Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-2102/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı, Üçüncü şəxs MMC üçüncü şəxs qismində cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı, Üçüncü şəxs MMC üçüncü şəxs qismində cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə ##.##.2023-cü il tarixli EBDR seriyalı, ****** nömrəli elektron qaiməfaktura əsasında İddiaçı MMC tərəfindən “ xxxx ” MMC-yə ödənilən 25719,42 (iyirmi beş min yeddi yüz on doqquz manat, 42 qəpik) manat məbləğində X2 əvəzləşdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, hazırkı iş üzrə Üçüncü şəxs MMC və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə *-**-*-*/*-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardad ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı MMC-yə xəbərdarlıq məktubu daxil olmuşdur. Həmin məktubda göstərilmişdir: Üçüncü şəxs MMC (**********) ##.##.2024-cü il tarixli **************** nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə etdiyi (##.##.2023 tarixli EBDR seriyalı, ****** nömrəli) elektron qaimə-faktura (lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Vergi orqanın qərarı əsassızdır və onun üzərinə həmin qaimədə göstərilən ƏDV məbləğinin əvəzləşdirilməsi öhdəliyi qoyulmalıdır. Belə ki, İddiaçı MMC ilə Üçüncü şəxs MMC arasında ##.##.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin tarixdə təhvil-təslim aktı əsasında 25719,42 manat ƏDV məbləği olmaqla, 168605,09 manat məbləğində Mallar Üçüncü şəxs MMC tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. Həmin tarixdə e-qaimə göndərilmiş və İddiaçı MMC tərəfindən tam ödənilmişdir. ##.##.2024-cü il tarixli qərarla Üçüncü şəxs MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Yəni başqa sözlə desək, mallar riskli vergi ödəyicisi Üçüncü şəxs MMC-dən alındıqda həmin təşkilat riskli vergi ödəyicisi hesab edilmirdi. Həmçinin, vergi orqanı tərəfindən elektron qaimə-faktura (lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunmasına dair hər-hansı sübut təqdim edilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddia tələbində qeyd olunan qərar iddiaçıya 2024-cü ilin aprel ayı üzrə hesablanmış əlavə dəyər vergisi ilə bağlı olmuşdur. İddiaçı tərəfindən 2024-cü ilin aprel ayı üzrə sonuncu dəqiqləşmiş ƏDV bəyannaməsi ##.##.2024-cü il tarixdə təqdim edilmiş, bəyannamədə yaranmış uyğunsuzluqlarla bağlı vergi ödəyicisinə kənarlaşmaların əsasları, yaranma səbəblərinin aydın əks olduğu ##.##.2024-cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir. Lakin iddiaçı tərəfindən yaranmış kənarlaşmalarla bağlı müvafiq sənədlər (izahat, arayış və digər sənədlər) təqdim edilmədiyindən yoxlama başa çatdırılaraq, müvafiq dövr üzrə 25 719,40 manat ƏDV məbləği hesablanmaqla “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**-*-*/*-*****/**** nömrəli qərar qəbul olunaraq və elektron sənəd formasında (ASANDOC) tərtib edilməklə ##.##.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş, iddiaçı tərəfindən həmin sənəd elektron kabinetdə ##.##.2024-cü il tarixdə oxunmuşdur. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə uyğun olaraq həmin qərar 3 iş günü keçdikdən sonra, yəni ##.##.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmış hesab edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsini ilk öncə Dövlət Vergi Xidmətinin xəbərdarlıq məktubuna uyğun öhdəliyin icrası iddia növündə verdiyi üçün hesab edir ki, bu zaman müddətə görə mümkünlükdən söhbət gedə bilməz. İddiaçının vergi kabinetinə hər-hansı məktub daxil olmamışdır. İnzibati Qərarın mövcudluğundan isə, yalnız məhkəmə gedişində xəbərdar olmuşdurlar. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə qərarın mübahisələndirilməsi ilə bağlı müddəti ötürmüşdür ki, bu hal da hazırkı iddianın müddət ilə bağlı mümkünlük şərtlərinə cavab vermədiyini göstərir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə ##.##.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə *-**-*-*/*- *****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarını mübahisələndirir. Göründüyü kimi iddianı predmetini ##.##.2024-cü il tarixli qərar təşkil edir. Həmin qərar ##.##.2024-cü il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və həmin tarixdə də iddiaçı tərəfindən oxunmuşdur. Bununla yanaşı, iddiaçı sözügedən qərarın mübahisələndirilməsi məqsədilə (iddia tələbi düzgün qoyulmasa da) məhkəməyə yalnız ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi iddiaçı ən azından ##.##.2024-cü il tarixdə mübahisələndirilən qərar barədə artıq məlumatlı olmuş, ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək və iddia tələbini dəqiqləşdirərək ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş edərkən həmin qərarın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1-ci maddəsində qeyd olunmuşdur ki, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: ...70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Beləliklə yuxarıda qeyd olunan maddi normaya əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Başqa sözlə desək, mübahisələndirilən qərarın onun tərəfindən ##.##.2024-cü il tarixdə oxunması onu deməyə əsas verir ki, iddiaçının həmin qərarı 30 gün müddətində mübahisələndirmək hüququ olmuş, lakin o həmin prosessual müddəti ötürərək 9 aya yaxın müddət keçməsinə baxmayaraq həmin qərarı mübahisələndirmək üçün məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadının ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №e-2-1(3-6)-2102/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-2102/2026
19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver