dəri çapıqları, sol ayağın III, IV, V barmaqların distal falanqalararası oynaq səviyyəsindən güdülləri, yumşaq toxumaların yad cisimləri (metal qəlpələr)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Sol gözün mürəkkəb miopik astiqmatizmi, oxlarla M 4,0 və M 1,0D nəticəsində görmə itiliyinin 0,1-ə qədər azalması, korreksiya ilə 0,9 olmaqla, sağ gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının publik hüquqi şəxsin ##.##.2024-##.##.2024-cü il tarixli, ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəkələyərək əsa ilə otağa daxil olmuş, özünü təqdim etmiş, əsəbilikdən şikayətlənmişdir. Gündə 2 dəfə “Depakin”, “Truksal”, qəbul etdiyini demişdir. Yaralandığı müddətdən kəkələdiyini demiş, lakin Xəstəlik haqqında Şəhadətnamədə bu barədə qeyd edilməmişdir. Bakıda kirayədə qaldığını bildirmişdir. Geyimi səliqəli olmuş, ayaq üstə durarkən nümayişkarcasına əllərini əsdirmişdir. Hər iki said nahiyələrində səthi kəsik izləri aşkarlanmışdır. Dediyinə görə özü etmişdir (dırnaq tutanla). Sol pəncənin III-V barmaqlarının orta və distal falanqaları amputasiyası olunmuşdur. Ailəlidir. 1 yaşında övladı var. 2014-2016 il tarixlərdə müddətli həqiqi hərbi xidmətdə, 2017-2024 il tarixlərdə mahhxhq baş əsgər rütbəsində hərbi xidmətdə olub. Azərbaycan Respublikası SQ bölüyünün, Türkiyə Respublikası SQ-nin taboru tərkibində və NATO strukturlarının komandanlığı altında Əfqanistan Islam Respublikasında keçirilən əməliyyatlarda iştirak etmişdir. Ordu sıralarından xəstəlik ilə təxris edilmişdir. Agentliyin həkim eksperttravmatoloqun əyani müayinəsi zamanı sol pəncənin III, IV, V barmaqlarının orta və distal falanqaların travmatik amputasion güdülü izlənilmiş, yeriş pozulmamış, pəncənin digər hissələri normal olmuş, aşıq-baldır oynağı tam həcmli izlənilmişdir. Nevroloji defisit aşkar edilməmişdir. Əlillik təyinatına əsas verən patoloji dəyişikliklər aşkarlanmışdır. Psixi status: Zahirən görünüşü yaşına və cinsinə uyğundur. Geyimi və özünə baxım gənaətbəxşdir. Bələdliyi tamdır. Əhval-ruhiyyəsi stabildir, lakin süni və qeyri-ardıcıl reaksiyalar verməyə çalışır. Nitqi simulyativ-kəkələmə. Nitqində təbii olmayan parçalar müşahidə edilir. Ailə-məişət adaptasiyası var. Zehni inkişafı təhsilinə və həyat tərzinə uyğundur. Yaddaşı saxlanılıb. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, simulyativ davranış. Ailə və məişət adaptasiyası” kimi müəyyənləşdirilmişdir. Əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarı ilə (hakim G.C.Tanrıverdiyeva) iddia təmin edilərək, ##.##.2025-ci il tarixli göndəriş əsasında ##.##.2025-ci il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar alınmışdır” səbəb əlaqəsi göstərilməklə 2 il müddətinə İddiaçı əlillik təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən diaqnozların hansı səbəbdən əlillik təyinatına əsas verməməsi barəsində Agentlik tərəfindən təqdim edilən yekun əyani müayinə qərarında və eyni zamanda etirazda da ətraflı məlumat verilmişdir. Şəxsdə həmin patalogiyanın olması ona əlilliyin təyinatına əsas vermir. Agentlik tərəfindən verilən yekun qərarda da qeyd edildiyi kimi göndərişdə əsas diaqnoz kimi göstərilmiş F07.0 üzrə patalogiya vardır, amma əlillik səviyyəsində deyildir. Birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinin rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq, Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi (Antiterror əməliyyatları zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, funksional tutmalarla, kəkələmə ilə.” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7-ci bəndinə əsasən Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Ağırlaşma- F98.5- Kəkələmə (hıqqana-hıqqana danışmaq), Kəkələmə (hıqqana-hıqqana danışmaq) patologiyası ilə bağlı bildirilir ki, bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, vətəndaşın əlillik vəziyyəti 2025-ci ilin may ayında yoxlanılmışdır. Göndərişdə əsas diaqnoz F07-dir. Lakin əyanı yoxlama zamanı həmin xəstəliyin əlamətlərinin iddiaçıda əlilliyin təyini üçün əsas olacaq səviyyədə olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindsən ekspertiza təyin edilmişdir. Ekspert də ümumi rəy vermişdir. Lakin cavabdeh orqan öz şikayətini müdafiə edir və xəstəliyin ağırlaşma hallarının iddiaçı mövcud olmaması səbəbindən Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və iddiaçıda F07 xəstəliyinin olduğu təsdiqlənmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı İddiaçı ## ######## 2023-cü ildə Ağdam rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən baş vermiş partlayış nəticəsində qapalı kəllə-beyin travması, sol pəncənin III, IV və V barmaqlarının amputasiyası və sağ baldırın çoxsaylı qəlpə yaraları ilə müşayiət olunan xəsarətlər almışdır. Hərbi hissə tərəfindən verilmiş travma haqqında arayışda xəsarətin məhz döyüş tapşırığının yerinə yetirilməsi zamanı alındığı göstərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası isə iddiaçıda partlayış travmasından sonra ağır dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, ağır dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, intihar fikirləri, posttravmatik ensefalopatiya, koqnitiv defisit, ikitərəfli neyrosensor tipli ağıreşitmə, ətraflarda qəlpə yaralanmaları və travmatik amputasiya müəyyən etmiş, həmin xəsarətlərin “hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə bağlı olduğunu təsdiqləmişdir. Hərbi-həkim komissiyasının qərarında iddiaçının həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız olduğu və bir nəfər müşayiətçiyə ehtiyacının yarandığı da göstərilmişdir. Bakı * nömrəli X3 tərəfindən tərtib edilmiş ## ### 2025-ci il tarixli A********YCR nömrəli göndərişdə xəstəliyin başlanma tarixi ## ######## 2023-cü il, gedişi “xroniki”, ağırlıq dərəcəsi isə “ağır” kimi qeyd edilmişdir. Həmin göndərişdən görünür ki, iddiaçı müxtəlif dövrlərdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında, Respublika Psixiatriya Xəstəxanasında və Bakı * nömrəli X3nda F07.0 - üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə uzunmüddətli stasionar müalicələr almışdır. Göndərişdə göstərilən stasionar müalicə müddətlərinin cəmi 220 gün təşkil edir. Bu hal xəstəliyin epizodik və ya qısamüddətli deyil, davamlı xarakter daşıdığını, aparılmış müalicələrə baxmayaraq psixi funksiyaların tam bərpa olunmadığını təsdiq edən mühüm göstəricidir. Forma 88-də iddiaçının psixi statusu təsvir edilərkən onun ünsiyyətə daxil olduğu, lakin suallara əsəbi cavablar verdiyi, əhvalının dəyişkən, emosional vəziyyətinin davamsız olduğu və vəziyyətinə münasibətdə tənqidinin formal xarakter daşıdığı göstərilmişdir. Əsas diaqnoz kimi “Antiterror əməliyyatları zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, funksional tutmalar və kəkələmə ilə”, ağırlaşma kimi isə F98.5 kodlu kəkələmə qeyd edilmişdir. Beləliklə, iddiaçının xəstəliyinin mövcudluğu yalnız onun subyektiv şikayətlərindən irəli gəlmir. Xəstəlik döyüş şəraitində baş vermiş konkret travma hadisəsi, hərbi hissənin arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı, uzunmüddətli stasionar müalicələr, ixtisaslaşdırılmış psixiatriya müəssisəsinin göndərişi və məhkəməpsixiatrik ekspertizası ilə qarşılıqlı şəkildə təsdiq edilmişdir. Cavabdehin qərarında iddiaçıya əlillik müəyyən edilməməsinin səbəbi yalnız “diaqnoz əlillik əlaməti təyin etmir” ifadəsi ilə göstərilmişdir. Həmin qərarda diaqnozun və funksional pozuntuların “Əlilliyin müəyyən olunması meyarları”nın konkret hansı bəndi üzrə qiymətləndirildiyi, iddiaçının xəstəliyinin ağırlıq dərəcəsi, davametmə müddəti, müalicəyə reaksiyası, əmək fəaliyyətinə, gündəlik həyata, davranışa və sosial uyğunlaşmaya təsiri, eləcə də orqanizmin funksiyalarının pozulmasının nə üçün 30 faizdən artıq hesab edilmədiyi izah olunmamışdır. “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət daşıyan bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etməməlidir. Qanunun 61.1-61.4-cü maddələri isə yazılı inzibati aktda işin faktiki və hüquqi hallarının, həmin halları təsdiq və ya rədd edən sübutların, tətbiq edilən normativ hüquqi aktların, diskresion səlahiyyət tətbiq edildikdə isə inzibati orqanın mülahizələrinin dəqiq və aydın göstərilməsini tələb edir. Cavabdehin qərarı bu tələblərə cavab vermir. Imtina aktında iddiaçının uzunmüddətli psixiatrik müalicə alması, hərbi-həkim komissiyası tərəfindən xəstəliyin ağır dərəcədə qiymətləndirilməsi, intihar fikirlərinin və koqnitiv defisitin müəyyən olunması, müşayiətçiyə ehtiyacının göstərilməsi, təkrar dekompensasiya hallarının və davranış pozuntularının mövcudluğu ayrıca təhlil edilməmişdir. Sadəcə diaqnozun əlillik əlaməti yaratmadığını bildirmək inzibati aktın əsaslandırılması deyil, qəbul olunmuş nəticənin təkrarlanmasıdır. Bundan əlavə, cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı etirazda travmatoloqun müayinəsinin nəticəsi təsvir edilərkən “əlillik təyinatına əsas verən patoloji dəyişikliklər aşkarlanmışdır” ifadəsi işlədilmiş, bundan dərhal sonra isə əlillik təyin edilməsinə əsas olmadığı nəticəsinə gəlinmişdir. Həmin ifadənin texniki yazı xətası olması ehtimal edilsə belə, bu, inzibati qərarın daxili ardıcıllığının və əsaslandırılmasının yetərli olmadığını bir daha göstərir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işi yetərincə araşdırmadığı, TSEK mütəxəssislərinin əyani müayinə nəticələrinə məhəl qoymadığı və yalnız iddiaçının təqdim etdiyi sənədlərlə məhkəmə-psixiatrik ekspertiza rəyinə əsaslandığı bildirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlil qərarın məzmunu ilə təkzib olunur. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin inzibati icraat materiallarını və əyani müayinə nəticələrini qərarında geniş şəkildə əks etdirmiş, cavabdehin iddiaçıda yüngül ifadəli şəxsiyyət pozuntusu, simulyativ davranış və ailə-məişət adaptasiyasının mövcudluğu barədə mövqeyini araşdırmışdır. Məhkəmə həmin mövqeyi nəzərə almamaqla deyil, digər tibbi sübutlarla müqayisə edərək və onun əsaslandırılma səviyyəsini qiymətləndirərək qəbul etməmişdir. Işin hallarının dəqiqləşdirilməsi üçün məhkəmənin ## ###### 2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertiza Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə həvalə olunmuşdur. Ekspert iddiaçını canlı müayinə etmiş, inzibati iş materiallarını, hərbi travmaya dair sənədləri və əvvəlki stasionar müalicələrin nəticələrini araşdırmışdır. Müayinə zamanı iddiaçının zahirən gərgin olması, təfəkkürünün ləngliyi və torpidliyi, əhvalının dəyişkənliyi, emosional dayanıqsızlığı, koqnitiv funksiyalarının zəifləməsi və davranış pozuntuları müəyyən edilmişdir. Ekspert bu məlumatların məcmusuna əsaslanaraq iddiaçıda “üzvi, travma mənşəli şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə” F07.0 diaqnozunun mövcud olduğu nəticəsinə gəlmişdir. Ekspert rəyinin yalnız anamnestik məlumatlara əsaslandığı barədə apellyasiya dəlili də iş materialları ilə təsdiq olunmur. Rəydə həm sənədlərin tədqiqi, həm də iddiaçının canlı müayinəsi zamanı müəyyən edilmiş obyektiv psixi status əlamətləri göstərilmişdir. Ekspert Forma 88-də qeyd edilmiş F07.0 diaqnozunu təsdiqləmiş, baş-beyin travması nəticəsində üzvi şəxsiyyət dəyişikliyi və davranış pozuntularının hazırda da mövcud olduğunu bildirmişdir. Diqqətəlayiq haldır ki, ekspert əlillik meyarlarının hüquqi baxımdan tətbiqi və orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi barədə suala cavab verməyərək bunun məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid olmadığını göstərmişdir. Eyni mövqe somatik xəsarətlərin qiymətləndirilməsi ilə bağlı suala münasibətdə də ifadə olunmuşdur. Bu, ekspertin öz səlahiyyət həddini aşmadığını, yalnız xüsusi tibbi bilik tələb edən məsələ - diaqnoz, onun travma mənşəyi və hazırkı klinik təzahürləri barədə rəy verdiyini göstərir. Diaqnozun hüquqi meyarlarla tutuşdurulması, normativ cədvəlin müvafiq sətrinin seçilməsi və hüquqi nəticənin müəyyən olunması isə məhkəmə tərəfindən həyata keçirilmişdir. Inzibati Prosessual Məcəllənin 58.6-cı maddəsi məhkəməyə inzibati orqanın həyata keçirdiyi sübutetməni təzələmək və ya tamamlamaq səlahiyyəti verir. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir, 68.1 və 68.2-ci maddələrə əsasən isə, məhkəmə qərarını tədqiq edilmiş və tərəflərin münasibət bildirmək imkanına malik olduqları sübutlar əsasında formalaşmış daxili inamına uyğun qəbul edir. Cavabdeh hesab edir ki, TSEK-in və məhkəmə-psixiatrik ekspertizasının mövqeləri arasında ziddiyyət mövcud olduğundan məhkəmə əlavə araşdırma aparmalı idi. Lakin müqayisə olunan sənədlər hüquqi təbiəti və əsaslandırılma səviyyəsi baxımından eyni deyil. TSEK-in nəticəsi inzibati aktın qəbul edilməsi prosesində cavabdehin strukturunda fəaliyyət göstərən mütəxəssislərin qiymətləndirməsidir. Məhkəmə-psixiatrik ekspertiza rəyi isə məhkəmə qərardadı əsasında, ekspertin bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilməsindən sonra, məhkəmə icraatı çərçivəsində verilmiş müstəqil prosessual sübutdur. TSEK-in mövqeyi məhkəmə üçün əvvəlcədən məcburi sübut qüvvəsinə malik olmadığı kimi, məhkəmə ekspertizasının rəyi də digər sübutlardan təcrid olunmuş şəkildə qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyini hərbi-həkim komissiyasının qərarı, travma haqqında arayış, Forma 88, xəstəlik tarixlərindən çıxarışlarla birlikdə qiymətləndirmişdir. Bu sübutlar arasında xəstəliyin diaqnozu və travmatik mənşəyi baxımından ziddiyyət deyil, ardıcıllıq mövcuddur. Ziddiyyət yalnız xəstəliyin əlillik üçün kifayət edən funksional ağırlığa çatıb-çatmaması barədə TSEK-in yekun inzibati nəticəsi ilə digər sübutlardan irəli gələn nəticə arasındadır. Məhz bu məsələ inzibati məhkəmə nəzarətinin predmetini təşkil edir. Cavabdehin “ailə-məişət adaptasiyasının saxlanılması”, “yaddaşın saxlanılması” və “psixoproduktiv əlamətlərin müəyyən edilməməsi” barədə dəlilləri də əlilliyin mövcudluğunu avtomatik istisna etmir. Tətbiq olunan 7.6.2.1-ci altbənd şəxsin mütləq şəkildə bütün sahələrdə dezadaptasiya olunmasını və ya daimi kənar qulluğa möhtac qalmasını tələb etmir. Əksinə, həmin meyar bütövlükdə sərbəst yaşamaq bacarığının saxlandığı, lakin əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azaldığı, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərin və müəyyən hallarda kənar şəxsin köməyinə ehtiyacın yarandığı vəziyyətləri 35–60 faiz diapazonunda qiymətləndirir. Iddiaçının ailəli olması, ünsiyyətə daxil ola bilməsi və gündəlik özünəqulluğun müəyyən hissəsini yerinə yetirməsi onun F07.0 diaqnozu üzrə müəyyən edilmiş funksional pozuntuya malik olmasını istisna edən hallar deyil. Əks yanaşma yalnız tam və ya demək olar ki, tam funksional asılılıq vəziyyətində olan şəxslərə əlillik müəyyən edilməsinə gətirib çıxarar ki, bu da 31-60 faiz və 61-80 faiz qiymətləndirmə diapazonlarının qanunvericilikdə ayrıca nəzərdə tutulmasının mahiyyətinə uyğun olmazdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 7.6.2.1-ci altbəndi F06, F07.0, F07.1, F07.2 və F07.8 kodları ilə təsnif edilən üzvi mənşəli şəxsiyyət və davranış pozuntularına aiddir. Həmin altbənd əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlərə, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır və müalicəyə rezistent simptomlar, sərbəst yaşamaq bacarığının ümumən saxlanmasına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyac yaranması şəraitində orqanizmin funksiyalarının pozulmasını 35-60 faiz, əlillik müddətini isə iki il müəyyən edir. Iddiaçının vəziyyətində həmin meyarın tətbiqi üçün əhəmiyyətli olan hallar birlikdə mövcuddur: xəstəlik travmadan sonra yaranmış və xroniki xarakter almışdır, iddiaçı uzunmüddətli və təkrar stasionar müalicələr keçmiş, müalicələrə baxmayaraq emosional dayanıqsızlıq, davranış pozuntuları, təfəkkürün ləngiməsi, koqnitiv zəifləmə, yuxu pozuntusu və dekompensasiya halları davam etmişdir; hərbi-həkim komissiyası ağır üzvi şəxsiyyət pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu və intihar fikirləri müəyyən etmiş, iddiaçının hərbi xidmətə tam yararsız və müşayiətçiyə ehtiyacı olduğunu göstərmişdir; məhkəmə-psixiatrik ekspertizası isə canlı müayinə zamanı F07.0 diaqnozunu və davranış pozuntularını təsdiqləmişdir. Buna görə birinci instansiya məhkəməsinin iddiaçının sağlamlıq vəziyyətini meyarların 7.6.2.1-ci altbəndinə aid etməsi və orqanizmin funksiyalarının pozulmasını 35- 60 faiz diapazonunda, iki il müddətinə müəyyən etməsi iş üzrə sübutların məcmusundan və tətbiq olunan normanın birbaşa məzmunundan irəli gəlir. Cavabdeh birinci instansiya məhkəməsinin xüsusi tibbi bilik tələb edən sahədə qərar qəbul etməklə Agentliyin diskresion səlahiyyətinə müdaxilə etdiyini bildirir. Apellyasiya şikayətində bu mövqenin əsaslandırılması üçün Ali Məhkəmənin qərarında ifadə olunmuş, məhkəmənin inzibati orqanın diskresion qərarını öz qərarı ilə əvəz edə bilməməsi barədə hüquqi mövqeyə istinad edilmişdir. Bununla yanaşı, apellyasiya şikayətinin özündə həmin hüquqi mövqenin davamı kimi inzibati orqanın diskresion səlahiyyətə malik olduğu halda da tam sərbəst olmadığı, bu səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıdığı qeyd edilmişdir. Əlilliyin qiymətləndirilməsi zamanı inzibati orqanın müəyyən tibbi və funksional qiymətləndirmə səlahiyyətinə malik olması onun istənilən nəticəni seçə bilməsi demək deyildir. Inzibati orqan diaqnozları, funksional pozuntuları və həyat fəaliyyəti məhdudiyyətlərini qanunvericiliklə əvvəlcədən müəyyən edilmiş meyarlarla tutuşdurmalı, nəticəni həmin meyarlara uyğun qəbul etməli və əsaslandırmalıdır. Sübut olunmuş faktiki hallar konkret normativ meyarın şərtlərinə uyğun gəldikdə, inzibati orqanın həmin meyarın nəzərdə tutduğu hüquqi nəticədən imtina etmək üçün sərbəst seçim imkanı qalmır. Hazırkı işdə məhkəmə TSEK-in tibbi funksiyasını bilavasitə öz üzərinə götürməmişdir. Məhkəmə xüsusi tibbi bilik tələb edən diaqnostik məsələnin aydınlaşdırılması üçün müstəqil ekspertiza təyin etmiş, ekspertin müəyyən etdiyi tibbi faktları digər sənədlərlə birlikdə qiymətləndirmiş və qüvvədə olan normativ meyarı tətbiq etmişdir. Bu, diskresion səlahiyyətin məhkəmə tərəfindən əvəz edilməsi deyil, inzibati orqanın səlahiyyətini qanunun məqsədinə və müəyyən edilmiş faktlara uyğun həyata keçirib-keçirmədiyinin yoxlanılmasıdır. Cavabdehin imtina qərarı qanunda nəzərdə tutulmuş meyarların konkret fakta tətbiqi ilə əsaslandırılmadığı, iş üzrə mühüm tibbi sənədlərin məzmununa adekvat hüquqi qiymət verilmədiyi və yekun nəticənin yalnız ümumi ifadə ilə bildirildiyi üçün düzgün həyata keçirilmiş diskresion səlahiyyət nümunəsi kimi qəbul edilə bilməz. Iddiaçının xəsarətlərinin Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olması ayrıca mübahisəli tibbi məsələ təşkil etmir. Hərbi hissənin arayışında xəsarətin Ağdam rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən alındığı, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında isə xəstəliyin və xəsarətlərin “hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsinə malik olduğu göstərilmişdir. Hərbi xidmətlə əlaqədar əlillik səbəbinin müəyyən olunması zamanı məhz belə hərbi tibbi sənədlərin əsas götürülməsi nəzərdə tutulur. Apellyasiya şikayətində Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə, eləcə də Mülki Prosessual Məcəllənin 385 və 386-cı maddələrinə ümumi istinad edilsə də, birinci instansiya məhkəməsinin araşdırmadığı konkret halın və ya tədqiq etmədiyi sübutun nədən ibarət olduğu göstərilməmişdir. Cavabdeh əlavə ekspertiza təyin edildiyi halda hansı konkret sualın fərqli cavablandırıla biləcəyini, mövcud ekspert rəyinin hansı hissəsinin qeyri-müəyyən, natamam və ya ziddiyyətli olduğunu da əsaslandırmamışdır. Əksinə, iş materiallarından görünür ki, məhkəmə iddiaçının və cavabdehin mövqelərini dinləmiş, cavabdehin inzibati icraat materiallarını araşdırmış, hərbi və mülki tibb müəssisələrinin sənədlərini tədqiq etmiş, xüsusi bilik tələb edən məsələ üzrə məhkəmə-psixiatrik ekspertizası təyin etmiş, ekspert rəyini digər sübutlarla müqayisə etmiş və tərəflərin həmin sübutlara münasibət bildirməsinə şərait yaratmışdır. Məhkəmə qərarında həm cavabdehin əyani müayinə nəticələri, həm də həmin nəticələrin qəbul edilməməsinin səbəbləri göstərilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar