Məhkəmə qərarları › İş №e-2-1(3-6)-822/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №e-2-1(3-6)-822/2026

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(3-6)-822/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respubilkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiyasının dayandırılması barədə qəbul olunmuş qərarın ləğv edilərək pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının üzərinə öhdəlik kimi qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddaçı (nümayəndəsi və vəkili vasitəsilə) “Elektron Məhkəmə” sistemi vasitəsilə ##.##.2025-ci il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında ##.##.2025-ci il tarixli *-**-*/*-*- ****/**** saylı qərarın və əmək pensiyasının dayandırılması haqqında *-**-*/*-*-****/**** saylı ##.##.2025-ci il tarixli qərarın ləğv olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2004-cü il tarixdən Azərbaycan Respublikası Maliyyə Nazirliyində çalışmağa başlamış, müvafiq olaraq ##.##.2004-cü il tarixdən Sosial sahələrin maliyyəsi şöbəsinin əhalinin sosial müdafiəsi, səhiyyə və idman maliyyəsi sektorunda aparıcı məsləhətçi vəzifəsində fəaliyyət göstərmiş, ##.##.2004-cü il tarixdən həmin vəzifədə 2-ci dərəcəli dövlət qulluqçusu olaraq çalışmış, ##.##.2007-ci il tarixdən Baş Dövlət Xəzinədarlığının X2 sektorunda məsləhətçi vəzifəsinə təyin edilmiş, ##.##.2007-ci il tarixdən X2 və hesabatı şöbəsinin kassa əməliyyatlarının uçotu sektorunda baş məsləhətçi, 2-ci dərəcəli dövlət qulluqçusu olaraq çalışmış, ##.##.2009cu il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində məsləhətçi vəzifəsinə təyin edilmiş, ##.##.2010-cu il tarixindən etibarən Gömrük orqanlarında – dövlət qulluğunun xüsusi növündə fəaliyyət göstərmiş, ##.##.2010-##.##.2018-ci il tarixləri arasında Enerji Gömrük Idarəsinin maliyyə-tarif şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Daha sonra ##.##.2018-##.##.2023-cü il tarixləri arasında isə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin Gömrük Əməliyyatları Idarəsinin Idarə Rəisi olaraq çalışmışdır. 2023-cü ildə sonuncu işlədiyi Dövlət Gömrük Komitəsindən “Gömrük orqanlarında Xidmət” haqqında əsasnamənin 120ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş əsasa görə xidmətinə xitam verilmişdir. Xidmətinə xitam verilərkən DGK tərəfindən pensiya hüququnun yaranmamasına görə məlumat vərəqəsi DSMF-yə göndərilməmişdir. Ona görə də tərəfindən DGK-yə qarşı iddia qaldırılmış və materiallarına əlavə etdiyi Bakı Inzibati Məhkəməsinin e-*-*(***)- *****/**** saylı qərarından göründüyü kimi onun DGK-yə qarşı məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbi təmin edilmişdir Bundan sonra DGK tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlumat vərəqəsi göndərilmiş və həmin vərəqədə qeyd edilən xidmət illərinə görə ona xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. 2024-cü ilin dekabr ayı da daxil olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almışdır. Lakin 2025-ci ilin yanvar ayından pensiyası dayandırılmışdır. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında inzibati icraat başlanılmış və araşdırma ilə əlaqədar DGKə sorğu verilmişdir. Həmin sorğuya DGK tərəfindən verilən məlumatlara əsasən xidmət illərinin 6 il 10 ay 23 gün hissəsi ümumi dövlət qulluqçusu kimi fəaliyyət olması müəyyən edilmişdir. Ona görə də cavabdeh inzibati orqan hesab etmişdir ki, o, xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yaranmamış və DGK tərəfindən məlumat vərəqəsi qanunsuz göndərilmişdir. Belə ki, cavabdeh inzibati orqan hesab etmişdir ki, xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaranması üçün xüsusi rütbəli şəxs kimi xidmət illəri 20 il olmalı idi və ümumi dövlət qulluğu stajı xüsusi rütbəli şəxs kimi qulluq stajına hesablana bilməz. Qeyd edilən hüquqi yanaşmanı əsas tutan cavabdeh inzibati icraat üzrə onun gəlməməyini də qeyd etməklə əmək pensiyasının dayandırılması barədə qərar qəbul etmişdir. Qeyd edilən qanunsuz qərarın qəbulu azmış kimi, hüququn təməl prinsiplərini və qanunvericiliyin əsaslarını ən kobud formada pozaraq ona edilən ödənişlərin geri qaytarılması bildirilmişdir. Həmin qərarın tamamilə qanunsuz olmağı ən birinci ondan görünür ki, Nazirlər Kabinetinin *** nömrəli qərarı ilə müəyyən edilmişdir ki, şəxsin xidmət keçdiyi orqan tərəfindən məlumat vərəqəsi pensiya hüququ yarandığı tarixdən xidmət keçən şəxsin ərizəsi əsasında DSMFyə göndərilir. Həmin məlumat vərəqəsində şəxsin xidmət keçdiyi orqan tərəfindən hərbi xidmət müddəti hesablanaraq qeyd edilir. Nazirlər Kabinetinin qərarının məzmunundan görünür ki, pensiya hüququnun yaranıb-yaranmamasını müəyyən etmək DGK-nin vəzifəsidir. DGK tərəfindən inzibati orqan kimi inzibati inzibati icraat üzrə məlumat vərəqəsinin göndərilməsi barədə qərar qəbul edilmişdir və onun da əsası onun pensiya hüququnun yaranması səbəbi ilə olmuşdur. O da həmin qərara etimad edərək xidmətinə xitam verilməsinə razılaşmışdır. Hazırda digər inzibati orqan, yəni hazırkı iş üzrə cavabdeh tərəfindən eyni məsələ üzrə inzibati icraat aparılaraq pensiyasının dayandırılması onun inzibati orqanın inzibati praktikasına etimad hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, həmin dövrdə DGK tərəfindən ümumi dövlət qulluğunun xüsusi dövlət qulluğu stajına əlavə edilərək hesablanması praktikası mövcud olmuş və buna etimad edərək xidmətinə xitam verilməsinə razılaşmışdır. Belə ki, “Inzibati Icraat” haqqında qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur və inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qanun normasının məzmunundan aydın olur ki, şəxsin inzibati icraata etimad hüququ qorunmalıdır və onun da həmin etimada əsaslanaraq xidmətinə xitam verməyi və üstündən bir il keçdikdən sonra həmin etimada görə zərərə düşməyi inzibati icraatın prinsiplərinin kökünə balta vurmağa bərabərdir. Cavabdeh inzibati orqanın həmin qərarı ləğv olunmadığı təqdirdə belə çıxır ki, DGK-nin 2023-cü ildəki inzibati icraatı qanunsuzdur və həmin inzibati icraat üzrə qəbul edilən xidmətinə xitam verilmə barədə əmr də qanunsuzdur. Həmin qanunun qanunsuz hesab ediləcəyi təqdirdə isə hesab edir ki, o, yenidən işə bərpa olunmalı və məcburi işburaxma dövrləri üçün əmək haqlarını da tələb etməlidir. Həmçinin Bakı Inzibati Məhkəməsinin e- 2-1(112)- *****/**** saylı qərarından görünür ki, onun DGK-yə qarşı məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbi təmin edilmişdir və həmin qüvvəyə minmiş qərarında da ümumi dövlət qulluğunun xüsusi dövlət qulluğuna hesablanmalı olması ilə bağlı hüquqi mövqe sərgilənmişdir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Iş materiallarına əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməklə Mərkəzi Filiala təqdim edilmiş İddiaçı dair ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 22 il 3 ay 29 gün xidmət müddətinə (təqvimi xidmət illəri 20 il 3 ay 29 gün, ali təhsil müddəti 2 il) görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, İddiaçı ## #### 2023-cü il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Aparılan araşdırma ilə əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filial tərəfindən Dövlət Gömrük Komitəsinə ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli sorğular verilmişdir. Həmin sorğularda adları göstərilən şəxslərin xidmət illəri (qulluq keçdikləri orqan və qurumlar üzrə dövrlər və qulluğun növü ayrı-ayrılıqda göstərilməklə) barədə məlumatların təqdim edilməsi xahiş olunmuşdur. Cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən İddiaçı xidmət illərinin 14 il 5 ay 22 gün (təqvimi xidmət illəri 12 il 5 ay 22 gün, ali təhsil müddəti 2 il) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən barənizdə inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində pensiya hüququna yenidən baxılması zamanı artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Iddiaçıya vaxtilə qanunvericiliklə müəyyən edilmiş hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilməsi üçün xidmət keçdiyi sonuncu qurum tərəfindən göndərilmiş məlumat vərəqində göstərilmiş xidmət illəri düzgün hesablanmamışdır. Qeyd edilənlərə əsasən, iddiaçıya vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati icraata başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ## ###### 2024-cü il tarixli *-**-*/*-N- ******/**** nömrəli məktub göndərilməklə ## ###### 2025-ci il tarixədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. Lakin ərizəçi qeyd edilən tarixədək Mərkəzi Filiala gəlməmişdir. Bundan sonra ona ödənilən “əmək pensiyasının dayandırılması haqqında” ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli “əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” ##.##.2025-ci il tarixli 3-17-1/3-3-1162/2025 qərarlar qəbul edilmişdir. Eyni zamanda, ##.##.2023-##.##.2024-cü il tarixləri arasındakı dövrlər üzrə ümumilikdə 46190,16 manat artıq ödənilmiş pul vəsaiti müəyyən olunmuşdur. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etiraza uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, həm imtina məktubunda, həm də iddia ərizəsinə etirazda hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydası aydın və konkret şəkildə göstərilmişdir. Həmçinin dövlət qulluğundakı qulluq stajının hansı hallarda hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi zamanı nəzərə alındığı izah edilmişdir. Lakin işə baxan məhkəmə qeyd edilən xüsusatları nəzərə almadan iddianı təmin etməklə iddiaçıya təyin edilmiş gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyasının bərpası qənaətinə gəlmişdir. Məhkəmə iddianı təmin edərkən mövqeyini ilk növbədə iddiaçının əmək pensiyasının dayandırılarkən onun inzibati icraata dəvət edilməməsi, araşdırmanın onun iştirakı olmadan aparılması, onun dinlənilmə hüququnu təmin etmədən pensiyanın ödənişinin dayandırılması ilə əsaslandırmışdır. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirilmişdir ki, iddiaçıya vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ##.##.2024-cü il tarixli *-**-*/*-N-******/**** nömrəli nömrəli məktub göndərilməklə ##.##.2025-ci il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. Lakin iddiaçı qeyd edilən tarixədək Mərkəzi Filiala gəlməmişdir. Bundan sonra, ona ödənilən “əmək pensiyasının dayandırılması haqqında” ##.##.2025-ci il tarixli *-**-*/*- *-****/**** nömrəli və “əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarlar qəbul edilmişdir. Sözügedən faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmənin bu mövqeyi əsassızdır. Həmçinin o da nəzərə alınmalıdır ki, Inzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir. Inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Bundan əlavə, məhkəmə, yekun qənaətə gələrkən əsas mövqe kimi Mərkəzi Filial tərəfindən mübahisələndirilən qərarların qəbul edilməsi zamanı iddiaçının “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsi ilə təsbit edilmiş etimad hüququnun pozulduğunu göstərmiş və hüquqi əsas olaraq isə adıçəkilən Qanuna, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı” ##.##.2026-cı il tarixli qərardadına istinad etmişdir. Məhkəmənin qeyd edilən mövqeyi ilə də razılaşmayaraq bildirilmişdir ki, əvvəla, mövcud qanunvericilikdə Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə pensiya təyin edilməsi qaydası dəqiq şəkildə müəyyən edilmiş, hərbi qulluqçu və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiya təyinatının məhz aidiyyəti dövlət orqanı tərəfindən təqdim edilən məlumat vərəqəsi əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən Fonda ötürülür. Müvafiq məlumat vərəqinə uyğun olaraq, pensiya təyin edilməsi üçün sözügedən sənəddə xidmət etmiş şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar göstərilir. Göründüyü kimi, şəxsin hərbi qulluqçu kimi pensiya hüququnun olub-olmamasının, xidmət illərinin və təminat xərcliyinin müəyyənləşdirilməsi onun xidmət keçdiyi orqanın öhdəliyidir. Buna görə də pensiyanın təyin edilməsi üçün Fonda yalnız məlumat vərəqi göndərilir, həmin məlumat vərəqində göstərilmiş xidmət illərinin hansı qaydada hesablanmasına dair hər hansı sənəd təqdim edilmir. Beləliklə, məlumat vərəqindəki məlumatların qanunauyğunluğuna görə məsuliyyəti xidmət keçilən qurum daşıyır. Bundan əlavə, sözügedən Qaydaların 5-ci hissəsinə görə məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Qeyd edilən müddəadan məlum olur ki, Mərkəzi Filialın əməkdaşının məlumat vərəqinin yoxlama səlahiyyəti yalnız 5 iş günü müddəti ilə məhdudlaşır və həmin hüquqi aktda müddətin uzadılması nəzərdə tutulmur. Həmçinin Qaydaların * nömrəli əlavəsi olan “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqi”nin “Xidmət illəri və sığorta stajı ilə bağlı məlumatlar” başlıqlı 2-ci hissəsində hərbi qulluqçunun konkret olaraq hansı dövlət orqanında (dövlət orqanının adı, xidmətin növü və s.) xidmət etməsinin göstərilməsi də müəyyən edilməmişdir. Beləliklə, hazırkı iş üzrə Mərkəzi Filialın əməkdaşının 5 iş günü ərzində həyata keçirdiyi yoxlama iddiaçıya münasibətdə Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş məlumat vərəqində göstərilən məlumatlar əsasında mümkün olmuşdur. Həmin məlumatlar sırasına isə iddiaçının xidmət illərinin konkret tərkibi (dövrləri) ilə bağlı məlumatlar daxil olmadığından Mərkəzi Filialın əməkdaşı tərəfindən yoxlama səlahiyyətini icra edərkən hər hansı təqsirə yol verilməmişdir və bu səbəbdən Mərkəzi Filiala münasibətdə etimad hüququnun qorunmasına istinad edilməsi hüquqauyğun deyil. Son olaraq o da xüsusi ilə nəzərə alınmalıdır ki, məlumat vərəqindəki məlumatların Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılmasının həddi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ##.##.2026-cı il tarixli (yəni iddiaçıya pensiya təyin edildiyi ##.##.2023-cü il tarixdən sonra) qərardadda göstərilmişdir. Sözügedən qərardad isə iddiaçıya əmək pensiyası təyin edildikdən sonra qəbul edilmişdir. Məhkəmə iddiaçının Mərkəzi Filiala münasibətdə etimadın qorunması hüququna istinad edə bilməzdi. Belə ki, qanunvericilikdə etimadın qorunması hüququnu müəyyən edilməklə yanaşı, həmin hüququ istisna edən halların dairəsi də dəqiq göstərilmişdir. Bu hallardan biri də şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar təşkil edir (IIHQ maddə, 67.6.3). Qeyd edilən halda inzibati aktın və ya inzibati orqanın faktiki xarakterli hərəkətlərinin qanunsuz olması şəxsə məlum olur və ya şəraitə görə ondan gözlənilən diqqət və ehtiyatlılığı göstərsəydi məlum ola bilərdi. Eyni zamanda, hazırkı mübahisəyə münasibətdə iddiaçının dövlət qulluğu stajının hərbi xidmət müddətinə daxil edərək hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsinin qanunsuz olduğunu bilməsində və ya ən azından bilməli olmasında ifadə olunan davranışı inzibat icraat hüququnun müddəaları və şəxsin etimad hüququ baxımından qiymətləndirilərkən, həmçinin iddiaçının vəzifəsi, statusu, peşəsi, təhsil və bilik səviyyəsi, hüquqi aktın məzmunu və bununla bağlı digər hallar da nəzərə alınmalıdır. Oxşar mövqe Ali Məhkəmənin bu kateqoriyadan olan üç ulduz nişanı ilə işarələnmiş ##.##.2023-cü il tarixli *-*(***)-*/**** nömrəli qərarında da ifadə edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı, uzun müddət, yəni 12 il 5 ay 22 gün Dövlət Gömrük Komitəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində Komitənin fəaliyyəti, o cümlədən Komitədə xidmət etmiş şəxslərə pensiya təyinatı ilə bağlı hüquqi aktları bilirdi və ya bilməli idi. Həmçinin iddiaçı bir müddət də dövlət qulluqçusu kimi fəaliyyət göstərmişdir. Belə olan halda, iddiaçı, ən azından dövlət qulluğunun xüsusi növündə (hərbi və ya xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) xidmət edən şəxslərin digər dövlət qulluqçularına nisbətdə daha ağır şərtlərdə fəaliyyət göstərdiyini bilirdi və ya bilməli idi. Iddiaçının bu qənaətə dövlət qulluğunun hər iki növü üzrə işlədiyi dövrdə ona münasibətdə tətbiq edilən imtiyazlar, məhdudiyyətlərin fərqli olmasından da gələ bilərdi. Hazırkı iş üzrə etimadın qorunması hüququnu istisna edən hal, yəni iddiaçının pensiya təyin edilməsinə dair inzibati aktın qanunsuz olduğunu bilməli olduğu məqam Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərardadında da göstərilmişdir. Belə ki, həmin qərardadda qeyd edilmişdir ki, “hərbi qulluqçu kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajı birə-bir hərbi xidmət müddətinə daxil edildikdə dövlət qulluğunun xüsusi növündə xidmətin ağır şərtlərinə görə “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş həmin fərq aradan qalxmış olur. Bu halda, məsələn, 24 il dövlət qulluğu stajı olan şəxs cəmi 1 il hərbi qulluqçu və ya həmin Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan xüsusi rütbəli şəxs kimi xidmət etdikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edir. Bu isə davamlı olaraq daha ağır şərtlərdə xidmətə görə nəzərdə tutulmuş “əlahiddə status”u zəiflədə, həmçinin dövlət qulluqçuları üçün “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmayan erkən pensiya hüququnun qazanılması üçün sui-istifadə hallarının yaranmasına gətirib çıxara bilər.” Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu da hərbi qulluqçu kimi əmək pensiyası təyinatı zamanı dövlət qulluğu stajının birə-bir hərbi xidmət müddətinə daxil edilməsini hüquqauyğun hesab etməmişdir. Beləliklə, iddiaçının uzun müddət həm dövlət qulluğunun xüsusi, həm də ümumi növündə xidmət etdiyini, dolayısıyla hər iki xidmət növünün fərqliyinin bildiyini, onun təhsilini və diqqətəlayiq digər hallar nəzərə alınaraq iddiaçının etimadın qorunması hüququ istisna edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən qərardadında pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilmişdir. Bu hal və konstitusion nəzarəti həyata keçirən orqanın yuxarıda göstərilən qənaəti isə ona dəlalət edir ki, gömrük orqanlarının əməkdaşlarına pensiya təyin edilməsi üçün hərbi xidmət illəri bir qayda olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2006cı il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun hesablanmamalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Bütün bu hallar sözügedən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. IPM-in 2.2.1-cü maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dıyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. IPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. IPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Iddiaçı cavabdeh inzibati orqanın onun barəsində qəbul etdiyi əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında ##.##.2025-ci il tarixli qərarını mübahisələndirməklə cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh inzibati orqan tərəfindən onun tələbinin təmin olunmasından imtina olunduqdan sonra##.##.2025-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddia tələbinin irəli sürülməsinə dair müddət ötürülməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. - 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 3.3-cü maddəsinə əsasən Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. - 9.5.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır (“Əmək pensiyaları haqqında” Qanunun ##.##.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyası). - 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. - 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir. 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentin ## ###### 2006-cı il *** nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. ##.##.2024-cü il tarixdən qüvvəyə minmiş “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə ## ###### 2023-cü il tarixli ****- VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu: - 5.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il ######ın #-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: - 4.3-cü bəndinə əsasən xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə *** nömrəli Qərara və * nömrəli Qərara uyğun həyata keçirilir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: - Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarına əsasən iddia tələbi təmi edilərək iddiaçı İddiaçı pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuşdur. - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının “Əmək pensiyasının təyin edilməsi haqqında” ##.##.2024-cü il tarixli Qərarından müəyyən olunur ki, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən cəmi xidmət illəri 22 il 3 ay olan İddiaçı ##.##.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə müddətsiz əmək pensiyası təyin olunmuşdur. - “Dövlət Sosial Müdafiə Fondunun XŞTMF-nın əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli Qərarından müəyyən olunur ki, vətəndaş İddiaçı əmək pensiyası təyin edilməsi haqqında ##.##.2024-cü il tarixli qərarın “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi; adı çəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi; “Inzibati icraat haqqında” Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada İddiaçı məlumat verilməsi; İddiaçı artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görülməsi qərara alınmışdır. - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının “Əmək pensiyasının dayandırılması haqqında” ##.##.2025-ci il tarixli 3-17-1/3-3- 1163/2025 №li Qərarından müəyyən olunur ki, “Əmək pensiyasının təyin edilməsi haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun pensiya hüququnun olmaması əsası ilə İddiaçı təyin olunmuş əmək pensiyasının ödənilməsinin dayandırılması qərara alınmışdır. Qərarda göstərilmişdir ki, Sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr: ##.##.2024-##.##.2024; məbləğ: 2605,87 manat təşkil edir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Işin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqan ##.##.2024-cü il tarixli **********-**** nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Mərkəzi Filiala təqdim edilmiş ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 22 il 3 ay 29 gün xidmət müddətinə görə ((təqvimi xidmət illəri 20 il 3 ay 29 gün, ali təhsil müddəti 2 il) “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, iddiaçıya ## #### 2023-cü il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edərək ödəmişdir. Cavabdehin mövqeyinə görə Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi xidmət illərinin 14 il 5 ay 22 gün (təqvimi xidmət illəri 12 il 5 ay 22 gün, ali təhsil müddəti 2 il), qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmiş, bununla əlaqədar ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarla “Əmək pensiyasının təyin edilməsi haqqında qərarı ləğv edilmiş, iddiaçıya ödənilən əmək pensiyasınıın ödənişi ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarla dayandırılmış və ##.##.2023-##.##.2024-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə 46190,16 manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Hazırda iddiaçının hüquqi marağı onun pensiyasının dayandırılması barədə qəbul olunmuş qərarın ləğv edilərək pensiyanın bərpa edilməsinə yönəlmişdir. Cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, İddiaçı xidmət illərinin 14 il 5 ay 22 gün (təqvimi xidmət illəri 12 il 5 ay 22 gün, ali təhsil müddəti 2 il) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən barənizdə inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində pensiya hüququna yenidən baxılması zamanı artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Iddiaçıya vaxtilə qanunvericiliklə müəyyən edilmiş hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilməsi üçün xidmət keçdiyi sonuncu qurum tərəfindən göndərilmiş məlumat vərəqində göstərilmiş xidmət illəri düzgün hesablanmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni mahiyyət etibarilə əsaslı hesab edir. Məhkəmə kollegiyası əvvəla onu diqqətə çatdırır ki, Dövlət qulluğu haqqında Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət sayılır. Həmin Qanunun 1.1.2-ci maddəsində isə qeyd edilmişdir ki, dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə hesab edilir. Göründüyü kimi, qanunvericiliklə dövlət qulluğunun iki növü fərqləndirilmişdir, dövlət qulluğunda xidmət və dövlət qulluğunun xüsusi növündə xidmət. Hazırkı inzibati iş üzrə cavabdeh inzibati orqan özünün vaxtilə təyin etdiyi və iddiaçıya ödədiyi pensiyanı düzgün təyin etmədiyini, gömrük orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqi göndərilərkən həmin məlumat vərəqində göstərilmiş xidmət illərinə dövlət qulluğu stajının daxil edilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığını əsas gətirərək iddiaçı barəsində pensiya təyin edilməsi barədə əlverişli inzibati aktını ləğv etmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş Dövlət Gömrük Komitəsinin ***-**** nömrəli məlumat vərəqi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında tərtib edilərək pensiyanın təyin edilməsi üçün Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Belə ki, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarına əsasən iddiaçı İddiaçı pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, “...məhkəmə hesab edir ki, iddiaçının dövlət qulluğunda mövcud olan iş stajı gömrük orqanlarındakı iş stajına hesablanaraq pensiya təyin edilməsi üçün məlumat vərəqəsi tərtib edilərək aidiyyəti üzrə təqdim edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçının dövlət qulluğu stajı, hərbi xidmət və təhsil illəri də nəzərə alındıqda gömrük orqanlarındakı iş stajı ümumilikdə 22 il 3 ay 29 gün təşkil edir.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçının bilavasitə pensiya təyinatına əsas verən məlumat vərəqinin verilməsinin əsası, yəni dövlət qulluğunda mövcud olan iş stajının gömrük orqanlarındakı iş stajına hesablanmalı olması adıçəkilən qanuni qüvvəsini almış məhkəmə qərarı ilə öz həllini tapmış, məhkəmənin həmin qərarı ilə pensiya təyin edən cavabdeh orqanın hazırkı pensiya təyin edilməsinə əsas verən qərarın ləğvi üçün istinad etdiyi hala dövlət qulluğunun gömrük orqanlarında xidmətə daxil edilməsi nəticəsinə gəlinərək məlumat vərəqinin verilməsi vəzifəsi xidmət etdiyi qurumun üzərinə qoyulmuşdur. Cavabdeh isə hazırkı halda məhkəmə tərəfindən qiymət verilmiş hüquqi əsaslar üzrə tərtib edilmiş məlumat vərəqindəki məlumatları nəzərə almadan, hətta yeni məlumat vərəqi əldə etmədən özünün təyin etdiyi əlverişli inzibati aktı faktik və hüquqi əsasa əsaslanmadan ləğv etmişdir. Halbuki, hazırkı cavabdehin istinad etdiyi dəlil artıq qanuni qüvvəsini almış məhkəmə müstəvisində müzakirə olunmuş, həmin qərar qüvvədə olmaqla ləğv edilməmişdir. Beləliklə, eyni işin mübahisələndirilən halına məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə hüquqi mövqe bildirildiyi, bununla da məhkəmə qərarı ilə hüquqi müəyyənliyin təmin edilməli olduğunu nəzərə alaraq məhkəmə yenidən eyni əsaslara hüquqi qiymət verilməsini hazırkı icraatda mümkün hesab etmir. Belə olan halda cavabdeh məhkəmə qərarı nəticəsində tərtib edilmiş məlumat vərəqi əsasında öz təşəbbüsü ilə təyin etdiyi pensiyanı həmin məhkəmə qərarı mübahisələndirilmədiyi, ləğv edilmədiyi, qüvvədə olduğu halda, eləcə də yeni məlumat vərəqi əldə etmədən dayandırmaqda və ləğv etməkdə haqlı olmamışdır. Oxşar iş üzrə Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarında da eyni hüquqi mövqe sərgilənərək qeyd edilmişdir ki: “30. Kollegiya qeyd edir ki, iddiaçının dövlət qulluğunda mövcud olan iş stajının gömrük orqanlarındakı iş stajına hesablanaraq pensiya təyin edilməsi üçün məlumat vərəqəsi tərtib edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında qoyulmuşdur.

31. Sözügedən məhkəmə qərarı ilə iddiaçının bilavasitə pensiya təyinatına əsas verən məlumat vərəqinin verilməsinin əsası, yəni dövlət qulluğunda mövcud olan iş stajının gömrük orqanlarındakı iş stajına hesablanmalı olması həmin qərarda öz əksini tapmışdır.” Məhkəmə kollegiyası gəlmiş olduğu nəticə ilə bağlı həmçinin qeyd edir ki, ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı Inzibati Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli Qərarında göstərilmişdir ki, Inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə 2021-ci il ## ###### tarixli Qərarı). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,“Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallar olmadıqda güzəştli şərtlərlə pensiya təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya ödənişinin dayandırılması Konstitusiyanın 12, 16 və 38-ci maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi və sosial təminat hüququna dair müddəaların, habelə vətəndaşların etimad hüququnun qorunması prinsipinin pozulması ilə nəticələnə bilər. Bu baxımdan, güzəştli şərtlərlə pensiya təyin edilmiş hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə bağlı məsələ etimadın qorunması prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, həmin şəxslər məhz dövlət orqanlarının qərarlarına və hərəkətlərinə etimad etmiş, bir dövlət orqanı məlumat vərəqini göndərmiş, digəri isə məlumat vərəqində hər hansı qanunsuzluq olmadığını qəbul edərək pensiya təyinatı aparmaqla müəyyən müddət ödəmələri həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, inzibati orqanların sözügedən hərəkətləri səbəbindən şəxslər pensiyaya çıxmaq kimi həlledici qərarı qəbul etmiş, həyatlarını tamamilə fərqli istiqamətdə planlaşdırmış, eləcə də onların əvvəlki işlərinə bərpası mümkünsüz vəziyyətə gəlmişdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə:

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar