Məhkəmə qərarları › İş №e-2-1(3-6)-2151/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-2151/2026

08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-2151/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi və vəkili vəkil1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı (üçüncü şəxslər qismində üçüncü şəxs2 və üçüncü şəxs1 MMC cəlb edilməklə) “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və fərdi yaşayış evinə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə üçüncü şəxs2 (bundan sonra – üçüncü şəxs) 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə üçüncü şəxs1 MMC (bundan sonra – üçüncü şəxs) 3-cü şəxs qismində zəruri cəlb etmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 (bundan sonra – cavabdeh) ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən, özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, sözügedən fərdi yaşayış evinin ətrafında gözlə görünən hər hansı neft quyusu yoxdur. Yəni həmin ərazi tam olaraq yaşayış evlərindən ibarətdir. Qeyd edir ki, onun əmlakının ətrafında yerləşən evlərin hamısı dövlət qeydiyyatına alınaraq çıxarış verilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazidə olmaqla, yaxınlığında ləğv edilmiş neft quyusunun baza məlumatı mövcuddur. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ##.##.2024-cü il tarixli sorğu verilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün, Azərbaycan Respublikasının # ##### 2022-ci il tarixli, 501- VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Buzovna, Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi haqqında” Risk Xidmət Sazişinə əsasən üçüncü şəxs1 MMC-nin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi **** saylı ləğv olunmuş neft-qaz quyusunun 52 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,03 hektar torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün sənaye təyinatlı ərazilərin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İB-nin "H.Z.Tağıyev" adına NQÇİ-nin daimi istifadəsinə ayrılmış, daha sonra ##.##.2022-ci il tarixdən üçüncü şəxs1 MMC-nin istifadəsinə verilmiş kontrakt sahəsi hüdudları daxilində yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İB-nin "H.Z.Tağıyev" adına NQÇİ-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. ##.##.1976cı il tarixli, A-**-**-B-a saylı xəritədən də görünür ki, iddia edilən torpaq sahəsi neft-qaz hasilatı üzrə fəaliyyətin aparılması üçün ayrılan ərazilərin hüdudunda yerləşir. Həmçinin, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ##.##.2018-ci il tarixdə təsdiq edilmiş "Azneft" İB-nin "H.Z.Tağıyev" adına NOCİnin (Maştağa-Buzovna yatağı) daimi istifadəsində olan torpaq sahələrinin xəritəsindən də görünür ki, iddia edilən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ##.##.2018-ci il tarixədək hüquqi və fiziki şəxslərə ayrılmış torpaq sahələrinin daxilində yerləşmir. Həmçinin, iddia edilən torpaq sahəsinin 52 metrlik məsafəsində ləğv edilmiş **** saylı neftqaz quyusunun mühafizə zonası daxilində yerləşir. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia tələbinin rədd edilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən, özünə məxsus torpaq sahəsində fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Sözügedən fərdi yaşayış evinin ətrafında gözlə görünən hər hansı neft quyusu yoxdur. Yəni həmin ərazi tam olaraq yaşayış evlərindən ibarətdir və onun əmlakının ətrafında yerləşən evlərin hamısı dövlət qeydiyyatına alınaraq çıxarış verilmişdir. İş materiallarından da göründüyü kimi, məhkəməyə ünvan 2 (********** qeydiyyat nömrəli) və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 147-ci Buzovna küçəsi, ev 220 (********** qeydiyyat nömrəli) ünvanlarına dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilmişdir. Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixli məktubla yuxarıda qeyd edilən ünvanlarda yerləşən daşınmaz əmlaklara dair sənədlər və həmin əmlakların yerləşdiyi torpaq sahələrinin iddiaçının istifadəsində olan torpaq sahəsi ilə qarşılıqlı yerləşməsinə dair ortofoto görüntüləri məhkəməyə təqdim edilmişdir. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. İddiaçı tərəfindən mülkiyyət hüququnun realizəsini təmin edən şərtlər, eyni zamanda vətəndaşın etimad hüququna istinad etməsini təmin edən şərtlər mövcud olduğu üçün əmlakla bağlı hüquqa iradə ifadəsinə etibar edərək iddiaçı cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Cavabdehin hazırda mövqe bildirilən etirazın halı iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olmuşdur. Eyni zamanda, hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, bərabər əsasla əldə edilmiş daşınmaz əmlaka dair digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin icra edilməməsi üçün gətirdiyi imtina səbəbləri əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur. Üçüncü şəxs üçüncü şəxs2 tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş, iddia tələbinə dair verilmiş etirazın dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili vəkil1 çıxış edərək apellyasiya şikayətini qəbul etmədiyini, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etmədiyini, məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçı və digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - ##.##.2024-cü il tarixli daşınmaz əmlakın istifadə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən Kərimov Nazim Saleh oğlu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsi üzərində istifadə hüququnu iddiaçıya satmışdır. - Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən 0,03 hektar sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ qeydə alınmışdır. - ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka dair memarlıq planlaşdırma həlli və həmin əmlakın yerləşdiyi torpaq sahəsinə dair plan-ölçü sənədi əlavə edilmişdir. İşdən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən 0,03 hektar sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ qeydə alınmış, iddiaçı tərəfindən mübahisə predmeti olan torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı İddiaçı yuxarıda qeyd olunan ünvanda yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və fərdi yaşayış evinə dair texniki pasportun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən ## ##### 2025-ci il tarixli məktubla cavab verilərək qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla, yaxınlığında ləğv edilmiş neft quyusunun baza məlumatı mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi ## ###### 2017-ci il tarixli, ** nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 75 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq müraciətin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə olmaqla (H.Z.Tağıyev adına NQÇİ), yaxınlığında ləğv edilmiş neft quyusunun baza məlumatı mövcuddur. Bu hal cavabdeh tərəfindən ##.##.2026-cı il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab etmişdir ki, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış torpaq sahəsində və ləğv olunmuş neft-qaz quyusunun qanunvericiliklə müəyyən edilmiş mühafizə zonasında yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Torpaq Məcəlləsinin: 10-cu maddəsinin 1-ci bəndinə əsasən torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. 2-ci bəndinə əsasən torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. 3-cü bəndinə əsasən bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. 4-cü bəndinə əsasən torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. 4-1-ci bəndinə əsasən yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) tərəfindən həyata keçirilir və onların müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı andan başa çatır. 5-ci bəndinə əsasən torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, daşınmaz əmlakın dövlət kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. 4-cü bəndinə əsasən təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir. 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları”na əsasən

1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazisində sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydalarını tənzimləyir.

2. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.

3. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların fiziki və hüquqi şəxslərin (bundan sonra — sifarişçi) istifadəsinə və icarəsinə verilməsini öz səlahiyyəti daxilində yerli icra hakimiyyəti orqanları və bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirirlər. Yuxarıda sadalanan qanunvericilik aktlarından görünür ki, torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi ilə hüquqların qeydiyyatının həyata keçirilməsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və 8.0.10-cü maddəsində göstərilən sənədlərin təqdim edilməsi zəruridir. Lakin işin hallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda iddiaçı tərəfindən Buzovna qəsəbəsi, 147-ci Buzovna küçəsi, 22 ünvanında yaşayış evinin sənədləşdirilməsi ilə bağlı məlumatlandırma icraatı və tikintiyə icazə qaydasında müraciəti üzrə heç bir məlumatın olmadığı bildirilmişdir. Belə ki, iddiaçı İddiaçı tərəfindən mübahisəli torpaq sahəsində hər hansı fərdi yaşayış evinin inşa edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müraciətlər edilməmiş, icazələr alınmamışdır. İddiaçı İddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbindən görünür ki, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədlərin təqdim edilməsi zəruridir. Hazırda iddiaçı iddia tələbinin əsası kimi torpaq sahəsi ilə bağlı onun istifadə hüququnun olması və qonşu ərazidə yerləşən torpaq sahələrində inşa edilmiş daşınmaz əmlaklarla bağlı hüquqların qeydiyyatının həyata keçirilməsi, bununla da bərabərlik prinsipinin pozulmasına istinad edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən ##.##.2026-cı il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 0,0299 ha təşkil edir. Sahə hər tərəfdən mişar daşı ilə sərhədlənib. Sahə üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Mövcud fərdi yaşayış evi texniki pasporta göstərilən sahənin daxilində yerləşir (sənəd üzrə sahənin tərkibindədir). Tikilinin ümumi hündürlüyü yerdən çardağa qədər 4,1 metrdir. Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq aşırımlar arası məsafənin gözlənildiyi müəyyən edildi (aşırım mövcud deyil). Bundan əlavə, döşəmədən üst hissənin alt çardağına olan hündürlük 2,9 metr təşkil edir. Torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında fərq mövcud deyildir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə olmaqla (H.Z.Tağıyev adına NQÇİ), yaxınlığında ləğv edilmiş neft quyusunun baza məlumatı mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından görünür ki, fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının istifadə hüququnun olması ona fərdi yaşayış evinin inşası hüququnu vermir. Sənaye təyinatlı torpaqlar istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün ayrılır. Hazırda iddiaçı torpaq sahəsini nəzərdə tutulmuş təyinatına uyğun istifadə etməmiş, ərazidə fərdi yaşayış evi inşa etmişdir. Mübahisəli fərdi yaşayış evi üzərində iddiaçı İddiaçı hüquqlarının həyata keçirilməsi üçün həmin tikilinin qanuni əsaslarla inşa olunması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməlidir. Lakin iddiaçı tərəfindən bu tələb yerinə yetirilməmişdir. ünvan 2 (********** qeydiyyat nömrəli) və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 147-ci Buzovna küçəsi, ev 220 (********** qeydiyyat nömrəli) ünvanlarına dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edilmiş inzibati praktikanın bərabərlik prinpisi adı ilə yanlış olaraq yenidən tətbiq edilməsi davamlı olaraq hüquq normalarının pozulması ilə nəticələnəcəkdir. Bu səbəbdən hazırkı halda iddiaçının müraciətinin təminindən imtina edilməsi bərabərlik prinsipinin pozulması deyil, yanlış praktikanın tətbiq edilməsinin və qanunvericiliyin pozulmasının qarşısının alınması kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisə predmeti olan fərdi yaşayış evi ilə əlaqədar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina ilə bağlı cavabdeh inzibati orqanın mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Vidadi Qasımov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar