Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1584/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1584/2026

06.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1584/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil İmamverdi oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Azərbaycan Respublikası Bakı şəhərinin İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentini Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən tərtib edilən ***** saylı müqaviləyə əsasən Binəqədi rayonu, Novxanı ərazisindəki 0.12 hektar torpaq sahəsi olan ****g nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir.

2. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının ##.##.2025-ci il tarixli arxiv arayışına əsasən: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2005-ci ilə dair sərəncamlar kitablarında aşağıdakı sərəncam vardır: Sərəncam № *** (çıxarış) ##.##.2005-ci il Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında. «Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçmrilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ##.##.2005-ci il tarixli, *** №-li protokolu təsdiq edilsin. Protokol № *** ##.##.2005-ci il «Vətəndaşların rəsmi-notarial qaydada imzaları təstiq edilmiş ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi,vətəndaşlara bağ sahələrinin ayrılması barədə». Bakı Şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli, 233 № li sərəncamına əsasən: 1 .Vətəndaşların rəsmi-notarial qaydada imzaları təstiq edilmiş ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilsin. 1.187.Novxanıdakı ****g №-li bağ- İddiaçı Akif oğluna.

3. Əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsinin sənəd üzrə olçüsü 1200 kv.m, faktiki isə 821.0 kv.m (şərti göstərilən) təşkil edir. 1085 g saylı bağ sahəsi kimi şərti olaraq göstərilən sahənin 1 tərəfi qonşu hasar, 3 tərəfi isə şərtidir,1 tərəfinin künc döngələri qonşu tərəfindən 2 daş hündürlüyündə tikilib. Sahədə tikili yoxdur.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, faktiki ölçüsü 821,0 kv.m. torpaq sahəsi olan “1085g” saylı bağ üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən “1085g” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli məktubla imtina verilmişdir. Cavabdehin imtina məktubu ona ##.##.2025-ci ildə çatdırılmışdır. Cavabdeh tərəfindən müraciətinə imtina verilərkən onun ərizəsi, müraciəti tam və obyektiv araşdırılmamış, formal mülahizələrə istinad olunmaqla ərizə təmin edilməmişdir. Bununla da əmlak hüquqları və vətəndaş hüquqları pozulmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinin müraciətinə cavab olaraq ona ünvanlanan ##.##.2025-ci il tarixli 3-213-30/2-B0272- 8/2025, ************ nömrəli məktubunda bildirir ki, “müraciətinizlə əlaqədar olaraq bildiririk ki, ...texniki baxış keçirilən zaman torpaq sahəsinin sərhədlərinin 3 tərəfdən şərti olduğu müəyyən edilmişdir. ...şərti göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200,0 kv.m., faktiki isə 821,0 kv.m. təşkil edir. ... torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərlə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığıəsasında həyata keçirilir.” Cavabdehin imtinası əsassızdır, qanuna ziddir və hüquqlarının pozulmasına səbəb olmuşdur. Tərəfindən torpaq sahəsinin 821,0 kv.m. olan faktiki ölçülərinin göstərilməsinə etirazı olmamışdır, buna yazılı şəkildə də razılıq verməyə hazır olduğunu bəyan etmişdir. Çünki ərazidə yeni yol salınmış və bununla əlaqədar sahədə azalma olmuşdur. Lakin cavabdeh araşdırma etmədən imtina vermiş, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Cavabdeh bir inzibati orqan kimi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişaf departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi Novxanı ərazisindəki ****g nömrəli bağın ona istifadəyə verilməsi haqqında ***** saylı ## ###### 2005-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Birlik Binəqədi rayonunun Novxanı ərazisində 0,12 hektar torpaq sahəsi olan ****g nömrəli bağı İstifadəçiyə verir və İstifadəçi həmin bağı istifadəsinə götürür. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının ## ##### 2025-ci il tarixli arxiv arayışına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2005-ci ilə dair sərəncamlar kitabında aşağıdakı sərəncam vardır: Sərəncam № *** (çıxarış) ##.##.2005-ci il, Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında “... Bakı Şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli *** nömrəli sərəncamına əsasən: Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadəsindəki bağ sahələri vətəndaşların adına rəsmiləşdirilsin. ... Novxanıdakı ****g nömrəli bağ – İddiaçı”.

6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin sərhədlərinin 3 tərəfdən şərti olduğu müəyyən edilmişdir. Elektron kadastr məlumatına əsasən qeyd olunan torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmiş və arxiv cizgisində sahənin qonşuluqları göstərilmədiyindən sahənin yerləşməsini araşdırmaq tərəfimizdən mümkün olmamışdır. Əlavə olaraq, şərti göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200,0 kv.m., faktiki isə 821,0 kv.m. təşkil edir. Torpaq sahəsi Novxanı-Pirşağı yolunun kənarında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır.

7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən faktiki ölçüsü 821,0 kv.m. olan ****g saylı bağ sahəsinə dair mülkiyyət hüququnun iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

11. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir.

12. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.

15. “Daşınmaz əmlakın dövlət reyestrihaqqında”Azərbaycan Respublikasının qan unu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

21. Belə ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, faktiki ölçüsü 821,0 kv.m. torpaq sahəsi olan “1085g” saylı bağ üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir.

22. Cavabdeh orqan isə qeyd olunan bağ sahəsinin nörməsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığını, arxiv cizgisində sahənin qonşuluqları göstərilmədiyindən sahənin yerləşməsini araşdırmaq mümkün olmadığını, həmçinin, torpaq sahəsinin sərhədlərinin 3 tərəfdən şərti olduğunu, şərti göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsünün 1200,0 kv.m., faktiki isə 821,0 kv.m. təşkil etdiyini bildirərək, imtina cavabı vermişdir.

23. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhərinin İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin ***** saylı müqaviləsinə əsasən Binəqədi rayonu, Novxanı ərazisində olan 0.12 hektar torpaq sahəsində yerləşən ****g nömrəli bağ sahəsi İddiaçı Akif oğluna ayrılmışdır Hazırda həmin torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsindədir. Eyni zamanda iddiaçının adına rəsmiləşdirilmiş Novxanı qəsəbəsindəki sahəsi 0,12 ha olan ****g saylı bağ sahəsinə dair bağlanmış müqavilənin və torpaq sahəsinin cizgisinin arxiv nüsxəsi mövcuddur, lakin göstərilən sahənin nömrəsi sxematik xəritədə aşkar edilməmişdir.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə. müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.

25. Qanunvericiliyin tələbinə əsasən kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən edilməli, yerli icra hakimiyyəti orqanlarının aktları bu əsaslardan birinə aid edilməlidir. Göründüyü kimi, iddiaçı bu əsası – Bakı şəhərinin İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin ***** saylı müqaviləsini cavabdehə təqdim etmişdir.

26. Eyni zamanda, sözügedən müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.

27. Oxşar mövge Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolleqiyasının *- *(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarında öz əksini tapmışdır.

28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

29. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar