Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1625/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1625/2026

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1625/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (hazırkı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsi) “müddətsiz əlilliyinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2001-ci il tarixdə təyin edilmiş “ümumi səbəbdən”, 2-ci qrup əlillik dərəcəli əlilliyin dayandırılması qanunsuz hesab edilərək dayandırıldığı vaxtdan bərpa edilməsi və əlillik arayışının əlillik alt sisteminə yerləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1971-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Hal-hazırda Cəbrayıl rayonu, Mehdili Ə/D, Mehdili kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. Ailəlidir və övladları vardır. Evdar qadındır. ##.##.2001-ci il tarixdə ona “ümumi səbəbdən” 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Hər il əlillik dərəcəsinin təsdiq edilməsi üçün həkim komissiyasından keçmişdir. ##.##.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin * nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona təyin edilmiş əlillik dərəcəsinin müddətsiz əlillik kimi müəyyən edilməsi barədə qərar verilmişdir. ##.##.2024cü il tarixində iddiaçıya təyin edilmiş müddətsiz, ümumi əstəlik səbəbindən ikinci qrup əlilliyə görə pensiya heç bir xəbərdarlıq edilmədən qanunsuz olaraq dayandırılmışdır. Iddiaçıya təyin edilmiş “ümumi səbəbdən” 2-ci qrup əlillik dərəcəsinin dayandırılması barədə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının ona ünvanlanmış məktubundan sonra məlumatlı olmuşdur. Belə ki, iddiaçının borcu olmuş və borcunun silinməsi məqsədilə istifadə etdiyi pensiya kartını borclu olduğu şəxsə vermiş, həmin şəxs isə bu barədə ona məlumat verməmişdir. Həmin məktubdan sonra iddiaçı tərəfindən araşdırma aparılmış, elektron sistemdə əlillik vəziyyətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq etibarsız hesab edilmiş və nəticədə pensiyası dayandırılmışdır. Iddiaçının əlilliyinin qeyd olunan qurum tərəfindən dayandırılması onun əlillik hüquqlarını əsassız olaraq pozmuşdur və bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Iddiaçı ona təyin edilmiş müddətsiz əlilliyin bərpa olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir və ##.##.2025-ci il tarixindən xeyli müddət keçməsinə baxmayaraq ona rəsmi cavab verilməmişdir Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Cəbrail rayon mərkəzi Xəstəxanasının ##.##.2014- ci il tarixli göndərişi əsasında baxılmış və X5: VI Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G41 - Epileptik status => G41.1 - Epileptik status [petit mal] (kiçik tutmalar) “Diaqnozun mətni: Isterik nevroz tek-tek qıcolmalarla remissiya mərhələsində. Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Imtina verilir - Səbəb: Tam reabilitasiya olması.” səbəbi ilə imtina verilmişdir. Bildiririk ki, vətəndaşa dair göndərişin tarixi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə keçilən dövrdən əvvəlki tarixə təsadüf etdiyindən həmin dövrdə dövlət tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş kağızdaşıyıcı şəklində Tibbi-sosial ekspert komissiyalarına təqdim olunurdu və qiymətləndirmə aparılırdı. Vətəndaş barədə sonuncu muayinə qərarı ##.##.2014-cü ili əhatə edir. Yekun olaraq TAM REABILITASIYA OLUNMASI barədə qərar verilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. AR IPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Iddiaçı ##.##.2026-cı il tarixdə prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddəti bərpa etməsi barədə qərarardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılımışdır ki, iddiaçı İddiaçı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək ##.##.2001-ci il tarixdə təyin edilmiş “ümumi səbəbdən” 2-ci qrup əlillik dərəcəli əlilliyin dayandırılması qanunsuz hesab edilərək dayandırlıdığı vaxtdan bərpa edilməsi və əlillik arayışının əlillik alt sisteminə yerləşdirilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətin üzərinə qoyulmasını xahiş etmişdir. Iddia ərizəsində də qeyd etdiyi kimi ona təyin edilmiş 2-ci qrup əlillik dərəcəsinin dayandırılmasından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filalının məktubundan sonra məlumatlı olmuşdur. Çünki onun borcu olmuşdur və borcunun silinməsi məqəsədi ilə istifadəsində olan pensiya kartını borclu olduğu şəxsə vermişdir. Oda bu barədə heç bir məlumat verməmişdir. Bundan sonra əlilliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən dayandırılması əlillik hüquqlarını əsassız olaraq pozması səbəbdəndən məhkəməyə müraciət etmək məcbiriyyətində qalmışdır. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2001-ci il tarixdə ona “ümumi səbəbdən” 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Hər il əlillik dərəcəsinin təsdiq edilməsi üçün həkim komissiyasından keçmişdir. ##.##.2012-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin * nömrəli Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən ona təyin edilmiş əlillik dərəcəsinin müddətsiz əlillik kimi müəyyən edilməsi barədə qərar verilmişdir. ##.##.2024-cü il tarixində iddiaçıya təyin edilmiş müddətsiz, xəstəlik səbəbindən ikinci qrup əlilliyə görə pensiya heç bir xəbərdarlıq edilmədən qanunsuz olaraq dayandırılmışdır. Iddiaçıya təyin edilmiş “ümumi səbəbdən” 2-ci qrup əlillik dərəcəsinin dayandırılması barədə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının ona ünvanlanmış məktubundan sonra məlumatlı olmuşdur. (məktub Cəbrayıl rayon Icra Hakimiyyətinə ünvanlanmışdır) Belə ki, iddiaçının borcu olmuş və borcunun silinməsi məqsədilə istifadə etdiyi pensiya kartını borclu olduğu şəxsə vermiş, həmin şəxs isə bu barədə ona məlumat verməmişdir. Həmin məktubdan sonra iddiaçı tərəfindən araşdırma aparılmış, elektron sistemdə əlillik vəziyyətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq etibarsız hesab edilmiş və nəticədə pensiyası dayandırılmışdır. Iddiaçının əlilliyinin qeyd olunan qurum tərəfindən dayandırılması onun əlillik hüquqlarını əsassız olaraq pozmuşdur və bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Iddiaçı ona təyin edilmiş müddətsiz əlilliyin bərpa olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir və ##.##.2025-ci il tarixindən xeyli müddət keçməsinə baxmayaraq ona rəsmi cavab verilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HISSƏ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. «Inzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. IPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Bununla bağlı məhkəmə kollegiyası həmçinin Ali Məhkəmənin Inzibati Kollegiyasının oxşar kateqoriya işlər üzrə icmal məktubuna istinadən qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yol veriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericilikdə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hər bir halda qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçı ona 2001-ci ildən müddətsiz əlilliyin təyin edildiyini lakin sonradan əsassız olaraq dayandırıldığını iddia edərək müddətsiz əlilliyin bərpasını xahiş edir. Iş materiallarıdan da müəyyən olunur ki, iddiaçıya əlilliyə görə təyin edilmiş pensiya məbləği 2024-cü ildə dayandırılmışdır. Göründüyü kimi, iddiaçıya onun əlilliyinin ləğv edilməsi artıq ən geci 2024-cü il tarixdən məlum olmuş, belə ki, keçən müddət ərzində iddiaçı əlilliklə bağlı pensiya almadığı üçün hüquqlarının pozulduğunu bilmişdir. Lakin o, 2026-cı ilə qədər bu halı nə “Inzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də IPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür. Bununla yanaşı iş materiallarından aydın görünür ki, iddiaçıya ##.##.2001-ci il tarixdə ümumi xəstəlik səbəbilə 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Hər il əlillik dərəcəsinin təsdiq edilməsi üçün həkim komissiyasından keçmişdir. ##.##.2012-ci il tarixdə ona təyin edilmiş əlillik dərəcəsinin müddətsiz əlillik kimi müəyyən edilməsi barədə qərar verilmişdir. Sonuncu dəfə əlillik vəziyyəti Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının ##.##.2014-cü il tarixli göndərişi əsasında ##.##.2014-cü il tarixdə qiymətləndirilmiş və tam reabilitasiya olması səbəbindən əlillik təyinindən imtina olunmuşdur. Bundan sonra da tibb müəssisələrinin həkim məsləhət komissiyalarına müayinədə olmamış, nəticədə xəstəliyi barədə yeni göndəriş tərtib edilməmişdir. Belə ki, vətəndaşın əlilliyinin “Əlilliyin müəyyən olunması meyarları”na uyğun qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilən göndəriş əsasında həyata keçirilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması aiddir. Göndəriş verildikdən sonra orada qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyi qiymətləndilir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edilir. Beləliklə tibbi müəssisənin sonuncu göndərişi (##.##.2014-cü il tarixli) artıq qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarında da eyni hüquqi mövqe sərgilənmişdir. Göründüyü kimi istər mübahisələndirmə haqqında (əlilliyin dayandırıldığı vaxtdan bərpası) iddia qaydasında, istərsə də məcburetmə haqqında (əlilliyin təyini)iddia qaydasında iddiaçı hazırki halda IPM-lə müəyyən edilmiş müddətləri ötürmüşdür. Işdən görünür ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü düzgün araşdırmış, iddiaya mahiyyəti üzrə baxmayaraq, iddianı mümkünsüz hesab etmişdir. O da diqqətə çatdırılır ki, AR IPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd edilən normaları hazırki mübahisəyə tətbiq edərək məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, iş materiallarına əsasən müddətin buraxılmasından 1 il keçdiyindən müddətin bərpası barədə ərizənin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçıya onu da izah edir ki, iddiaçı ona yenidən əlilliyin təyin edilməsini tələb edərsə bu zaman yeni göndəriş əsasında hazırki diaqnozları (ağırlaşmaları) ətraflı göstərilməklə müvafiq əlillik dərəcəsinin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edə, müraciətinin təmin edilməsindən imtina edildiyi halda imtina qərarını müvafiq inzibati məhkəmədə mübahisələndirərək ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsini tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Mədətli Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar