Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1522/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1522/2026

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1522/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin baş direktoru və qanuni təmsilçisi olması barədə qeydin ləğv edilməsi və bu barədə məlumatın kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı 2017-ci ilin avqust ayında “xxxx” MMC-nin (VÖEN: **********) təsisçisi “TREK İNVEST” Səhmdar Cəmiyyəti tərəfindən Baş direktor vəzifəsinə təyin edilmişdir. Təsisçi müəssisə qeydiyyatda olduğu X4 müflis elan edilmişdir. Bununla əlaqədar ötən ilin dekabr ayından müvafiq məhkəmə qərarı ilə kurator təyin edilmiş vəkil ilə elektron poçt ünvanı üzərindən yazışma aparmış və Baş direktor vəzifəsindən azad olunmaq xahişini bildirmişdir. Kurator vəkilin tələb etdiyi bütün məlumatlar və sənədlər təqdim edilsə də, Baş direktor vəzifəsindən azad olunmağına dair qərar imzalanıb göndərilməmişdir. İddiaçı hazırda da vergi orqanlarında “xxxx” MMC-nin qanuni təmsilçisi kimi göstərilir. İddiaçının həmin Cəmiyyətin Baş direktoru (qanuni təmsilçisi) kimi qalmağı formal xarakter daşıyır və onun üçün problem yaradır. Belə ki, Cəmiyyətin öhdəliklərinə görə onun hər hansı bir işlə əlaqədar ölkədən çıxışı məhdudlaşdırıla bilər. Halbuki, səhhətində müəyyən problemlər var və bununla əlaqədar hər an müalicə üçün ölkədən çıxma zərurəti yarana bilər. Bakı İnzibati Məhkəməsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, qanunvericiliklə Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün "xxxx" MMC-nin dövlət reyestrində qeydə alınmış faktların dəyişdirilməsi, yəni İddiaçının adının qanuni təmsilçi kimi dövlət reyestrindən çıxarılması mümkünsüzdür. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələbinə əsasən rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni baş direktorun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli və təyin olunan şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Göründüyü kimi iddiaçının hüququ qeydiyyatı həyata keçirən inzibati orqan tərəfindən deyil, cəmiyyətin təsisçisi tərəfindən pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim S.Qənbərova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-*****/**** nömrəli qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Dövlət reyestr məlumatlarına əsasən bildirilmişdir ki, iddiaçı İddiaçı ##.##.2017-ci il tarixli təsisçi qərarına əsasən ##.##.2017-ci il tarixdən "xxxx" MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktorudur. Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra – Qanun) əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda bildirilmişdir ki, Qanunun 5.4.6-cı maddəsinə əsasən qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir, Qanunun 5.2-ci maddəsinə əsasən ərizə qanuni təmsilçi və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1-ci və 49.2-ci maddələrinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsi ilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Mülki Məcəllənin 91.3.2-ci maddəsinə və Cəmiyyətin Nizamnaməsinin 4.3-cü bəndinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Məhkəmə qərarına əsasən İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam verildiyi qeyd olunsa da, ##.##.2026-cı il tarixli **************** nömrəli "xxxx" MMC-nin direktoru kimi iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məktub göndərilmiş və məktub iddiaçıya məxsus asan imza ilə təsdiq edilmişdir. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni baş direktorun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli və təyin olunan şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. - 2.0.7-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət qeydiyyatı- Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. - 2.0.8-ci maddəsinə əsasən hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. - 2.0.10-cu maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət - Azərbaycan Respublikasının vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. - 2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. - 4.4-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və filialları, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları dövlət reyestrinə rüsumsuz daxil edilir. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır. - 4.6-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların təqdim edilməsinə yol verilmir. - 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. - 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. - 14.1-ci maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: ...14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşin faktiki hallarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olması barədə qeydiyyatın ləğv edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə ##.##.2025-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, Cəmiyyətin baş direktor dəyişikliyi və müşahidə şurasının üzvlərinin təyinatı faktının dövlət qeydiyyatına alınması üçün müvafiq ərizəyə ümumi yığıncağın qərarını, yeni baş direktorun və müşahidə şurasının üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surətlərini əlavə etməklə https://www.etaxes.gov.az/ebyn/novbe/#/https://www.e-taxes.gov.az/ebyn/novbe/ keçidi vasitəsilə onlayn növbə əldə edərək və ya poçt vasitəsi ilə qeydiyyat orqanına təqdim edilməsi xahiş olunur. Məhkəmə kollegiyası cavabdehin imtinasını və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakı iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirir: - ##.##.2017-ci il tarixli “xxxx” MMC-nin növbədənkənar ümumi yığıncağının qərarından görünür ki, X2 “xxxx” MMC-nin baş direktoru vəzifəsindən azad edilməsi və İddiaçı “xxxx” MMCnin baş direktoru vəzifəsinə təyin edilməsi qərara alınmışdır. - Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarışdan görünür ki, İddiaçı ##.##.2017-ci il tarixdən “xxxx” MMC-nin qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır. - Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin *-**-*-*- *-*/*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı ##.##.2017ci il tarixdən hazıradək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) rəhbəridir. - İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə ##.##.2026-cı il tarixdə xitam verilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda istinad olunan normalardan məlum olur ki, hüquqi şəxsin qanuni təmsilçisi qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs olmaqla, dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş hüquqi şəxs barəsindəki məlumatlardan biridir. Hazırkı inzibati işin materiallarından göründüyü kimi, iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi kimi reyestrdə qeydə alınmasına əsas, həmin MMC-nin ##.##.2017-ci il tarixli qərarı olmuşdur. Lakin işdən görünür ki, iddiaçının həmin MMC ilə baş direktor kimi bağladığı müqaviləyə xitam verilmiş, bu barədə bildiriş müvafiq dövlət orqanında qeydə alınmışdır. Belə olan halda, hazırkı iş üzrə iddiaçı tərəfindən edilən müraciətin təmin edilməməsi barədə cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar