Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-1927/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X9 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əmiraslanova Nigar Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “donor olmanın mümkünlüyünə dair qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi 1.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı sağlamlıq vəziyyəti ağır olmuş, onda qaraciyər patologiyası fonunda həyati təhlükə yaradan tibbi ağırlaşmalar müşahidə edilmişdir. Tibbi epikrizdən görünür ki, xəstədə hematemez, melena, ezofaqial varikozlar, yüksək ümumi və birbaşa bilirubin göstəriciləri, habelə qaraciyər funksiyasının ciddi pozuntusunu göstərən digər klinik əlamətlər mövcud olmuşdur. Epikrizdə xəstənin vəziyyətinin sadə və ya planlı müşahidə ilə məhdudlaşan bir hal olmadığı, əksinə, onun qaraciyər transplantasiyasına ehtiyac doğura biləcək ağır vəziyyətdə olduğu açıq göstərilir. Xüsusilə total bilirubinin 16,7 mq/dL, birbaşa bilirubinin 11,0 mq/dL olması, albuminin aşağı səviyyədə qalması, qida borusu varikozlarından qanaxma epizodunun baş verməsi və invaziv müdaxilə aparılması bu xəstənin həyat və sağlamlığı üçün real və yaxın təhlükənin mövcudluğunu təsdiq edir. Bu baxımdan, donorun mövcud olduğu halda transplantasiya imkanının rədd edilməsi sırf texniki məsələ deyil, birbaşa olaraq xəstənin həyat perspektivinə təsir göstərən hüquqi və tibbi əhəmiyyətli qərardır. Bu hallar epikrizlə təsdiqlənir. Iş materiallarından görünür ki, donor qismində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs müəyyən edilmiş, məsələ “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası’’nda baxılmış və ##.##.2026-cı il tarixli qərarla donor orqanının transplantasiyası “qeyri-mümkün” hesab edilmişdir. Lakin həmin qərarın məzmunu göstərir ki, orada yalnız nəticə hissəsi qeyd olunmuş, yəni transplantasiyanın mümkün və ya qeyri-mümkün olması barədə seçim edilmiş, amma belə nəticəyə gəlinməsinin tibbi, etik və hüquqi səbəbləri göstərilməmişdir. Qərarda nə donorun sağlamlığı ilə bağlı konkret problem, nə resipiyentin vəziyyəti ilə bağlı əks-göstəriş, nə infeksion risk, nə uyğunluq göstəriciləri, nə də başqa normativ əsaslandırma əks etdirilmişdir. Başqa sözlə, qərar hüquqi nəticə doğursa da, onun motivləşdirici hissəsi yoxdur. Bu isə həmin qərarın forma etibarilə mövcud olsa da, məzmun etibarilə əsaslandırılmış inzibati iradə aktı sayıla bilməməsinə ciddi əsas verir. Bu hal bilavasitə komissiya qərarının mətnindən görünür. “Insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanunun mahiyyətindən açıq görünür ki, transplantasiya sahəsində qərarlar sərbəst mülahizə ilə deyil, qanunla əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qəbul edilməlidir. Həmin Qanun transplantasiyanın hüquqi əsaslarını, donorun, resipiyentin və tibb müəssisələrinin hüquq və vəzifələrini müəyyən edir və bu sahəni hüquqi cəhətdən ciddi şəkildə tənzimləyir. Etika komissiyası qanunda nəzərdə tutulmuş konkret imtina əsasını göstərməmişdir. Etika komissiyasının qərarında isə “qeyri-mümkündür” nəticəsi yazılsa da, bunun hansı normativ müddəaya söykəndiyi göstərilməmişdir. Normativ əsas göstərilmədən qəbul edilmiş belə qərar qanunçuluq prinsipinə cavab vermir. Cavabdeh donor İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs donor kimi çıxış etməsini və donor orqanının İddiaçı transplantasiyasını qeyri-mümkün hesab edən qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, məsələ qanunun tələblərinə uyğun, tam əsaslandırılmış və hərtərəfli tibbi-hüquqi qiymətləndirmə aparılmaqla yenidən baxılması üçün aidiyyəti üzrə qaytarılmalıdır.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi publik hüquqi şəxsinin əsl cavabdeh Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası ilə əvəz edilməsinə, həmin komissiyanın ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsinə, həmçinin donor İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İddiaçı donor olmasının mümkünlüyünə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş, əsl olmayan cavabdeh Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi publik hüquqi şəxsi əsl cavabdeh Orqan donorluğu və Transplantasiya üzrə X10 donorluğu və transplantasiya üzrə etika komissiyası ilə əvəz edilmişdir.
5. ##.##.2026-cı il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X3 əsl iddiaçı İddiaçı ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə, əsl olmayan iddiaçı X3 əsl iddiaçı İddiaçı ilə əvəz edilmişdir.
7. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasının İddiaçı barədə ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İddiaçı donor olmasının mümkünlüyünə dair müvafiq qərar qəbul edilməsi vəzifəsinin Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasına həvalə edilməsi qərara alınmışdır.
9. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
III.Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, donor olmağa namizəd İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası ## ###### 2026-cı il tarixli iclasının protokoluna əsasən, iclas üzvü Samir Qarayevin, “V nə vaxt dedi Sizə ki, orqan lazımdır? Necə dedi?” sualına cavab olaraq bildirmişdir ki, “o demədi. Sürücüm var idi müharibə vaxtından, Tağıyev Tural. Nömrələrimiz var bir-birimizdə, yazmışdı, statusda paylaşmışdı ki, 1-ci qrup qanı olan donor lazımdır. Qaraciyər üçün. Mən yazdım ki, məndə 1 müsbətdir. Dedi ki, Nizaminin qohumunda problem var. Zəng etdim Nizamiyə ki, nə məsələdir”. Göründüyü kimi donor olmağa namizəd məlumatı haradan əldə etməsi ilə bağlı Etika komisiyasının iclasında bir cavab, məhkəmə prosesində isə tamam başqa cavab vermişdir. Lakin məhkəmə araşdırması səthi aparıldığından ziddiyətlərə fikir verilməmiş, ziddiyətlər aradan qaldırılmamışdır. Yalnız iddiaçının xeyrinə olan hallara diqqət yetirilmişdir. Belə ki, Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasının ** nömrəli, ##.##.2026-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Banklar Assosiyasiyasından əldə edilmiş arayışdan müəyyən olunur ki, donorun çoxlu sayda və böyük məbləğdə kreditləri var, bu kreditləri ödəmədiyi üçün məhkəmə və icra orqanı ilə problem yaşamışdır. Eyni zamanda şəxs ipoteka kreditini ödəyə bilmədiyi üçün ipotekaya götürdüyü evi kirayə verib pul verməmək üçün qohumlarının evinə yerləşmişdir. Pul problemləri üzündən özü hərbiçi olaola hərbiçi qardaşı ilə problem yaşamış və bu səbəbdən mənfi motivlərlə hərbi hissədən xaric edilmişdir. Buradan belə bir sual yaranır, 300 manata görə qardaşı ilə dava edən, onu döyən biri necə ola bilər ki, başqa birinə donor kimi ödənişşsiz orqan verə. Şəxsin mütəmadi içki qəbul etməsi də nəzərə alınsa görünər ki, məhkəmə iddianı təmin etməklə yanlış nəticəyə gəlmişdir. Hətta məhkəmə iddianı təmin etdiyi təqdirdə belə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs İddiaçı donor olmasının mümkünlüyünə dair müvafiq qərar qəbul edilməsi vəzifəsini cavabdeh orqanın üzərinə qoymaqla yanlış nəticəyə gəlmişdir. Məhkəmə iddianı təmin etməməli idi, hətta təmin etdiyi təqdirdə isə hər bir halda iddiaçının iddia tələbinə dair müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə qərar qəbul etməli idi. Məhkəmə tərəfindən maddi və prosesual hüquq normaları düzgün tətbiq edilməmişdir.
IV. Tərəflərin izahatları:
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) izahatında apellyasiya şikayətinin formal xarakter daşıdığını bildirərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmə qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs orqan transplantasiyası ilə bağlı iddiaçı ilə aralarında heç bir maddi vəsait müqabilində razılaşmanın olmadığını, iddiaçıya kömək etmək istədiyini bildirmiş, məhkəmədən iddiaçıya kömək göstərilməsi üçün müvafiq qərar qəbul olunmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
V. Tədqiq olunan sənədlər:
14. Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasının ##.##.2026-cı il tarixli * nömrəli qərarı ilə komissiya donor orqanının transplantasiyasının qeyri-mümkün olduğunu qərara almışdır. Qərar onunla əsaslandırılmışdır ki, “donorla resipiyent bir-birilərini tanımırlar, əvəllər hər hansı ünsiyyətləri olmamışdır. Resipiyentin anası və özü donoru qohumları vasitəsilə tapdıqlarını bildirsələr də, suallara qeyri-müəyyən cavab verir və yaxud cavablandırmırlar. Banklar Assosiasiyasından əldə edilmiş arayışdan müəyyən olunur ki, donorun böyük məbləğdə və çoxlu sayda kreditləri var, bu kreditləri ödəmədiyi üçün məhkəmə və icra orqanı ilə problem yaşamışdır. Borclarını ödəmək məqsədilə yaşadığı evi kirayə vermiş, ailəsi ilə birlikdə qohumunun evində məskunlaşmışdır. Pul problemləri səbəbindən qardaşı X4 ilə aralarında mübahisə yaranmış, nəticədə mənfi motivlərə xidmətdən xaric olunmuşdur. Sorğu zamanı resipiyentin ailə üzvləri tərəfindən donorun bank kartına müxtəlif vaxtlarda “100”, “200” və s. məbləğlərdə pulların köçürüldüyü müəyyən edilmiş donor bir çox suallar kimi bu məbləğin köçürülməsi səbəbi barədə sualı cavablandırılmamışdır. Sorğu zamanı donor valideynləri və digər ailə üzvləri ilə mübahisələr yaşadığını və onlarla hər hansı bir ünsiyyətinin olmadığını bildirir. Ikinci Qarabağ müharibəsi zamanı aktiv döyüş əməliyyatlarında iştirak etmiş, zədə alsa da, həkimə müraciət etməmiş reabilitasiya prosesinə cəlb olunmamışdır. Donorla söhbət zamanı əsəb gərginliyinin və yuxusuzluğunun olduğunu və mütəmadi spirtli içkilər qəbul etdiyini bildirir. Qeyd olunan xüsusatlar orqan transplantasiyasının könüllü və əvəzsiz olduğunu istisna edir. Beləliklə, “Insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 18.4-cü və 29-cu maddələrinə, “Cavabdeh”nın Əsasnaməsinin 4-cü maddəsinə əsasən qərara alınmışdır:
1. “Insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə zidd olduğuna görə X5 donor qismində əməliyyata girməsi məqsədəuyğun hesab edilməsin.
2. Komissiyanın qərarı tərəflərə təqdim edilsin. 3.”Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 71-ci, 72-ci, 73cü maddələrinə əsasən 30 gün müddətində inzibati məhkəməyə şikayət etmək hüququ izah edilsin.”
VI. Tətbiq olunan hüquq
15. “Insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Orqan donorluğu və transplantasiyanın əsas prinsipləri 4.1. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır... Maddə 5. Orqan donorluğu və transplantasiyanın təşkili sahəsində dövlətin vəzifələri 5.0. Orqan donorluğu və transplantasiyanın təşkili sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 5.0.3. transplantasiya məqsədilə donor orqanların götürülməsi, saxlanması, daşınması və təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, orqan donorluğu prosesinin təşkili və əlaqələndirilməsi; 5.0.5. orqan donorluğu və transplantasiya ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarətin və tibbi fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi; Maddə 6. Donor orqanların və toxumaların siyahısı 6.1. Canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər. Maddə 8. Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 12. Həkim-transplantoloqun vəzifələri ...12.3. Həkim-transplantoloq aşağıdakı hallarda transplantasiyanın həyata keçirilməsindən imtina etməlidir: 12.3.1. canlı donorun məlumatlandırılmış razılığı olmadıqda və ya donor hər hansı bir mərhələdə donor olmaqdan imtina etdikdə; 12.3.2. resipiyentin əsas xəstəliyi və ümumi vəziyyəti transplantasiya üçün uyğun olmadıqda; 12.3.3. donorun sağlamlığı transplantasiyaya uyğun olmadıqda; 12.3.4. bu Qanunun 18.1-ci maddəsinə uyğun olaraq canlı və ya meyit donorda resipiyentə keçə bilən təhlükəli xəstəlik olduqda; 12.3.5. canlı donorla resipiyent arasında donor orqanın alqı-satqısına dair əsaslandırılmış məlumat olduqda; 12.3.6. bu Qanunun 16.6-cı və 18.4-cü maddələrində nəzərdə tutulan hallarda. Maddə 16. Canlı donordan donor orqanın götürülməsi qaydası və şərtləri 16.1. Digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir. 16.2. Canlı donordan resipiyentə transplantasiyanın həyata keçirilməsinin zəruriliyi və mümkünlüyü transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, həkimtransplantoloq, anestezioloq-reanimatoloq və resipiyentin müalicə həkimi, eləcə də zəruri olduqda digər ixtisaslı həkimlərin iştirak etdiyi həkim komissiyasının qərarı ilə, tibbi müayinə nəticələri, o cümlədən tibbi göstəriş olarsa gen və toxuma tipləndirməsi nəticələri əsasında müəyyən edilir. Həkim komissiyasının qərarı protokolla rəsmiləşdirilir və canlı donorun tibbi sənədlərinə əlavə edilir. 16.3. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinə həkim komissiyasının qərarında donor orqanın götürülməsi nəticəsində canlı donorun sağlamlığının geriyə dönməyən pozulmasına, əmək qabiliyyətinin uzunmüddətli itirilməsinə gətirib çıxaran, əlilliyin müəyyən olunması ilə nəticələnən ciddi zərərin dəyməyəcəyi və transplantasiya üçün tibbi əks göstərişlərin olmaması qeyd olunduğu halda yol verilir. 16.4. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 16.5. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: 16.5.1. canlı donor resipiyentin yaxın qohumu olduğu halda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır; 16.5.2. yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi bu Qanunun 29.2ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir; 16.5.3. canlı donor transplantasiya ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır; 16.5.4. canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bu Qanunun 17.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada bildirməlidir. 16.6. Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır. Maddə 18. Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət 18.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.2. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. 18.3. 18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir. 18.4. Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.5. Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın. Maddə 29. Cavabdeh 29.1. Yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Cavabdeh (bundan sonra – etika komissiyası) yaradılır. 29.2. Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. 29.3. Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir. 29.4. Etika komissiyasında müraciətlərə əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasının qərarı əsasında baxılır. Maddə 32. Donor orqanların alqı-satqısının və reklamının qadağan edilməsi Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır. Maddə 34. Bu Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, Inzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
16. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.6. Inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. 12.4. Inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 61.3. Inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır.
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 73.2. Iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü Inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
VI.Məhkəmənin mövqeyi
18. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı İddiaçı hematemez, melena, ezofaqial varikozlar, yüksək ümumi və birbaşa bilirubin göstəriciləri, habelə qaraciyər funksiyasının ciddi pozuntusunu göstərən digər klinik əlamətlər mövcud olmaqla o, qaraciyər transplantasiyasına ehtiyac doğura biləcək ağır vəziyyətdə olan resipiyentdir. Iddiaçıya qaraciyər transplantasiyası üçün İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs donor kimi tapılmış, lakin cavabdeh orqan tərəfindən donorluğun mümkünlüyünə dair müsbət qərar qəbul edilməmişdir. Cavabdeh qərarını orqan transplantasiyasının könüllü və əvəzsiz olmaması ilə əsaslandırmışdır.
19. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir.
20. Ilk növbədə qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin ##.##.2026-cı il tarixli iclasının qərardadı ilə cavabdeh Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əvəz edilmişdir.
21. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, hazırkı iş üzrə Etika komissiyasının həll etməli olduğu məsələ və qəbul etməli olduğu qərar, iddiaçının konstitusion hüququ olan sağlamlığı qorumaq və tibbi yardım almaq hüququna birbaşa təsir edir. Həmçinin nəzərə alınmalıdır ki, sağlamlıq, orqanizmin bütövlüyü hər bir şəxsdə olduğu kimi donor üçün də həyati əhəmiyyətə malikdir. Insanın öz sağlam orqanını bağışlamaq barədə qərarı, sağlamlığına risk törətməklə müşayiət olunur. Buna görə də, insanın öz sağlam orqanının bağışlamaq barədə gəldiyi qərar, həyatda qəbul edilən adi qərarlardan fərqli olaraq, çox ciddi (eyni zamanda sağlam düşüncəyə, cəmiyyətdə rəğbətlə qarşılanan şəfqətə əsaslanan motivlərlə qəbul edilən) bir əsasa söykənmiş olmalıdır.
22. Bu səbəbdən də Komissiyanın qərarı tam qanuni olmalıdır. Etika komissiyasının qərarı hər bir halda qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməli, ictimai marağa uyğun olmalıdır.
23. Kollegiya qeyd edir ki, Etika komissiyasının qərarının mübahisələndirildiyi hallarda məhkəmə nəzarəti qaydasında aparılan yoxlama iki mühüm istiqaməti əhatə edir - qərarın prosessual təminatlara riayət edilməklə qəbul olunub-olunmadığını yoxlamaq və qərarın mahiyyəti üzrə qanuniliyini yoxlamaq.
24. Prosessual təminatlara riayət olunub-olunmadığına qiymət verilməsi istiqamətində aparılan yoxlama Etika komissiyasının məsələyə baxılması zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraat aparıb-aparmadığını müəyyənləşdirməyə yönəlir. Həmin icraat qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə aparılmadıqda, xüsusən icraat zamanı yol verilmiş prosessual mahiyyətli pozuntular yekun qərara təsir edə biləcək keyfiyyətdə olduqda lazımi icraatın aparılmadığından söz etmək mümkündür. Bu kimi vəziyyətlərdə, bir qayda olaraq, lazımi icraatın aparılmasının təmin edilməsi üçün məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla məsələyə yenidən baxılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair qərar çıxarılmalıdır. Bu mənada, Etika komissiyasının qərarının prosessual təminatlara riayət edilməklə qəbul edildiyini müəyyənləşdirmək baxımından məhkəmələr daha geniş yoxlama səlahiyyətinə malikdirlər. Lakin bu zaman nəzərə alınmalı olan əsas məsələlərdən biri sözügedən prosessual mahiyyətli pozuntuların məhz yekun qərara təsir edə biləcək keyfiyyətdə olmasıdır.
25. Hazırkı iş üzrə mübahisələndirilən qərar onunla əsaslandırılmışdır ki, donorun izahatları arasında ziddiyyətlər mövcud olmaqla, onun banka böyük məbləğdə kredit borcları var və güman edilir ki, həmin borcları resipiyentdən aldığı vəsait hesabına ödəyəcəkdir.
26. Beləliklə, orqan donorluğunun könüllü və əvəzsiz olmaması ilə bağlı şübhələrin mövcudluğu səbəbindən orqanının transplantasiyası “qeyri-mümkün” hesab edilmişdir.
27. Bununla yanaşı mübahisəli qərarda iddiaçı tərəfindən donora 100, 300 və s. məbləğlərdə pulların köçürüldüyünün müəyyən edildiyi, donorla söhbət zamanı əsəb gərginliyi və yuxusuzluğunun olduğunu bildirdiyi, spirtli içkilər qəbul etdiyi qeyd edilmişdir. Bu xüsusatların orqan transplantasiyasının könüllü və əvəzsiz olduğunu istisna etdiyi qərarda bildirilmişdir.
28. Iş materiallarını nəzərdən keçirən Kollegiya belə qənaətə gəlir ki, cavabdeh ehtimallara əsaslanaraq qərar qəbul etmişdir.
29. Qeyd edilməlidir ki, belə qəbildən işlərə baxarkən sübutetmə baxımından “obyektiv hallardan yaranan əsaslı şübhə” standartı tətbiq olunmalıdır. “Obyektiv hallardan yaranan əsaslı şübhə” isə iddia olunan qanunsuz hərəkətə (kreditin resipiyentdən alınan vəsait hesabına ödəniləcəyi) dair mübahisə üzrə mövcud olan obyektiv halların məcmusundan yaranan əsaslı şübhəyə əsaslanmalı, sırf inzibati rahatlıq məqsədilə və ehtimallarla həyata keçirilməməlidir. Bu zaman nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun tələbinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
30. Həmçinin nəzərə alınmalıdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
31. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
32. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir.
33. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki; “Qaraciyər transplantasiyasının mümkün hesab edilməsi” ilə bağlı məsələyə baxarkən cavabdeh buna dair icraatla bağlı tələblərə riayət etmək öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Bununla belə, icraatla bağlı tələblərə riayət etmək imkanı tam itirilməmişdir. Belə olan halda, məsələyə icraatla bağlı tələblərə riayət edilməklə inzibati orqanda baxılması imkanı tükədilmədiyi üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının müraciətinə icraatla bağlı tələblərə riayət etməklə baxılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.”
34. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “44. Etika komissiyasının qərarının mübahisələndirildiyi hallarda məhkəmə nəzarəti qaydasında aparılan yoxlama iki mühüm istiqaməti əhatə edir - qərarın prosessual təminatlara riayət edilməklə qəbul olunub-olunmadığını yoxlamaq və qərarın mahiyyəti üzrə qanuniliyini yoxlamaq.
45. Prosessual təminatlara riayət olunub-olunmadığına qiymət verilməsi istiqamətində aparılan yoxlama Etika komissiyasının məsələyə baxılması zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraat aparıb-aparmadığını müəyyənləşdirməyə yönəlir. Həmin icraat qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə aparılmadıqda, xüsusən icraat zamanı yol verilmiş prosessual mahiyyətli pozuntular yekun qərara təsir edə biləcək keyfiyyətdə olduqda lazımi icraatın aparılmadığından söz etmək mümkündür. Bu kimi vəziyyətlərdə, bir qayda olaraq, lazımi icraatın aparılmasının təmin edilməsi üçün məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla məsələyə yenidən baxılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair qərar çıxarılmalıdır. Bu mənada, Etika komissiyasının qərarının prosessual təminatlara riayət edilməklə qəbul edildiyini müəyyənləşdirmək baxımından məhkəmələr daha geniş yoxlama səlahiyyətinə malikdirlər. Lakin bu zaman nəzərə alınmalı olan əsas məsələlərdən biri sözügedən prosessual mahiyyətli pozuntuların məhz yekun qərara təsir edə biləcək keyfiyyətdə olmasıdır.
46. Etika komissiyasının qərarının mahiyyət üzrə qanuniliyinə qiymət verərkən isə ilk növbədə, inzibati orqanın bu vəziyyətlərdə diskresion səlahiyyətlər həyata keçirdiyi nəzərdə saxlanılmalıdır. Bundan başqa, baxılan məsələyə münasibətdə diskresion səlahiyyətlər əsasında qəbul edilmiş qərar “əsaslı şübhələrin” mövcudluğuna da əsaslana bilər. Bu nöqteyi nəzərdən, inzibati orqanın diskresion səlahiyyətlərə əsaslanan fəaliyyəti zamanı “əsaslı şübhə” meyarından istifadə etməklə qəbul etdiyi qərarın qanuniliyinin yoxlanması zamanı bir qədər fərqli standart və yanaşma tələb edilir. “Əsaslı şübhə” qənaətinin açıq-aşkar əsaslandırılmadığı təqdirdə, diskresion səlahiyyət əsasında qəbul edilmiş qərarın qüvvədə saxlanması, məhkəmə icraatının pozulmuş hüquqların səmərəli müdafiəsi məqsədlərinə uyğun ola bilməz. Məhkəmələr, Etika komissiyasının qərarında “əsaslı şübhə”nin mövcudluğu nəticəsinə gəlinərkən real faktiki hallardan çıxış edilib-edilmədiyini yoxlamalıdırlar. Başqa sözlə, əsaslı şübhə tərəflərə aid edilə biləcək real faktiki hallara söykənməli, həmin halların əldə edildiyi mənbələr bəlli olmalı və icraatın gedişində araşdırmanın predmetini təşkil etməlidir. Qeyd edilən tələblərə riayət edilməklə gəlinmiş “əsaslı şübhə” hazırkı məsələyə münasibətdə inzibati orqanının qərarının əsaslandırıldığı nəticəsinə gəlmək üçün yetərlidir.”
35. Göründüyü kimi əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə “Əsaslı şübhə” müvafiq şəxsin hüquq pozuntusu törətməsinə obyektiv müşahidəçini inandıran faktların və ya məlumatların olmasını nəzərdə tutur. Şübhənin “əsaslı” hesab edilməsi bütün hallar nəzərə alınmaqla müəyyən edilməlidir.
36. Hazırkı iş üzrə donor İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs inzibati icraat zamanı və işin birinci instansiya icraatı zamanı məhkəmə iclasında verilmiş ifadələri ilə ziddiyyətlər mövcud olduğundan, həmçinin orqan transplantasiyasının əvəzli şəkildə həyata keçirilməsi (donorun kreditinin resipiyentdən alınan vəsait hesabına ödəniləcəyi) barədə şübhənin əsaslılığını sübut edəcək əlavə sənədlər təqdim olunmadığından qeyd olunan hallar təkrar inzibati icraat aparılmaqla, əsasnamədə qeyd edilən əsaslı şübhələrin olmasına dair əlavə sübutlar əldə edilməklə müraciət yenidən araşdırılmalıdır.
37. Yenidən aparılacaq icraat zamanı inzibati orqan hazırkı qərarda göstərilən xüsusatların, yəni şübhələrin əsaslılığını mötəbər məlumatlara istinadən qiymətləndirməli, şübhələr xəyali xarakter daşımamalı, real olmalı, hər-hansı şəxsin və ya komissiya üzvünün subyektiv mülahizə və dəyərləndirməsinə əsaslanmamalı, obyektiv həqiqətin müəyyən edilməsi istiqamətində araşdırma aparılmalıdır.
38. Belə ki, cavabdeh inzibati orqan qərarında şəxsin spirtli içki içməsini alkoqolizmdən əziyyət çəkməsi kimi qiymətləndirirsə, bu barədə mötəbər dəlillərə, tibbi sənədlərə və ya narkoloji dispanserin qeydiyyat məlumatlarına əsaslanmalıdır.
39. Ikinci arqument olaraq hərbiçi olmuş şəxsin müharibədən sonra reabilitasiyaya cəlb edilməməsinin, donorun söhbət zamanı bildirmiş olduğu əsəb gərginliyi və yuxusuzluğun onun psixoloji vəziyyətini və şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməsinin əsaslandırılması düzgün aparılmalı, bu halın fərdi situasiyada deyil, mütəmadi və davamlılığı aydınlaşdırılmalı, məhz bu səbəbdən şəxsin donor qismində çıxış etmək kimi qərarı ilə nəticələndiyi əsaslandırılmalıdır.
40. O cümlədən donorun ailə münasibətləri zəminində qardaşı ilə yaşadığı mübahisə, onun kredit və ya ipoteka borcunun olması faktlarının şəxsin donor olmasını məhdudlaşdıran amil kimi qiymətləndirilməsinə dəlalət edən şübhələrin faktiki əsasının nədən ibarət olması aydın şəkildə göstərilməli, donorun iddiaçının qohumu ilə yaxın münasibətlərinin olmasını, onunla birlikdə müharibədə iştirak etməsini, ona mənəvi olaraq borclu olduğunu ifadə etməsi kimi halların, onlar arasında olan mənəvi bağlılığın, məhz bu səbəbdən donorun orqan transplantasiyasına könüllü və əvəzsiz razılıq verməsi üçün kifayət edib-etməməsi sosial psixoloji baxımdan qiymətləndirilməlidir.
41. Bununla belə, cavabdeh tərəfindən qərarda resipiyentin ailə üzvləri tərəfindən donorun bank kartına müxtəlif vaxtlarda 100, 200 və s. məbləğlərdə pulların köçürüldüyünün müəyyən edildiyi qeyd edilmiş, lakin sair məbləğlərin hansı miqdarda olması, nə vaxt və hansı məqsədlərlə ödənilməsi aydınlaşdırılmamışdır. Nəzərə alsaq ki, qeyd edilən 100 manat məbləğin ödənildiyi donor tərəfindən də inkar olunmur, müsahibə zamanı (məhkəməyə təqdim edilmiş audio yazıya əsasən) resipiyentin anası tərəfindən də bu fakt təkzib edilməmiş, komissiya üzvlərinə bu barədə “vatsap” yazışmalar belə təqdim edilmişdir, göstərilən hal birmənalı olaraq transplantasiyanın əvəzsis olmadığına dəlalət edən hal kimi qiymətləndirilməməlidir. Donor tərəfindən könüllü və əvəzsiz olaraq orqan transplantasiyasına razılıq verməsinin bildirilməsi fonunda cavabdeh tərəfindən qiymətləndirmə aparılarkən resipiyentin ailə üzvləri tərəfindən donora ödənilən məbləğin məhz əvəz qismində, yoxsa transplantasiyanın uğurla başa çatması üçün analiz, müayinə və ya digər xərclərin qarşılanması qismində ödənilmiş olması məsələsi obyektiv olaraq dəyərləndirilməlidir. Belə ki, qanunverici orqanın könüllü və əvəzsiz verilməsini tələb olaraq müəyyən etsə də, donorun üzərinə transplantasiya ilə bağlı ortaya çıxan xərcləri ödəmək vəzifəsini qoymamışdır.
42. Həmçinin məhkəmə hesab edir ki, qiymətləndirmənin aparılması zamanı donora münasibətdə əvəzlilik məsələsi təkcə mənfi və şübhə doğuran meyarlar əsasında deyil, onun şəxsiyyəti, vətən müharibəsi iştirakçısı olması, müxtəlif medallarla təltif edilməsi, eyni zamanda müsbət şəxsi keyfiyyətləri nəzərə alınmaqla kompleks şəkildə, obyektiv həyata keçirilməlidir.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-****/**** saylı qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
Nəticəvi hissə:
44. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli, qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia tələbi qismən təmin edilsin. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin “Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası”nın ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia tələbinə dair müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulsun. Qərardan kassasiya şikayəti verilə bilməz.