Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1805/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1805/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1805/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Iddiaçı Quliyeva Tərgül Zamik qızının cavabdeh Cavabdeh qarşı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Qanuni nümayəndə ünvan 3ndə daimi qeydiyyatda olan məcburi köçkündür. ünvan 2 ünvanında daimi qeydiyyatda olan Nümayəndə ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından ##.##.2009-cu ildə qızı İddiaçı doğulmuşdur. İddiaçı daimi qeydiyyatda olduğu ünvan atasının daimi qeydiyyatda olduğu ünvanla eyni olmaqla, ünvan 4 qeyd olunmuşdur. Ailə məcburi köçkünlər üçün müəyyən edilmiş imtiyazlardan faydalanmış və dövlət büdcəsindən ayrılan məcburi köçkünlər üçün müavinətlər almışdır. İddiaçı məcburi köçkün statusunun təsdiqlənməsi və bu statusu təsdiq edən vəsiqənin verilməsi üçün Cavabdeh ərizə ilə müraciət etsə də, ##.##.2025-cü il tarixli məktubla Komitə tərəfindən müvafiq ərizə üzrə xahişi təmin edilməmiş və ona rədd cavabı verilmişdir. Əsas kimi göstərilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların” 4.1.6-cı maddəsinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur”. Azərbaycan ordusunun cəmi 44 gün ərzində işğal altında olan ərazilərimizi azad etdikləri vaxtdan indiyədək işğaldan azad olunan rayonlarda vətəndaşların daimi yaşayış yeri üzrə qeydiyyata alınmasına məhdudiyyət qoyulmuşdur. Elə bu səbəbdən də hal-hazırda iddiaçının anası Nümayəndə daimi yaşayış yeri üzrə qeydiyyatının əri və övladlarının qeydiyyatda olduğu yer üzrə dəyişdirilməsi mümkün deyildir. Bu hal faktiki vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi hesab edilməli və nəticədə hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsinə şərait yaradılmalıdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların” 4.1.6-cı maddəsində nəzərdən tutulan yalnız atanın məcburi köçkün statusuna malik olması və digər valideynin məcburi köçkün olmasa belə işğal edilmiş rayonlardan hər hansı biri üzrə daimi qeydiyyatda olması tələbi absurd və Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş və qanunvericilik sisteminin əsasını təşkil edən konstitusion bərabərlik prinsipinə ziddir. Belə ki, məcburi köçkün ailəsində anadan olmuş uşaqların valideynlərindən birinin Bakı şəhərində qeydiyyatda olması və hazırda müəyyən səbəblərdən qeydiyyat yerini öz ailə üzvlərinin qeydiyyatda olduğu yerə dəyişdirə bilməməsi səbəbilə məcburi köçkün statusu ala bilməyən həmin uşaqlar eyni şərtlər altında başqa bir məcburi köçkün ailəsində anadan olmuş və 44 günlük müharibədən əvvəl Bakı şəhərində qeydiyyatda olan valideyninin qeydiyyat yerini dəyişdirməsi ilə məcburi köçkün statusu almış uşaqlardan nə sosial-demoqrafik, nə sosial qrup mənsubiyyəti, nə də digər hər hansı bir əsasla fərqlənmir. Belə olan halda faktiki vəziyyətin dəyişməsi ilə məcburi köçkün qrupuna aid xüsusiyyətləri daşıyan şəxslərə qarşı fərqli yanaşmanın olması istər ədalət, istər hüquqi, istərsə də hər hansı bir baxımdan qəbuledilməzdir. Cavabdeh ##.##.2025-ci il tarixli məktubunda ifadə edilən yanaşması ilə iddiaçının məcburi köçkün ailəsində böyüdülməsi, bu cür həyat şəraitinin çətinlikləri ilə üzləşdiyi halda məcburi köçkün statusu almaq hüququna formal və aradan qaldırılması mümkün olmayan maneə yaradıldığı nəzərə alınmaqla qanunsuz hesab edilməli və eyni kateqoriyaya mənsub olan digər şəxslər kimi İddiaçı da öz hüquqlarından istifadə etməyə şərait yaradılmalıdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının atasının “övladına məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. ##.##.2009-cu il təvəllüdlü İddiaçı anası Nümayəndə qeydiyyatı ünvan 1 ünvanında olduğundan övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçının atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdır, iddiaçının anası Nümayəndə qeydiyyatı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Nümayəndə məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik deyildir. Iddiaçının anası Nümayəndə yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bakı şəhəri” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, iddiaçının anası Nümayəndə yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Göründüyü kimi o uşaqlara məcburi köçkün statusu verilir ki, 1. Valideynlərindən atası ”məcburi köçkün” statusuna malik olsun; 2. Hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Beləliklə, iddiaçıya münasibətdə yuxarıda sadalanan üç şərtdən biri ödənilmədiyindən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia rədd edilmişdir. Iddiaçı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən "Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinəe dair Qaydalar"ına əsaslanmışdır. Həmin Qaydaların 4.1 və 4.6-cı bəndlərinə görə valideynlərdən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan şəxslərə “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar "məcburi köçkün" statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan "yaşayış yeri üzrə qeydiyyatla bağlı" məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Eyni zamanda bəhs olunan Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Iddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Iddiaçının atası Füzuli rayonundan məcburi köçkün olduğundan və o, malik olduğu "məcburi köçkün" statusunun onun övladına şamil olunmaması iddiaçının övladının konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da onun məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, ##.##.2009-cu il təvəllüdlü İddiaçı atası Qanuni nümayəndə ünvan 3ndə yaşayış yeri üzrə qeydiyyatda olmaqla Füzuli rayonundan məcburi köçkün statusuna malikdir. Iddiaçının anası Nümayəndə isə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı ##.##.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır. Qaçqınların və X5 üzrə Dövlət Komitəsi məhz iddiaçının anasının yaşayış yeri üzrə qeydiyyatının Bakı şəhərində olmasına istinad edərək ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinin mümkün olmadığını bildirmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının anasının Bakı şəhərində qeydiyyatda olması nəzərə alındıqda, qüvvədə olan normativ tənzimləmə baxımından cavabdehin imtinası qanuni olmuş, iddiaçının hüquqlarının cavabdeh tərəfindən qanunsuz şəkildə pozulması təsdiq edilməmişdir. Apellyasiya şikayətində əsasən ona istinad edilmişdir ki, hər iki valideynin daimi yaşayış yeri üzrə qeydiyyatının işğal olunmuş rayon və ya şəhərdə olması tələbi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunda nəzərdə tutulmamış, belə bir tələbin qanundan aşağı hüquqi qüvvəyə malik Qaydalarla müəyyən edilməsi qanunvericilik aktlarının iyerarxiyasına uyğun deyildir, Qaydalar iddiaçının doğumundan sonra qəbul edilmişdir, fərqli yanaşma Konstitusiyanın 25-ci maddəsində və Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 14-cü maddəsində təsbit edilmiş bərabərlik prinsipini pozur. Həmçinin şikayətdə Avropa Insan Hüquqları Məhkəməsinin Rangelov Almaniyaya qarşı işinə və Ali Məhkəmənin bir sıra qərarlarının yalnız nömrə və tarixlərinə istinad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticənin dəyişdirilməsi üçün əsas vermir. Ilk növbədə nəzərə alınmalıdır ki, mübahisənin düzgün həlli üçün “məcburi köçkün” anlayışı ilə məcburi köçkün ailəsində sonradan doğulmuş uşaqlara bu statusun verilməsi qaydası bir-birindən fərqləndirilməlidir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, məcburi köçkün Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qanunun 9-cu maddəsində məcburi köçkün statusunun verilməsinə dair qərarın müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilməsi, 10 və 12-ci maddələrində isə statusun əldə edilməsi üçün müvafiq qeydiyyat və səlahiyyətli orqanın qərarının mövcudluğu nəzərdə tutulur. Beləliklə, qanunvericilik “məcburi köçkün” statusunu təkcə şəxsin müəyyən ailəyə mənsub olması ilə avtomatik yaranan hüquqi vəziyyət kimi deyil, müəyyən hüquqi faktların mövcudluğuna və səlahiyyətli inzibati orqanın qərarına bağlı olan xüsusi publik-hüquqi status kimi tənzimləmişdir. Hazırkı işdə iddiaçı 2009-cu ildə Bakı şəhərində doğulmuşdur. Iş materiallarında onun özünün Füzuli rayonunda daimi yaşayış yerini hərbi təcavüz və ya işğal nəticəsində tərk etməsinə dair hər hansı fakt mövcud deyildir. Buna görə də onun məcburi köçkün statusuna iddiası Qanunun 1-ci maddəsindəki ilkin anlayışın birbaşa tətbiqindən deyil, məcburi köçkün ailəsində sonradan doğulmuş uşaqlar üçün normativ qaydada müəyyən edilmiş xüsusi, törəmə əsasdan irəli gələ bilər. Məhz bu xüsusi əsas “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində müəyyən edilmişdir. Həmin normaya əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan, hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir. Göründüyü kimi, normada bir-birini əvəz edən deyil, məcmu şəkildə mövcud olmalı üç şərt müəyyən edilmişdir: atanın məcburi köçkün statusuna malik olması, hər iki valideynin daimi yaşayış yeri üzrə qeydiyyatının işğal olunmuş rayon və ya şəhərdə olması və uşağın Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini alması. Bu şərtlərdən hər hansı birinin mövcud olmaması həmin normadan irəli gələn subyektiv hüququn yaranmasına mane olur. Iş üzrə birinci və üçüncü şərtlərin mövcudluğu mübahisələndirilmir. Iddiaçının atası məcburi köçkündür və iddiaçı şəxsiyyət vəsiqəsi almışdır. Lakin ikinci şərt mövcud deyildir: iddiaçının anasının yaşayış yeri üzrə qeydiyyatı Bakı şəhərindədir. Bu hal tərəflər arasında mübahisəli deyil və işdə olan sənədlərlə də təsdiq olunur. Bu baxımdan birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Bununla yanaşı, həmin nəticənin hüquqi əsasını daha dəqiq ifadə etmək zəruridir: qüvvədə olan 4.1.6-cı bənd iddiaçının anasının özünün məcburi köçkün statusuna malik olmasını ayrıca şərt kimi müəyyən etmir. Hazırkı işdə hüquqi əhəmiyyət kəsb edən və təmin olunmayan şərt ananın daimi yaşayış yeri üzrə qeydiyyatının işğal olunmuş rayon və ya şəhərdə olmamasıdır. Birinci instansiya məhkəməsinin ananın məcburi köçkün vəsiqəsinə malik olmamasını da qeyd etməsi yekun nəticəni dəyişdirmir, çünki tələbin rədd edilməsi üçün 4.1.6-cı bənddə nəzərdə tutulmuş məcburi şərtlərdən birinin - hər iki valideynə aid qeydiyyat meyarının təmin edilməməsi kifayətdir. Apellyasiya şikayətinin iddiaçının anasının hazırda Füzuli rayonunda qeydiyyata düşməsinin mümkün olmaması barədə dəlili də mübahisənin nəticəsinə təsir etmir. Qaydaların özündə istifadə olunan “daimi yaşayış yeri” anlayışı ayrıca müəyyən edilmiş və bu anlayış altında şəxsin sakini olduğu rayon və ya şəhər işğal edilənədək həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda olmaqla yaşadığı yer nəzərdə tutulmuşdur. Deməli, 4.1.6-cı bəndin tətbiqi üçün hüquqi əhəmiyyət kəsb edən fakt valideynin bu gün işğaldan azad olunmuş ərazidə qeydiyyata alınıb-alına bilməsi deyil, onun işğaldan əvvəl həmin ərazidə daimi yaşayış yeri üzrə qeydiyyatda olub-olmamasıdır. Bu, tarixi hüquqi faktdır və sonradan yaşayış yeri üzrə qeydiyyatın dəyişdirilməsi ilə geriyə qüvvəli şəkildə yaradıla bilməz. Buna görə də işğaldan azad edilmiş ərazilərdə hazırda qeydiyyat prosedurlarının məhdudlaşdırılması ilə bağlı şikayət dəlili 4.1.6-cı bənddə müəyyən edilmiş meyarın iddiaçıya münasibətdə mövcud olub-olmamasına təsir göstərmir. Apellyasiya şikayətinin Qaydaların 4.1.6-cı bəndinin qanunla ziddiyyət təşkil etməsi barədə dəlili də əsaslı hesab edilə bilməz. Şübhəsiz ki, normativ hüquqi aktların iyerarxiyasına əsasən, qanunla digər normativ hüquqi akt arasında ziddiyyət yarandıqda qanun tətbiq edilməlidir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.6-cı maddəsi də bunu birbaşa müəyyən edir. Lakin aşağı hüquqi qüvvəli normativ aktın qanunda bilavasitə təkrarlanmayan hər bir müddəasının avtomatik olaraq qanuna zidd hesab edilməsi hüquqi baxımdan düzgün yanaşma olmazdı. Ziddiyyətin mövcudluğundan danışmaq üçün qanunun müəyyən etdiyi hüquq və ya hüquqi vəziyyətlə aşağı hüquqi qüvvəli aktın müddəası arasında real normativ kolliziya olmalıdır. Hazırkı halda belə kolliziya mövcud deyildir. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunda valideynlərindən yalnız birinin məcburi köçkün olması faktının həmin ailədə sonradan doğulan hər bir uşağa qeyd-şərtsiz və avtomatik məcburi köçkün statusu verdiyini müəyyən edən norma yoxdur. Əksinə, Qanunun 1-ci maddəsində məcburi köçkün anlayışı şəxsin öz daimi yaşayış yerini müəyyən fövqəladə səbəblərdən tərk etməsi faktı ilə əlaqələndirilmiş, 9-12-ci maddələrində isə statusun səlahiyyətli orqan tərəfindən müəyyənləşdirilməsini nəzərdə tutan hüquqi mexanizm təsbit olunmuşdur. Qaydaların 4.1.6-cı bəndi isə Qanunda artıq mövcud olan qeyd-şərtsiz hüququ məhdudlaşdırmır. Əksinə, Qanunun 1-ci maddəsindəki anlayışa birbaşa uyğun gəlməyən, yəni işğal nəticəsində şəxsən yaşayış yerini tərk etməmiş, məcburi köçkün ailəsində sonradan doğulmuş uşaqlara hansı hallarda törəmə əsasla məcburi köçkün statusunun verilə biləcəyini konkretləşdirir. Başqa sözlə, iddiaçı məhz 4.1.6-cı bəndin yaratdığı xüsusi hüquqi imkandan faydalanmaq istəyirsə, həmin normanın hüquq yaradan hissəsi ilə yanaşı, onun müəyyən etdiyi şərtləri də nəzərə almalıdır. Normanın hüquq verən hissəsinin tətbiqini tələb edib, həmin hüququn yaranması üçün normada müəyyən edilmiş meyarlardan birinin tətbiq edilməməsini tələb etmək hüquqi baxımdan əsaslandırılmış yanaşma sayıla bilməz. Apellyasiya şikayətində irəli sürülən Qaydaların iddiaçının doğumundan sonra qəbul edilməsi və buna görə onun hüquqi vəziyyətinə tətbiq oluna bilməməsi barədə arqument də əsaslı deyildir. Iddiaçının 2009-cu ildə doğulması öz-özlüyündə ona fərdi qaydada “məcburi köçkün” statusunun verilməsi haqqında inzibati qərarın qəbul edilməsi demək deyildir. Iş materiallarında iddiaçıya əvvəllər məcburi köçkün statusunun verilməsinə dair səlahiyyətli inzibati orqanın fərdi qərarı və ya onun adına verilmiş məcburi köçkün vəsiqəsi mövcud deyildir. Əksinə, hazırkı mübahisə 2025-ci ildə məhz belə statusun və onu təsdiq edən sənədin ilk dəfə verilməsi tələbi üzrə inzibati orqana müraciət edilməsindən yaranmışdır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sənədlər sırasında iddiaçının şəxsiyyət vəsiqəsi, atasının məcburi köçkün vəsiqəsi, doğum haqqında şəhadətnamə və Komitənin imtina məktubu göstərilmiş, iddiaçının özünə daha əvvəl status verilməsini təsdiq edən sənəd müəyyən edilməmişdir. Bu səbəbdən hazırkı halda sonradan qəbul olunmuş normativ akt vasitəsilə əvvəllər əldə edilmiş hüquqi statusun geri alınmasından və ya şəxsin artıq yaranmış subyektiv hüququnun geriyə qüvvəli qaydada məhdudlaşdırılmasından söhbət getmir. 2025-ci ildə status verilməsi barədə edilmiş müraciətə həmin vaxt qüvvədə olan statusvermə qaydalarının tətbiqi hüquqi münasibətlərin zamana görə qüvvəsi prinsipinə uyğundur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsi də normativ hüquqi aktların geriyə qüvvəsi məsələsini ayrıca tənzimləyir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran aktların əvvəl yaranmış münasibətlərə şamil olunması mümkün olsa da, bundan şəxsin sonrakı normativ tənzimləmədən asılı olmayaraq doğulduğu tarixdə avtomatik şəkildə konkret publik-hüquqi status əldə etməsi nəticəsi çıxmır. Üstəlik, 4.1.6-cı bəndin normativ inkişaf tarixi də apellyasiya şikayətində irəli sürülən “sonradan hüquqi vəziyyətin ağırlaşdırılması” tezisini təsdiq etmir. 2013-cü il Qaydalarının ilkin redaksiyasında 4.1.6-cı bənd hər iki valideynin “məcburi köçkün” statusuna malik olmasını tələb edirdi. ## ######## 2013-cü il tarixli dəyişikliklə norma yeni redaksiyada verilərək atanın məcburi köçkün statusuna malik olması və hər iki valideynin daimi yaşayış yeri üzrə qeydiyyatının işğal olunmuş rayon və ya şəhərdə olması meyarı müəyyən edilmişdir. Hazırkı işdə isə iddiaçının anasının məcburi köçkün statusuna malik olmadığı mübahisəsizdir. Buna görə də ən azı 2013-cü ildəki normativ dəyişiklik iddiaçının hüquqi vəziyyətini əvvəlki redaksiya ilə müqayisədə ağırlaşdıran dəyişiklik kimi qiymətləndirilə bilməz. Iddiaçının və ailəsinin əvvəllər məcburi köçkünlər üçün nəzərdə tutulmuş ayrı-ayrı güzəşt və ya ödənişlərdən istifadə etməsi barədə şikayət dəlili də fərdi məcburi köçkün statusunun əldə edilməsini təsdiq edən hüquqi fakt sayıla bilməz. Sosial ödənişdən və ya ailəyə aid güzəştdən faktiki istifadə edilməsi ilə şəxsin xüsusi publik-hüquqi statusunun səlahiyyətli orqan tərəfindən rəsmən müəyyən edilməsi eyni hüquqi münasibətlər deyildir. Iş materiallarında iddiaçının adına əvvəllər verilmiş məcburi köçkün vəsiqəsi və ya ona fərdi qaydada status verilməsi barədə inzibati qərar təqdim edilmədiyindən, həmin hal əldə edilmiş hüququn mövcudluğunu təsdiq etmir. Publik hüquqda inzibati orqanın əvvəllər həyata keçirdiyi hər hansı ödəniş və ya faktiki davranış qanunvericiliyin imperativ şərtləri mövcud olmadıqda ayrıca status yaratmır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsaslanan bərabərlik və ayrı-seçkilik barədə dəlillərə münasibətdə də apellyasiya şikayətinin mövqeyi ilə razılaşmaq mümkün deyildir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, bərabərlik prinsipi ilk növbədə eyni və ya hüquqi baxımdan oxşar vəziyyətdə olan şəxslərə eyni münasibət göstərilməsini tələb edir. Müxtəlif rəftar yalnız müqayisə edilən şəxslərin həqiqətən oxşar vəziyyətdə olması və fərqləndirmənin obyektiv və ağlabatan əsasa, eləcə də qanuni məqsədlə ağlabatan mütənasibliyə malik olmaması halında ayrı-seçkilik xarakteri kəsb edə bilər. Hazırkı mübahisədə müqayisə edilməli qruplar sadəcə “atası məcburi köçkün olan uşaqlar” kimi müəyyən edilə bilməz. Tətbiq olunan normanın predmet və məqsədi nəzərə alınmaqla hüquqi cəhətdən əhəmiyyətli müqayisə meyarına valideynlərin məcburi köçkünlüyü yaradan ərazi ilə faktiki-hüquqi bağlılığı da daxildir. Normativ tənzimləmənin bu fərqi nəzərə alması məcburi köçkün ailəsində sonradan doğulan şəxslə məcburi köçkünlüyü yaradan ərazi arasında yetərli hüquqi bağlılığın müəyyən edilməsinə xidmət edir. Bu meyar statusun yalnız qohumluq faktına görə qeyri-məhdud nəsillər üzrə avtomatik ötürülməsinin qarşısını almaq və xüsusi sosial statusun məcburi köçkünlüyü yaradan hadisə ilə obyektiv əlaqəsini qorumaq məqsədi daşıyır. Belə məqsədlə valideynlərin işğaldan əvvəlki daimi yaşayış yeri arasında əlaqənin nəzərə alınması özlüyündə əsassız və ya ixtiyari fərqləndirmə kimi qiymətləndirilə bilməz. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14cü maddəsinə və Rangelov Almaniyaya qarşı işinə istinad da başqa nəticəyə gəlməyə əsas vermir. Avropa Insan Hüquqları Məhkəməsinin formalaşmış yanaşmasına görə, ayrıseçkilik məsələsinin araşdırılmasında ilk növbədə fərqli rəftara məruz qaldığını iddia edən şəxslə müqayisə edilən şəxslərin analoji və ya hüquqi baxımdan əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olub-olmaması müəyyənləşdirilməli, daha sonra fərqin obyektiv və ağlabatan əsasının, legitim məqsədinin və mütənasibliyinin mövcudluğu qiymətləndirilməlidir. Apellyasiya şikayətində istinad edilən Rangelov Almaniyaya qarşı işi isə əcnəbi vətəndaşlığı səbəbindən preventiv həbsdə saxlanılan şəxsə sosial terapiyanın və saxlanma rejiminin yüngülləşdirilməsinin tətbiq edilməməsi ilə bağlı olmuşdur. Həmin qərarda ifadə edilmiş obyektiv və ağlabatan əsas, müqayisə edilə bilən vəziyyət və mütənasiblik haqqında ümumi prinsiplərin hazırkı işə tətbiq edilə bilməsi şübhəsizdir. Lakin həmin prinsiplərin tətbiqi özü-özlüyündə iddiaçının xeyrinə nəticə doğurmur. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının “bir cümlə ilə əsaslandırılması” barədə iradı da birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olaraq qəbul edilə bilməz. Belə ki, qərarda iş üzrə sübutlar göstərilmiş, iddiaçının və atasının hüquqi vəziyyəti, ananın qeydiyyat ünvanı, inzibati orqanın imtinasının səbəbi müəyyən edilmiş, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun 1, 6, 9, 10 və 12-ci maddələri, Qaydaların 4.1.6 və 4.2.6-cı bəndləri, habelə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəaları təhlil edilmiş və həmin normalar işin müəyyən olunmuş faktlarına tətbiq edilmişdir. Doğrudur, birinci instansiya məhkəməsinin yekun subsumsiyası daha ətraflı ifadə oluna bilərdi. Lakin qərarın əsaslandırılmasının müəyyən hissəsinin lakonik olması onun nəticəsinin qanunsuz olması ilə eyniləşdirilə bilməz. Xüsusən işin hüquqi əhəmiyyətli faktları mübahisəsiz olduğu və həmin faktların qüvvədə olan normanın şərtlərinə uyğunluğu birbaşa müəyyən edilə bildiyi halda, əsaslandırmanın genişləndirilməsinə ehtiyac qərarın ləğvini şərtləndirən maddi və ya prosessual pozuntu yaratmır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar