Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1844/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Əmiraslanova Nigar Çingiz qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: AZ-II ****** saylı nikah haqqında şəhadətnamədən görünür ki, X3 və İddiaçı nikahı ##.##.2024-cü ildə bağlanmışdır. AZ-II ****** saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. ##.##.1965-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, X3 ##.##.1965-ci ildən ##.##.1966-cı ilədək **** saylı avtodəstədə 1-ci dərəcəli avtoçilingər vəzifəsində işləyib, ##.##.1967-ci ildən ##.##.1973-cü ilədək Azərbaycan KP MK İşlər İdarəsində avtomobil bazasında çilingər və mexanik vəzifələrində işləyib, 1973-cü ilin dekabrından 1974-cü ilin mayına kimi orduda xidmət edib, ##.##.1974-cü ildə Azərbaycan KP MK İşlər İdarəsinin avtomobil bazasında mexanik vəzifəsinə işə qəbul olunub, ##.##.1985-ci ildə baş mexanik vəzifəsinə keçib, ##.##.1985-ci ildə Azərbaycan KP MK İşlər İdarəsinin avtobaza müdirinin vəzifəsini müvəqqəti icra edib və ##.##.1987-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Cavabdeh tərəfindən iddiaçının müraciətinə ünvanlanmış ##.##.2025-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinin ##.##.2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən “dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir”. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən “dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci və 14-cü maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır”. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci və 20.1.8ci maddələrinə görə şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud ## ####### 1991-ci il tarixindən həmin Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il ## ####### tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Müraciətinə əsasən aparılan araşdırma ilə əlaqədar mərhum həyat yoldaşı X13 işlədiyi ##.##.1985-##.##.1987-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin İşlər İdarəsinin Avtobazasında mexanik və baş mexanik vəzifələrinin dövlət qulluğu stajına aid edilib-edilməməsinə dair tərəflərindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu göndərilib. Sorğuya cavab olaraq ##.##.1985- ##.##.1987-ci il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajı kimi nəzərdə tutulmadığı bildirilib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi sözügedən Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, mərhum Yusifəli Əliyevin dövlət qulluğu stajını müəyyən etmək mümkün olmadığından ona sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun ##.##.2025-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilərək ləğv olunması, iddiaçıya mərhum X4 həyat yoldaşı və ailə üzvü kimi ailə başçısını itirməyə görə dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X4 ##.##.2025ci il tarixdə vəfat etmişdir. İddiaçının mərhum həyat yoldaşı ##.##.1985-##.##.1987-ci illərdə dövlət orqanında işləmişdir. Onun xidməti fəaliyyəti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrə uyğun olmuş və o, dövlət qulluqçusu kimi pensiya almışdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. X4 uzun müddət dövlət orqanlarında işləmişdir və bu fakt onun əmək kitabçası, habelə digər rəsmi sənədlərlə təsdiq olunur. Qanunvericiliyə əsasən dövlət orqanlarında qulluq keçən şəxs dövlət qulluqçusu hesab edilir. Buna görə də cavabdehin imtinası əsassızdır. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından müəyyən edilir ki, X3 ##.##.2009-cu il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəmənin sorğusuna ünvanladığı ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il #######ın ##-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (##.##.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin # ######## 2005-ci il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il #######ın ##-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1985-1987-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin İşlər İdarəsinin Avtobazasında iş müddətilə bağlı bildirilir ki, yuxarıda adıçəkilən Siyahının 1.4cü bəndinə əsasən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, həmin bənddə İşlər İdarəsinin Avtobazası, eləcə də həmin bazada mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1985-1987-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin İşlər İdarəsinin Avtobazasında iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında qeyd etmişdir ki, mərhum Yusifəli Əliyevə dövlət qulluqçusu kimi pensiya təyin edilib və həmin şəxs vəfat edənə kimi həmin pensiyanı alıb. Onun barəsində qəbul edilmiş pensiya təyini barədə inzibati akt ləğv edilməyib. Bu səbəbdən hazırkı mübahisə iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyini ilə bağlıdır. Yusifəli Əliyevə pensiya təyini ilə bağlı qərar ləğv edilmədiyi üçün mötəbər hesab edilməlidir. Bu səbəbdən həmin pensiyanın iddiaçıya təyinindən imtina edilməsi əsassızdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, mərhum Yusifəli Əliyevin vəfatından sonra ona təyin edilmiş pensiyanın qanunsuz olması cavabdehə məlum olmuşdur. Lakin inzibati orqan vəfat etmiş şəxslə bağlı hər hansı inzibati icraat apara bilməz. Bu səbəbdən iddiaçıya pensiya təyininə yeni bir inzibati aktın qəbul edilməsi proseduru kimi baxılmalıdır. Həmin vaxt isə Yusifəli Əliyevə təyin edilmiş pensiyanın qanunsuz təyin edilməsi müəyyən edilmişdir. Bu isə iddiaçıya pensiya təyinindən imtina üçün əsasdır. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X3 1985–1987-ci illərdə Azərbaycan KP MK İşlər İdarəsinin avtobazasında mexanik və baş mexanik vəzifələrində işləməsi həmin dövr üçün qüvvədə olan və sonradan tətbiq edilən normativ aktlara uyğun olaraq dövlət qulluğu stajına aid edilmir. Bu hal Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəmə sorğusuna cavab məktubu ilə də təsdiq edilir. Qeyd olunanlara əsasən mərhumun dövlət qulluğu stajı müəyyən edilə bilmədiyindən onun dövlət qulluqçusu kimi pensiya hüququnun mövcudluğu da təsdiq edilmir. Bu isə öz növbəsində iddiaçının dövlət qulluqçusunun ailə üzvü kimi daha əlverişli şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnu istisna edir. Digər tərəfdən, mərhum şəxsə sağlığında yaşa görə əmək pensiyası təyin edilmişdir və onun statusu dövlət qulluqçusu kimi xüsusi pensiya təminatı hüququ verən şəxs kimi tanınmamışdır. Eyni zamanda, ailə başçısını itirməyə görə pensiyanın mahiyyəti vəfat etmiş şəxsin sağlığında almış olduğu pensiya məbləğinin (onun müəyyən hissəsinin) onun vəfatından sonra qanunvericilikdə nəzərdə tutulmuş, buna hüququ olan şəxslərin pensiya təminatına yönəldilməsidir. Lakin, ailə başçısını itirməyə görə pensiya növü digər pensiya növlərindən biri olmaqla müstəqil xarakter daşıyır. Yəni, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsinə Yusifəli Əliyevə pensiya təyini ilə bağlı icraatın davamı kimi baxmaq olmaz. Bu səbəbdən qanunsuz inzibati aktın ləğv edilməs ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 illik müddət hazırkı mübahisəyə tətbiq edilə bilməz. Çünki iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyinindən cavabdehin imtinası müstəqil inzibati icraat çərçivəsində qəbul edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mərhum əri Azərbaycan KP MK İşlər İdarəsinin avtobaza müdirinin vəzifəsini 1985-1987-ci illər ərzində, yəni 2 il müvəqqəti olaraq icra etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının mərhum əri X3 ##.##.2009-cu il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası səhvən təyin edilmiş və o, vəfatına qədər həmin pensiyanı almışdır. Bu səhv iddiaçının ailə üzvü kimi ailə başçısını itirməyə görə dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi barədə müraciəti zamanı araşdırılaraq müəyyən edilmişdir. Belə ki, DİM-ə sorğu göndərilmiş, sorğuya cavab məktubunda 1985-1987-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin İşlər İdarəsinin Avtobazasında iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmadığı qeyd edilmişdir. İddiaçı dövlət qulluqçusu kimi ailə başçısını itiməyə görə əmək pensiyasını heç vaxt almamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (...) III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (...) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə... Maddə 18. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği ... 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3- 1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır... Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1.Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); 20.1.9. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Azərbaycan Respublikası Audiovizual Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri; 20.1.10. bu qanunun 20.1.9-cu maddəsində nəzərdə tutulmuş şəxslər və ya həmin şəxslər sırasından bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçıları vəfat etdikdə, onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; ... 20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur... “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun ##.##.2018ci il tarixədək qüvvədə olmuş redaksiyasının 23.2-ci maddəsinə əsasən Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. “İnzibati icraat haqqında” Qanun: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər... 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər... 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur... İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir... Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır... Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır... Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir... Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər... Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir... Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ##.##.2025-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilərək ləğv olunması və iddiaçıya mərhum X4 həyat yoldaşı və ailə üzvü kimi ailə başçısını itirməyə görə dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı verərək, onu Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi sorğuya cavab məktubu ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-II ****** saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ****** nömrəli pensiya uçotu vərəqəsindən görünür ki, X4 ##.##.2009-cu il tarxində 2837 manat məbləğində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinin tələbinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ...14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə. Kollegiya qeyd edir ki, Yusifəli Əliyevə əmək pensiyası 2009-cu ildə təyin edildiyi üçün ona münasibətdə əmək pensiyası təyin edilməsi ilə bağlı həmin dövrdə qüvvədə olan qanunvericilik normaları nəzərə alınmalıdır. “Dövlət qulluğu haqqında” Qanuna əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinin ##.##.2018ci il tarixinədək qüvvədə olmuş redaksiyasının ikinci cümləsində qeyd edilmişdi ki, dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin birinci instansiya məhkəməsinin sorğusuna ünvanlanmış ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının 1985-1987-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin İşlər İdarəsinin Avtobazasında iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Bununla belə qeyd edilməlidir ki, həmin müddət (iki il iyirmi beş gün) nəzərə alınsa belə qeyd edilən dövr şəxsin dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası alması üçün tələb olunan minimal tələblərə cavab vermir. Odur ki, belə olan halda vəfat etmiş şəxsin əvvəllər hüquqi əsas olmadan dövlət qulluqçusu qismində əmək pensiyası alması, sonradan onun ailə üzvünə eyni əsasla, eyni növdə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün əsas qismində çıxış edə bilməz. Məhkəmə kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsindən haqlı olaraq imtina edilmişdir. Apellyasiya araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı adi qaydada ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmədiyindən ona həmin növ pensiya təyin edilməmişdir. Lakin istənilən vaxt bu hüququndan istifadə edə bilər. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsinə Y.Əliyevə pensiya təyinatının aparılması ilə bağlı icraatın davamı kimi baxmaq olmaz. Bu səbəbdən qanunsuz inzibati aktın ləğv edilməs ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 illik müddət hazırkı mübahisəyə tətbiq edilə bilməz və iddiaçının həmin hüquqi tənzimetmə mexanizminə istinadən öz mövqeyini əsaslandırması əsassızdır. Belə ki, iddiaçının müraciətinə cavabdehin imtinası müstəqil inzibati icraat çərçivəsində verilmişdir. Y.Əliyevə təyin edilmiş əmək pensiyası onun sağlığında ləğv edilmiş olsaydı, mərhum etimad prinsipindən çıxış edərək həmin inzibati aktı mübahisələndirə bilərdi. Hazırkı vəziyyətdə isə cavabdeh ilkin təyinat zamanı baş vermiş uyğunsuzluqları iddiaçının müraciətinin araşdırılması zamanı aşkar etmiş, imtina ilə bağlı mövqeyini şəxsin vəfat etməsi səbəbindən ona münasibətdə hər hansı inzibati icraatın aparılmasının yolverilməzliyi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-1844/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-1844/2026
13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver