Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1598/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Tərəflərin işitrakı olmadan, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “2,186,520 (iki milyon bir yüz səksən altı min beş yüz iyirmi) manat pulun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *- *(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “2,186,520 manat pulun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tütün məmulatlarının idxalı üçün nəzərdə tutulan 3,800,000 ədəd aksiz marka verilməsi üçün Cavabdehə müraciət etmiş, Cavabdeh müraciəti təmin etmədiyindən İddiaçı ona qarşı aksiz marka vermə öhdəliyinə dair iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsinin (hakim Fikrət Hüseynov) ##.##.2022- ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən hakim Aygül İsgəndərova) ##.##.2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə, sonra isə Ali Məhkəmənin İnzibati Kollegiyasının (sədrlik edən hakim Səyyad Kərimov) ##.##.2024 tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Yekun Məhkəmə Akt ilə cavabdehin hərəkətsizliyi faktı təsdiqini tapmışdır. Həmin hərəkətsizlik nəticəsində iddiaçıya 2.186.520 manat ziyan dəymişdir. Belə ki, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli QCM/D 013- ***/** nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçının idxalını nəzərdə tutduğu 3,800,000 qutu (paçka) NZ Gold Compact markalı siqaretin satışının reallaşması halında əldə edilə biləcək mənfəətin dəyəri 2,186,520 (iki milyon bir yüz səksən altı min beş yüz iyirmi) manat təşkil etmişdir. Satışı reallaşdırıla bilmədiyindən iddiaçıya 2,186,520 manat əldən çıxmış fayda şəklində zərər dəymişdir. Bu səbəbdən iddiaçı cavabdehin hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Cavabdeh iddiaya qarşı etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, eyni iddia tələbi Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) ##.##.2025-ci il tarixli e-2- *(***)-****/**** nömrəli qərarı rədd edilmişdir ki, iddiaçının cavabdehdən kompensasiya tələb etməyə dair subyektiv hüququ yoxdur. Belə ki, qərarla müəyyən edilmişdir ki, yekun məhkəmə aktının cavabdeh tərəfindən deyil, Dövlət Vergi Xidməti tərəfindən icra edilməli olması əsası ilə icra icraatına xitam verilmişdir. Yəni, iddiaçıya aksiz marka vermək öhdəliyini cavabdeh deyil, Dövlət Vergi Xidməti daşıyır. Məhkəmənin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı ilə cavabdehə qarşı iddiaçının kompensasiya tələbi ona görə rədd edilməmişdir ki, iddiaçının subyektiv hüququ yoxdur, ona görə rədd edilmişdir ki, əldən çıxmış fayda şəklində vurulmuş zərər tələbinin (subyektiv hüququn) faktiki əsası sübut edilməmişdir. Hazırki iddia tələbi üzrə isə faktiki əsasa dair sübutlar (2,186,520 manat mənfəətin əldən çıxması faktını təsdiq edən ##.##.2025-ci il tarixli QCM/D ***-***/** nömrəli mütəxəssis rəyi və onun əsaslandığı gömrük bəyannaməsi) təqdim edilmişdir. Bu isə ondan xəbər verir ki, hazırki tələb ilkin tələblə müqayisədə yeni tələb sayılır. Belə ki, Ədliyyə Nazirliyinin İcra Xidmətinin Analitik iş idarəsinin rəisi- xidmət rəisinin müavini Yaqub Qurbanovun ##.##.2025-ci il tarixli məktubu ilə müəyyən edilir ki, 3,800,000 ədəd aksiz marka verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair məhkəmə qərarının icrasının təmin olunması üçün tədbir görülməsi məqsədilə İcra Xidməti tərəfindən Maliyyə Nazirliyinə müraciət olunmuşdur (məktub əlavə edilir). Bu onu göstərir ki, yekun məhkəmə aktının icrası cavabdeh tərəfindən mümkündür və icra edilməlidir Cavabdeh iddiaya etiraz edir və bildirir ki, .iddia ərizəsində iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024 tarixli *-*(***)-***/**** saylı qərarına istinad edərək Maliyyə Nazirliyi tərəfindən sözügedən qərarın icra edilməməsi, yəni tütün məmulatının idxalı üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə aksiz markalarının verilməməsi nəticəsində ona vurulmuş maddi zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 2.186.520 manat məbləğində vəsaitin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda hazırkı iş qanuni qüvvəyə minmiş məhkəmə qərarının (Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### e-2-1(112)-3553/2025) olmasına baxmayaraq iddia tərəfi işə baxıldığı zaman mövcud olmamış, yalnız sonradan əldə edilmiş sübutun (mütəxəssis rəyi - kompensasiya məbləğinin düzgün müəyyən edilməsi ilə bağlı) yeni iddia tələbinə əsas olduğunu, həmçinin eyni tələbin rədd edilməsinə dair qüvvədə olan məhkəmə qərarının olmasının yeni tələb irəli sürülməsini istisna etmədiyini əsas gətirərək yeni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sadalanan hallarla bağlı bəzi xüsusatları məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, bu xüsusatlar inzibati məhkəmə vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün çıxarılmış qərarın vaxtında və düzgün icrasının təmin olunması baxımından həlledici əhəmiyyət daşıyır. İlk növbədə bildiririk ki, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### e-2-1(112)- ****/**** nömrəli qərarında iddia tələbi iddiaçı tərəfindən mənfəətin əldən çıxması faktını təsdiq edən sənədlərin təqdim edilməməsinə görə yox, iddiaçının Maliyyə Nazirliyindən dəymiş zərəri tələb etmək hüququ olmadığına görə rədd edilmişdir. Belə ki, həmin qərarla müəyyən edilmişdir ki, Ali Məhkəməsinin ##.##.2024 tarixli *-*(***)-***/**** saylı qərarının cavabdeh tərəfindən deyil, Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən icra edilməsi əsası ilə icra işi üzrə icraata xitam verilmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı ilk növbədə qanuni qüvvəyə minmiş qərarın icra edilməsinə nail olmalı, qərar gec icra olunduğu təqdirdə qərarın gec icra olunmamasına görə dəymiş ziyanı (indeksasiyanı) həmin işə baxan məhkəmədən tələb etməlidir. (Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli qərarı, səh 10) İddia ərizəsində qeyd olunduğu kimi, əgər məhkəmə kompensasiya məbləğinin müəyyən edilməsi ilə bağlı mötəbər sübutlar mövcud olmaması əsası ilə iddia tələbi rədd olunsaydı, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 12-ci və 13- cü maddələrində təsbit olunmuş "İşin hallarının araşdırılması prinsipi" və "Məhkəmənin yardım etmək vəzifəsi" prinsiplərinin pozulması ilə nəticələnəcəkdir. Nəzərə alınmalıdır ki, "xxxx" MMC-yə idxal olunan tütün məmulatlarına tətbiq edilən aksiz markalarının verilməsi öhdəliyinin borclunun üzərinə qoyulması barədə Gəncə İnzibati Məhkəməsinin e*- *(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli icra sənədi icra edilməsi üçün ##.##.2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmişdir (Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli qərarı, səh 8). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında aparılır. Hal-hazırda sözügedən qərarın Maliyyə Nazirliyi tərəfindən icrası faktiki olaraq mümkün deyildir ki, belə olan halda bununla bağlı dəymiş zərərin Maliyyə Nazirliyə yönəldilməsi tam əsassızdır. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən yenidən eyni predmetli iddia tələbi irəli sürülsə də, iddia ərizəsinə əlavə edilən maddi zərərə münasibətdə qiymətləndirmə rəyi yeni sübut kimi deyil, iş üzrə yeni açılmış hal kimi dəyərləndirilməli və həmçinin hazırda məhkəmə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-****/**** №-li , ##.##.2024cü il tarixli icra sənədi üzrə məhkəmə qərarının icrası ilə bağlı işin hansı vəziyyətdə olması, cavabdeh orqanın səlahiyyətlərinin ləğvi ilə onun əvəzində prosessual hüquqi varisi kimi kimin cəlb edilməli olması, o cümlədən iddia ərizəsinin iddiaçıya hüquqi yardım göstərilməklə yeni açılmış hal üzrə qiymətləndirilməsi üçün dəyişdirilməsi ilə bağlı müvafiq sərəncamın təqdim edilməsi təmin edilməli idi. Belə ki, əvvəlki iddia tələbi üzrə cavabdeh qismində və hazırkı iddia tələbində cavabdeh qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi iştirak etdiyi təqdirdə hazırda isə Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin cavabdeh qismində işə cəlb edilməsi iş üzrə cavabdehin dairəsini dəyişdirməklə hazırda iddia ərizəsinə əlavə edilmiş zərərə münasibətdə qiymətləndirmə rəyini də yeni xüsusat kimi qəbul etməli olduğundan məhkəmə hazırda Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tətbiqində səhvə yol verməklə hüquqi müəyyənlik prinsipinin tələblərinə riayət etməyib. Cavabdehin dəyişməsi və təqdim edilmiş rəyin tədqiqi mübahisənin yenidən araşdırılmasına əsas verir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçının hüquqi marağı və məqsədi 2,186,520 manat pulun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsindən ibarətdir. Lakin iddiaçı hazırki iddiaya inzibati məhkəmə icraatı çərçivəsində yenidən baxılmasının mümkünsüz olmasını nəzərə almamış və mümkünlük şərtlərinə cavab verməyən iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) ##.##.2025-ci il tarixli e-2- *(***)-****/**** nömrəli qərarına əsasən, iddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “2,186,520 (iki milyon bir yüz səksən altı min beş yüz iyirmi) manat pulun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) ##.##.2025-ci il tarixli e-2- *(***)-****/**** nömrəli qərarı hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Yəni, hazırki iddia tələbinə sözügedən məhkəmə qərarı ilə əvvəllər hüquqi qiymət verilmişdir. Nəzərə alınmalıdır ki, eyni mübahisə üzrə yeni sübut kimi təqdim edilmiş yeni qiymətləndirmə aktı qanuni qüvvəyə minmiş məhkəmə qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Oxşar yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir. Həmin qərardadda məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edilmiş və qərar qanuni qüvvəsini almışdır. Tərəflər, o cümlədən iddiaçı məcburi hüquqi qüvvəyə malik həmin qərara bağlıdır və iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə yenidən baxılmasını tələb etməkdə haqlı sayıla bilməz. Ona görə də bu iddiaya yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz...” Belə olan halda kollegiya hesab edir ki, hazırki iddia tələbinə sözügedən məhkəmə qərarı ilə əvvəllər hüquqi qiymət verildiyindən iddianın mümükün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1598/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1598/2026
16.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver