Məhkəmə qərarları › İş №e-2-1(3-6)-2007/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-2007/2026

20.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-2007/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Bakı şəhər İcra Hakimiyyəti Başcısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı Birliyi ilə İddiaçı Asəf oğlu arasında bağlanmış “Ləhiş ərazisindəki ****a nömrəli bağın istifadəyə verilməsi haqqında” ##.##.2005-ci il tarixli, ***** №-li müqavilədən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin ##.##.2005-ci il tarixli, *** saylı sərəncamı əsasında Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində 0.12 ha torpaq sahəsi olan **** №-li bağ sahəsi İddiaçı Asəf oğlunun istifadəsinə ayrılmışdır.

2. Cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli 263020602889 №- li cavab məktubunda qeyd olunmuşdur ki, “... göstərilən torpaq sahəsinin yerləşməsi İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, təqdim edilən ***** saylı icarə müaviləsində torpaq sahəsinin Ləhiş bağ massivində yerləşdiyi qeyd olunsa da, elektron kadastr məlumatlarına əsasən sözügedən ərazi Pirşağı bağ massivi daxilindədir və Pirşağı bağ massivinin sxematik xəritəsində qeyd olunan hissədə bağ nömrəsi aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

3. ##.##.2026-cı il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ****a saylı bağ sahəsində yerləşən, (icarə müqavilsəi 35985№-li) torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.metr və faktiki olaraq 1345.0 kv.metr təşkil edir. Göstərilən sahə hasar daxilindədir. Sahədə icazəsiz tikili yoxdur. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb, arxiv cizgisi yoxdur. Sahənin yerləşməsinə elektron baza məlumatlarına əsasən baxılması məqsədəuyğundur..

4. DƏDKR PHŞ-nin04.03.2026-cı il tarixli, 3-21-3-30/2-*****/**** №-li məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən sözügedən ərazi Pirşağı bağ massivi daxilindədir və Pirşağı bağ massivinin sxematik xəritəsində qeyd olunan hissədə bağ nömrəsi aşkar edilməmişdir.Sorğunun icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ****v saylı bağ sahəsinə dair arxiv qovluğunda aşkar edilən sənədlərin, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia edilən torpaq sahəsinin qonşuluğunda ************ reyestr nömrəli (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ***H saylı bağ sahəsi), 005013030669 (Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, *** saylı bağ sahəsi), 005013054320 (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ****v saylı bağ sahəsi) və 005013034058 (Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi, ****Z saylı bağ sahəsi) daşınmaz əmlakların dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surəti və ortofoto görüntüsü təqdim edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.12 hektar ölçüyə malik ****a nömrəli bağ (torpaq) sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən ümumi ölçüsü 0.12 hektar olan ****a saylı bağ sahəsi ##.##.2005-cı il tarixli ***** saylı müqavilə əsasında onun istifadəsinə verimişdir. Onun ərizəsi əsasında cavabdeh inzibati orqan DƏDKR * saylı Bakı Ərazi İdarəsindən verilmiş ##.##.2026-cı il tarixli mətkub ilə ərizənin icrasından imtina edildiyi bildirilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası tamamilə qanunsuz və əsassız olduğundan onun üzərinə dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi barədə öhdəlik qoyulmalıdır.

7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, təqdim edilən ***** saylı icarə müqaviləsində torpaq sahəsinin Ləhiş bağ massivində yerləşdiyi qeyd olunsa da, elektron kadastr məlumatlarına əsasən sözügedən ərazi Pirşağı bağ massivi daxilindədir və Pirşağı bağ massivinin sxematik xəritəsində qeyd olunan hissədə bağ nömrəsi aşkar edilməmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli **** nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

8. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində yerləşən 1200 kv. metrdən ibarət 5142 a saylı bağ torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, buna dair çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

12. Məhkəmədə cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə ki, iddiaçının vəkili və nümayəndəsi elektron məhkəmə vasitəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 14-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

22. Belə ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.12 hektar ölçüyə malik ****a nömrəli bağ (torpaq) sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsini tələb edir.

23. Cavabdeh orqan isə elektron kadastr məlumatlarına əsasən sözügedən ərazinin Pirşağı bağ massivi daxilində yerləşdiyini və Pirşağı bağ massivinin sxematik xəritədə qeyd olunan bağ nömrəsi aşkar edilmədiyini bildirərək, imtina cavabı vermişdir.

24. İş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başcısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı Birliyi ilə İddiaçı Asəf oğlu arasında bağlanmış “Ləhiş ərazisindəki ****a nömrəli bağın istifadəyə verilməsi haqqında” ##.##.2005-ci il tarixli, ***** №-li müqavilədən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin ##.##.2005-ci il tarixli, *** saylı sərəncamı əsasında Sabunçu rayonu, Ləhiş bağ massivi ərazisində 0.12 ha torpaq sahəsi olan **** №-li bağ sahəsi İddiaçı Asəf oğlunun istifadəsinə ayrılmışdır. Mübahisələndirilən torpaq (bağ) sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir.

25. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubuna Ləhiş və Pirşağı bağ massivlərinin bağların bölgüsünə dair sxematik xəritələri əlavə edilmişdir.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

27. Qanunvericiliyin normalarına əsasən bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər - hüquqmüəyyənedici sənədlər hesab olunur.

28. Hazırki işdən də görünür ki, iddiaçıya torpaq sahəsi icarə müqaviləsi əsasında ayrılmışdır ki, həmin müqavilə hüquqmüəyyənedici sənəd qismində çıxış edir və müqavilənin qüvvədə olduğu görünür.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

30. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

31. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar