Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1753/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1753/2026

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1753/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “bildirişin göndərilməsinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ##.##.2026-cı il tarixli “Əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsi barədə” bildirişin göndərilməsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən iddiaçıya onun barəsində ##.##.2026-cı il tarixli “Əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” bildiriş təqdim edilmişdir. Müvafiq bildirişdə vergi orqanı tərəfindən aşağıdakılar qeyd edilmişdir: “Tərəfinizdən təqdim edilmiş elektron qaimə-faktura, nəzarət-kassa aparatı üzrə dövriyyə, ixrac əməliyyatı, bəyannamə məlumatlarına əsasən Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarınızın həcmi 2023-cü il avqust ayında 200000 manatdan artıq olduğundan tərəfinizdən 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilməlidir. Qeyd olunan müddət ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə təqdim edilmədiyi halda vergi orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş tarixdən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınacaqsınız.” Göründüyü kimi, vergi orqanı tərəfindən dövriyyə məbləğinin 200000 manatdan artıq olması əsas götürülərək, məcburi şəkildə ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Lakin vergi orqanının sözügedən hərəkətləri tamamilə əsassız olmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ##.##.2026-cı il tarixli bildiriş göndərilməzdən əvvəl, yəni ##.##.2024-cü il tarixdə, Vergi Məcəlləsinin 156.1-ci maddəsinə uyğun olaraq ƏDV məqsədləri üçün iddiaçı könüllü qeydiyyata dair ərizə təqdim etmişdir. Bununla əlaqədar olaraq, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən iddiaçıya *********** nömrəli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi” təqdim edilmişdir. Həmin *********** nömrəli qeydiyyat bildirişinə əsasən, İddiaçı Azərbaycan Respublikasının əlavə dəyər vergisi ödəyicilərinin dövlət reyestrinə daxil edildiyi və qeydiyyatın ##.##.2024-cü il tarixdən qüvvəyə mindiyi öz təsdiqini tapmışdır. Beləliklə, iddiaçının ##.##.2024-cü il tarixdən etibarən ƏDV ödəyicisi olmasına baxmayaraq, ona təkrar olaraq ƏDV məqsədləri üçün qeydiyyata dair bildiriş göndərilmiş, bununla da cavabdeh vergi orqanı Vergi Məcəlləsinin, habelə “Inzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Bakı Inzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakim R.Quliyev) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbinin mümkün hesab edilməsi və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsinin e-*- *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı tamamilə əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə qərardadında qeyd etmişdir ki, iddia ərizəsində hüquqi marağının və hansı hüquqlarının pozulduğunun aydın göstərilmədiyi müəyyən edilmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmır. Çünki iddia ərizəsində vergi orqanının hərəkətləri nəticəsində hansı hüquqlarının və hansı qaydada pozulduğu açıq şəkildə göstərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş Idarəsi tərəfindən ona ##.##.2026-cı il tarixli “Əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” bildiriş təqdim edilmişdir. Həmin bildirişdə qeyd edilmişdir: “Tərəfinizdən təqdim edilmiş elektron qaimə-faktura, nəzarət-kassa aparatı üzrə dövriyyə, ixrac əməliyyatı, bəyannamə məlumatlarına əsasən Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarınızın həcmi 2023-cü il avqust ayında 200000 manatdan artıq olduğundan tərəfinizdən 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim edilməlidir. Qeyd olunan müddət ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə təqdim edilmədiyi halda vergi orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş tarixdən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınacaqsınız.” Məhkəmənin diqqətinə çatdırılır ki, sözügedən ##.##.2026-cı il tarixli bildiriş göndərilməzdən əvvəl o, artıq könüllü əsaslarla ƏDV ödəyicisi kimi qeydiyyatda olmuşdur. Belə ki, ##.##.2024-cü il tarixdə Vergi Məcəlləsinin 156.1-ci maddəsinə uyğun olaraq ƏDV məqsədləri üçün könüllü qeydiyyata dair ərizə təqdim etmişdir. Bunun əsasında cavabdeh tərəfindən ona *********** nömrəli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi” təqdim edilmişdir. Həmin bildirişlə onun — İddiaçı (VÖEN **********) — ƏDV ödəyicilərinin dövlət reyestrinə daxil edildiyi və qeydiyyatın ##.##.2024-cü il tarixdən qüvvəyə mindiyi təsdiq edilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən dövriyyə məbləğinin 200.000 manatdan artıq olması əsas götürülərək, artıq könüllü şəkildə ƏDV qeydiyyatında olduğu tarixdən daha əvvəlki dövr üzrə məcburi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata almaq istənilmişdir. Halbuki vergi orqanının sözügedən hərəkətləri tamamilə əsassız və qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bu halda haqlı sual yaranır: ##.##.2024-cü il tarixdən könüllü ƏDV ödəyicisi kimi qeydiyyatda olduğu və vergi öhdəliklərin vaxtında yerinə yetirdiyi halda, nə üçün qeydiyyat tarixi sonradan əsassız şəkildə dəyişdirilir? Belə bir hal Vergi Məcəlləsinin heç bir normasına uyğun deyildir. ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir. “Inzibati Icraat haqqında” qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Iddiaçı da məhz vergi orqanı tərəfindən təqdim edilmiş bildirişə əsaslanaraq vergi orqanına etimad göstərmiş, vergi öhdəliklərini yerinə yetirmiş və müvafiq hesabatları təqdim etmişdir. Lakin cavabdeh tərəfindən sonradan eyni nömrəli bildiriş üzərində dəyişiklik aparılaraq qeydiyyatın qüvvəyə minmə tarixinin geriyə – 2023cü il avqust ayına dəyişdirilməsi ilə iddiaçının dövlət orqanına olan etimad hüququnun pozulmasına səbəb olmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, analoji işlər üzrə də oxşar predmetli məhkəmə mübahisəsi aparılmışdır. Cari halda iddiaçı faktiki olaraq iddiaçının iddia tələbi üzrə heç bir pozuntuya yol verməmişdir. “Inzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsinə əsasən müəyyən edilmişdir ki,şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də şikayət verilə bilər. Bütün bu qeyd edilənlərin məhkəmə tərəfindən IPM-in 12-ci maddəsinə münasibətdə düzgün araşdırma aparmadan tələbi mümkünsüz hesab etməsi isə qanunvericilik normalarına zidd olmuşdur. Bundan başqa, IPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılmış iddialarda yol verilmiş formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin uyğun iddia növləri ilə əvəz edilməsində və natamam faktiki məlumatların tamamlanmasında proses iştirakçılarına yardım etməyə borcludur. Yəni işin hallarından da göründüyü kimi, əgər iddianın mətnində problem olması və ya onun qeyri-müəyyən olması halı müəyyən edilmişdisə, məhkəmə iddiaçıya bu barədə hüquqi yardım etmək vəzifəsi daşıyırdı. Lakin hazırkı işdə məhkəmə belə bir yardım göstərməmiş, əksinə, iddia tələbini mümkünsüz hesab etməklə onun pozulmuş hüquqlarının müdafiəsi imkanından əsassız şəkildə məhrum etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli, Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Hazırkı inzibati işin faktiki hallarından görünür ki, iddiaçı cavabdehin “Əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsi barədə” bildirişin göndərilməsinin qanunsuz hesab edilməsini tələb edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, sözügedən məktubun iddiaçının hüquqlarını hansı formada pozduğu müəyyən edilmir. Iddiaçı iddia ərizəsində “bildiriş”i cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt kimi qiymətləndirmiş və qanunsuz hesab edilməsi tələbini irəli sürmüşdür. Həmçinin, məhkəmə iclasında iddiaçı izahatında qeyd etmişdir ki, bildir əsasında onun ƏDV qeydiyyatı 2023-cu il tarixdən hesablanacaqsa bu onun birbaşa hüquqlarına toxunur, belə ki, həmin dövrdən vergi yükü yaranacaqdır. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarını önə çəkir: “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən, yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instnasiya məhkəməsinin mövqeyini haqlı sayaraq qeyd edir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. Inzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. Inzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə qeyd olunanlardan belə nəticə hasil olur ki, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən “bildiriş” inzibati akta məxsus əlamətlərin hamısına malik deyil, “həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Işin faktiki hallarından da məlumdur ki, iddiaçı barəsində hər hansı qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyası onu da izah edir ki, iddiaçı onun ƏDV qeydiyyatının 2023-cü ildən aparılmasından narahat, narazıdırsa, vergi orqanının məhz həmin hərəkətini inzibati qaydada və daha sonra isə məhkəmə qaydasında mübahisələndirə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

NƏTICƏVI HISSƏ:

Göstərilənlərə əsasən və IPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar