Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1552/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1552/2026

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1552/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili X5 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı texniki pasportun və ona dair aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı cavabdeh tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, 0030011007404 -***** reyestr nömrəli, 04/2124 inventar nömrəli texniki pasportun və ona dair aparılmış qeydiyyatın ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia ərizəsi onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş ##.##.2022ci il tarixli, 0030011007404-***** reyestr nömrəli, 04/2124 inventar nömrəli texniki pasportdan görünür ki, hazırda ünvan 1 ünvanda yerləşən (reyestr nömrəsi: 003011007404-*****) fərdi yaşayış evinin olduğu torpaq sahəsinin faktiki sahəsi 0.077 hadır (tikinti altı sahə 0.01917 ha, digər sahələr 0.05783 ha). Bildirilir ki, keçmiş həyat yoldaşı X2 ilə üçüncü şəxs2 arasında birgə nikah dövründə əldə etdiyi və Bakı Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə ½ hissədə mülkiyyətçi və subyektiv hüququnun müəyyən edildiyi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin bağlanmış ##.##.2022-ci il tarixli, AN-İ seriyalı, ******* saylı əsas alğı-satqı və 7E-**** reyestr nömrəli, ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında sonuncuya satılmışdır. Lakin, hazırda məhkəmədə mübahisə predmeti ünvan 1 ünvanda yerləşən (reyestr nömrəsi: 003011007404-*****) fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ilkin alğı-satqı həyata keçirilmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin ilkin mülkiyyətçi Günel Rzayeva tərəfindən yekun alqı-satqısının olmadığı halda, həmin torpaq sahəsi üzrə ##.##.2022-ci il tarixli, 04/2124 inventar nömrəli X3 Rövşən Həsən oğlunun adına rəsmiləşdirilmişdir. Təkrarən, mübahisə predmeti olan əmlak birgə nikah dövründə əldə edildiyindən əmlakdır və məhkəmə qərarları ilə üzərində ½ hissədə pay hüququ müəyyən edilmişdir. Bundan əlavə, bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti cavabsız qalmışdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-*****/**** saylı qərardadı ilə üçüncü şəxs2 və X2 iş üzrə zəruri cəlbetmə qaydasında üçün şəxs qismində cəlb edilmişlər. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** qeydiyyat nömrəli ərizə ilə Idarəyə müraciət etmiş və 253020656770 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ ##.##.2022-ci il tarixli 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında üçüncü şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərardadı ilə (A.A.Abdullayeva) iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ##.##.2022-ci il tarixli texniki pasportun qanunsuzluğunu (əmlakın birgə mülkiyyətçi tərəfindən təkbaşına satılmasına şərait yaratmasını) araşdırmalı olduğu halda, maddi hüququn bu tələblərinə yanlış qiymət vermişdir. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Inzibati orqan texniki sənədləşməni həyata keçirərkən qanunlara və məhkəmə qərarlarına əməl etməyə borcludur. Iddiaçı tərəfindən təqdim edilən Ali Məhkəmə qərarı inzibati orqan üçün maddi hüquqi maneə idi. Məhkəmənin qərardadında bu ziddiyyəti "mülki münasibət" kimi tövsif etməsi maddi hüquq normalarının yanlış təfsiridir. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alındığı andan yaranır. Lakin qeydiyyatın əsası olan texniki sənədləşmə (texniki pasport) saxtalaşdırıldıqda və ya pay hüquqları gizlədildikdə, bu aktın ləğvi inzibati-hüquqi xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili X5 izahatında məhkəməyə bildirdi ki, qərardad əsassızdır. Belə ki, iddia tələbi cavabdeh tərəfindən verilmiş texniki pasportun və ona dair aparılmış qeydiyyatın ləğv edilməsi barədə olmuşdur. Məhkəmə cavabdehin mövqeyini bilmədən üçüncü şəxsin vəkilinin iddia tələbinin mümkünsüzlüyü barədə vəsatətini əsas götürərək, qərardad qəbul etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bağ evi olmaqla iddiaçının üçüncü şəxs X2 ilə birgə nikah dövründə əldə edilmişdir. Lakin bu bağ evinin torpaq sahəsinin texniki pasportu, evinin isə çıxarışı olmuşdur. Alqı-satqı münasibətləri isə yalnız evə nəzərən aparılmışdır. Belə ki, torpaq sahəsi özəlləşdirilmədiyindən özgəninkiləşdirilmə predmeti ola bilməzdi. Yəni ev satılıb, torpaq sahəsi isə texniki pasport ilə keçmiş sahibinin adında qalmışdır. Üçüncü şəxs Günel ilə digər üçüncü şəxs Rövşən arasında ilkin alqı-satqı müqaviləsi tikintiyə münasibətdə aparılmışdır. Həmin müqaviləyə əsasən nəzərədə tutulmuşdur ki, torpağın köhnə sahibi torpağa nəzərən çıxarış əldə etdiyi halda torpaq üzərində alqı-satqı aparıla bilərdi. Hazırda tikilinin üzərində çıxarışın üçüncü şəxs Rövşənin adına keçirilməsi mübahisə predmeti deyildir. Çünki alqı-satqı olub, tikilinin pulu qismən köçürülüb. Hazırki çıxarışın, texniki pasportun aidiyyatı sənədləri Xəzər Rayon Icra Hakimiyyətinin sərəncamıdır. Həmin sərəncam əsasında həm tikili, həm torpaq sahəsi özəlləşdirilə bilər. Nədənsə zamanında cavabdeh orqan evə dair çıxarış verir, lakin torpağa dair yalnız texniki pasport verir. Ididaçının keçmiş həyat yoldaşı - üçüncü şəxs Günelin torpağa mülkiyyətçi gözləntisi olmuşdur. Iddiaçının isə həmin əmlakda ikidə bir payı olmuşdur. Eyni zamanda bağ sahəsinin şəxslərin birgə nikah dövründə əldə edilməsi belə məhkəmə qərarları ilə təsdiq edildiyindən, həmin sahədən əldə edilmiş pul vəsaitindən iddiaçının ikidə bir pay hüquqi var. Yəni bu hal Ali Məhkəmənin qərarları ilə öz təsdiqini tapmışdır. Bununla iddiaçının subyektiv hüququ olması şübhəsizdir. Üçüncü şəxs Günel tikilini satdıqdan sora digər üçüncü şəxsin 82 min manata yaxın borcu yaranır. Həmin borcdan 5 min manat ödəniş edilmiş, lakin 77 min manat borcu qalmışdır. Eyni zamanada üçüncü şəxslər Rövşən Günel ilə həmin gün torpağa dair də ilkin alqı-satqı müqaviləsi bağlayaraq, razılaşırlar ki, torpağa dair çıxarış əldə etdikdən və müvafiq müqaviləni rəsmiləşdirməklə qalan borcu ödəyəcəkdir. Hazırda cavabdeh orqan texniki pasportu qanunsuz şəkildə Günelin adında Rövşənin adına keçirilmişdir. Tikili ilə bağlı çıxarışın verilməsi mübahisələndirilmir, lakin torpağa dair hissədə cavabdehin qanunsuz hərəkətəri qəbul edilə bilməz. Eyni zamanda nümayəndə ona verilmiş suallara cavab olaraq bildirdi ki, “ ... Tikiliyə münasibətdə iddiaçı razılıq vermişdir. Belə ki, iddiaçı həmin vaxt şirkətə görə evi ipotekaya qoyaraq kredit götürmüşdür. Şirkət tərəfindən həmin pul ödənilmədiyindən bank müvafiq olaraq evi satmaq istəmişdir. Bu zaman evi bank tərəfindən ucuz satılmasının qarşısını almaq üçün evin müəyyən dəyər müqabilində satılmasına razı olmuşdur. ... Mübahisələndirilən torpaq sahəsinin ölçüsü təxminən 8 sotdur. Bağ sahəsi tam hasarın içərisindədir. Üçüncü şəxs Günel Rzayevanın adına olan texniki pasport heç bir razılşma, sənədləşmə olmadan digər üçüncü şəxs üçüncü şəxs2 adına keçirilmişdir. ... Ilkin alqı-satqı müqaviləsi üzrə pulun ödənilmədiyi mübahisələndirlib. ... Çıxarışı yox, pulun ödənilməməsi mübahisələndirilib. Yəni razılaşma var ki, torpaq sahəsi Günelin adına özəlləşdiriləcək, daha sonra Rövşən tərəfindən qalıq qalan ödəniş tamamlanaraq, tərəflər arasında müqavilə rəsmiləşdirilərəkdir. ... Iddiaçı ilkin alqı-satqı müqaviləsinə razılaşması barədə heç bir sənəd imzalamamışdır. ... Müddət ötürülmə məsələsinə əsasən iddia tələbi rədd edilib, çünki iddiaçı barəsində həmin vaxt cinayət işi gedirdi, daha sonra həmin işə apellyasiya məhkəməsində xitam verilmişdir. ... X4 yaşayır, rəsmi sənədlərdə onun heç bir razılığı görünmür, lakin onun niyə bu yaranmış vəziyyətə etirazının olmaması barə məlumat yoxdur. ... Texniki pasport torpağa münasibətdədir. Iddiaçıya da, Günel xanıma da texniki pasport torpağa münasibətdə verilmişdir. Digər mülki mübahisələrdə üçüncü şəxsin nümayəndəsi qeyd edib ki, onlara ev satılıb, torpaq dövlətin balansındadır, ona görə də niyə pul ödənilməlidir. Mülki mübahisələrdə belə qeyd edilir, inzibati mübahisələrdə isə həmin alqı-satqının həm də torpağa şamil edilməsini qeyd edirlər”. Iddiaçı isə ona verilmiş suallara cavab olaraq bildirdi ki, qarşı vaxti ötürməyindən sui istifadə edir. Həmin ərazı böyük olub, ətraf ərazilər qardaş və bacısının mülkləridir. Evi satarkən niyyəti torpağa münasibətdə olmayıb. Torpağa münasibətdə yalnız sənədləşmə işləri aparıldıqdan və məbləğ ödənildikdən sonra alqı-satqı mümkün olacaqdır. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər (*üzrlü səbəblərə dair müvafiq sübutlar təqdim etməmişlər). Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, mübahisəli fərdi yaşayış evi üzrə X6 adına ## ####### 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, çıxarışda onun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 4-cü Maqomayev döngəsi, 421H ünvanında yerləşən, ümumi sahəsi 231,3 kv.m. olan fərdi yaşayış evinə tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Çıxarışda torpaq sahəsinin dövlət mülkiyyətində olması və torpaqdan istifadə hüququna dair 0,014520 hektar göstərici əks etdirilmişdir. ## ##### 2022-ci il tarixdə X6 ilə üçüncü şəxs2 arasında 4Ə-*** reyestr nömrəli notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, X6 adına dövlət reyestrində qeydə alınmış, ümumi sahəsi 231,3 kv.m. olan fərdi yaşayış evi 375.000 manata üçüncü şəxs2 satılmışdır. Müqavilədə satıcının mülkiyyət hüququnun əsası kimi ## ####### 2019-cu il tarixli dövlət reyestrindən çıxarış göstərilmişdir. Həmin tarixdə iddiaçı İddiaçı notariat qaydasında təsdiq olunmuş ərizə ilə həyat yoldaşı X6 mülkiyyətində olan sözügedən fərdi yaşayış evinin satılmasına razılıq vermişdir. Razılıq ərizəsində daşınmaz əmlak ünvanı və mülkiyyət sənədi ilə eyniləşdirilmiş, satılmasına razılıq verilən obyekt konkret müəyyən edilmişdir. Bu sənəd apellyasiya şikayətində irəli sürülən “iddiaçının ümumi əmlakdakı payının qeydiyyat zamanı nəzərə alınmaması” arqumentinin hüquqi qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Iddiaçının həmin razılığın hüquqi qüvvəsini, iradəsinin formalaşmasını, alqı-satqı müqaviləsinin etibarlılığını və ya satışdan əldə edilmiş vəsaitlə bağlı münasibətləri mübahisələndirməsi mümkündürsə, bütün bunlar tərəflərin bərabərliyi və iradə muxtariyyəti üzərində qurulan xüsusi-hüquqi münasibətlərin predmetidir. Həmçinin ## ##### 2022-ci il tarixdə X6 ilə üçüncü şəxs2 arasında 3M-*** reyestr nömrəli ilkin müqavilə bağlanmışdır. Həmin müqavilədə 0,077 hektar torpaq sahəsinə dair mülkiyyət sənədləri əldə edildikdən sonra gələcəkdə əsas müqavilənin bağlanması öhdəliyi nəzərdə tutulmuşdur. Ilkin müqavilənin məzmunundan onun öz-özlüyündə torpaq sahəsi üzərində mülkiyyət hüququnu üçüncü şəxs2 keçirmədiyi, belə bir hüququ dövlət reyestrində yaratmadığı və yalnız gələcəkdə əsas müqavilənin bağlanmasına yönəlmiş öhdəlik münasibəti doğurduğu aydın olur. üçüncü şəxs2 adına ## ##### 2022-ci il tarixdə tərtib edilmiş texniki pasportda torpaq sahəsinin “sənəd üzrə” ölçüsü göstərilməmiş, “faktiki sahə” 0,077 hektar, tikinti altındakı sahə 0,01917 hektar, digər sahə isə 0,05783 hektar qeyd olunmuşdur. Bu göstəricilər ## ####### 2019-cu il tarixdə tərtib edilmiş texniki pasportdakı göstəricilərlə eynidir. Deməli, mübahisələndirilən ## ##### 2022-ci il tarixli texniki pasport torpaq sahəsinə dair yeni ölçü müəyyən etməmiş, 0,077 hektar sahə barədə yeni hüquq yaratmamış və ## ##### 2022-ci il tarixli ilkin müqavilənin icrası qaydasında torpaq mülkiyyətini qeydiyyata almamışdır. O, əvvəlki texniki inventar sənədində olan faktiki göstəriciləri təkrar əks etdirmişdir. Sadalanan hallar göstərir ki, mübahisənin əsasında inzibati orqanın müstəqil publikhüquqi qərarı deyil, notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi, həmin əqdə verilmiş notariat razılığı, ilkin müqavilənin hüquqi nəticələri və ər-arvadın ümumi əmlakı ilə bağlı iddialar dayanır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının inzibati akt və ya inzibati orqanın hərəkəti nəticəsində pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddia mümkün sayılır. Bu norma inzibati məhkəməyə müraciət etmiş şəxsdən ilkin mərhələdə iddiasının publik-hüquqi mənbəyini, mübahisələndirdiyi inzibati tədbirin hüquqi nəticəsini və tələb etdiyi müdafiə vasitəsinin həmin pozuntunu aradan qaldıra bilməsini göstərməyi tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 2.3, 4.1–5.4 və 6.1–7-ci bəndlərində izah edilmişdir ki, iddianın mümkünlüyü yoxlanılarkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, iddianın onun qanunla qorunan marağına xidmət edib-etməməsi və seçilmiş müdafiə vasitəsinin arzu olunan hüquqi nəticəyə çatmağa yararlı olub-olmaması qiymətləndirilməlidir. Bununla yanaşı, mümkünlük mərhələsində mübahisənin mahiyyəti üzrə yekun həll verilməməlidir. Hazırkı işdə inzibati iddianın mümkün sayılmaması iddiaçının ümumi əmlakda payının mahiyyəti üzrə inkar edilməsi demək deyildir. Nəticə onunla əsaslanır ki, istinad edilən hüquq publik hüquqdan doğmur, tələb xüsusi-hüquqi münasibətin nəticələrinə yönəlmişdir və seçilmiş inzibati müdafiə vasitəsi iddiaçının elan etdiyi məqsədə çatmağa yararlı deyildir. Texniki pasportun ləğv edilməsi ## ##### 2022-ci il tarixli alqı-satqı müqaviləsini qüvvədən salmayacaq, həmin müqavilə əsasında yaranmış mülkiyyət hüququnun hüquqi əsasını aradan qaldırmayacaq və iddiaçının adına hər hansı payın qeydiyyatını təmin etməyəcəkdir. Qeydiyyatın alqı-satqı müqaviləsinə toxunmadan ləğvi isə hüquqi əsas qüvvədə saxlanılmaqla onun nəticəsinin aradan qaldırılması kimi daxili ziddiyyətli vəziyyət yaradardı. Buna görə iddiaçının real məqsədi satıcının sərəncam səlahiyyətinə, əqdin hüquqi nəticələrinə və alıcının mülkiyyət hüququna etiraz etməkdirsə, tələb də məhz həmin hüquqi münasibətə və onun iştirakçılarına qarşı yönəldilməlidir. Reyestr orqanının cavabdeh kimi göstərilməsi özü-özlüyündə inzibati hüquq münasibəti yaratmır. Iddianın cavabdehi formal olaraq dövlət orqanı olsa da, tələb olunan nəticə üçün həlledici mübahisə iki və ya daha çox xüsusi hüquq subyektinin əmlak hüquqları arasındadırsa, aidiyyət həmin münasibətin təbiətinə uyğun müəyyən edilməlidir. Əks halda daşınmaz əmlaka dair istənilən mülki mübahisəni onun reyestrdəki nəticəsinə qarşı inzibati iddia formasında qaldırmaq mümkün olardı. Məhkəmə kollegiyası xüsusi olaraq apellyasiya şikayətinin ayrı-ayrı dəlillərinin qiymətləndirilməsinin aparılmasını zəruri hesab edir.

1. Iddianın predmetinin təhrif edilməsi barədə dəlil Iddiaçı bildirir ki, o, alqı-satqı müqaviləsinin ləğvini deyil, yalnız texniki pasportun və qeydiyyatın ləğvini tələb etdiyindən mübahisə inzibati xarakter daşımalıdır. Bu yanaşma iddianın formal tələbi ilə onun hüquqi nəticəsini eyniləşdirir. Məhkəmə tələbin adlandırılması ilə bağlı deyil və iddianın hansı hüquqi münasibətdən irəli gəldiyini müstəqil müəyyən etməlidir. Texniki pasportun və qeydiyyatın ləğvi tələbinin təmin edilməsi üçüncü şəxs2 alqı-satqı müqaviləsi əsasında əldə etdiyi və dövlət reyestrində qeydiyyata alınmış hüququna birbaşa təsir edəcəkdir. Belə nəticənin əldə olunması üçün müqavilənin, notariat razılığının və tərəflərin əmlak hüquqlarının qiymətləndirilməsi qaçılmazdır. Birinci instansiya məhkəməsi iddia predmetini dəyişdirməmiş, sadəcə onun arxasında duran maddi hüquq münasibətini düzgün müəyyən etmişdir.

2. Texniki pasportun inzibati akt olması barədə dəlil Texniki pasport daşınmaz əmlak obyektinin inventar və texniki göstəricilərini əks etdirən sənəddir. O, mülkiyyət hüququ yaratmır, keçirmir və ya xitam etmir. Inzibati orqan tərəfindən hazırlanması onun publik hüquq sahəsində müstəqil tənzimləyici qərara çevrilməsi üçün kifayət deyildir. Bundan əlavə, 2022-ci il texniki pasportunda mübahisələndirilən 0,077 hektar faktiki sahə göstəricisi 2019-cu il texniki pasportunda da eynilə mövcud olmuşdur. Buna görə həmin göstəricinin 2022-ci ildə cavabdeh tərəfindən yeni inzibati qərarla yaradıldığı barədə iddia iş materialları ilə təkzib olunur.

3. Ümumi birgə mülkiyyətdə payın nəzərə alınmaması barədə dəlil Iş materiallarında iddiaçının daşınmaz əmlakın satılmasına verdiyi notariat qaydasında təsdiq edilmiş razılıq vardır. Qeydiyyat orqanı qüvvədə olan mülkiyyət çıxarışını, notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsini və digər zəruri sənədləri rəhbər tutmuşdur. Orqanın bu sənədlərin qüvvəsini kənara qoyaraq ər-arvadın daxili əmlak münasibətləri barədə mübahisəni inzibati qaydada həll etmək səlahiyyəti olmamışdır. Iddiaçının pay hüququna dair dəlili alqı-satqının mülki-hüquqi nəticələrinə təsir edə bilərsə də, məhz bu səbəbdən həmin dəlil mülki məhkəmədə, əqdin və qeydiyyata alınmış hüququn iştirakçılarının cəlb olunduğu çəkişmə icraatında araşdırılmalıdır. Bu dəlil inzibati məhkəmədə iddianın mümkünlüyünü deyil, xüsusi-hüquqi mübahisənin mövcudluğunu təsdiqləyir.

4. “Inzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə istinad Inzibati icraatın qanunçuluq prinsipi inzibati orqanın fəaliyyətinin Konstitusiyaya, qanunlara və digər normativ hüquqi aktlara uyğun olmasını tələb edir. Lakin həmin ümumi prinsip mübahisənin inzibati məhkəməyə aidiyyətini müstəqil şəkildə müəyyən etmir. Əvvəlcə publik-hüquqi münasibətin və hüquqi nəticə yaradan inzibati fəaliyyətin mövcudluğu müəyyən edilməlidir. Hazırkı işdə hüququn qeydiyyat əsasını xüsusi-hüquqi əqd təşkil etdiyindən və texniki pasport hüquqmüəyyənedici sənəd olmadığından, qanunçuluq prinsipinə ümumi istinad aidiyyət barədə nəticəni dəyişmir.

5. Qərardadda “bağışlanma müqaviləsi” ifadəsinin işlədilməsi barədə dəlil Birinci instansiya məhkəməsinin qərardadının bir cümləsində “alqı-satqı müqaviləsi” əvəzinə “bağışlanma müqaviləsi” ifadəsinin işlədilməsi aşkar mexaniki yazı xətasıdır. Qərardadın digər hissələrində sənədin tarixi, reyestr nömrəsi, tərəfləri və hüquqi mahiyyəti düzgün göstərilmiş, ## ##### 2022-ci il tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi olduğu dəfələrlə qeyd edilmişdir. Mexaniki yanlışlıq qərardadın nəticəsini anlaşılmaz etmir, tətbiq edilmiş hüquqi meyarı dəyişmir və işin aidiyyətinə təsir göstərmir. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin nəticəsini düzgün hesab etdikdə, Inzibati Prosessual Məcəllənin 87.6 və 87.8-ci maddələrinin mənasına uyğun olaraq qərardadı dəyişdirilmədən saxlaya, apellyasiya şikayətinin dəlillərinə cavab verməklə əsaslandırmanı tamamlaya bilər. Yalnız işin nəticəsinə təsir edən prosessual pozuntu və ya yanlış hüquqi nəticə qərardadın ləğvi üçün əsas ola bilər; hazırkı mexaniki yazı xətası belə xarakter daşımır.

6. Işin hallarının tam araşdırılmaması barədə dəlil Iddianın mümkünlüyü mərhələsində məhkəmə mübahisənin mahiyyəti üzrə bütün sübutları qiymətləndirməli və tərəflərin mülkiyyət hüquqları barədə yekun nəticəyə gəlməli deyildir. Bu mərhələdə tələb olunan araşdırma iddianın hansı hüquq münasibətindən doğduğunu, seçilmiş iddia növünün hüquqi məqsədə uyğunluğunu və inzibati məhkəmə aidiyyətinin mövcudluğunu müəyyən etmək üçün zəruri həddə aparılır. Birinci instansiya məhkəməsi iddia ərizəsini, apellyasiya şikayətində də istinad edilən hüquqmüəyyənedici sənədləri, reyestr orqanının təqdim etdiyi materialları və etirazı araşdırmış, qeydiyyatın alqı-satqı müqaviləsi əsasında aparıldığını müəyyən etmişdir. Apellyasiya şikayətində aidiyyət barədə nəticəni dəyişə bilən yeni sənəd göstərilməmiş, faktiki və prosessual əsaslandırmaya dair müvafiq bölmələrdə əlavə sübut təqdim olunmamışdır. Iddiaçının tələb etdiyi geniş maddi-hüquqi araşdırma aparılsaydı, inzibati məhkəmə mümkünlük barədə qərar vermək əvəzinə alqı-satqı müqaviləsinin etibarlılığı, ər-arvadın ümumi əmlakı və alıcının hüququ kimi mülki mübahisələri mahiyyəti üzrə həll etmiş olardı. Bu isə məhz qanunla müəyyən edilmiş məhkəmə aidiyyətinin pozulmasına səbəb olardı. Daşınmaz əmlakın dövlət reyestrinin əsas funksiyalarından biri daşınmaz əmlak üzərində hüquqların müəyyənliyini, aşkarlığını və dövriyyənin etibarlılığını təmin etməkdir. Reyestrdə hüququ qeydiyyata alınmış şəxsin hüququ, onun yaranma əsası qüvvədə olduğu müddətdə, yalnız texniki sənədə qarşı formal tələb irəli sürülməklə aradan qaldırıla bilməz. Əks halda reyestr məlumatına və notariat qaydasında təsdiq edilmiş əqdə etimad edən şəxsin hüquqi vəziyyəti, əqdin tərəfi olmadığı inzibati orqana qarşı icraatda, müqavilənin qüvvəsi barədə lazımi çəkişmə aparılmadan dəyişdirilmiş olardı. Hazırkı işdə üçüncü şəxs üçüncü şəxs2 hüququ notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinə söykənir. Satış zamanı reyestrdə satıcı tam mülkiyyətçi kimi göstərilmiş və iddiaçı satışa notariat razılığı vermişdir. Bu halların hüquqi nəticələri barədə mübahisə varsa, alıcının müdafiə və sübut təqdim etmək imkanları tam həcmdə təmin edilməli, əqdin etibarlılığı və tərəflərin qarşılıqlı tələbləri mülki icraatın qaydaları əsasında həll edilməlidir. Mübahisənin inzibati orqanın üzərinə texniki pasportu və qeydiyyatı ləğv etmək vəzifəsi qoyulması formasında həll edilməsi isə xüsusi-hüquqi münasibətin əsas iştirakçıları arasındakı mübahisəni dolayı yolla nəticələndirərdi. Aidiyyət qaydalarının məqsədi məhz belə vəziyyətin qarşısını almaq, hər bir mübahisənin onun hüquqi təbiətinə uyğun prosessual təminatlar daxilində həllini təmin etməkdir. Hüquqi sabitlik iddiaçının mülkiyyət hüququnun müdafiəsindən imtina edilməsi anlamına gəlmir. O, yalnız qüvvədə olan hüquqmüəyyənedici sənədin və qeydiyyata alınmış hüququn, müvafiq maddi-hüquqi əsaslar və düzgün prosessual vasitə olmadan aradan qaldırılmamasını tələb edir. Iddiaçının əqdin etibarsızlığı, ümumi əmlak payı, pul və ya zərərin əvəzinin ödənilməsi ilə bağlı mümkün tələbləri qanunla müəyyən edilmiş qaydada mülki məhkəmə icraatında irəli sürülə bilər. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar