Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1815/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-1815/2026

26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-1815/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə və cavabdeh2 qarşı təhsil haqqından azad edilmə hüququnun tanınması, iddiaçının təhsil aldığı dövrlər sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi müvafiq siyahıya daxil edilməsi tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə qarşı iddiaçının 2021-2025-ci illər üçün məcburi köçkün statusundan irəli gələn təhsil haqqından azad edilmə hüququnun tanınması, habelə iddiaçı tərəfindən ödənilmiş 5.950 manat məbləğində təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin təmin edilməsi məqsədilə iddiaçının 2021-2025-ci illər ərzində təhsil almış olduğu dövrlər, yəni İ, II, III və IV kursların birinci yarısı üzrə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi müvafiq siyahıya daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin 21 aprel tarixli, e-*-*(*-*)-****/**** saylı qərardadı ilə cavabdeh2 cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərardadı ilə (L.S.Musayeva) iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərardadından iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmiş və şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında mövcud olan poçt qəbzlərindən iddiaçı tərəfindən mübahisə ilə bağlı cavabdeh2 də daxil olmaqla aidiyyəti dövlət orqanlarına müraciətlər edildiyi müəyyən olunur. Buna baxmayaraq, həmin sübutlara məhkəmə tərəfindən tam hüquqi qiymət verilmədən iddianın mümkünsüz hesab edilməsi işin faktiki hallarının kifayət qədər araşdırılmadığını göstərir. Nəticə etibarilə, bu hal iddiaçının sosial təminat hüququnun ciddi pozuntusuna səbəb olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının təhsil hüququndan tam və maneəsiz şəkildə istifadə edə bilməməsinin əsas səbəbi, cavabdeh inzibati orqanlar və ali təhsil müəssisəsi tərəfindən iddiaçının məcburi köçkün statusunu təsdiq edən vəsiqənin təqdim edilməməsinin formal əsas kimi irəli sürülməsi olmuşdur. Universitet və cavabdeh orqanlar iddiaçının məcburi köçkünlər üçün qanunvericiliklə nəzərdə tutulmuş təhsil haqqından azadolma hüququnu yalnız həmin vəsiqənin mövcudluğu ilə şərtləndirmiş, faktiki vəziyyəti və mövcud hüquqi əsasları nəzərə almamışdır. Halbuki, iddiaçı bu hüququn həyata keçirilməsi üçün tələb olunan sənədin məhz məcburi köçkün vəsiqəsi olduğunu öyrəndiyi andan etibarən, gecikmədən aidiyyəti üzrə Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Bununla belə, iddiaçıdan asılı olmayan səbəblərdən, inzibati orqanın fəaliyyətsizliyi və süründürməçilik xarakterli hərəkətləri nəticəsində vəsiqənin verilməsi prosesi uzun müddət uzadılmış, nəticədə iddiaçı yalnız 2024-cü ildə 5 noyabr tarixli müvafiq məhkəmə qərarından sonra məcburi köçkün vəsiqəsini əldə edə bilmişdir. Xüsusilə vurğulanmalıdır ki, iddiaçıya vəsiqə təqdim edilmədiyi dövrdə belə onun məcburi köçkün statusunu təsdiq edən rəsmi arayış mövcud olmuş və bu arayış aidiyyəti dövlət orqanı tərəfindən verilmişdir. Lakin universitet həmin arayışı qəbul etməkdən əsassız olaraq imtina etmişdir, habelə cavabdeh orqan qanunla üzərinə qoyulmuş vəzifəni yerinə yetirməkdən boyun qaçıraraq, iddaçının adını sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi müvafiq siyahıya daxil etməkdən boyun qaçıraraq hüququn mahiyyətinə deyil, yalnız formal sənəd tələbinə üstünlük vermişdir. Bu isə inzibati hüququn əsas prinsiplərinə – xüsusilə qanunçuluq, ədalətlilik, mütənasiblik və etimadın qorunması prinsiplərinə açıq şəkildə ziddir. Inzibati orqanlar tərəfindən fiziki və ya hüquqi şəxslərin hüquq və qanuni mənafeləri yalnız formal tələblərə istinad edilməklə məhdudlaşdırıla bilməz. Hüquqi vəziyyətin mahiyyəti və real faktlar nəzərə alınmalı, inzibati orqanların öz səhvləri və ya gecikmələri şəxsin üzərinə mənfi nəticə kimi yüklənməməlidir. Bu halda isə inzibati orqanların fəaliyyətsizliyi nəticəsində yaranmış vəziyyət iddiaçının təhsil hüququnun faktiki olaraq məhdudlaşdırılması ilə nəticələnmişdir. Nəticə etibarilə, inzibati orqanların qanunsuz hərəkətləri və süründürməçiliyi səbəbindən yaranmış, yalnız formal xarakter daşıyan sənəd problemi iddiaçı üçün ciddi sosial və maddi nəticələrə gətirib çıxarmışdır. Iddiaçı qanunla ona verilmiş sosial təminatlardan vaxtında istifadə edə bilməmiş, təhsil almaq hüququnun həyata keçirilməsi süni əngəllərlə üzləşmiş və nəticədə maddi baxımdan ağır vəziyyətə düşmüşdür. Bu isə dövlətin sosial müdafiə funksiyasına və məcburi köçkünlərə münasibətdə üzərinə götürdüyü xüsusi öhdəliklərə ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, məhkəmədən əvvəl inzibati orqana müraciətləri çox olub. Hətta özü də görüşlərində olub. Onlar müraciətlərə yazılı cavab vermirlər Eyni zamanda nümayəndə ona verilmiş suallara cavab olaraq aşağıdakıları bildirdi: “ ... Siyahıya salınma ilə bağlı inzibati orqana müraciət olmayıb. ... Ödənilən pul dövlətin universitetin büdcəsinə ödənilib. ... Təhsil və Elm Nazirliyi sıyahıya salınmasına dair müraciətin olub-olmamasını mübahisələndirmir. Nazirlik qeyd edir ki, yalnız vəsiqə verilən tarixdən sonrakı ödəniş öhdəliyini yerinə yetirəcəm, ondan əvvəlki 5950 manatda dair hissədə olan ödənişin qaytarılmasından imitina etmişdir. ... Bu imtina şifahi şəkildə edilmişdir”. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları, birinci instansiya məhkəməsinin qərardadının əsasları və tətbiq edilməli hüquq normaları ilə qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işdə iddiaçı cavabdehlərin üzərinə 2021-2025-ci illər üçün məcburi köçkün statusundan irəli gələn təhsil haqqından azad edilmə hüququnun tanınması, habelə onun tərəfindən artıq ödənilmiş 5.950 manat təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi məqsədilə həmin təhsil dövrləri üzrə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi müvafiq siyahıya daxil edilməsi öhdəliyinin qoyulmasını tələb etmişdir. Beləliklə, iddianın ifadə formasında “hüququn tanınması” tələbi də yer alsa da, iddiaçının əldə etmək istədiyi konkret hüquqi nəticə keçmiş təhsil dövrləri üzrə onun müvafiq siyahıya daxil edilməsi və bunun əsasında dövlət büdcəsi hesabına maliyyələşdirmənin həyata keçirilməsidir. Inzibati məhkəmə icraatında iddianın mümkünlüyü onun əsaslılığından əvvəl yoxlanılmalı olan müstəqil prosessual şərtdir. Inzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, məcburetmə və öhdəliyin icrası haqqında iddianın mümkünlüyü, digər şərtlərlə yanaşı, inzibati orqanın müvafiq hərəkəti, hərəkətsizliyi və ya inzibati aktın qəbul edilməsindən imtinası nəticəsində iddiaçının hüquqlarının pozulmasının əsaslandırılmasını tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * nömrəli Qərarında da göstərilmişdir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır və mümkünlük şərtləri iddianın mahiyyətinə keçməzdən əvvəl qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndinə görə, məcburetmə, öhdəliyin icrası və kompensasiya tələbləri üzrə iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi ayrıca mümkünlük şərtlərindəndir. Iddiaçının hazırkı tələbini onun hüquqi mahiyyətinə görə qiymətləndirdikdə, müvafiq siyahıya daxil edilmək tələbi inzibati orqandan konkret hüquqi nəticə doğuran fəaliyyət tələb edilməsinə yönəlmişdir. Inzibati Prosessual Məcəllənin 33.1-ci maddəsi arzu olunan inzibati aktın qəbul etdirilməsini məcburetmə haqqında iddianın, 34.1-ci maddəsi isə inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətin edilməsini öhdəliyin icrası haqqında iddianın predmeti kimi müəyyən edir. Bu səbəbdən siyahıya daxil edilmənin konkret hüquqi formasından asılı olmayaraq, hazırkı tələbin mahiyyəti cavabdehin üzərinə pozitiv fəaliyyət öhdəliyinin qoyulmasından ibarətdir və belə tələb üzrə inzibati orqana əvvəlcədən müvafiq müraciətin edilməsi zəruridir. Eyni zamanda, Inzibati Prosessual Məcəllənin 36.4-cü maddəsinə əsasən hüquq münasibətinin müəyyən edilməsinə dair iddia digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıdığından, “təhsil haqqından azad edilmə hüququnun tanınması” ifadəsinin iddia tələbinə daxil edilməsi siyahıya daxil edilməyə və maliyyələşdirməyə yönəlmiş əsas hüquqi müdafiə vasitəsi üçün tələb olunan mümkünlük şərtlərindən yan keçməyə imkan vermir. Inzibati orqana əvvəlcədən müraciət edilməsi şərti formal xarakter daşımır. Bu şərtin məqsədi şəxsin məhkəmədən tələb etdiyi inzibati fəaliyyəti əvvəlcə həmin məsələni həll etmək səlahiyyətinə malik orqandan tələb etməsini, inzibati orqana isə öz səlahiyyəti daxilində həmin tələb üzrə mövqe bildirmək imkanının verilməsini təmin etməkdir. Buna görə əvvəlki inzibati müraciətin məhkəmədə irəli sürülən tələblə sözbəsöz eyni olması tələb edilməsə də, müraciətin predmet və məqsədi elə olmalıdır ki, inzibati orqan sonradan məhkəmədə tələb edilən hüquqi nəticə barədə qərar qəbul etmək imkanına malik olsun. Şəxsin bir hüquqi nəticənin əldə olunmasını tələb etməsi, həmin orqana mahiyyətcə başqa inzibati tədbirin görülməsi barədə müraciət etmiş hesab olunması üçün kifayət deyildir. Iş materiallarında iddiaçının ## ###### 2024-cü il tarixdə Elm və Təhsil Nazirliyinə müraciət etdiyi müəyyən olunur. Lakin həmin müraciətin məzmunu iddiaçının əvvəlki təhsil illəri üçün müvafiq siyahıya daxil edilməsinə deyil, artıq ödədiyi təhsil haqqının özünə qaytarılmasına yönəlmişdir. Iddiaçı həmin müraciətdə beş iş günü ərzində ödədiyi təhsil haqqının qaytarılmasını tələb etmişdir. Bundan başqa, Agentliyə daxil olmuş digər müraciət də aidiyyəti üzrə baxılması üçün Maraqlı şəxs göndərilmişdir. Deməli, iş materiallarında inzibati orqana ümumiyyətlə heç bir müraciətin olmamasından deyil, məhz məhkəmədə irəli sürülmüş siyahıya daxil edilmə tələbinə uyğun əvvəlki inzibati müraciətin mövcud olmamasından söhbət gedir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadında işlədilmiş “Elm və Təhsil Nazirliyinə müraciəti olmamışdır” ifadəsi iş materiallarındakı ## ###### 2024-cü il tarixli müraciətin mövcudluğu nəzərə alınmaqla hərfi mənada deyil, hazırkı iddia tələbinə uyğun müraciətin olmaması mənasında başa düşülməlidir. Bu məsələ apellyasiya baxışı zamanı da ayrıca araşdırılmışdır. Məhkəmə kollegiyasının “iş materiallarında olan inzibati orqana müraciətiniz pulun qaytarılması ilə bağlı olmuşdur, hazırkı iddia tələbiniz isə siyahıya salınmadır; siyahıya salınma ilə bağlı inzibati orqana müraciət olunubmu?” sualına iddiaçının nümayəndəsi və vəkili birmənalı olaraq “xeyr” cavabı vermişdir. Nümayəndə həmçinin mübahisəli 5.950 manatın dövlət büdcəsinə deyil, universitetin büdcəsinə ödənildiyini, əvvəlki dövrə münasibətdə istinad etdiyi imtinanın isə yazılı deyil, şifahi olduğunu bildirmişdir. Məhkəmə tədqiqatının sonunda yeni sübutların tələb edilməsinə və ya əlavə sübutların təqdim olunmasına dair hər hansı vəsatət də verilməmişdir. Beləliklə, apellyasiya şikayətində istinad edilən poçt qəbzlərinin müxtəlif orqanlara müraciətlər edildiyini göstərməsi hazırkı iddianın mümkünlüyü üçün həlledici əhəmiyyət daşımır. Poçt qəbzi müraciətin göndərildiyini təsdiqləyə bilər, lakin həmin müraciətin məhz məhkəmədə tələb edilən siyahıya daxil edilmə barədə olduğunu öz-özlüyündə təsdiq etmir; üstəlik, iddiaçının nümayəndəsinin apellyasiya baxışındakı izahatı belə müraciətin edilmədiyini birbaşa təsdiqləmişdir. Apellyasiya şikayətində ayrıca “imtina məktubu”nun təqdim edilməməsinin iddianın mümkün sayılmaması üçün əsas götürülməsinin həddən artıq formal yanaşma olduğu irəli sürülür. Bu dəlil də işin hüquqi mahiyyətinə uyğun deyildir. Inzibati Prosessual Məcəllənin 33.2-ci maddəsi məcburetmə haqqında iddianın yalnız inzibati aktın qəbulundan açıq imtina edildiyi hallarda deyil, inzibati orqanın hərəkətsizliyi nəticəsində tələb olunan inzibati aktın qəbul edilmədiyi hallarda da qaldırıla biləcəyini nəzərdə tutur. Buna görə yazılı imtina məktubunun mövcudluğu bütün hallarda mütləq şərt sayıla bilməz. Lakin inzibati orqanın “hərəkətsizliyi” yalnız həmin orqana konkret tələb irəli sürüldükdən sonra yarana bilər. Şəxs müəyyən inzibati hərəkətin edilməsini ümumiyyətlə tələb etməmişdirsə, inzibati orqanın məhz həmin tələbə münasibətdə hərəkətsizliyindən və ya imtinasından da danışmaq mümkün deyil. Odur ki, hazırkı işdə əsas çatışmazlıq yazılı imtinanın olmaması deyil, siyahıya daxil edilmə barədə müvafiq ilkin müraciətin özünün mövcud olmamasıdır. Apellyasiya şikayətində hər iki cavabdehin düzgün müəyyən edildiyi barədə dəlil də əsaslı sayıla bilməz. Iş materiallarına əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi mexanizmi çərçivəsində müvafiq sənədlər təhsil müəssisəsi tərəfindən Elm və Təhsil Nazirliyinə təqdim edilir, Nazirlik tərəfindən tələbənin adı siyahıya daxil edilərək siyahı Maliyyə Nazirliyinə göndərilir, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin isə bu konkret prosedurda ayrıca səlahiyyəti müəyyən edilməmiş, Agentlik iddiaçının müraciətini aidiyyəti üzrə universitetə yönləndirmişdir. Agentliyin Əsasnaməsinin 1.1-ci bəndində onun ali və orta ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən və əlaqələndirən qurum kimi müəyyən edilməsi ümumi institusional fəaliyyət istiqamətini ifadə edir və özlüyündə konkret şəxsin müvafiq maliyyələşdirmə siyahısına daxil edilməsi üzrə səlahiyyət yaratmır. “Inzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraat həyata keçirirlər. Bu səbəbdən Agentliyin ümumi tənzimləyici və əlaqələndirici statusuna istinad edilməklə onun hazırkı tələbin ünvanlandığı səlahiyyətli inzibati orqan kimi qəbul olunması mümkün deyil. Elm və Təhsil Nazirliyinə münasibətdə isə problemin mahiyyəti başqa olmaqla, həmin orqana hazırkı iddianın predmetinə uyğun ilkin müraciətin edilməməsindən ibarətdir. Ali Məhkəmə Plenumu da bir neçə tələb və cavabdeh olduqda mümkünlük şərtlərinin hər bir tələb və cavabdeh üzrə ayrıca yoxlanılmasını tələb edir. Iddiaçının təhsil haqqını faktiki ödəməsi, həmin ödəniş üçün kredit götürməsi və yaranmış maddi çətinliklər onun hüquqi vəziyyətinin sosial aspektini səciyyələndirsə də, bunlar iddianın mümkünlük şərtlərini əvəz etmir. Xüsusilə, apellyasiya baxışında ödənilmiş vəsaitin universitetin büdcəsinə daxil olduğu təsdiqləndiyi halda, əvvəlki müraciətdə həmin vəsaitin geri qaytarılmasının tələb edilməsi ilə hazırkı iddiada dövlət büdcəsi hesabına maliyyələşdirmənin təmin olunması məqsədilə keçmiş dövrlər üzrə siyahıya daxil edilmənin tələb olunması eyni inzibati tələb kimi qiymətləndirilə bilməz. Bunlar həm hüquqi nəticəsinə, həm tətbiq edilən inzibati prosedura, həm də inzibati orqanın yerinə yetirməli olduğu hərəkətin məzmununa görə fərqli tələblərdir. Beləliklə, iş üzrə müəyyən edilmiş hallar göstərir ki, iddiaçının inzibati orqana etdiyi əvvəlki müraciətin predmeti ödənilmiş təhsil haqqının geri qaytarılması olmuş, halbuki məhkəmədə cavabdehlərin üzərinə keçmiş təhsil dövrləri üzrə müvafiq siyahıya daxil edilmə öhdəliyinin qoyulması tələb edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi siyahıya daxil edilmə barədə ayrıca inzibati müraciətin edilmədiyini açıq şəkildə təsdiq etmişdir. Bununla yanaşı, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin konkret siyahının formalaşdırılması prosedurunda səlahiyyətli orqan olduğu müəyyən edilməmişdir. Bu çatışmazlıqlar iddianın mahiyyətinə dair deyil, ona mahiyyəti üzrə baxılmasını mümkün edən ilkin prosessual şərtlərə aiddir və apellyasiya şikayətində irəli sürülən maddi-hüquqi arqumentlərlə aradan qalxmır. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın ləğv edilməsi üçün hüquqi əsas yaratmır və qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2-1(4-6)-1824/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar