Məhkəmə qərarları › İş №e-2-1(3-6)-2311/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-1(3-6)-2311/2026

20.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-1(3-6)-2311/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X1 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı, cavabdehin nümayəndələri X3 və Nümayəndə işitrakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “şəhid ailəsi statusunun və onu təsdiq edən vəsiqənin verilməsi və digər” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona şəhid ailəsi statusu və təsdiqedici vəsiqə verilməsindən imtinanı ifadə edən cavabının qanunsuz hesab edilməsi; onun şəhid ailəsinin üzvü (şəhid bacısı) kimi tanınması; cavabdehə şəhid ailəsi statusu və vəsiqəsinin verilməsi barədə tapşırığın verilməsi; 2023-cü il ## ###### tarixindən onun anasının vəfatı ilə ödənişi dayandırılmış Prezident təqaüdünün hesablanması və ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı ## ##### 2026-cı ildə ƏƏSMN-nə rəsmi müraciət etmiş və ## #### 2026-cı ildə aldığı cavabda Nazirlər Kabinetinin ## ###### 2007-ci il ** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi qaydaları"nı əsas gətirmiş, yenə də Konsitutsiyaya zidd olaraq ailə üzvləri arasında sosial vəziyyətə 2.4-cü bəndə görə uşaq evlərində böyüyən bacı qardaşlar və yaş diskriminasiyasını əsas götürmüşlər. Bu onu göstərir ki, şəhidlə bir mənzildə, bir otaqda, birgə yaşayışa malik olmuş bacı-qardaşların fundamental insan hüquqları Nazirlər Kabineti tərəfindən və ƏƏSMN-tərəfindən illərlə və dəfələrlə kobud şəkildə pozulmuşdur. ƏƏSMN-nin məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ####### tarixli **** nömrəli fərmanın 4-cü və 4.1-ci bəndlərinə əsasən,şəhid və şəhid ailəsi statusu, habelə müharibə veteranı statusu almış şəsxlərə dair məlumatlar nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Zəfər" altsisteminə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi,Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, X7 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən daxil edilir. Bu baxımdan şəhid qardaşı X2 dair məlumatların "Zəfər" altsisteminə daxil edilməsi üçün onun hərbi qulluqçu olduğu müvafiq heyətə uyğun olaraq aidiyyəti dövlət orqanına müraciət etməyi tövsiyə olunur. Odur ki, cavabdeh ƏƏSMN-nin "Zəfər" altsistemi ilə bağlı irəli sürdüyü bəhanələrin və texniki maneələrin aradan qaldırılması məqsədilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilməsi zəruridir. Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadının ləğv edilməsi və vəsatətin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, mübahisələndirdiyi birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, cavabdehin nümayəndələri isə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçı İddiaçı apellyasiya şikayəti mümkün sayılmamalıdır. İşin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətin təmin edilməməsi barədə məhkəmə qərardadından Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən deyil, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iş üzrə üçüncü şəxslər qismində cəlb edilməsi barədə müraciət etməsi də müəyyən edilmir. «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli **/**** nömrəli qərardadı:

44. İPM-in 28-ci maddəsi üçüncü şəxslərin icraata cəlb edilməsinin iki qaydasını müəyyən edir – məhkəmənin öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında. Həmin şəxslər bu barədə vəsatət verirlərsə, onlar işə “daxil olmaq” iradələrini bildirirlər, digər proses iştirakçılarının müvafiq tələbi olduqda və ya məhkəmə öz təşəbbüsü əsasında bunu zəruri hesab etdikdə isə işə “cəlb edilmə” baş verir. İPM-də anlayış kimi istifadə olunmuş cəlb edilmə ifadəsi hər iki qaydada qoşulmanı ehtiva edir.

45. Həmin an proses iştirakçısı olmayan aidiyyəti şəxs məhkəmə icraatının iştirakçısı olmaq (qoşulmaq) arzusunu ifadə edir və ərizə verməklə bunu məhkəmə qarşısında bəyan edir. Həmçinin icraatın digər iştirakçıları da (iddiaçı, cavabdeh və artıq cəlb edilmiş üçüncü şəxslər) üçüncü şəxsin cəlb edilməsi ilə bağlı iradələrini bildirir və vəsatət verməklə bunu məhkəmənin diqqətinə çatdırırlar. Nəhayət, məhkəmə öz təşəbbüsü əsasında icraata üçüncü şəxsin cəlb edilməli olduğu qənaətinə gəlirsə, bu halda, iradə məhkəməyə məxsus olur.

46. Bununla belə, prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştirakçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə iştirakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız məhkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər. Məhkəmənin təşəbbüsü əsasında həyata keçirilmiş cəlbetmə zamanı da son nəticədə həmin cəlbetmə məhkəmə tərəfindən həyata keçirilmiş olur.

49. Məhkəmə icraatına cəlbetmə barədə vəsatət ayrıca yazılı sənəd formasında təqdim edilə biləcəyi kimi, iddia ərizəsində, yaxud məhkəmə aktlarından icraatın iştirakçıları tərəfindən verilən şikayətlərdə də göstərilə bilər. Vacib olan belə vəsatətin İPM-in 48.2 və 48.3-cü maddələrinə əsasən mütləq yazılı formada təqdim edilməli olduğudur. Bundan başqa, vəsatət şəxsin iradəsini və onun səbəblərini müəyyənləşdirməyə imkan verəcək qaydada tərtib olunmalı, ona istinad olunan sənədlər və sübutlar əlavə edilməlidir. Bu zaman, xüsusilə nəzərə almaq lazımdır ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ərizədə icraat iştirakçısı kimi həm də üçüncü şəxslərin göstərilməsi özü-özlüyündə (vasitəsiz olaraq) həmin şəxslərə üçüncü şəxs qismində icraat iştirakçısı statusu qazandırmır. İddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı statusu qazınmış olur.

50. Cəlbetmə barədə vəsatət İPM-in 28.1-ci maddəsinə əsasən iş hər üç məhkəmə instansiyasının icraatında olduğu müddətdə həmin məhkəmələr tərəfindən mübahisə üzrə yekun qərar çıxarılanadək verilə bilər. Müvafiq olaraq vəsatətlə bağlı cəlbetməyə dair qərar da həmin məhkəmələr tərəfindən özlərinin icraatı yekunlaşanadək qəbul oluna bilər. Bundan başqa, məhkəmə öz təşəbbüsü əsasında üçüncü şəxslərin icraata qoşulması məsələsini mübahisəyə mahiyyəti üzrə baxılması ilə bağlı birinci, apellyasiya və kassasiya məhkəməsinin icraatının davam etdiyi müddətlərdə həyata keçirə bilər.

51. Digər tərəfdən, İPM-in 28.1-ci maddəsi məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə də həm vəsatətlər verilməsi, həm də öz təşəbbüsü əsasında məhkəmə tərəfindən cəlbetmənin həyata keçirilə biləcəyini də təsbit edir. Nəzərə almaq lazımdır ki, bu qaydada cəlbetmə kassasiya instansiyası məhkəməsinə münasibətdə yol verilmir, yalnız birinci və apellyasiya məhkəmələri tərəfindən həyata keçirilə bilər. Çünki Ali Məhkəmənin qərarı qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətidir. Qanunvericiliyə görə isə bu imkan yalnız məhkəmə aktlarının qanuni qüvvəyə minmədiyi dövrlərdə həyata keçirilə bilər.

71. Kollegiya həmçinin hesab edir ki, İPM-in 81.2 və 90.2-ci maddələrindəki müddəalar adi və ya zəruri cəlbetmə qaydasında icraata qoşulmasından asılı olmayaraq üçüncü şəxslərin tələblərini təmin etməyən məhkəmə aktından şikayət vermək hüququna təminat verir. Belə ki, İPM-in 29-cu maddəsi üçüncü şəxslərin prosessual hüquqlarını müəyyən edən ümumi norma, həmin Məcəllənin 81.2 və 90.2-ci maddələri isə üçüncü şəxslərin məhkəmə aktlarından şikayət vermək hüquqlarını müəyyən edən xüsusi normadır. Məhkəmə aktlarının mübahisələndirilməsi məsələsinin həllində də məhz xüsusi normanın müəyyən etdiyi qayda rəhbər tutulmalıdır. Digər tərəfdən, İPM-in 29-cu maddəsində də aşkar şəkildə təsbit edilmişdir ki, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, üçüncü şəxslər məhkəmə aktlarından şikayət vermək hüququnu müstəqil şəkildə həyata keçirə bilərlər. Məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyəti nəzərə alındıqda üçüncü şəxslərin prosessual hüquqlarını tərəflərdən birinin tələbi daxilində həyata keçirəcəkləri ilə bağlı qeyd-şərt həmin hüquqların həyata keçirilməsinin ümumilikdə tərəflərin iradəsindən asılı edilməsi kimi təfsir olunmamalıdır. Çünki qanunverici açıq şəkildə üçüncü şəxslərin hüquqi müdafiə vasitələrindən müstəqil şəkildə istifadə etmək hüquqlarını təsbit etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üçüncü şəxslər qismində cəlb edilməsi barədə iddiaçının vəsatəti təmin edilməsə də, birinci instansiya məhkəməsinin bu mövqeyi üçüncü şəxslər qismində işə cəlb olunması tələb olunan şəxslər tərəfindən deyil, iddiaçı tərəfindən mübahisələndirilmişdir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd edilir ki, “...üçüncü şəxslər məhkəmə aktlarından şikayət vermək hüququnu müstəqil şəkildə həyata keçirə bilərlər. Məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyəti nəzərə alındıqda üçüncü şəxslərin prosessual hüquqlarını tərəflərdən birinin tələbi daxilində həyata keçirəcəkləri ilə bağlı qeyd-şərt həmin hüquqların həyata keçirilməsinin ümumilikdə tərəflərin iradəsindən asılı edilməsi kimi təfsir olunmamalıdır. Çünki qanunverici açıq şəkildə üçüncü şəxslərin hüquqi müdafiə vasitələrindən müstəqil şəkildə istifadə etmək hüquqlarını təsbit etmişdir.” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərardadına əsasən qanunla qorunan hüquq və maraqlarına toxunan şəxs deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İPM-in 28.5-ci maddəsində vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verə bilən şəxslərin dairəsi konkret və müfəssəl şəkildə müəyyən edilmişdir. Belə ki, İPM-in 28.5-ci maddəsinin elə birinci cümləsində göstərilmişdir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Yəni, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər və məhz onların vəsatətinin təmin edilməsindən imtina haqqında qərardadından yuxarı məhkəməyə şikayət verə bilərlər. Başqa şəxslər, o cümlədən hazırkı işdə iddiaçı qismində iştirak edən şəxs İPM-in 28.5-ci maddəsinin müddəalarının təsiri altına düşmür. Yəni, iddiaçının hüququ yoxdur ki, sözügedən məsələyə dair başqa şəxslərə verilmiş hüquqdan istifadə etsin, belə ki, iddiaçının üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etdiyi şəxslər, ümumiyyətlə, onların inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilməsinə dair məhkəməyə hər hansı bir ərizə və ya vəsatət verməmişlər. Qeyd olunan mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadında öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş şəxsə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar